Repressiya həqiqətlərindən söz açan ilk
memuar əsərin müəllifi
Süleyman Vəliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Romanlar, povestlər, hekayələr müəllifidir. Sovet dönəmində yaşamış, dövrün ağrı-acılarını da, ziddiyyətlərini də görmüş, yaradıcılığında əks etdirmişdir. II Dünya müharibəsinin iştirakçısı olmuş, əsirlik çəkmiş, alman düşərgəsindən qaçaraq faşizmə qarşı müqavimət hərəkatında vuruşmuş və ədəbiyyatımızda bu hərəkatı əks etdirən ilk romanın (“Mübahisəli şəhər”) müəllifi olmuşdur. Müharibədən sonra ədalətsiz olaraq repressiyaya məruz qalmış, Sibirə sürgün olunmuş, mənəvi əzab və yaşantılarını hekayələrində, “Düyünlər” romanında qələmə almışdır. S.Vəliyev Azərbaycan ədəbiyyatında repressiya həqiqətlərindən söz açan ilk memuar əsərin (“Qanadı qırıq quş da uçarmış”) müəllifidir. Ümumən yazıçının yaradıcılığı sovet dövründə Azərbaycan xalqının həyatının bütün mərhələlərini ümumiləşmiş şəkildə əks etdirir.
1916-cı ilin dekabrında Bakının Ramana kəndində dünyaya gəlmişdir. Ramanada səkkiz illik məktəbi yüksək qiymətlərlə bitirmiş və dövrün qabaqcıl məktəblərindən sayılan “Qulam şqolası”nda təhsilini tamamlaya bilmişdir. Neft mərkəzi olan Sabunçu rayonunda ədəbiyyat, dram və musiqi dərnəkləri fəaliyyət göstərirdi. Bütün bunlar barədə S.Vəliyev sonralar həmin məktəbin müdiri haqqında qələmə aldığı “Qulam müəllim” oçerkində bəhs etmişdir.
“Neft Bakısı”nın uşaqlıq xatirələri Süleyman Vəliyevin “Şor cüllütü” (1939) povestində də əksini tapmışdır. Povestdə XX əsrin əvvəlləri neft Bakısının səciyyəvi obrazını görə bilirik. Mədən sahibi Musanın surətində ağa sinfinin firavan həyatı, zəngin məişəti, psixologiyası və əxlaqı təsvir olunursa, mədən fəhləsi Qulunun timsalında kasıb təbəqənin ağır həyatı, yarıac, yarıtox yaşayışı, həyat uğrunda mübarizəsi qələmə alınmışdır.
Süleyman Vəliyevin yaradıcılığında dil açıb danışan canlı həyat epizodları, süjetləri idi. İlk hekayəsi “Əmanət kassası” 1932-ci ildə “Hücum” jurnalında çap olunan S.Vəliyev dövrün ədəbi prosesinə istedadlı gənc yazıçı kimi qədəm qoymuş, “fəhlə kadrı” kimi rahat qəbul olunmuşdur. 1937-ci ildə hərbi qulluğa çağırılana qədər məhz istedadlı qələm sahibi kimi Lökbatanda çıxan aztirajlı “Neft uğrunda” qəzetində, bir müddət “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində müxbir olmuş, “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 21 yaşında ikən, 1937-ci ildə qələmə aldığı, inqilabi fəhlə hərəkatından bəhs edən “Bığlı ağa” povesti “Azərnəşr”də ayrıca kitab şəklində çapdan çıxdıqdan sonra imzası ədəbi mühitdə parlamış və birdəfəlik olaraq taleyini ədəbiyyata bağlamışdır.
