Zeynəb örnəyi
Sənət
korifeyləri
İnsan ruhunun və mənəviyyatının iki tərcümanı var: yaxşı söz və məlahətli avaz, xoş səs. Həmişə dəyərli kəlmə gözəl səsi tamamlayıb. Eyni zamanda, səsi müdrik söz hörmətə mindirib.
XX əsrin möcüzəvi kəşflərinə, insan cəmiyyətinin inkişafına, hətta SSRİ kimi nəhəng bir imperiyanın çöküşü və xalqların öz müstəqilliklərinə qovuşmasına gətirib çıxaran bu müsbət dəyişikliklərin güc aldığı siyasi, iqtisadi, mədəni səbəblər haqqında söhbət açarkən, bəzən vacib bir amilin rolunu qeyd etməyi unuduruq. Nə qədər qəribə görünsə də, bu... musiqidir. Musiqidə yaranıb aləmi bürüyən, bəşəriyyəti böyük dəyişikliklərə doğru çəkən yeni janr və cərəyanlardır, öz sənətləri ilə qlobal dəyişikliklərə yavaş-yavaş qapı açan korifey sənətkarlardır…
Ötən əsrin 50-ci illərindən bəri dünyanı dəyişmiş yeni oxu tərzlərinin Azərbaycan cəmiyyətinə də daşınaraq cəmiyyətin əhvalında yaratdığı müsbət təsirlərdə çox musiqiçilərimizin rolu olub. Səsi, avazı, bəstələri ruhumuza sevgi kimi dolmuş bu böyük sənət adamlarından yalnız bir ifaçının adını çəkməli olacağam. Çünki məqsədim qətiyyən adlar sadalayıb, aralarında müqayisə aparmaq deyil, sadəcə, konkret bir ifaçının Azərbaycan cəmiyyəti üçün əslində, kim olması barədə düşüncələrimi bölüşməkdir. Bu, sənətkar haqqında mülahizə və hökmlər isə onunla eyni dövrdə yaşamış heç bir korifeyimizin şöhrətini kiçiltməyəcək.
Yazdıqlarım isə əslində, bu sətirlərin müəllifinin qələminin verdiyi hökm deyil, onu sənətin zirvəsinə yüksəltmiş tarixin və taleyin hökmüdür. O tarixin ki, xoş bir parçası həm də bu adla assosiasiya olunur, bu səslə danışır, bu simadan boylanır...
O taleyin ki, həm də Vətənin
tarixi taleyinin bir hissəsidir...
İndi isə sənəti ilə Azərbaycan
musiqisində inqilab etmiş bu sənətkarın
adını mədəniyyət tariximizə həkk
olunduğu kimi, burada da böyük hərflərlə yazmaq vədəsi
yetişdi deyəsən: ZEYNƏB XANLAROVA...
Bəli, məhz Zeynəb Xanlarova...
Azərbaycan Opera və Balet Teatrının solisti, dahi
Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm”
operalarındakı qadın baş qəhrəmanların
obrazlarının əvəzedilməz ifaçısı...
Azərbaycanın və SSRİ-nin xalq artisti, dövlət
mükafatı laureatı, müstəqil dövlətimizin ən
yüksək təltiflərindən olan “Heydər Əliyev”,
“İstiqlal”, “Şöhrət” ordenlərinə layiq
görülmüş sənətkar... Dünyanın müxtəlif
ölkələrində yerli xalqların dillərində
oxuduğu mahnılarla könülləri fəth edən, Azərbaycanı
dünyada tanıdan təkrarsız nəğməkar... Vətənimizin
maraqları uğrunda çarpışan, əqidəsinə,
məsləkinə sadiq mübariz vətəndaş, millət
vəkili... Ən nəhayət, XX əsrin 60-cı illərindən
üzü bəri cəmiyyət həyatında
yaratdığı yeni mədəni dəyərlərlə
bütün bunlardan da üstün bir adı, statusu haqq edən
tarixi şəxsiyyət...
***
Zeynəb xanım ad
gününü təmtəraqla, geniş ətrafla qeyd etməyi
sevmir. Sonuncu doğum günü isə xüsusi əlamətdar
bir məqama - yubileyə təsadüf etdiyindən sevimli sənətkarımızın
məclisində toplaşacağımıza, on illiklər boyu
yığılan ürək sözlərimizi əziz həmkarımızın
şəninə söyləyəcəyimizə ümid
edirdik. Milli Məclisin iclaslarında da
deputat həmkarlarımızla bərabər bu mövzuda Zeynəb
xanıma sözümüzü eşitdirdik. Onun
cavabı konkret idi: “Ölkə müharibə şəraitindədir,
şəhidlərimiz var. Belə bir zamanda mən ad
günümü qeyd etməyi düzgün saymıram...”
