Torpaqşünaslıq sahəsində məktəb yaratmış alim

 

Elm xadimləri

 

Hər bir xalqın mütərəqqi yolla inkişafında və bəşəri miqyasda tanınmasında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri əvəzsizdir. Millətin elmi-intellektual potensialının daşıyıcısı kimi milli intibah prosesində elmi innovasiyaların alternativsizliyini ictimai rəyə aşılayan belə ziyalılar cəmiyyətdə layiqli mövqeyi, nüfuzu və hörməti ilə seçilirlər.

Mənalı ömür yolu, zəngin elmi fəaliyyəti və yüksək tədqiqatçılıq əzmi ilə cəmiyyətdə rəğbət qazanmış belə ziyalılardan biribu günlərdə 70 illik yubileyi qeyd olunan akademik Qərib Şamil oğlu Məmmədovdur. AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov elmi ictimaiyyət tərəfindən torpaqşünaslıq və ekologiya elmləri sahəsində özünəməxsus məktəb yaratmış nüfuzlu alim kimi tanınır. Q.Məmmədovun uzun illərin gərgin zəhməti, əməksevərliyi ilə ərsəyə gətirdiyi elmi tədqiqatları təkcə torpaqşünaslıq elminin deyil, o cümlədən ekologiya; torpaq coğrafiyası; torpaq kadastrı və monitorinqi; geodeziyayerquruluşu; meşəçilik; aqroekologiya və digər elm sahələrinin inkişafı ilə üzvi vəhdət təşkil edir.

Azərbaycanda torpaqların aqroekoloji qiymətləndirilməsi sahəsində elmi məktəbin formalaşması məhz onun rəhbərliyi ilə həyata keçirilmiş elmi tədqiqatların nəticəsidir. Görkəmli alim, Azərbaycanın torpaq ehtiyatları və onların səmərəli istifadəsi, torpaqların ekoloji qiymət xəritəsinin tətbiqi, münbitliyinin konseptualriyazi modelləşdirilməsi, torpaq kadastrının rayonlaşdırılması və monitorinqi, məkan məlumatlarının idarə olunması, torpaq inzibatçılığı, torpaqların ekoetik problemləri və onların həlli yolları və s. sahələrdə sanballı elmi araşdırmaların müəllifidir.

Qərib Məmmədov 6 yanvar 1947-ci ildə indiki Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Erkən yaşlarından yüksək intellekti, təhsilə, elmə bağlılığı ilə seçilmişdir. 1965-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vuraraq 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. Qərib Məmmədovun Azərbaycanın təbiətşünaslıq və ekologiya elminin görkəmli nümayəndəsi akademik Həsən Əliyevin formalaşdırdığı sanballı elmi məktəbin layiqli yetirmələrindən biri olması faktını da xüsusi qeyd etmək lazımdır. Hələ ötən əsrin 70-ci illərində akademik Həsən Əliyevin respublikamızın torpaq ehtiyatlarının səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi, təbiət və yer elmlərinin qarşılıqlı əlaqəsinin elmi-nəzəri əsaslandırılması sahəsində irəli sürdüyü konseptual mülahizələr Qərib Məmmədovun gənc tələbə və tədqiqatçı kimi elmi dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır. O, 1966-1970-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alarkən bir sıra nüfuzlu professor-müəllim heyəti ilə yanaşı, görkəmli təbiətşünas alim akademik Həsən Əliyevin də elmi çıxışlarını, mühazirələrini dinləmiş, yaratdığı elmi məktəbdən bəhrələnmişdir.

1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamışdır. Hələ tələbəlik illərində elmi biliklərə daha dərindən yiyələnməyə və elmi tədqiqatlar aparmağa olan yüksək marağı, habelə intellektual potensialı sonrakı mərhələdə onun həyat yolunu respublikamızın nüfuzlu elm məbədgahı olan Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna bağlamışdır. Tədqiqatçılıq yolunda inamla irəliləyən Qərib Məmmədov institutda kiçik elmi işçi vəzifəsindən direktorluğa qədər yüksəlmiş, nəinki respublikamızda, eləcə də keçmiş ittifaqdünya miqyasında tanınan alimə çevrilmişdir.