Süleyman Vəliyevin sovet dönəmində uğurla başlayan həyat və yazıçılıq bioqrafiyası çox keçmir ki, keşməkeşlərlə üzləşir. Əslində, həyatının hər mərhələsində örnək olan insan xarakteri yaşayan və bunun bədii obrazını yaradan ədibi zaman özü sınağa çəkir, stalinizm epoxasının və qatı sovet ideologiyasının amansız zərbələrinə məruz qoyur. 1937-1939-cu illərdə Ukraynada hərbi xidmətdə olan Süleyman Vəliyev Böyük Vətən müharibəsi başlayan kimi, 1941-ci il iyun ayının 23-də hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Səməd Vurğunun arxada qalmaq və vətənpərvərlik təbliğatı ilə məşğul olmaq tövsiyəsini gənc ədib qəbul etmir. 1941-ci il iyunun 29-da “Ədəbiyyat qəzeti”ndə yazıçıların xalqa ünvanlanmış “Qəhrəman ordu sıralarına” adlı müraciətinin altında görkəmli yazıçılarla yanaşı gənc Süleyman Vəliyevin də imzası var idi.
S.Vəliyev azərbaycanlıların məşhur 416-cı milli diviziyasının tərkibində Şimali Qafqazda, daha sonra Kerç yarımadasında vuruşur, 1942-ci ilin may ayının 8-də kontuziya olub Krım yaxınlığında əsir düşür. Bu zaman o, 416-cı Azərbaycan diviziyasının “Azərbaycan döyüşçüsü” adlı qəzetində hərbi müxbir kimi fəaliyyət göstərmişdir. Yüz minlərlə əsirlər kimi düşərgədən düşərgəyə düşən yazıçı Almaniyanın dərinliklərinə doğru aparılır. 1944-cü ilin yazında S.Vəliyev müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında məskən salmış partizan dəstələrinə qoşulur, burada Sila adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəmanlıqlar göstərir. Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadənin, Mirdaməd Seyidovun keçdiyi müqavimət hərəkatını əli qələmli Süleyman Vəliyev də keçir. Yazıçının “Kerç səhəri” povestində, bir çox hekayələrində (“Mənə “sən” de”, “Çörək”, “Zorən qoca”, “Qurtuluş”, “Həyatın dadı”, “Gözlənilməyən məktub” və s.) döyüş cəbhələrində yaşanan müharibə həqiqətləri real boyalarda əksini tapmışdır.
Bununla belə, yazıçının müharibə mövzusunda ən böyük uğuru “Mübahisəli şəhər” romanı hesab olunur. Bu, qeyd olunduğu kimi, Azərbaycan ədəbiyyatında II Dünya müharibəsində müqavimət hərəkatını işıqlandıran ilk romandır. 1946-1947-ci illərdə yazılıb, yalnız 1957-ci ildə çap oluna bilən əsərin taleyi də müəllifinin bioqrafiyası kimi keşməkeşlidir. Roman hadisələrin birbaşa izi ilə, prototipi yazıçının özü olmaqla Aslanın gizli partizan fəaliyyətini, əsirlikdən necə qurtulmasını, Yuqoslaviyada Triqlava dağlarında, Triyest şəhərində şücaətlərini, rus, sloven, azərbaycanlı və s. millətlərdən olmaqla faşizmə qarşı xalqların birgə mübarizəsini olmuş əhvalatlar, maraqlı bədii intriqalar, təsvirlər vasitəsilə oxucuya çatdırır. Milli vətənpərvər Aslanın obrazı ilə yanaşı, romanda Sila, Zora, Anita, Pavlo, Rade, Avqust, Çuq və b. rəngarəng obrazlar yaradılmışdır.
