Azərbaycanın turizm
potensialını dünyaya təqdim edən
mədəniyyət layihələri
Müasir dövrdə hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyəti əsasında müəyyənləşir. Bu özünəməxsusluq hissi ilə səciyyələnən, milli kimliyi ifadə edən dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti və toxunulmaz xəzinəsidir.
Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri xalqın əsrlərdən çıxmış inamına söykənməklə, özündə böyük bədii-estetik, mənəvi-əxlaqi duyğuları təcəssüm etdirir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini qoruyan xalqımız eyni zamanda ümumbəşəri, mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə müasirliyə və yeniliyə can atır.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin son 13 ildə milli mədəniyyətin, mənəvi-əxlaqi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasəti çağdaş zamanın obyektiv reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda böyük nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, ənənələrə müəyyən təhlükə meyilləri də özünü qabarıq şəkildə göstərir. Dünya inkişafının aparıcı meyillərindən sayılan qloballaşma prosesi dövlətlər və ölkələr arasındakı sərhədləri nisbi anlayışa çevirir, milli məkanı müxtəlif yad təsirlərə məruz qoyur.
Problemi aktuallaşdıran başlıca amil çoxtərəfli inteqrasiyanın diktələrinin bir çox hallarda əsrlərin “mirasına” - milli-mənəvi dəyərlərə qarşı yönəlməsidir. Belə bir şəraitdə xalqın bu dəyərlərinin qorunması son dərəcə vacib və aktual məsələ kimi önə çıxır. Ölkə başçısı bazar iqtisadiyyatı şəraitində milli-mənəvi və mədəni dəyərlərin qorunmasını xüsusilə vacib sayır: “...Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi bir yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər o bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun”.
Mədəniyyət siyasəti hər bir xalqın bəşəri miqyasda layiqli yerini tutması və tanınmasında mühüm rol oynayır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi xalqımızın zəngin mədəni irsinin dünyada təbliği və tanıdılması istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daha çox üstünlük verir. Xalqın zəngin mədəni-mənəvi xəzinəsinin qorunması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycanın mədəniyyət abidələrinin qorunması, milli irsin təbliği məqsədilə son illər UNESCO və digər təşkilatlarla başlanmış əməkdaşlıq da bunun nəticəsidir.
Ölkədə milli mədəniyyətin, klassik irs və milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin praktik nəticələr verməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genofondun qorunmasıdır. Azərbaycanın birinci xanımının böyük xidmətləri hesabına milli muğam, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı simvolizmi UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş, görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuşdur. Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də bu baxımdan xüsusi vurğulana bilər.
Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Üzeyir bəy Hacıbəyli, Rostropoviç, Qəbələ Beynəlxalq Musiqi festivalları, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Bütün bunlar hazırda Azərbaycanı dünyanın əsas musiqi mərkəzlərindən birinə çevirmişdir.
Son illər nəinki respublikamızın paytaxtında, eləcə də Naxçıvan, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran və digər şəhər-rayonlarda keçirilən tədbirlər həm bölgələrin mədəni irsinin, həm də turizm potensialının yerli və beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətlidir. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Proqram dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasətində təcrübələri nəzərə alınmaqla Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi məqsədilə qəbul edilmişdir. 2010-cu ildən indiyədək icra olunan proqram nəticəsində qeyri-maddi mədəni irsin inkişafı vüsət almış və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş vermişdir.
Proqrama müvafiq olaraq ötən dövrdə illər üzrə müxtəlif bölgələrimiz “Azərbaycanın Əfsanələr Paytaxtı”, “Azərbaycanın Folklor Paytaxtı”, “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, “Azərbaycanın Ədəbiyyat Paytaxtı”, “Azərbaycanın Milli Mətbəx Paytaxtı” seçilmişdir. Paytaxt şəhər və rayonlarda müvafiq nominasiyaya uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, “dəyirmi masa”lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. təşkil olunmuşdur. Qazax, Lənkəran, Masallı, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax, Xaçmaz, Şəki, Şamaxı, Qəbələ, İsmayıllı, Göygöl, Qusar ötən illərdə bu cür paytaxt seçilən rayon və şəhərlər sırasındadır. Proqram çərçivəsində hər bir şəhər və rayonun çoxsahəli folkloru, rəvayətləri, əsatirləri, əfsanələri, atalar sözləri, xalq tamaşaları, dekorativ və təsviri sənəti, xalq musiqisi və rəqsləri, şifahi xalq yaradıcılığı, adət və ənənələri, bayram-mərasimləri və s. mədəni-mənəvi irsi araşdırılır, dərindən öyrənilir.