Həmin illərdə görkəmli torpaqşünas və təbiətşünas alimlərdən - Həsən Əliyev, Cəbrayıl Hüseynov, Kazım Ələkbərov, Məmmədəmin Salayev, Vladimir Volobuyev, Muxtar Abduyev və başqaları ilə çiyin-çiyinə çalışan Qərib müəllimin elmi-tədqiqat istiqamətləri həm də Azərbaycanın torpaq örtüyü strukturunun qiymətləndirilməsi, bioekoloji xüsusiyyətlərin sistemləşdirilməsi kimi fundamental sahələri əhatə etmişdir.

1978-ci ildə “Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası” mövzusunda dissertasiya işini müdafiə edərək 1979-cu ildə elmlər namizədi olmuşdur. 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində “Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilən Qərib Məmmədov tərəfindən Azərbaycanda torpaqların ekoloji münbitlik modelləri və coğrafi yayılma qanunauyğunluqları müəyyənləşdirilərək xəritələşdirilməsi aparılmış, torpaq örtüyünün strukturu tədqiq edilmişdir. Həmçinin alimin sayəsində landşaft komplekslərinin və torpaq kadastr rayonlarının ekoloji qiymətləndirilməsi, ekoloji monitorinqi aparılmış, ekoloji qiymət xəritəsi, Azərbaycan, rusingilis dillərində Ekoloji atlaslar, habelə Azərbaycanın ekoloji konsepsiyası hazırlanmışdır. Alimin elmi tədqiqatlarında ilk dəfə relyef plastikası əsasında respublikamızın yeni torpaq xəritəsi və Torpaq atlası hazırlanmış, məkan məlumatlarının idarə olunması, torpaq inzibatçılığı, torpaqların ekoetik problemləri və onların həlli yolları verilmişdir.

Görkəmli alimin elmi-nəzəri tədqiqatlarının nəticələri 700-ə yaxın elmi əsərdə, o cümlədən çoxsaylı kitablarda, 30 metodik tövsiyə və kitabçada, 36 müəlliflik şəhadətnaməsi və patentdə, 5 səmərəli təklifdə, 20-dən çox dərslik və dərs vəsaitində, 30 monoqrafiyada əksini tapmışdır. Bu əsərlər Azərbaycanın vahid torpaq fondunun və ekologiyasının ayrı-ayrı sahələrini - torpaq örtüyünün müasir vəziyyəti, aqrokimyası, torpaqların meliorasiyası, coğrafiyası və ekologiyası, antropogen təsirlərin torpaq örtüyünə təsiri və s. əhatə etməklə torpaqşünaslıq elmində yeni istiqamətin - relyef plastikası nəzərə alınmaqla torpaq örtüyünün öyrənilməsinin əsasını qoymuşdur. Bu sahə keçmiş ittifaqda nəzəri ideya şəklində hələ ötən əsrin 70-ci illərində yaransa da, məhz akademik Qərib Məmmədovun elmi tədqiqatlarında uğurlu həllini tapmış, respublikanın torpaq örtüyünün relyefin plastikası metodu ilə öyrənilərək işlənilməsi məsələləri başa çatdırılmışdır. Alimin bununla əlaqədar elmi tədqiqatlarının nəticələri “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” (1998), “Azərbaycanın torpaq ehtiyatları” (2002), “Azərbaycan Respublikasının Dövlət torpaq kadastrı: hüquqi, elmipraktiki məsələləri” (2003), “Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi aspektləri” (2004), “Azərbaycan Respublikasının torpaq atlası” (2006), “Azərbaycan Respublikasının ekoloji atlası” (2009), “Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları” (2007) adlı əsərlərində əksini tapmışdır.