Bu yazını qoy Zeynəb xanım
həm də deputat dostlarının keçirilməyən məclisdə
söylənəsi səmimi ürək sözləri kimi qəbul
etsin...
***
Dünyada nə qədər sərhəd
görmüşəm,
Küləklər səsimi hər yana yayıb!
Hər eldə, obada hörmət
görmüşəm,
Görüşlər, vidalar
unudulmayıb!
Gəzir ölkələri nəğməm
dünyada,
Dünyanın xoşbəxti mənəm
dünyada!..
***
Bunu heç bir tərəddüdsüz
yazıram: Zeynəb Xanlarova İkinci Dünya müharibəsindən
sonra dünyanın musiqi adlı mənəvi ərazisində
baş verən inqilabi dəyişiklik havasını öz
istedadı, Allahın bəxş elədiyi şaqraq səsi,
fitri səhnə qabiliyyətləri və bundan da az olmayan cəsarəti, cəsurluğu ilə
Azərbaycana gətirən ilk sənətkardır.
Onun birinci dəfə səhnəyə
çıxdığı 60-cı illərin əvvəllərində
keçmiş İttifaq məkanının bir çox
ölkələrində olduğu kimi, Azərbaycanda da
qadın müğənnilər üçün müəyyən
edilmiş bəlli kriteriyalar vardı. Mühafizəkar Şərq ənənələrinin
daha güclü olduğu Azərbaycanda bu meyarlar, bəlkə,
hələ bir az da sərt idi.
Və belə bir vaxtda sadə bir Azərbaycan
ailəsindən çıxmış Zeynəb - Sabir
adına Bakı Pedaqoji Texnikumunun və Asəf Zeynallı
adına Bakı Musiqi Texnikumunun bu gənc məzunu qəfil Azərbaycanın
musiqi səhnəsində parlayaraq, al-əlvan geyimləri,
bir-birini təkrarlamayan saç düzümləri,
özünəməxsus şux ifa tərzi,
tamaşaçılara xoş ovqat bəxş edən təbəssümü,
oxuduğu nəğmələrin ruhuna uyğun jest və
mimikaları, yerişi-duruşu ilə yaradıcı
azadlıq qarşısındakı bütün çərçivələrə
meydan oxuyur, bu çərçivələri qırıb
atır və kütlənin marağını,
zövqünü də ardınca çəkib aparmağa
başlayır...
***
Bu görünməmiş cəsarət
ona, bəlkə də baha başa gələcəkdi...
Birini qaralamaq
üçün belə bəhanələri göydə
axtaranların Zeynəb xanıma qarşı
hücumlarını çox gözləmək lazım gəlmədi. Qəzetlərdə
bu özgüvəni pisləyən odlu-alovlu tənqidi məqalələrin
ardı-arası kəsilmirdi. Biri geyimlərini
hədəf seçmişdi, digəri saç düzümlərini
müzakirəyə çıxarmışdı, başqa
biri səhnədəki şux hərəkətlərini pisləyirdi,
qeyrisi gülümsər çöhrəsini,
makiyajını tənqid edirdi.
Yazıb əsaslandırmağa
çalışırdılar ki, Azərbaycan xalqına belə
müğənnilər və belə ifalar qətiyyən
lazım deyil, elə hər şey milli ənənələrdəki
və sosializm qəliblərindəki kimi davam etsə
yaxşıdır. Hətta onun ümumiyyətlə, səhnəyə
çıxmasına qadağa qoyulmasını tələb edənlər
də tapılırdı. Güman ki, onda öz cəsarətini,
xarakterinin gücünü sonralar da müxtəlif meydanlarda,
təkcə musiqi səhnəsində deyil, ictimai-siyasi səhnədə
də zaman-zaman nümayiş etdirəcək Zeynəb
xanım yox, daha zəif birisi olsaydı, bu
qaraqışqırıq kampaniyası öz məqsədinə
çatacaqdı. Zeynəb xanım ya səhnədən
kənarlaşıb parlamadan sönəcəkdi, ya da qəliblərə
yığışıb səhnələrə
sığmayan indiki Zeynəb Xanlarova olmayacaqdı.
Amma elə o zaman da
meydandakı zəif, çəkingən bir
qızcığaz deyildi, məhz Zeynəb Xanlarova idi. O, qorxub bir addım geri
çəkilmədi, tənqid edənlərin
qarşısına öz yaradıcı azadlığı,
bir-birini əvəz edən sənət yenilikləri ilə
çıxdı və bu cəsarət, bu istedad, bu
özünəməxsusluq qarşısında tənqid səsləri
də yavaş-yavaş öləziməyə başladı.