Əfsanəvi
Mixaylodan bəhs edən Həsən Seyidbəyli və
İmran Qasımovun “Uzaq sahillərdə” əsərindən əvvəl
yazılmış, “hərbi-vətənpərvərlik ədəbiyyatının
incisi” sayılan “Mübahisəli şəhər”in ilk dəfə
1957-1958-ci illərdə “Azərbaycan” jurnalında çap
olunması yazıçının müharibədən
sonra repressiyaya uğraması ilə bağlı idi. Əsər
1948-ci ildə tamamlanmışdır. “Bakinski raboçi” qəzetinin
1948-ci il 8 fevral tarixli sayında xalq şairi Süleyman
Rüstəm bir məqaləsində digər əsərlər
sırasında “Mübahisəli şəhər”
romanının da adını çəkmişdir. Lakin çap olunduqdan
sonra da roman maneə zolağına tuş gəlir. Yuqoslaviya-sovet
əlaqələrində soyuqluq yarandığına görə
kitab şəklində çapına icazə verilmir. Yalnız 1961-ci ildə roman Moskvada rus dilində
çıxdıqdan sonra 1962-ci ildə Azərnəşr tərəfindən
kitab şəklində işıq üzü görür.
Elə həmin il “Moskvada çap olunan “Məlumat
bürosunda deyilməyənlər haqqında” adlı kitabda
(Dövlət Siyasi Ədəbiyyat Nəşriyyatı) S.Vəliyevin
də adı faşizmə müqavimət hərəkatı
iştirakçıları sırasında çəkilmişdir.
1944-cü ilin iyul ayında Triyest
şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən
azad edildikdən sonra yazıçının yolu alman əsirliyində
olmuş digərləri ilə birgə Avstriya, Fransa,
Yuqoslaviya, Misir, İraq və İran ərazisindən vətənə
doğru keçir. Müqavimət hərəkatında
iştirak etmiş əsirlərin özlərinin təşkil
etdikləri bölmədə S.Vəliyev Alay qərargahının
rəisi seçilir. ABŞ kəşfiyyat
orqanlarının vətənə dönən əsirlərin
Sibirə göndəriləcəkləri barədə təbliğatlarına
baxmayaraq, S.Vəliyev heç nədən çəkinmədən
vətənə qayıdır. Amma həqiqətən
də, növbəti sınaqlarla üzləşir.
1944-cü il dekabrın 30-da gələn
keçmiş əsirləri Bakıda dustaq kimi
qarşılayırlar. Saysız-hesabsız yoxlamalardan sonra
1945-ci il yanvarın 1-də Moskva
yaxınlığındakı Podolsk şəhərindəki
düşərgəyə salınan yazıçı ona
qarşı yürüdülən bütün böhtanlardan
təmiz çıxır, yenidən cəbhəyə, 29
saylı hücum batalyonuna təyin olunduqdan bir neçə
gün sonra alman faşizmi üzərində qələbə
xəbəri gəlir.
Bununla belə, Stalin rejimi
keçmiş əsirlərə normal hüquqlu vətəndaş
kimi baxmır, onların “cərimə” batalyonunu Çelyabinsk
şəhərindəki Kirov adına sink
zavodunda işləməyə yollayır. Burada
“onbaşı” təyin olunan Süleyman Vəliyev əqidəli
vətəndaş olduğunu sübut edir, hətta şəklini
şərəf lövhəsinə vururlarsa da, azad olunmur.
Qəlbi Vətənə qayıtmaq həsrəti
ilə çırpınan yazıçı RSFSR
Yazıçılar İttifaqı Çelyabinsk vilayət
şöbəsinin rəhbəri Lyudmila Tatyaniçevaya
müraciət edir. Bakıdan şair Əhməd Cəmilin
imzası ilə S.Vəliyevin həqiqətən də
Yazıçılar İttifaqının üzvü
olmasını təsdiqləyən, hətta
yaradıcılığı barədə də məlumat verən
müsbət arayış gəlib çıxdıqdan sonra
L.Tatyaniçeva Süleyman Vəliyevin zavoddan işdən azad
edilməsinə və vətənə qayıtmasına nail ola bilir.
Həyatının həmin
çətin dövrləri haqqında yazıçı ilk
dəfə bütün açıqlığı ilə
yalnız “Qanadı qırıq quş da uçarmış”
(1989) bədii memuar-əsərində bəhs edir. Mülayimləşmə
dövründə S.Vəliyev “Ərəb hekayələri” səpkisində
Şərq ölkələrində gördüyü hadisə
və süjetlərdən bəhs edən bir sıra hekayələr
(“Əncir ağacı”, “Nil suyu”, “Bir salxım üzüm”,
“Dağılmış yurd” və s.) qələmə
almışdır. “Əncir ağacı”
kitabında (1959) dərc olunan həmin əsərlərlə
yanaşı, kitabda yazıçının “İtaliya- Misir”
xatirə oçerki də dərc olunmuşdur.
