Bilik Fondu Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə əməkdaşlıq edəcək

 

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurum ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və mərkəzin direktoru Asif Usubəliyev imzalayıblar.

Memorandumun imzalanmasının əsas məqsədi respublikamızda fəaliyyət göstərən müxtəlif sahələrin əməkdaşları üçün mühazirə və təlimlər, prioritet istiqamətlərdə maarifləndirici tədbirlər təşkil etməklə vətəndaşlarımızın bilik və bacarıqlarını artırmaqdır. Həmçinin onların daha kreativ bilikləri mənimsəmələrinə nail olmaq, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində elmi-metodik araşdırmalara dəstək verməkdir.

Tədbirdə O.Səmədov Bilik Fondunun fəaliyyəti, Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən layihələr, yerli və beynəlxalq konfranslar, görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlət başçısının müvafiq fərmanı ilə 2014-cü ildə yaradılan Bilik Fondu qısa müddətdə ictimai-siyasi, mədəni, həmçinin təhsil və tədrislə bağlı müxtəlif layihələrə imza atıb. Fondun respublikanın beş rayonunda bilik evləri fəaliyyət göstərir ki, burada müxtəlif peşələr, dillər, kompüter texnologiyaları üzrə təlimlər keçirilir. Qeyd edilib ki, Bilik Fondu tərəfindən hazırda dörd proqram üzrə 21 layihə həyata keçirilir.

A.Usubəliyev rəhbərlik etdiyi mərkəzin fəaliyyət istiqamətlərindən söz açıb. Nəzərə çatdırılıb ki, 1939-cu ildən bu günədək müxtəlif adlarla fəaliyyət göstərən mərkəzin strukturunda aparılan islahatlar Mədəniyyət və Turizm Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Görülən işlərin əsas məqsədi fəaliyyətin təkmilləşdirilməsi, müasir üsulların tətbiqi və mədəniyyət sahəsinin regionlarda populyarlaşdırılmasından ibarətdir.

 

Azərbaycan.- 2017.-  12 yanvar.- S. 8.