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə paytaxtı, paytaxtda isə bölgələri tanıtmaq məqsədilə keçirdiyi “Paytaxtdan bölgələrə” və “Bölgələrdən paytaxta” layihəsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Layihə xüsusilə də bölgələrin turizm potensialının tanıdılması baxımından praktik nəticələrlə zəngindir. “Paytaxtdan bölgələrə” layihəsində indiyədək Şamaxı şəhəri, “Bölgələrdən paytaxta” layihəsində isə Şuşa şəhəri, Şəmkir və Lənkəran rayonları fəallıq göstərmişlər.
Bundan əlavə, TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində Şəki şəhəri 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı, Qusar isə Azərbaycanın folklor paytaxtı seçilmişdir. ISESCO-nun müvafiq qərarı ilə Naxçıvan MR-in Naxçıvan şəhəri 2018-ci il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir. Əfsanələr paytaxtları Gəncədə 68, Şabranda 57, Gədəbəydə 41, Xaçmazda 59, Qəbələdə 41, Sənətkarlıq paytaxtları Şəkidə 60, Lənkəranda 46, Masallıda 41, Zaqatalada 60, Balakəndə 43, Folklor paytaxtları Qazaxda 64, İsmayıllıda 58, Qubada 37, Göygöldə 41, Abşeronda 39 möhtəşəm tədbir keçirilmişdir. 2015-ci ildə Şamaxı Ədəbiyyat Paytaxtı, Qax Milli Mətbəx Paytaxtı seçilmişdir.
Ötən il Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi mühüm əhəmiyyət kəsb edən hadisələrdən olmuşdur. Bununla bağlı ölkə Prezidenti xüsusi sərəncam imzalamışdır. Sərəncamda vurğulanırdı ki, müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl problemlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə səmərəli əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfələr verirlər. Gəncə 2016-cı il ərzində Avropa gənclərinin diqqət mərkəzində olmuşdur. Bu isə bir şəhərin timsalında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğində ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaratmışdır. 2016-cı il mayın 4-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzində “Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Tədbirdə dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, həmçinin bir sıra beynəlxalq təşkilatların təmsilçiləri və qonaqlar iştirak etmişlər. Mərasimdə Prezident İlham Əliyev geniş nitq söyləmişdir.
Bu tədbirlər həm də Azərbaycanın bölgələrinin əlverişli turizm potensialının təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Son illər turizm sahəsində müasir dövrün tələblərinə uyğun işlərin aparılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması məqsədilə dövlət başçısının müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. Turizmin inkişafını stimullaşdıran tarixi ərazilərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə ölkə başçısının müvafiq sərəncamları ilə “Yanardağ”, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq”, Etnoqrafiya və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqları yaradılmışdır.
Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” qış-yay turizm komplekslərinin inşası ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olmuşdur. Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, icma əsaslı yaşıl kənd və sağlamlıq turizminin inkişafının dəstəklənməsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” və “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” ictimai birlikləri təsis edilmişdir.
Paytaxtımızın
qədim abidələrlə zəngin olması, habelə burada müasir tələblərə
cavab verən hotellərin tikilib
istifadəyə verilməsi turizmin
inkişafına gözəl zəmin yaratmışdır. İndi Bakıda dünyanın ən aparıcı
hotellər şəbəkəsi fəaliyyət göstərir.
Son 10 ildə burada
altıdan çox beşulduzlu
mehmanxana tikilib istifadəyə
verilmişdir. Dünyanın “Four Seasons”, “Fairmont”,
HILTON”, “Mariott”, “Kempinski”,
“Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” və s. kimi nüfuzlu hotelləri inşa edilmişdir. Bu da ölkəmizdə
turizm üçün
əlverişli imkanların
yaradılması məqsədindən
irəli gəlir.