Lakin daha böyük
“tufanlar” Süleyman Vəliyevi vətəndə gözləyirmiş. Bu barədə
də oxucular sonralar “Qanadı qırıq quş da
uçarmış” əsərində xəbər
tutacaqdılar. “Süleyman 1946-cı ilin 10
oktyabrında Çelyabinskdən Bakıya qatara bilet alır.
Lakin yemək pulu olmadığından o, Moskvada
biletini satıb çörək almalı olur. Bakıya isə qatarların tamburunda gecələr
biletsiz qayıdır. Beş günə
Bakıya çatan Süleyman Ramanaya - evlərinə gedir.
Həmin gün öyrənir ki, 1943-cü ildə
atası və anası aclıqdan vəfat ediblər. Kənddəki evlərində başqa adamlar
yaşayır”.
Böyük şair Səməd
Vurğunun bilavasitə müdaxiləsi ilə S.Vəliyevə
Bakıda mərkəzdə Tolstoy küçəsində ev verilir. “İnqilab və mədəniyyət”
jurnalında ədəbi işçi kimi işə düzəlir.
Lakin 1948-ci ildə başlanan növbəti
repressiya dalğası keçmiş hərbi əsirlərlərdən
də yan ötmür. S.Vəliyevi də
istintaqa cəlb edir və jurnaldakı işindən
çıxarırlar. Məxfi siyasi
orqanlar ona əməkdaşlıq və Səməd
Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək
təklif edirlər. Xarakter etibarilə mərd
və əqidəli insan olan Süleyman Vəliyev belə bir
alçaldıcı əməkdaşlıqdan imtina edir.
Səməd Vurğun daim onun xeyirxahı
olmuş, əsgərlikdə və müharibədə olanda ədəbiyyat
fondu ata-anasına yardım etmişdir. Ata-anası
vəfat edəndən sonra Süleymanın kiçik
qardaşı Murtuzu Suvorovçular məktəbinə də
Səməd Vurğun düzəltmişdi. Məhz taleyin istehzasıdır ki, 1949-cu ilin
yayında Sibirin Lena çayı sahillərindəki
qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə
sürgün edilən yazıçı Sibir soyuğunda
özünü mənəvi cəhətdən Bakıdan da
yaxşı hiss etmişdir. Gizli
sorğu-suallardan, mənəvi alçaldılmalardan qurtulan
S.Vəliyev taleyin onun üçün
hazırladığı imtahanlardan mərd-mərdanə
çıxmışdı. Bu sırada
ailəsi də ona dayaq olmuşdu. 1950-ci
ildə oğlu Seyran, 1953-cü ildə isə qızı
Leyla dünyaya göz açmışdır.
Zamanın ziddiyyətlərindən,
eniş və yoxuşlarından keçən həyat yolunda ədəbiyyat
həmişə Süleyman Vəliyev üçün bir
talisman rolunu oynamışdır. Hələ 1939-cu ildə Qərbi
Ukraynada hərbi xidmətdə ikən cavan yazıçı
bura görüşə gəlmiş görkəmli rus
yazıçısı Aleksey Tolstoyla Lvov
Yazıçılar İttifaqında elə əsgər
geyimində tanış olmuşdu.
N.Ostrovskinin ev muzeyinə baş çəkən
S.Vəliyev həmçinin Ukrayna yazıçıları
Oleksa Desnyak, Paiç Petro, Vanda Vasilevskaya ilə də
tanış ola bilmişdi. Yazıçının
hərbi xidmətdən qayıtdığı 1940-cı ilin
oktyabrında isə o, xalq şairi S.Vurğunun köməyi
ilə Azərbaycan Yazıçılar İttifaqının
Hərbi vətənpərvərlik şöbəsinin
müdiri təyin olunmuşdu.
