“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə “ASAN Radio” arasında əməkdaşlıq memorandumu imzalanıb 

 

Yanvarın 10-da Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “ASAN Radio” arasında informasiya və digər sahələrdə əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu BŞH-nin marketinqkommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və “ASAN Radionun direktoru Emin Musəvi imzalayıblar.

Tərəflər Azərbaycanda keçirilən Formula-1 yarışı haqqında ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində tərəfdaşlıqdan məmnunluqlarını bildiriblər.

Nigar Arpadarai memorandumun yeni imkanlar yaratdığını bildirərək deyib: “Bu gün biz “ASAN xidmət” ilə əməkdaşlığımızı daha da genişləndiririk. “ASAN Radio” ilə qurduğumuz yeni əməkdaşlıq bizə 2017-ci ilin yayında Bakıda təşkil olunacaq ikinci Formula-1 yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı məlumatlandırmağa imkan yaradacaq. İnanıram ki, biz qarşılıqlı əməkdaşlıqla ölkəmizdə Formula-1 mədəniyyətinin yüksək səviyyədə formalaşmasına nail ola biləcəyik”.

Emin Musəvi bildirib ki, “ASAN Radio” BŞH ilə əməkdaşlığa başlamaqdan qürur hissi keçirirbunun çox böyük məsuliyyət olduğunu anlayır. Bu memorandumla “ASAN Radio” mötəbər yarışın eksklüziv radio tərəfdaşı statusu qazanır. Ötən il Bakıda təşkil olunan Formula-1 yarışının təbliğində radiomuz fəal iştirak edib. Dünya miqyaslı bu cür yarışların informasiya tərəfdaşı olmaqla “ASAN Radio” ölkəmizin dünyada tanıdılmasında da müstəsna rol oynayacaq”.

Memoranduma əsasən, “ASAN Radio” dinləyici auditoriyasını BŞH-nin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq yayımlayacaq.

 

Azərbaycan.- 2017.-  11 yanvar.- S. 6.