Sənətə doğru ilk
addımlarını atanda gözəl səsi, fitri
istedadı, özünəməxsus ifası, xalq arasında
böyük hörməti olan tanınmış ifaçılar
sarıdan, o cümlədən qadın ifaçılar
sarıdan qətiyyən kasad olmayan Azərbaycan səhnəsindəki
sərt rəqabət mühiti də onu əndişələndirmədi. Onların
nüfuzundan və sənətindən səksənib, ruhdan
düşmədi. Musiqidə yeniliklərin
tərcümanı olmaqla bahəm, özündən əvvəlki
ənənələri də rədd və inkar etmədi.
Əksinə, yaxşıları mənimsəyərək
yeni mərtəbəyə yüksəltdi. Eyni zamanda, səhnədə
şuxluq və sərbəstliklə əndazəsizliyin,
şitliyin sərhədlərini hər zaman gözləyə
bildi, bal kimi şirin səsi qədər
xanım-xatınlığına, nazəninliyinə də məftun
olan heyranları üçün həmişə əsl Azərbaycan
qadını olaraq qaldı.
Beləliklə, o, böyük səhnələrin
Zeynəbi oldu!
Böyük səhnələrdə
öz yerini, öz yolunu tapa bildi. Çünki bundan da əvvəl
dinləyicilərin qəlbinə yol tapmağa müyəssər
olmuşdu...
***
Zeynəb Xanlarovanın
özünəməxsus uğur sirri var. O, konkret bir dinləyici
qrupu üçün yox, hamı üçün oxuyur. Tamaşaçı
və dinləyicilərin hisslərini öz səsi ilə
“idarə etməyi” yaxşı bacarır.
Bir sənətkar muğam sənətində
bişkin sayılar, qeyrisi xalq mahnılarının mahir
ifaçısı olar, bir başqası böyük
ustalıqla oxuduğu bəstəkar mahnıları ilə
sevilər, ya da əcnəbi mahnıların peşəkar
ifaçısı kimi şöhrət tapar. Eyni bir
müğənnidə yaradıcı istedadın bütün
bu qolların hər birinə doğru şaxələnməsi
isə peşəkarlıqdan daha çox Allah vergisidir.
Zeynəb xanıma da
ifaçılıq istedadı bəxş ediləndə,
qarşısına heç bir sərhəd qoyulmayıb, bu
istedadı musiqi sənətinin hansı sahələrində
sınağa çəkməsi onun öz öhdəsinə
buraxılıb, elə bil.
O, “Çahargah” kimi ağır bir
muğamın ilk qadın ifaçılarından biri olmaqla
yanaşı, həm də kişili-qadınlı
bütün xanəndələrimiz arasında ən püxtə
ifaçılardadır. Bununla bərabər,
bir çox xalq və bəstəkar
mahnılarımızı, həmçinin müxtəlif
xarici parçaları da hələ ondan gözəl oxuyan
olmayıb.
Təbiət bu böyük
sənətkardan eyni bir musiqi parçasında ən müxtəlif
zövqləri, ovqatları bir araya gətirmək, dinləyicilərin
ruhunu təzələyib haldan-hala salmaq gücünü da əsirgəməyib. Ona görə
Zeynəb xanım muğam parçası oxuyanda dinləyicilər
düşüncələrə dalır, mahnıya keçid
edəndə isə hamı onun ritminə uyaraq əl
çalır, xoş ovqata bürünür. Onu xatirələrə
qapılıb, olub-keçənləri düşünmək
istəyənlər də eyni sevgi ilə dinləyir, sevinməyə,
şuxluq etməyə, kədərini, qaramatını
tökməyə ehtiyacı olanlar da... Zeynəb xanıma yaşlı
da eyni maraqla qulaq asır, gənc də, uşaq da...
Bu, Zeynəb Xanlarovanın Azərbaycan
musiqi ifaçılığında yaratdığı yeni
bir məktəb, tamam fərqli bir cərəyandır.
***
Xalqa həqiqətdən mətləb
qandıra,
Şeytanı öldürə, nəfsin
yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı
gərəkdi.
Onun sənət aləmindəki
mənəvi ucalığını ustad Aşıq Ələsgərin
əsl aşiqliyin, sənətə ruhani
bağlılığın andı, manifesti sayılacaq bu
qoşmasında olduğundan gözəl necə təsvir edəsən?!
Deyirlər ki, dünyanın
ən böyük qələbəsi insanın öz nəfsi
üzərindəki qələbəsidir. Dövrünün
bütün yüksək sənət mükafatlarına layiq
görülmüş Zeynəb Xanlarova bu qiyməti ona görə
alıb ki, sənətlə əhd-peymanını heç
zaman pozmayıb. Bir sənət
adamını ulduz xəstəliyinə yoluxdurmaq, pul-para dalınca
toyxana, meyxana qapılarına dartıb aparmaq, hansısa
İlahi səs sahibini sənətkarlıqdan
“manıs”lığa qədər yuvarlatmaq gücünə
malik şeytani nəfsi hələ səhnə həyatının
ilk günlərindən özü üçün
öldürüb.