SSRİ Yazıçılar
İttifaqının uzun müddət sədri olmuş Georgi
Markovla S.Vəliyev arasında ömürlərinin sonunacan
davam edən dostluq münasibətləri olmuşdur.
Süleyman Vəliyev sovet
dövrünün yazıçısı olsa da, zəmanəsinin
ideologiyasını bölüşsə də, Vətəninə
sadiq, doğma Azərbaycan torpağına dərindən
bağlı sənətkar idi. Cəsarətli
yazıçı xalq mövqeyindən günün həqiqətlərini
yazmaqdan, təsvir etməkdən çəkinmirdi. Sürgündə üzləşdiyi gerçəklikləri
o, hələ sovet ideologiyasının kəskin dövründə
ayrı-ayrı əsərlərinə hopdurmağı
bacarmışdır. “Şəlalə”
hekayəsində Bodaybonun qılınc kimi kəsən
şaxtalı günlərini, insanlar arasındakı mənəvi
çarpışmaların təsvirini yazıçı
inqilabdan əvvəlki dövrə keçirməklə təqdim
edir. 1957-ci ildə işləyib “Səadət
yollarında” adı ilə yenidən çap etdirdiyi
“Bığlı ağa” povestində yazıçı Sibir həqiqətlərindən
də danışır və bu zaman şəxsən
yaşadığı həyat materiallarına əsaslanır.
1966-cı ildə Süleyman
Vəliyevin “Düyünlər” romanı çap olunur. Roman Azərbaycan
ədəbiyyatında repressiya olunmuşların taleyindən
söz açan iri həcmli ilk əsərlərdən biri
idi.
Süleyman Vəliyev onu ağrıdan əsl repressiya həqiqətlərini daha sonralar, artıq xatırlatdığımız kimi, 1980-ci illərdə qələmə aldığı “Qanadı qırıq quş da uçarmış” roman-memuarında etiraf və təsvir edir. Bu əsər həyat faktları və fakta yanaşma etibarilə ədəbiyyatımızda tamamən təzə olub, tarixi həqiqətlərin bədii formada bərpasına xidmət edirdi. Repressiya mövzusunda həqiqəti söyləyən bu xətt ədəbiyyatımızda yalnız 1990-cı illərdə, müstəqillik dövründə davam tapa bildi. O da təsadüfi deyil ki, Süleyman Vəliyev 1994-cü ildən Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətinin üzvü seçilir, rəsmən reabilitə olunur. Böyük bir dövr - sovet dönəmində Azərbaycan həqiqətlərinin nəsrdə ifadəçisi kimi əsərləri ədəbiyyatımızda layiqli yerini tutur.
Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakıda vəfat etmiş, xalqımızın iftixar mənbəyi olan insanların əbədiyyət tapdığı Fəxri xiyabanda dəfn olunmuşdur.
Süleyman Vəliyevin yazıçı əməyi daim dəyərləndirilmiş, Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı (1967-1986), “Xalqlar dostluğu” ordeni (1984) və medallarla təltif olunmuş, ədib Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), əmək veteranı (1976), müharibə veteranı (1981) fəxri adlarını qürurla daşımışdır. Ömrü boyu dövrün, zamanın qarşısına çıxardığı çətinliklərlə üzləşən yazıçı bu təltifləri fədakar xalqının yaradıcılığına verdiyi qiymət kimi qəbul etmiş, eyni zamanda, xalqının həqiqətlərini fədakarcasına qələmə almışdır. Süleyman Vəliyevi oxucularına bu gün də sevdirən onun həqiqət dolu əsərləridir.
Faiq ŞİRİNOV,
Sumqayıt
Dövlət Universitetinin tədris bölməsinin müdiri
Azərbaycan.- 2017.- 7 yanvar.- S.5.