İnsan hüquq və
azadlıqlarının təminində mühüm
nailiyyət
Azərbaycanda azad medianın
inkişafı üçün
yaradılan şərait beynəlxalq miqyasda
təqdir olunur
Müstəqil Azərbaycanın ötən müddətdə insan hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması mülki cəmiyyət quruculuğuna hesablanmış hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişafı tempi ilə uzlaşdırılması nəticəsində mümkün olub. Azərbaycan dövlətinin qarşıya qoyduğu ən vacib məqsədlərindən biri demokratikləşmə prosesini, siyasi və hüquqi islahatları cəmiyyətin inkişaf ahənginə uyğun daha da dərinləşdirmək, son nəticədə qanunun aliliyini, insan hüquqlarının prioritetliyini bütün səviyyələrdə təmin etməkdir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə yüksək nəticələrin əldə olunmasına imkan yaradır. Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali məqsədlərdir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının maddələrinin üçdə iki hissəsinin insan hüquq və azadlıqları ilə bağlı olması onun beynəlxalq səviyyədə mükəmməl ali qanun kimi dəyərləndirildiyini şərtləndirib.
Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir. Hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyil. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbulu, daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili də insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olub, ölkəmizin Avropa və dünya məkanına sürətlə inteqrasiyasına zəmin yaratmışdır.
İqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır.
Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.
Prezident İlham Əliyevin son 13 ildə yürütdüyü hüquqi islahatların əsasında da məhz insan hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradıl-masına xidmət etmişdir.
BMT, ATƏT və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində respublikamızda insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılmışdır. 2006-cı il noyabrın 14-də qəbul olunmuş “Avropa Qonşuluq Siyasəti” çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulmuşdur. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər.
2016-cı il sentyabrın 26-da Konstitusiyaya edilən əlavə və dəyişikliklər də mütərəqqi xarakter daşıyır. İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər ölkəmizdə inkişafın davamlılığına təminat yaradır. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Konstitusiya islahatının mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Əsas Qanunda 23 dəyişikliyin 16-sının, yəni dörddən üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması deyilənlərə əyani misaldır.
Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.
Ölkə başçısı respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirilən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, söz və mətbuat azadlıqları təmin olunmuşdur. Respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır.
Hazırda Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda azad medianın inkişafı üçün bütün şərait yaradılıb.
Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti ürəkdən inanır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşəcək, Azərbaycan bu sahədə daha böyük uğurlara imza atacaq.
Elnur HACALIYEV
Azərbaycan.-
2017.- 10 yanvar.- S.1, 2.