Azərbaycanın və Estoniya beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Marin Mittus fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Marin Mittus etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunusiyasi sahədə ölkələrimizin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirdi ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin fəal əməkdaşlıq etdiklərini dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd etdi, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə etdi.

Səfir Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Estoniyanın Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2017.- 10 yanvar.- S.2.