Akademik Qərib Məmmədovun keçmiş ittifaq miqyasında yeni elmi istiqamət və elmi-nəzəri nəticə kimi qiymətləndirilən bəzi əsərləri 1990-cı illərdə respublikamızda torpaq islahatının həyata keçirilməsində elmi baza rolunu oynamışdır. Xüsusilə də “Azərbaycan torpaqlarının aeroekoloji xüsusiyyətləri və bonitirovkası” (1990), “Azərbaycan torpaqlarının məhsuldarlığının aqroekoloji modeli” (1993), “Torpaqların bonitirovkası” (1997), “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” (1998), “Azərbaycanda torpaq islahatı: hüquqielmi ekoloji məsələlər” (2000), “Azərbaycanda torpaq islahatı: hüquqielmi-ekoloji əsasları” (2002), “Heydər Əliyevin torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır”, “Azərbaycanda aqrar islahatlar: tənəzzüldən islahatlara doğru” (2011) adlı fundamental əsərləri torpaq-əkinçi münasibətlərinin keyfiyyətcə yenilənməsi istiqamətində mühüm rol oynamışdır.

Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar islahatların və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bunun əsasında kənd təsərrüfatının inkişafı, Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun reallaşması, torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, yeni torpaq-əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin bu sahədəki müdrik və uzaqgörən siyasətinin uğurla reallaşdırılmasında akademik Qərib Məmmədov da yaxından iştirak etmişdir. Akademik ümummilli lider Heydər Əliyevin 25 iyun 1997-ci il tarixli sərəncamı ilə Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Görkəmli alim Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi fəaliyyətini 2015-ci ilə kimi davam etdirərək, dövlətin torpaqaqrar siyasətinin həyata keçirilməsinə, eləcə də torpaq ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində müvafiq idarəetmənin təmin edilməsinə sanballı töhfələrini vermişdir. Həmin illərdə torpaq kadastrı, yerquruluşu, bələdiyyə əraziləri və xəritələrinin verilməsi, kartoqrafiya, geodeziyatopoqrafiya işləri uğurla həyata keçirilmiş, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası məsələləri həllini tapmışdır.

Rəhbər vəzifələrdə çalışdığı illərdə də elmi tədqiqatlarına bir an fasilə verməyən tanınmış alim torpaqşünaslıq elmində yeniliklərə imza atmışdır. Torpaq örtüyünün aerokosmik şəkillərlə tədqiqi, onlardan alınan zəngin informatik materialın analizi işi akademikin tədqiqatları sayəsində xeyli inkişaf etmişdir.

Alimin elmi əsərləri sırasında “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” monoqrafiyası xüsusi yer tutur. Əsərdə kənd təsərrüfatı və meşəaltı, eləcə də digər torpaqların, landşaft komplekslərinin ekoloji qiymətləndirilməsindən, torpaq örtüyü strukturunun və tərkiblərinin bioekoloji, torpaq kadastrının ekoloji xüsusiyyətlərindən, Azərbaycan torpaqlarının aqroistehsal qruplaşması problemlərindən, respublika ərazisinin təbii və kənd təsərrüfatı əsasında rayonlaşdırılmasından və digər vacib məsələlərdən bəhs edilir.

Akademik Qərib Məmmədovun “Azərbaycanda torpaq islahatı: hüquqielmi-ekoloji məsələlər” monoqrafiyasında torpaqların münbitliyinin bioekoloji qiymətləndirilməsinin metodik əsasları, kənd təsərrüfatı yerlərinin və meşə sahələrinin torpaqlarının bonitirovkası, aqroistehsal qruplaşma məsələləri, ayrı-ayrı landşaft komplekslərinin səmərəli istifadəsi məqsədilə bioloji xüsusiyyətləri tədqiq obyektinə çevrilmişdir. Əsərdə torpaq islahatının və onun həyata keçirilməsi prosesində meydana çıxmış yeni hüquqi münasibətlərin əsas problemləri şərh edilmişdir.