Sənətə heç
zaman xəyanət etməyib, böyük səhnələri
toyxanalara, şadlıq evlərinə dəyişməyib, ən
imkansız vaxtlarında belə, pul qazanmaq üçün
toylara, şənliklərə getməyən nadir
ifaçılardan olub.
Əlbəttə, bununla
dolanışığını el şənliklərindən
çıxaran böyük sənətkarlarımızın
izzəti-nəfsinə toxunmaq istəməzdim. Öz səsləri,
sevilən ifaları, populyarlıqları ilə pul-para qazanmaq
onların halal haqqıdır. Sənətkarı
həmişə el dolandırar. Amma
istedadı büsbütün pula sərf etmək, pulun köləsinə
çevirmək böyük günahdır. Çünki dünyanın heç bir pulu,
varı, dövləti istedaddan qiymətli deyil, onun qədrini
bilmək, daim maddi dünyanın fövqündə tutmaq
lazımdır.
Zeynəb xanım görünür
öz talantını hiss etdiyi andan bu həqiqətin fərqində
olub, anlayıb ki, sənət təkcə Allah vergisi ilə
bitmir, istedadın qədrini bilməyi, onu zaman-zaman
cilalamağı, zəhmət və alın təri ilə zənginləşdirməyi,
ən əsası isə uca tutmağı bacarmalısan. Ona görə Zeynəb sənətin zirvələrinə
yüksəldiyi kimi, sənət də Zeynəbdə
ucalır, sənət Zeynəbdə öz dəyərini
tapdığı sayaq, Zeynəb də öz sənəti ilə
dəyərə çevrilir.
Nə qədər maraqlı
olsa da, ona sənətdə əsl dəyərə
çevrilməyin bu yeganə yolunu göstərənlərdən
biri də 1967-ci ildə o zaman hələ qiyabi
tanıdığı ulu öndər Heydər Əliyev
olmuşdu.
Zeynəb xanımın “Heydər Əliyev mənim həyatımda”
kitabında dərc olunan xatirələrindən oxuyaq: “Ələkbər
Tağıyevin “Qonşu qız” mahnısı mənim ifamda
dillər əzbəri idi. Bir gün Ələkbər müəllim
dedi ki, bəs, dövlət təhlükəsizlik
orqanlarının rəsmi tədbiri var və bu tədbirdən
sonra keçiriləcək mərasimdə sənin də
mahnı oxumağın barədə dəvət var,
özü də dəvət şəxsən DTK-nın sədri,
general Heydər Əliyevdən gəlib.
Bu xəbərdən
çaşdım və hövlnak soruşdum:
- Ələkbər müəllim,
bəs siz mənim valideynlərim qarşısında
andımı (atama və anama söz vermişdim ki, həyatım
boyu kütləvi səhnədən kənar heç bir yerdə
oxumayacağam) Heydər Əliyevə
xatırlatmadınız?
Ə.Tağıyev gülə-gülə
məni arxayın etdi:
- Dedim. Söylədim
ki, yoldaş general, bizim bu qız ancaq kütləvi səhnələrdə
oxuyur, atasına-anasına bunun üçün and da
içib. Heydər Əliyev də bu sözümü
eşidəndə çox razı halda
gülümsündü və mənə dedi ki, Ələkbər,
o qıza mənim sözlərimi çatdır: düzgün
yoldasan, bu yolda düz istiqamətdə gedirsən,
yaxşı da uğur qazanacaqsan, əhsən sənə,
Zeynab!..”
Heydər Əliyev Zeynəb xanıma
hər zaman özünəmxsus şirin şivəsiylə
“Zeynab” deyərdi...
***
Bir çox görkəmli
aktyorlarımızın, aktrisalarımızın müxtəlif
film və tamaşalarda yaratdıqları rollara baxdıqca, Azərbaycan
müğənnilərinin ayrı-ayrı unudulmaz
ifalarını dinlədikcə hərdən təəssüflənməli
oluram. Bu nadir istedad sahiblərinin bəlkə də
yanlış zamanlarda yaşayıb-yaratdıqlarını
düşünürəm. Öz peşəkarlıqlarına,
təbii talantlarına görə bu insanların heç biri
məşhur dünya ulduzlarından geri qalmır. Əgər o istedadla indiki dövrdə, özü
öz taleyinə sahib, dünyaya açılmış
müstəqil Azərbaycan dövlətində
doğulsaydılar, indiki yaradıcı azadlıqlara, imkanlara
sahib olsaydılar, bəlkə o sənətkarlar böyük
səhnələrdə həmin ulduzlardan daha böyük
populyarlıq qazanardılar. Əfsuslar
olsun ki, sərhədlərin qapalılığı,
keçmiş sovetlər ittifaqının tərkibində
yaşadığımız uzun illərin əyalət
mühiti, siyasi quruluşun qadağaları bu sənətkarların
şöhrətini məhdud bir çərçivəyə
saldı. Onların çoxunun adı,
şöhrəti Azərbaycandan kənara adlaya bilmədi.
