Prezident İlham Əliyev:
Azərbaycanın 2017-ci il üçün
iqtisadi prioritetləri
Yanvarın 12-də
Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
“Azərbaycanın 2017-ci il üçün iqtisadi
prioritetləri” sərlövhəli məqaləsi verilib.
AZƏRTAC məqaləni təqdim edir.
x x x
Son illər
ölkə həyatının bütün
sahələrində reallaşdırılan
məqsədyönlü tədbirlər öz uğurlu
nəticələrini verib.
İqtisadiyyatın
müxtəlif sahələrində, o cümlədən enerji
sahəsində qlobal əhəmiyyətli layihələrin
icrası ölkəmizin imkanlarını artırmaqla
yanaşı, regional və beynəlxalq
əməkdaşlığın inkişafı işinə
də xidmət edir. Bu baxımdan Azərbaycanın
təşəbbüsü və liderliyi ilə icra olunan
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını
Avropa bazarlarına çatdırmaqla Avropanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsinə
də öz dəyərli töhfəsini verəcək.
Layihə çərçivəsində “Şahdəniz-2”
qaz-kondensat yatağının işlənməsi üzrə
işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi üzrə işlərin 72 faizi,
Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə
işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP)
inşası üzrə işlərin 30 faizi icra edilib. Qeyd
etmək lazımdır ki, “Şahdəniz” yatağı
təsdiq edilmiş qaz ehtiyatı ən azı 1,2 trilyon kubmetr
olan dünyanın ən böyük qaz yataqlarından biridir.
Azərbaycanda tranzit
potensialının reallaşdırılması
istiqamətində də mühüm layihələrin
icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars
dəmir yolunun tikintisi başa çatmalıdır. Bu
layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma
müddətinin 25-30 gündən 12-15 günə
endirilməsinə imkan verəcək. Şimal-Cənub
nəqliyyat dəhlizi çərçivəsində isə
ötən il Azərbaycan ərazisində bütün tikinti
işləri başa çatdırılıb.
Beləliklə, Azərbaycan çox mühüm nəqliyyat
qovşağına çevrilməkdədir. Hazırda iqtisadi
siyasətin prioritetləri iqtisadiyyatın daha da
şaxələndirilməsi, qeyri-neft sektorunun
inkişafıdır.
Sənayenin
inkişafı məqsədilə sənaye parklarının
və zonalarının yaradılması işləri
aparılmaqdadır. 2018-ci ildə Sumqayıt Kimya Sənaye
Parkında investisiya dəyəri 2 milyard ABŞ dollarına
yaxın olan bir neçə sənaye müəssisəsi
açılacaq. Pambıq, tütün, fındıq,
çay, barama və digər ixracyönümlü
məhsulların istehsalı artırılacaq, bir
neçə aqropark və iri fermer
təsərrüfatlarının yaradılması davam etdiriləcək.
İnformasiya sektorunun inkişafı məqsədilə
xidmətlərin keyfiyyətinin, ölkənin tranzit informasiya
dəhlizi potensialının artırılması davam etdiriləcək.
Son zamanlar elektron vizaların verilməsi, “Tax free” sisteminin
tətbiqi, Birinci Avropa Oyunları və Formula-1 kimi
mötəbər tədbirlərin keçirilməsi
ölkədə turizmin inkişafına əhəmiyyətli
töhfə verir.
Eyni zamanda, qeyd
etmək lazımdır ki, əldə etdiyimiz real uğurlarla
yanaşı, çağırışlarla da
üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri
Azərbaycan iqtisadiyyatına da öz təsirini
göstərib, gəlirlər azalıb və ötən il
ərzində milli valyuta 10,1 faiz ucuzlaşıb. Lakin adekvat
addımlar ataraq biz bu çətinliklərin
öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı
inkişafa nail olmaq üçün “Strateji Yol
Xəritəsi” təsdiqlənib, struktur, institusional, pul-kredit,
maliyyə və digər istiqamətlərdə dərin
islahatlar aparılır, vergi və gömrük
sahəsində idarəetmə təkmilləşdirilir,
bütün sahələrdə şəffaflıq təmin
edilir. Misal üçün, ötən ilin 10 ayında
ticarət dövriyyəsinin azalmasına baxmayaraq,
gömrük rüsumlarının toplanan həcmi 53 faiz
artıb.