Alimin elmi fəaliyyətində izahedici lüğətlərin hazırlanması da xüsusi yer tutur. Bu istiqamətdə ilk uğurlu layihələrdən biri 2004-cü ildə “Elm” nəşriyyatında “Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti”nin nəşri olmuşdur. Bununla 1956-cı və 1962-ci illərdə çap olunmuş oxşar lüğətlər daha da təkmilləşdirilmiş, müasir dövrün tələblərinə uyğun zənginləşdirilmişdir. 5500-dən artıq termindən ibarət olan bu lüğət əsasında akademikin elmi redaktorluğu ilə 2008-ci ildə “Torpaqşünaslıq və aqrokimya terminlərinin izahlı lüğəti” nəşr olunmuşdur.

Alimin həmmüəllifi olduğu “Neftlə çirklənmiş torpaqların ekoloji münbitlik modeli” kitabında Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarında aparılmış tədqiqat işlərinin nəticələrinə əsaslanaraq bəzi bloklar əsasında (aqroekoloji, torpaq tərkibi, sanitar-gigiyenik göstəricilər, rekultivasiya tədbirləri, qiymətləndirmə) ekoloji münbitlik modeli verilmiş, neftlə çirklənmiş torpaqların parametrləri, çirklənmə prosesində torpaq xassələrinin dəyişmə dinamikası müəyyən olunmuşdur.

Alimin yaxından iştirakı ilə hazırlanmış Ensiklopedik ekoloji lüğətə (Q.Ş.Məmmədov, M.Y.Xəlilov; elmi red. B.Ə.Budaqov; red. Z.M.Əhmədov) ekologiya və təbiəti mühafizəyə aid 6500-ə qədər termin və anlayış daxil edilmişdir.

Günəş energetikası terminləri lüğəti isə Azərbaycan, rus, ingilis, alman, fransız, ispanitalyan dillərində çap olunmuşdur. Lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli sərəncamına uyğun olaraq nəşr edilmişdir.

Akademik Qərib Məmmədovun məhsuldar alim əməyinin əyani nəticələrindən birionun “Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi elmipraktiki məsələləri” əsəridir. “Azərbaycanın torpaq ehtiyatları” kitabında isə respublikanın zəngin torpaq ehtiyatları, ayrı-ayrı torpaq tipləri, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələri barədə, eləcə də torpaqların kateqoriyalar və keyfiyyət qrupuna görə bölgüsü haqqında, həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətdəki kənd təsərrüfatına yararlı torpaq sahələri haqqında məlumatlar təhlil edilir.

Hər bir alimin nüfuzu və cəmiyyətdəki mövqeyi onun sanballı məktəb yaratmaqlayiqli davamçılar yetişdirmək məharəti ilə ölçülür. Bu mənada akademik Qərib Məmmədovun elmi fəaliyyətini kifayət qədər məhsuldar və uğurlu hesab etmək mümkündür. Onun rəhbərliyi ilə 52 fəlsəfə və 11 elmlər doktorunun hazırlanması respublikamızda elmi kadr hazırlığına sanballı töhfə kimi dəyərləndirilə bilər. Hazırda o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir. Bu məktəbin yetirmələri respublikamızda, eləcə də xarici ölkələrin tədqiqat və tədris mərkəzlərində fəaliyyət göstərərək, öz nailiyyətləri ilə elmin inkişafına bu gün də sanballı töhfələr verirlər.