Elə bir mühitdə yenə də
azdan-çoxdan milli musiqimiz, yerli sənətkarlarımızın
bəstələri, ifaları dünya səhnələrinə
yol tapa bilirdi və təkcə ölkəmizdə yox,
respublikanın hüdudlarından çox-çox kənarlarda
da qazandığı tamaşaçı, dinləyici sevgisi
ilə Azərbaycanı o illərdə Yer üzündə
tanıdan çox az sayda sənətkarlarımızdan biri də
məhz Zeynəb Xanlarova idi.
Açıq etiraf edək,
ötən əsrin 70-80-ci illərində bizim
üçün o zamanlar çox uzaq olan Amerika, Avropa, Şərq
ölkələri Azərbaycanı, daha çox Zeynəb
xanımın qastrolları, səsi ilə
tanıyırdılar. O, öz ifaları ilə bütün dünyada Azərbaycanı
tərənnüm edirdi, məğribdən məşriqədək
Azərbaycan deyirdi, nəzərləri ölkəmizə,
xalqımızın əsrlər boyu yaratdığı zəngin
mədəniyyət xəzinəsinə yönəldirdi.
Sovet quruluşunun musiqi aləminə
açdığı balaca bir nəfəslikdən Azərbaycanın
səsinin bütün dünyaya çatdırılmasında
Zeynəb xanıma verilən dəstəyin, ölkəmizi
xaricdə tanıtmaq üçün onun imkanlarından
maksimum faydalanmağa çalışan, mərkəzin bu sahədəki
əngəllərini öz şəxsi nüfuzu ilə aradan
qaldırmağı bacaran, Azərbaycanın yetirdiyi
böyük sənətçinin layiq olduğu ən yüksək
titulları, dövlət təltiflərini ala bilməsi
üçün böyük zəhmət sərf edən
siyasi iradə və güc sahibinin rolunu da əsla unutmaq olmaz.
O, iradə və güc sahibi Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev idi. Zeynəb xanım daim yada salır ki, onun 70-80-ci illərdəki
xaricə qastrol səfərlərinin yeganə təşəbbüskarı
məhz ulu öndər olub.
Musiqinin öz ümumbəşəri
dili ilə insanlara təsir imkanlarını gözəl bilən
Heydər Əliyev istedadına, Vətən sevgisinə hər
zaman güvəndiyi Zeynəb Xanlarovanın səsi ilə hələ
o illərdən dünyada Azərbaycanın təbliğatını
aparırdı, dünyaya Azərbaycanı
tanıdırdı, Azərbaycanı sevdirirdi, ölkəmiz
haqqında xoş təsəvvürlər yaratmağa
çalışırdı. Bu böyük
dövlət adamı öz fəhmi, müdrik zəkası ilə
dərk edirdi ki, nə vaxtsa bu təsəvvürlər Azərbaycana
çox gərək olacaq.
***
İndi elə əziz, doğma yerdəyəm,
Sevinc qanad açır, uçur sinəmdən!
Nə yaxşı bu qumlu sahillərdəyəm,
Nə yaxşı Xəzər var, sən
varsan Vətən!
Özüm bu torpaqdayam nəğməm
dünyada,
Dünyanın xoşbəxti mənəm
dünyada!..
***
Heydər Əliyevin şəxsində
Azərbaycan dövləti Zeynəb Xanlarova
qarşısında başqa bir mühüm missiya da müəyyənləşdirmişdi
və bu vətənpərvər Azərbaycan qızı
öz missiyasını ləyaqətlə yerinə yetirirdi. Nə idi bu
missiya?
Məlumdur ki, sovet hakimiyyəti
qurulandan sonra Azərbaycandan xeyli insan xaricə mühacirət
etməli oldu.
