2017-ci ilin Azərbaycan
Respublikasında “İslam Həmrəyliyi
İli” elan edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, islam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, islam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar
2017-ci il
Azərbaycan.-
2017.- 11 yanvar.- S. 5.