Azərbaycanın yaratdığı mühüm
nəqliyyat bağlantılarının daha
bir nümunəsi
Yeni Naxçıvan-Təbriz-Tehran-Məşhəd
qatarı 1858 kilometr məsafə qət edir
Azərbaycan dövləti uzaqgörən iqtisadi siyasət yeridərək neftdən əldə olunan gəlirləri digər sahələrin inkişafına yönəltmişdir. Bu sahələrdən biri də geniş nəqliyyat infrastrukturunun yaradılmasıdır. Həyata keçirilən bir çox yerli və beynəlxalq layihələr sayəsində ölkəmiz artıq ciddi nəqliyyat bağlantıları yaratmağa nail olmuşdur.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən ildə də nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atıldığını qeyd etmişdir. Bu sahədə əldə olunan nailiyyətlərdən biri yola saldığımız ilin son günlərində Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlamasıdır. İlk dəfə bu qatarla Naxçıvan şəhərindən 57 sərnişin yola çıxmışdır. Bir neçə gün sonra isə qatar Məşhəddən, Tehrandan, Təbrizdən olan sərnişinləri Naxçıvana gətirmişdir.
Bu hadisə həm Azərbaycan və İran arasında əlaqələrin inkişafı, həm də iki ölkənin xalqları arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında iqtisadi əməkdaşlığın genişlənməsi, turizmin inkişafı üçün əlverişli şərait yaradacaq.
Beynəlxalq fəaliyyətə başlaması Naxçıvan şəhərinin həyatına yeni canlanma gətirmişdir. Axı, mənfur düşmənlərimiz olan ermənilərin bədxahlığı muxtar respublikanın dəmir yolu nəqliyyatına da ağır zərbə vurmuşdur. Keçən əsrin 90-cı illərinin əvvəllərində bütün kommunikasiya xətləri ilə birlikdə Naxçıvandan Bakıya uzanan dəmir yolu xətti də bağlanmışdır. Odur ki, indi muxtar respublikanın dəmir yolu şəbəkəsinin daha geniş areala açılmaq imkanı qazanması sevindirici hadisədir. Gələcəkdə isə qardaş Türkiyə ilə birgə Naxçıvan-Qars dəmir yolu xəttinin tikintisi planlaşdırılır. Bu isə regionda İpək yolunun daha da canlanması, başqa sözlə, dəmir yolu nəqliyyatının yeni bir dövrə qədəm qoyması deməkdir.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarında sərnişinlər üçün hər cür şərait yaradılıb. Qatarda restoran fəaliyyət göstərir, sərnişinlər istədikləri vaxt televiziya verilişlərini izləyə bilirlər. Qatar müasir sərnişin vaqonlarından ibarətdir. Kupe tipli vaqonların hər biri 36 sərnişin üçün nəzərdə tutulub. Ümumilikdə 108 sərnişin tutumu olan vaqonların hamısında istilik və soyutma sistemləri var. Sərnişinlər biletlərin qiymətlərindən də gileylənmirlər, onların münasib olduğunu söyləyirlər.
Biletlərdən söz düşmüşkən, onları onlayn vasitəsilə, həm də Naxçıvan və Culfa stansiyalarındakı kassalarda adi qaydada əldə etmək mümkündür. İran İslam Respublikasının Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərinə qədər və əks istiqamətdə bilet almaq olar. Qatar Naxçıvandan həftədə iki dəfə yola düşür. Naxçıvandan Məşhədə təxminən 30 saata çatır. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd marşrutunun uzunluğu 1858 kilometrdir. Blokada vəziyyətində olan Naxçıvan diyarında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ölkəmizin nəqliyyat infrastrukturu yaratmaq sahəsində də mühüm nailiyyətlər əldə etdiyini göstərir. Yaxın gələcəkdə Azərbaycan öz dəmir yolları şəbəkəsinin genişləndirilməsi sahəsində daha böyük uğurlar qazanacaq. Çünki hazırda bu istiqamətdə böyük işlər gerçəkləşməkdədir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Azərbaycanı dünya ilə daha sıx birləşdirəcək. Bütün bu layihələrin reallaşmasının Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi həyatına müsbət təsiri olacaq.
Bu gün Naxçıvandan Məşhədə gedən qatarla səfərə çıxan muxtar respublika sakinləri tezliklə polad magistrallarla doğma Azərbaycanın paytaxtına gələcəklərini də böyük ümid və inamla gözləyirlər.
Azərbaycan.- 2017.- 7 yanvar.- S.4.