Onların əksəriyyəti sosialist
inqilabına qədər ölkədə yenicə təşəkkül
tapan milli burjuaziyanın nümayəndələri, bir
çox cümhuriyyət qurucularının özləri və
yaxınları, eləcə də ictimai elitanın digər
ziyalı təmsilçiləri idi. İkinci
Dünya müharibəsi xarici ölkələrdəki Azərbaycan
mühacirlərinin sıralarını bir qədər də
genişləndirdi. Sovet ordusuna
qarşı vuruşmuş milli legionerlərimiz, cəbhədə
əsir düşdüklərinə görə geri
qayıdanda repressiya ilə üzləşəcəklərini
yaxşı bilən bir çox soydaşlarımız
müharibə bitəndən sonra yaşamaq üçün
müxtəlif xarici ölkələrə üz tutdular, burada
öz həyatlarını yenidən qurub oğul-uşaq
sahibi oldular. Bura İran inqilablarından
sonra dünyanın fərqli qütblərinə üz
tutmuş soydaşlarımızı, həmçinin bu
gün İranda yaşayan 30 milyondan artıq azərbaycanlını
da əlavə etmək lazım gəlir.
70-80-ci illərə doğru
Azərbaycan mühacirlərinin ilk nəslinə aid
insanların bir çoxu Vətən həsrəti ilə
dünyadan köçmüş, onların ailələrində
Azərbaycan haqqında yalnız xəyali təsəvvürlərə
malik olan, tarixi vətənə genetik yaddaşla bağlanan
yeni mühacirlər nəsli formalaşmışdı. Sovet
ideologiyasına görə, xaricdə yaşayan bu
insanların çoxu vətən xainləri
sayılırdı, onların oğul-uşaqları da sovetlər
üçün arzuolunmaz şəxslər idi. Ona görə də Sovet İttifaqında diaspor fəaliyyəti
ilə məşğul olmaqdan söhbət gedə bilməzdi.
Amma bu, Vətənin səsini qürbətdə
yaşayan soydaşlarımıza yetirmək üçün
heç bir imkan və vasitənin olmamasına da dəlalət
etmirdi. Milli musiqimiz, xarici səhnələrdəki
ifaları ilə onları dinləməyə gəlmiş
dünya azərbaycanlılarının ruhunu dilləndirən
sənətkarlarımızın Vətən ətirli nəğmələri
sovet dövründə gizlin diaspor siyasəti aparmaqdan
ötrü Heydər Əliyevin çox karına
gəlirdi.
Belə bir zamanda xaricə
çoxsaylı qastrol səfərləri ilə, o dövrdə
hələ formalaşmamış Azərbaycan diasporunu bir yerə
toplayan, doğma ifaları, nazənin rəqsləri, dilinin əzbəri
Azərbaycan kəlməsi ilə yeni mühacir nəslinin
genetik yaddaşını oyadıb onları tarixi Vətən
ətrafında bir araya gətirən əsas sənətçilərimizdən
biri də Zeynəb Xanlarova idi.
İndi biz buna siyasət deyirik, amma bəlkə
də burada heç siyasi məqsəd də yox idi,
bütün bunlar Zeynəb Xanlarovanın da, ona bu şəraiti
yaradan Heydər Əliyevin də qəlbindən gəlirdi və
bu xoş niyyətlər dolayısı ilə siyasi məqsədlərə
də yetişirdi.
Yadımdadır, 80-ci illərin
ortalarında o vaxt bizim üçün hələ
özü boyda həsrət, intizar olan uzaq, yaşıl
adadakı - Türkiyədəki, həm də ABŞ-da,
Avropada konsertləri zamanı mühacir soydaşlarımızın
coşqusunu, onun başına yağdırdıqları ləl-cəvahiratları
görənlər deyirdilər ki, Zeynəb Xanlarova Azərbaycanın
əlində çox güclü bir silahdır.
Bəli, o öz səsi ilə
həsrətə, ayrılığa, qürbətin
hüznünə qarşı döyüşən, əlləri-əllərə
yetirən silah idi.
Və bu silah
öldürmürdü, həyat
bağışlayırdı...
***
Zeynəb Xanlarovanın
özünəməxsus obrazı var. Bu obraz sənətdə
də, məişətdə də, ictimai həyatda da, elə
siyasətdə də onu hamıdan fərqləndirir. Bu orijinallıqda mətinlik,
cəsarət, səmimiyyət, xeyirxahlıq və kişi qeyrəti var.
Qəribədir, zərif bir xanım
olaraq bəlkə də dünyada hamıdan kövrək adam odur. 1990-cı ilin qanlı 20 Yanvar gecəsi
Azərbaycan xalqının başına
açılmış dəhşətli müsibətin
acısı ilə Zeynəb Xanlarovanın göz yaşı
içində oxuduğu “Ağla, qərənfil, ağla”
ağısını, bu ağıdan sonra isə özünə
bir müddət ifa qadağası qoymasındakı kövrək
ana təsəllisini kim unudar?!
