Azərbaycan” - 100: İstiqlalımızın
yadigarı həmyaşıdı və tərənnümçüsü
97 il öncə
Paris Sülh
Konfransının timsalında dünya birliyi tərəfindən dövlət
müstəqilliyi rəsmən tanınan AZƏRBAYCANın milli qürur günü “Azərbaycan” qəzetinin 14 yanvar 1920-ci il tarixli xüsusi nömrəsində
bayram kimi qeyd edilib
Deyirlər tarixi şəxsiyyətlər yaradır!
Bəlkə də belədir!
Amma böyük şəxsiyyətlərin tarixdə baş verənlərə güclü təsiri şübhəsizdir!
Başqa bir deyim də var: adətən tarixçilər illərin, jurnalistlər isə günlərin tarixini yazırlar.
Əsl alimlər isə tarixdə tarixi şəxsiyyətlərin yerini və rolunu öyrənib müəyyənləşdirir, tarixçilərin və jurnalistlərin yazdıqlarını arxivlərin kimsəsiz, gözdən uzaq yerlərindən tapıb işıq üzünə çıxarır, geniş ictimaiyyətə təqdim edirlər.
Azərbaycan Xalq Cümhuriyyətinin yüz yaşının tamam olmasına 17 ay, təqribən ilyarım qalır!
Bu bir tarixdir!
Özü də möhtəşəm tarixdir, əbədi qürur və fəxarət istinadımızdır!
Həmin tarixi isə dövrün görkəmli simaları - siyasi və dövlət xadimləri yaradıblar!
“Qırmızı taun” Yaxın Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoydu. SSRİ adlı imperiyanın varlığı dövründə isə həm Azərbaycan Xalq Cümhuriyyəti, həm onu yaradanlar, həm də həmin dövrdə baş verənlər barədə danışmaq və yazmaq yasaq edildi. Qadağadan çıxanlar isə ciddi şəkildə, sovet rejiminin sərt metodları ilə cəzalandırılırdı.
Tale XX əsrin sonlarında ikinci dəfə Azərbaycana dövlət müstəqilliyi qismət etdi. Əgər xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, budəfəki müstəqilliyimiz də eyni taleyi yaşayacaqdı!
Bu gün Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, demokratik və müstəqil Azərbaycanda yaşamağımız bizə həm də keçmişimizi olduğu kimi, ağ ləkələrdən təmizlənmiş şəkildə öyrənməyə və xalqımıza təqdim etməyə imkan yaradıb! Bu, məsuliyyətli vəzifədir və hər kəs kimi biz jurnalistlər qarşısında da mühüm öhdəliklər müəyyənləşdirir.
Rəsmi dövlət qəzeti olan “Azərbaycan” fəaliyyətdə olduğu bütün dövrlərdə - istər Xalq Cümhuriyyəti, istərsə də indiki müstəqillik zamanında - jurnalistikanın mühüm təməl prinsipləri ilə yanaşı, həm də Azərbaycana fədakar xidməti və onun maraqlarının qətiyyətlə qorunmasını ümdə məramı kimi qəbul edib.
Hər iki tarixi dövrdə daşıdığımız “rəsmi dövlət qəzeti” ali statusu Üzeyir və Ceyhun Hacıbəylilərdə, Şəfi bəy Rüstəmbəyovda və digər örnək sələflərimizdə olduğu kimi, biz müasir “Azərbaycan”çılarda da yüksək vətəndaşlıq məsuliyyəti, səmimi xalq təəssübkeşliyi, prinsipial dövlətçilik mövqeyi formalaşdırıb.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev “Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının 80-ci ildönümündə redaksiyaya ünvanladığı təbrik məktubunda qeyd edirdi: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış “Azərbaycan” qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəsinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran “Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən “Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.
Əbədiyaşar liderimiz Heydər Əliyevin təbirincə desək, “Fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş, ...ölkəmizin adını daşıyan və demokratik, milli dövlətçiliyimizin yaşıdı olan “Azərbaycan” qəzeti” ötən əsrin əvvəllərində daşıdığı şərəfli və məsuliyyətli missiyanı bu gün də layiqincə davam etdirir, istiqlalımızın mətbu tərənnümçüsü kimi müstəqillik salnaməsinin səhih və dolğun yazılmasında fəallıq göstərir.
Əziz oxucular, tarixi faktları və hadisələri arxivlərin gizlinlərindən tapıb çıxarmaq, qarşılıqlı əlaqə və bağlılıq şəklində öyrənmək, həqiqəti olduğu kimi yazmaq o qədər də sadə və asan məsələ deyil. Bu, tarixçi alimdən təkcə əski əlifbanı (ərəb əlifbasını) bilməyi, dövrün mürəkkəb və bəzən qarmaqarışıq hadisələrindən baş çıxarmağı, obyektiv və tərəfsiz olmağı deyil, həm də böyük enerji, möhkəm iradə, araşdırmaçı məharəti, üstəlik əsl vətənpərvərlik tələb edir!
