Dövlətə yenilməz sədaqətin, torpağa sonsuz məhəbbətin nümayişi

 

Azərbaycan Ordusunun “aprel dərsləri”ndən noyabr təlimlərinədək keçdiyi şərəfli yol Lələtəpədən daha aydın görünür

 

Dövlətin əsas dayaqlarından olan ordunun üzərinə düşən missiya ağır, çətin, lakin çox şərəflidir. Azərbaycan Ordusunun üzərinə isə daha məsuliyyətli vəzifə düşüb: təcavüzə məruz qalan Vətənin düşmən tərəfindən işğal edilmiş ərazilərini azad etmək!

Torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan dövlətinin öz milli ordusunu ən müasir silahlarla təchiz etməsi onun suveren hüquqlarındandır. Son illər Azərbaycan Ordusunun NATO standartlarına tam cavab verməsi işğalçı Ermənistanda təşviş yaradıb. Ordumuzun 2016-cı ilin aprel ayındakı qısamüddətli həmləsi (əslində, dinc əhalimizə qarşı daim təcavüzdən əl çəkməyən erməni silahlı birləşmələrinə layiqli cavabı) nəticəsində illərdir işğal altında qalan bir sıra mühüm strateji yüksəkliklər azad edildi. Bu göstərdi ki, düşmən qüvvələri bir himə bənddir, zorla sığındığı səngəri, silah-sursatını atıb qaçsın, yaxud torpaq sahibindən aman diləsin!

Azərbaycan Ordusunun şanlı zəfər yürüşünə doğru daha bir addım atıldı: Prezident, Ali Baş Komandan İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə ötənilki “aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırladı: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Təcavüzkar siyasəti ilə qonşu xalqın nəinki ərazilərini işğala məruz qoyan, hətta həmin torpaqlardakı xalqımıza məxsus tarixi, dini və maddi mədəniyyət abidələrini belə yer üzündən silən Ermənistan rəhbərləri təəssüf ki, bunun acı nəticələri barədə düşünmək istəmirlər. Unudurlar ki, nə vaxtsa buna görə cavab verməli olacaqlar.

Ermənistanın savaş meydanlarında məğlub olacağı barədə beynəlxalq birliyin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Azərbaycan torpaqlarını boşaltmayacağı təqdirdə işğalçı dövlətin biabırçı şəkildə ağ bayraq qaldıracağının qaçılmaz olduğunu gizlətməyən, “Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə mürəkkəb məsələləri həll etməyi bacarar” fikrində olan rusiyalı analitik Yuri Buronov deyir ki, Azərbaycan qoşunları onilliklər boyu möhkəmlənmiş müdafiə xətti boyunca mövqelər tuta bildilər. Bu ordu ilə hesablaşmamaq olmaz. Üstəlik, münaqişənin həllində döyüş əməliyyatlarını yenidən başlamaq ehtimalını istisna etməyən siyasi analitik xatırladıb ki, belə məsələlərin dinc yolla həllinin təməli Minsk deklarasiyası ilə qoyulub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ön cəbhəyə, əslində, dövlət başçısının özünün də bildirdiyi kimi, bir vaxtlar düşmən tapdağında olan, bu gün isə ordumuzun möhkəmləndiyi ən yüksək tarixi zəfər zirvəsi adlandırılan Lələtəpəyə gedişi və oradan qarşı tərəfə ciddi mesajı heç də təsadüfi deyil. Əlbəttə, beynəlxalq birlik də bundan nəticə çıxarmalıdır.

Ali Baş Komandan bir vacib faktoru da anlatdı: “Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”.

Düz 23 il əvvəl də, bu gün də üçrəngli bayrağımızın dalğalandığı zirvə ətrafında, Füzuli rayonu ərazisində uğurlu əməliyyat keçirilmişdir. Hələ Azərbaycan Ordusunun yenicə formalaşmağa başladığı ilk vaxtlarda ulu öndər Heydər Əliyevin ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizin yanında olması döyüşçülərimizdə vətənpərvərlik ruhunu necə qaldırmışdırsa, bir-iki gün ərzində əks-hücumla 22 kənd işğalçılardan azad edilmişdir. Bu, Ali Baş Komandanın Lələtəpədə bir daha xatırlatdığı kimi, böyük tarixi qələbə idi. Dövlət başçısı aprel döyüşlərini də növbəti tarixi qələbə adlandırdı: “Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”.

Bütün bunlar müstəqil Azərbaycanın tarixinə yazılacaq zəfər günlərinə doğru atılan addımlardır. Bu, əslində, hərbi nizam yerişli, müfəssəl əsgər kimi, tutduğu vəzifəsindən asılı olmayaraq, Vətənə xidmətin nümunəsidir. Bu, ümummilli lider Heydər Əliyev məktəbinin yetirdiyi Ali Baş Komandanın vətənpərvərlik dərsi, həm də dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış siyasi, iqtisadi və hərbi yoldur!

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 8 yanvar.- S.5.