İkitərəfli əlaqələrin Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Arya İnkeri Makkonen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Arya İnkeri Makkonen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirdi. Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. Finlandiya Prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əlaqələrimizin mühüm hissəsini təşkil etdiyini dedi. Prezident İlham Əliyev əlaqələrimizin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğuladı. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Arya İnkeri Makkonen Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd etdi.

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiyanın Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2017.- 10 yanvar.- S.1.