Azərbaycan mətbuatının pərvanəsi, yorulmaz tədqiqatçı alim Şirməmməd Hüseynov artıq neçə illərdir ki, bu vacib, gərəkli, çətin və məsuliyyətli fəaliyyətlə məşğuldur. Alimin “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” ikicildlik kitabı Cümhuriyyət dövrü parlamentində gedən fikir və siyasi mübarizə barədə obyektiv və dürüst imformasiya mənbəyidir. Eyni zamanda, “Azərbaycan” qəzetinin ötən əsrin gərgin dövrünün ideya mübarizəsində tutduğu qərəzsiz mövqe və oxucusuna verdiyi dolğun məlumat barədə də ətraflı təsəvvür yaradır.
Bu kitab, habelə professor Şirməmməd Hüseynovun araşdırmaçı-tədqiqatçı kimi fəaliyyəti biz “Azərbaycan”çılar üçün də çox qiymətlidir. SSRİ-nin mövcudluğu dövründə “vahid dövlət” və “vahid xalq” ideologiyası hakim mövqedə dayandığına görə Azərbaycanın nə vaxtsa müstəqil dövlət kimi mövcud olduğu və yaşadığı gizlədilir, bu barədə danışmaq və yazmaq qadağan edilirdi. Bu barədə ən müfəssəl və dolğun informasiya mənbəyi sayılan “Azərbaycan” qəzeti də “qadağa” qrifi ilə arxivlərin ən qaranlıq künclərində gizlədilirdi.
Təəssüf ki, “Azərbaycan”ın Cümhuriyyət dövründə nəşr edilmiş 443 nömrəsi bu gün də hamı üçün əlçatan deyildir. Hətta redaksiyamızın bütün cəhdlərində - Azərbaycandakı bütün arxivlərə, respublika Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxanaya, Rusiyadakı Azərbaycan Diasporunun bəzi tanınmış üzvlərinə (Eşitdiyimizə görə Moskva və Sankt-Peterburq şəhərlərindəki mərkəzi kitabxanalarda “Azərbaycan” qəzetinin bütün nüsxələri tam halda saxlanılır) dönə-dönə müraciətlərinə baxmayaraq indiyədək həmin 443 nömrənin ksero-surətini əldə edə bilməmişik...
Yenə ümidimiz qalıb sevimli müəllimimiz Şirməmməd Hüseynova!..
Bu günlərdə Şirməmməd müəllim redaksiyaya zəng edərək Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə görəcəyi işlərdən danışdı. Eyni zamanda, “Azərbaycan” qəzetinin də yüz illiyinə indidən hazırlaşmağın zəruriliyini vurğuladı. Bu sahədə öz töhfəsini redaksiyaya təqdim edəcəyini bildirdi.
...Və çox gözlətmədi. Hörmətli müəllimimiz professor Şirməmməd Hüseynov 97 il öncə Paris Sülh Konfransı timsalında dünya birliyi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin rəsmən tanınması münasibətilə “Azərbaycan” qəzetinin bayram nömrəsinin transleterasiyasını qısa şərhi ilə redaksiyamıza ünvanladı.
Xatırladım ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci il 7 dekabr tarixli qərarı ilə Parisə Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə nümayəndə heyəti göndərilmişdi. Onların qarşısında bir vəzifə vardı: əksər xarici ölkələr tərəfindən de-fakto tanınan Cümhuriyyətin mövcudluğunu bu ali beynəlxalq təsisat tərəfindən tam hüquqi şəkildə elan edilməsinə nail olmaq!
Bu baxımdan, Paris Sülh Konfransı Ali Şurasının Azərbaycan Xalq Cümhuriyyətini tanıması haqqında 1920-ci il 11 yanvar tarixli qərarı istiqlal tariximizin ən möhtəşəm uğurlarındandır. Təsadüfi deyildir ki, bu münasibətlə ertəsi gün bütün Cümhuriyyət ərazisində bayram və qeyri-iş günü elan olunmuşdu. Yanvarın 14-də bu nailiyyətə xüsusi bayram nömrəsi həsr edən Cümhuriyyətin rəsmi dövlət qəzeti olan “Azərbaycan” öz loqosunun əvvəlinə “Müstəqil” sözü də əlavə etmiş və beləliklə, bir nömrə “Müstəqil Azərbaycan” adı ilə nəşr olunmuşdur. Bu faktın özü Paris Sülh Konfransı Ali Şurasının qərarına Azərbaycan Xalq Cümhuriyyətinin necə böyük önəm verdiyini əyani təsdiq edir.
İstiqlalımızın yadigarı, həmyaşıdı və bütün dövrlərdə tərənnümçüsü olan, artıq yaşı 100-ü haqlayan “Azərbaycan” qəzeti tariximizin son bir əsrlik dövrünün ən dəqiq mənbəyi olduğundan 97 il öncəki milli qürur gününün də ən müfəssəl təəssüratını məhz onun səhifələrindən duymaq, yaşamaq olar.
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2017.- 14 yanvar.- S. 1. 6, 7.