Bundan başqa,
Azərbaycan 2016-cı ilin
iyun ayında
“Formula-1” yarışlarını yüksək səviyyədə
keçirməklə həm
də turizm potensialını bütün
dünyaya nümayiş
etdirdi. Ötən il respublikada
Dünya Şahmat Olimpiadasının keçirilməsi
dünyanın diqqətini
Azərbaycana çəkdi.
Bu ildə isə
İslam Həmrəylik
Oyunlarının keçirilməsi
nəzərdə tutulur
ki, bu da
ölkədə turizmin
inkişafına yeni təkan verəcək.
Nazirlər Kabinetinin
2016-cı ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrin müzakirəsinə həsr
olunmuş iclasında
ölkə başçısı
bu sahəyə xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini
bir daha qeyd etmişdir: “Bir neçə il bundan
əvvəl “Eurovision”, keçən
il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni Azərbaycanı artıq tanıyırlar.
Əlbəttə ki, ölkəmizin
tanıdılmasında “Formula-1” yarışının xüsusi
yeri var. Çünki
bu yarışın auditoriyası 500 milyon insandır. “Formula-1” yarışı futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarının
səviyyəsində olan
tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və olimpiya oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi
bəlkə də əlli ildə iki dəfə keçirilirsə, “Formula-1” yarışı
Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir.
Bizim üstünlüyümüz ondan
ibarətdir ki, bu, şəhər yarışıdır və
Bakının gözəlliyi
500 milyon insan üçün artıq təqdim olunub”.
Bir fakt da xüsusi vurğulanmalıdır ki, istər indi, istərsə də yaxın və uzaq gələcəkdə turizmin inkişafı naminə atılan addımlar ilk növbədə sağlam və planlaşdırılmış qanunvericilik bazasına arxalanmalıdır. Bu məqsədlə ölkə rəhbərliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Ötən il ölkənin turizm imkanları dərindən araşdırılaraq bu sahənin mövcud vəziyyətinin təhlili aparılmış, problemlərin aradan qaldırılması üçün dünya təcrübəsindən istifadə edilmişdir. Həmin mexanizmlərin Azərbaycan üçün uyğunlaşdırılmış müvafiq variantlarda tətbiqini təmin edəcək xüsusi bir sənəd - turizm haqqında yeni qanun layihəsi artıq hazırlanmışdır. Bununla yanaşı, Azərbaycan turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, bu işin yüksək səviyyədə təşkilində hökumətin rolu, maraqlı tərəflər arasında əməkdaşlıq formaları və bu əməkdaşlığın uğurla qurulması metodları və bir sıra digər mühüm amillər haqqında məlumat və tövsiyələri əks etdirən “2016-2025-ci illər üçün Azərbaycanda Turizmin İnkişaf Strategiyası” da işlənmişdir.
BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etmişdir. Bu hadisə ilə bağlı rəsmi açılış mərasimi yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaqdır. “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşkil ediləcək. Xatırladaq ki, “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edəcək. Belə bir səlahiyyət Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv dövlətlərin ölkəmizə olan etibarının göstəricisidir.
Beləliklə, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Faktlar göstərir ki, az bir müddətdə turizm sənayesinin yüksəlişi üçün böyük layihələr icra olunub. Dünya miqyasında tanınan brend hotellər tikilib istifadəyə verilib. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,1 faizini turizmdən gələn gəlirlər təşkil edir. Bütün bunlar - hökumət səviyyəsində keçirilən tədbirlər, indiyədək aparılan islahatlar deməyə əsas verir ki, artıq turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahələrindən birinə çevrilir. Respublikamızın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiyası təmin edilir. Digər tərəfdən, ölkədəki müasirlik, tolerant mühit, xalqın multikultural dəyərlərlə bağlılığı da bu hədəfin tam reallaşdırılması üçün geniş imkanlar açır.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2017.- 13 yanvar.- S. 6.