Azərbaycanın
gücü təkcə iqtisadiyyatla məhdudlaşmır:
Azərbaycan çoxmillətli bir ölkədir. Əsrlər
boyu burada müxtəlif etnik qruplar və dini icmaların nümayəndələri
sülh, qarşılıqlı anlaşma və dialoq
şəraitində yaşayıblar. Azərbaycanda
tolerantlıq ruhu daim hökm sürüb və 2016-cı il
Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Ölkəmiz
artıq sivilizasiyalar, dinlər və
mədəniyyətlərarası dialoqa həsr olunmuş
mötəbər beynəlxalq tədbirlərin keçirildiyi
mühüm bir məkana çevrilib. Birləşmiş
Millətlər Təşkilatının Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı
şəhərində uğurla təşkil olunması bunun
yaxşı nümunəsi və dünya
ölkələrinin Azərbaycandakı multikulturalizm
mühitinə olan münasibətinin real ifadəsi idi. Roma
Papası Fransiskin Azərbaycana rəsmi səfərini
xüsusilə qeyd etmək lazımdır. Bu tarixi
səfər zamanı Roma Katolik Kilsəsinin rəhbəri
dünyaya çox açıq mesajlar göndərdi.
Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı
onun dəyərli fikirləri həm həqiqəti əks
etdirir, həm də dünya katoliklərinin rəhbərinin
bu işlərə qiymətinin gözəl
təzahürü idi.
Ölkə
həyatının bütün sahələrində olduğu
kimi, Azərbaycan idman sahəsində də böyük
uğurlar əldə edib. Paytaxtda və regionlarda ən
müasir Olimpiya idman kompleksləri və digər idman
infrastrukturu yaradılıb. Dövlət
səviyyəsində idmana göstərilən qayğı
və ölkədə ən müasir infrastrukturun
yaradılması gənc nəslin idmana olan marağını
böyük dərəcədə artırıb.
İdmançılarımızın ən mühüm
beynəlxalq idman tədbirlərində uğurlu
iştirakı bu gün artıq yaxşı
ənənəyə çevrilib və Azərbaycan
idmançıları Rio Olimpiya Oyunlarında bunu bir daha
sübut ediblər. İdmançılarımız 18 medal
qazanaraq medalların sayına görə dünyada 14-cü,
Avropada 7-ci, postsovet məkanında 2-ci, müsəlman
ölkələri içərisində isə birinci yeri
qazanıb.
Azərbaycan,
həmçinin mötəbər idman tədbirlərinə
ev sahibliyi edən dünyanın tanınmış
ölkələrindən biridir. Ölkəmizdə 2015-ci
ildə ilk Avropa Oyunları və Bakıda 2016-cı ildə
dünyada 500 milyon insanın izlədiyi Formula-1 Qran-Pri
yarışları keçirilib. Bu il yenidən beynəlxalq
idman aləminin diqqəti Azərbaycanda olacaq. 2017-ci ildə
ölkəmizdə İslam Həmrəyliyi Oyunları
keçiriləcək. İdman sahəsində beynəlxalq
əməkdaşlığın
möhkəmləndirilməsinə böyük
töhfə verəcək bu
tədbirlər həm də Azərbaycana gələn
turistlərin sayını xeyli
dərəcə artıracaq, bununla da ölkəmizdə turizm
sektorunun inkişaf
etdirilməsi işinə xidmət göstərəcək.
Mən əminəm ki,
2017-ci il Azərbaycan iqtisadiyyatının
inkişaf ili olacaq. Biz
səmərəli iqtisadi islahatların
həyata keçirilməsini davam
etdirəcəyik. Eyni zamanda,
sosialyönümlü
təşəbbüslərin
maliyyələşdirilməsini artıracağıq.
İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa
çatmaqdadır. Hazırda ölkəmizin ümumi
daxili məhsulunun 70 faizi
qeyri-neft sektorunun
payına düşür. Bu
gün bizim
qarşımızda duran əsas
məqsəd ixracın şaxələndirilməsidir.
2016-cı ildə atdığımız addımlar bu məqsədə nail
olunması işinə xidmət edəcək. Azərbaycan
artıq Dünya İqtisadi
Forumunun Qlobal
Rəqabət Qabiliyyətliliyi İndeksinə görə
37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci
yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək
əzmindəyik.
Azərbaycan.- 2017.- 14 yanvar.- S. 1, 2.