Sonra isə o, göz
yaşlarını boğdu, “Sən mənimsən,
Qarabağ” və “Qalmaz belə, qalmaz dünya”
hayqırtıları ilə bir zamanlar onun Ermənistanda verdiyi
konsertlərdə yüz minlik stadionları dolduran, onu bircə
dəfə səhnədə görməyi az qala möcüzə
bilən ermənilərin Azərbaycana qarşı namərdliklərindən
sonra “Ermənistanın xalq artisti” adını qaytarıb təpələrinə
çırpdı. Səsinin zil və bəmində
Vətənin harayını dünyaya çatdırdı.
İnsanların inamına inam qatdı,
gücünə güc gətirdi.
Bəli, onun kövrəkliyini
qətiyyəti, prinsipiallığını güzəştə
getmək məharəti, sərtliyini ürəyiyumşaqlığı,
ötkəmliyini təvazökarlığı tamamlayır. Bu təzadlı
keyfiyyətlərin, bir-birinə zidd xüsusiyyətlərin
hamısı onda var. Hər biri yerində, məqamında
özünü göstərir.
Və bütün bunlar onun
bir şəxsiyyət kimi bənzərsizliyinin təcəssümüdür.
Təsadüfi deyil ki, deputat həmkarım,
əməkdar jurnalist Bəxtiyar Sadıqov Zeynəb Xanlarova
haqqında çox dəyərli publisistik qeydlərini
“Qardaşım Zeynəb xanım” adlandırır və
yazır: “Sədaqət, etibar, prinsipiallıq, qorxmazlıq -
bütün bunlar daha çox kişilərə xas keyfiyyət
sayılsa da, ulu Tanrı səndən əsirgəməyib! Heydər Əliyevə olan hörmət və sevgin,
onun sənin sənətinə və özünə verdiyi
qiymət isə heç kimin yadından çıxmayıb.
...Xəyanətkar M.Qorbaçovun
paxıllığı və məkri ilə böyük siyasətdən
müvəqqəti kənarlaşan Heydər Əliyevə Azərbaycanda
da dönük çıxanlar çox oldu. Onların sırasında ulu öndərin
çörək və imkan sahibi etdikləri, vəzifə
pillələri ilə yuxarı qaldırdıqları da
vardı. Belələri Azərbaycan Ali
Sovetinin sessiyalarında Heydər Əliyevə
yaxınlaşıb salamlaşmağa, hal-əhval tutmağa
belə qorxurdular. Ulu öndər Moskvada xəstə
yatanda isə yanına heç kəsi buraxmırdılar.
Əslində, onunla görüşə can atanlar da yox idi.
Qardaşım Zeynəb xanım, bu məqamda da sən
istisnalar sırasında oldun...”
***
1988-ci ildə Amerikadan bir aylıq
konsertdən qayıdarkən Moskvada, Kreml sanatoriyasında
müalicə olunan Heydər Əliyevə baş çəkməsini
Zeynəb xanım özü belə xatırlayır:
“Bakıya Moskvadan dönməliydik. Əvvəlcədən
heyət rəhbərimizə demişdim ki, mənim Moskvada
işim var, Bakıya hamıyla bərabər dönməyəcəyəm.
Təkbaşına üz tutdum Kremlin
sanatoriyasına. Qapıda mənə dedilər
ki, bura giriş qadağandır. Heydər
Əliyevlə görüşə isə ailəsindən
başqa heç kəs buraxılmır. Yəni, bu dahi
insanı ev dustağına çevirmək
istəyirlər.
Dedim, siz nə
danışırsınız, Zeynəbi Heydər Əliyevlə
görüşə buraxmamaq olar?! Qarşımı
tankla kəssəniz də, yuxarı qalxacam. SSRİ xalq artisti olduğumu bildiklərindən mənə
qarşı çox da kobudluq edə bilmirdilər, amma dirəniblər
ki, yuxarı buraxmayacağıq. Mən də
elə bil “Qatar” oxuyuram, zil səsim bütün sanatoriyanı
bürüyüb. Bir də gördüm həkim
qapıçıya yaxınlaşıb dedi ki, pasiyentin
özü yuxarıdan bu qadının gəlişi
üçün icazə alıb. Qaldım mat-məəttəl.
Axı, pasiyent Heydər Əliyevdirsə, mənim
bura gəlişimdən xəbər tutmamalıdır. Nə isə, qalxdım yuxarıya. Elə
ikinci mərtəbədə bir də gördüm ki, budur ha,
çinar boylu Heydər Əliyev gülə-gülə gəlir:
“Zeynab, konsert salonunda deyilsən, sanatoriyadasan, bu nə səs-küydü
salmısan?” Görüşdük, dedim, ay Heydər müəllim,
axı, məni Sizin yanınıza buraxmırdılar. Dedi: “Ay
qız, ailəmdən başqa heç gələn də
yoxdur. Amma mənə deyəndə ki, səni icazəsiz
görməyə gələn var və aşağıdan da səsin
bütün aləmi bürüyəndə, dedim, bu,
Zeynabdır. Onlar hələ səni
tanımırlar, bilmirlər ki, sən bura girmək
üçün lap əməlli-başlı müharibə
edərsən”.