Akademik Qərib Məmmədovun alim kimi ən böyük uğurlarından birionun elmi tədqiqatlarının Azərbaycan hüdudlarını aşaraq qlobal miqyasda qəbul edilməsidir. Alim ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Türkmənistan, Gürcüstan, Baltikyanı dövlətlər və başqa ölkələrdə keçirilən beynəlxalq səviyyəli elmi tədbirlərə, konfranssimpoziumlara qatılaraq ölkənin torpaqşünaslıqekologiya elm sahələrini layiqincə təmsil etmişdir. Onun elmi fəaliyyəti müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilmiş və layiqli qiymətini almışdır. O, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1992), V.V.Dakuçayev adına Ümumrusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü (1994), Dünya Torpaqşünaslar Cəmiyyəti İttifaqının daimi üzvü (1998), Beynəlxalq Noosfer Akademiyasının akademiki (2001), Rusiya Təbiət Elmləri Akademiyasının akademiki (2001), Avropa Beynəlxalq Akademiyasının həqiqi üzvü (Avstriya, 2001), Moldova Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvüdür.

Qərib Məmmədov ictimai-siyasi həyatda fəallığı, vətəndaş mövqeyi ilə seçilən alimlərdəndir. O, 1998-ci ildən Həsən Əliyev adına Ekologiya Fondunun sədridir. 2001-ci ildən Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidenti, 2002-ci ildən Milli Ensiklopediya Şurasının üzvüdür. 2011-ci ildən Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının həmsədridir.

Elmi-pedaqoji və dövlət qulluğu sahəsində nailiyyətlərinə görə “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi”nin bürünc medalı, V.V.Dakuçayev adına medalla, Rusiya Elmlər Akademiyasının fəxri diplomu, Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin fəxri fərmanı, Həsən Əliyev adına mükafatla, Kembric Universitetinin sertifikatı, “Əsrin tanınmış alimi” beynəlxalq diplomu, eləcə də bir sıra ordenmedallarla təltif olunmuşdur. Respublikamızda torpaq islahatının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə Avrasiya Araşdırma Mərkəzinin “Qızıl Kürə” Milli Mükafatı ilə təltif edilmişdir.

Qərib Məmmədov hələ 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildikdən sonra dövlətimizin daxilixarici siyasətinə, humanizm prinsiplərinə sədaqəti ilə seçilmişdir. Deputatlıq fəaliyyəti dövründə Milli Məclisin Ekologiya məsələləri üzrə Daimi Komissiyasının, həmçinin Azərbaycan-Çin Parlamentlərarası dostluq qrupunun üzvü olmuşdur. Milli Məclisin deputatı kimi Azərbaycanın Torpaq Məcəlləsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu, torpaq icarəsi, torpaq bazarı və digər əlaqədar qanunvericilik aktlarının qəbul edilməsində əhəmiyyətli rol oynamışdır.

Görkəmli alimin çoxşaxəli fəaliyyəti ölkəmizin rəhbərliyi tərəfindən də layiqli qiymətini alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 yanvar 2017-ci il tarixli sərəncamı ilə Qərib Şamil oğlu Məmmədov Azərbaycan Respublikasında aqrar elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Akademik Qərib Məmmədov hələ 2011-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi fəaliyyət göstərərkən Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsinin açılmasının təşəbbüskarlarından biri olmuş, fakültənin elmi potensialının və texniki imkanlarının yaxşılaşmasına qayğı göstərmişdir. Bunu da qürur hissi ilə vurğulamaq istərdim ki, Torpaqşünaslıq kafedrasına uğurla rəhbərlik edən və mənalı ömrünün 70-ci pilləsinə yetişən akademik Qərib Məmmədov Bakı Dövlət Universitetinin nüfuzlu, sayılıb-seçilən alimlərindən olaraq bu gün elmi bilik və bacarıqlarını gənc nəslin layiqli kadr və vətəndaş kimi yetişməsi yolunda sərf edir, yorulmadan çalışır. Görkəmli alimi əlamətdar yubileyi münasibətilə BDU-nun çoxsaylı professor-müəllim heyəti və tələbələri adından təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik

 

Azərbaycan.- 2017.- 13 yanvar.- S. 7.