Bu, bir sənət adamının
vaxtilə ona böyük yaxşılıqları
keçmiş, uğurlarına dəstək olmuş
xeyirxahına sadəcə, vəfa borcu deyil, məkrli
hücumlarla üzləşmiş, şərə
qarşı dayanmış, məqsədli şəkildə əlaqələri
məhdudlaşdırılmış böyük dövlət
adamına dar günlərində kiçicik mənəvi dəstəyi
ilə ədalətin səfində qərar tutmasıdır. Haqqa xidmət göstərməsidir. Təsadüfi
deyil ki, 16 oktyabr 1992-ci il tarixində Heydər Əliyevin
hakimiyyətə qayıdaraq Azərbaycanı üzləşdiyi
bəlalardan xilas etməsi üçün məşhur “91-lər”in
müraciətinə imza atanların ön sırasında da
Zeynəb Xanlarovanın adı vardı!
O da tarixin acı istehzasıdır
ki, Zeynəb xanımın “Sosialist Əməyi Qəhrəmanı”
adı almaq üçün sənədləri uzun müddət
bədnam Qorbaçovun masası üstündə yatıb
qaldı. Sonda isə bu nakəs adam “Mən
Heydər Əliyevin adamı üçün təltifə
qol çəkməyəcəm”-dedi. Amma tarixdə nə o
mükafat, nə o mükafatı verən dövlət, nə
də o dövlətin rəhbəri qaldı...
Tarixdə qalan Heydər Əliyev və
onun xalqı, adamları, bir də Zeynəb Xanlarova oldu...
O, Azərbaycan Milli Məclisinin
deputatı kimi xalqın elçisi adını son 5
çağırışda şərəflə
daşıyır. Əzmkar, cəsarətli
mövqeyi ilə cəmiyyətimizdəki problemlərin həllinə
kömək göstərməyə, insanları narahat edən
məsələlərə toxunmağa, ölkə rəhbərliyinin
həyata keçirdiyi inkişaf siyasətinə dəstək
olmağa çalışır. Zeynəb
xanımın sənətini, şəxsiyyətini, öz əqidəsinə,
prinsiplərinə sadiqliyini Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev də yüksək qiymətləndirir.
Zeynəb Xanlarovanın xalq, dövlət qarşısında
göstərdiyi böyük xidmətlərə görə
ötən ilin dekabrında Azərbaycan dövlətinin ən
ali ordeni olan “Heydər Əliyev ordeni” ilə
təltif olunması da elə bu hörmət və
ehtiramın təcəssümü idi.
Ordenin təqdimatı mərasimində
Azərbaycan Prezidenti onun şəxsiyyətini belə
xarakterizə etdi: “Siz xalqımızın mərd
qızısınız. Həmişə
prinsipial olmusunuz, həmişə həqiqəti demisiniz və
heç bir şeydən qorxmadan həmişə öz
mövqeyinizdə olmusunuz. Bu gün Azərbaycan
parlamentinin üzvü kimi də Sizə çox böyük
hörmət var. Çünki Siz xalqımızı narahat edən
məsələləri daim diqqətdə
saxlayırsınız, öz prinsipial mövqeyinizi göstərirsiniz”.
***
Darasın saçımı yaz
küləkləri,
Həyatı, insanı
alqışlayıram!
Mənə bağışlanan
gül-çiçəkləri,
Vətənim, mən sənə
bağışlayıram!
Sənə minnətdardır nəğməm
dünyada,
Dünyanın xoşbəxti mənəm
dünyada!..
Həyatımızda elə
doğma obrazlar var ki, onlar yaşadıqca, yaratdıqca, var
olduqca ömrün ötüb-keçdiyini, yaşa
dolduğunu hiss etmirsən, insanın ruhu, həyat eşqi o
obrazın işığında həmişə gənc və
diri qalır.
Zeynəb Xanlarova da milyonlarla
insanın ruhunu ayaqda saxlayan belə bir qüvvədir...
Hər dəfə unudulmaz
ifalarını dinləyəndə özümüzü onun
səsini ilk dəfə dinlədiyimiz yaşda hiss etdiyimiz,
yenidən dünyanın xoşbəxti olduğumuz dəyərdir...
Qoy bu obraz, bu dəyər hər zaman
var olsun!
Yaşa, yarat, ZEYNƏB XANLAROVA...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-
2017.- 14 yanvar.- S. 5.