15 dövlət rəhbəri, 13 baş nazir və spiker, 42 ölkənin rəsmisi, 26 beynəlxalq təşkilatın təmsilçisi

 

Azərbaycana xarici nümayəndə heyətləri 2016-cı ildə də intensiv səfər etdi

 

Beynəlxalq münasibətlər sistemində özünün xüsusi çəkisi və yeri olan Azərbaycan dövləti bu gün nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini gücləndirməklə dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirir.

Prezident İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində beynəlxalq aləmlə sıx iqtisadi, siyasi, mədəni əlaqələr quran Azərbaycan istər regional, istərsə də beynəlxalq təhlükəsizliyin təmin edilməsində artıq mühüm rola və potensiala malikdir. Elə bu səbəbdən də Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin, beynəlxalq qurumların, xarici şirkətlərin sayı ildən-ilə artır. Yola saldığımız 2016-cı ildə də bunun bir daha şahidi olduq.

 

Müstəqil, çoxvektorlu, milli maraqlara əsaslanan uğurlu xarici siyasət

 

Ötən il bir çox xarici dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, şirkətlərin nümayəndələrinin ölkəmizə gəlişi ilə yadda qaldı. Bu da onu deməyə əsas verir ki, ötən il xarici ölkələrə səfərlər, beynəlxalq konfranslarda, forumlarda iştirak etməklə bərabər Azərbaycana rəsmi, işgüzar səfərlər edən dövlət və hökumət başçıları ilə görüşlər keçirən Prezident İlham Əliyevin iş qrafiki, həmişəki kimi, çox gərgin olub.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz, əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar. Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik”.

Dövlət başçısı ötən il ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Petro Poroşenko, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Makedoniya Respublikasının Prezidenti George İvanov, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro, Albaniya Prezidenti Buyar Nişani, Malta Prezidenti xanım Mari-Luiz Koleyro Preka və Vatikan dövlətinin rəhbəri, Roma Papası Fransisklə, ümumilikdə 15 dövlət başçısı ilə görüşlər keçirib və bu ölkələrlə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün sazişlər, memorandumlar imzalanıb.

Bundan başqa, dövlət başçısı İlham Əliyev Azərbaycana səfər edən Türkiyənin Baş naziri Binəli Yıldırım, Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif, Macarıstanın Baş naziri Viktor Orban, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib və ikitərəfli münasibətlərin inkişafında mühüm sənədlər imzalanıb.

Ötən il Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Yunanıstanın xarici işlər naziri Nikos Kotzias, İtaliyanın Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Maltanın xarici işlər naziri Corc Vella, İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurer, İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Belarusun müdafiə naziri Andrey Ravkov, Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hussain, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak, Pakistanın ticarət naziri Xürrəm Dastgir Xan, Serbiyanın Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç, Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb və bu görüşlərdə dövlətlərarası münasibətlər, ikitərəfli əlaqələrin daha da dərinləşməsi müzakirə mövzusu olub.

Ötən il dövlət başçısı həmçinin Azərbaycana səfər edən 7 ölkənin (Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin Sədri Çınıbay Tursunbekov, Belarusun Milli Məclisinin Sədri Mixail Myasnikoviç, Latviya Seyminin Sədri İnara Murnietse, Qazaxıstan Parlamenti Senatının Sədri Kasım-Jomart Tokayev, Belarus Respublikası Milli Məclisinin Sədri Mixail Myasnikoviç) ali qanunverici orqanlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ümumilikdə isə dövlət başçısı 2016-cı ildə 42 ölkənin rəsmiləri ilə görüşüb.

 

Roma Papası Fransiskin Azərbaycana səfəri - Prezident İlham Əliyev diplomatiyasının növbəti zəfəri

 

Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. Bu, həm coğrafi, həm də mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir.

Dünyanın siyasi xəritəsində coğrafi ərazisi çox kiçik olan məmləkətimizin kainatın tolerantlıq atlasındakı hüdudlarının miqyası bəlkə də yüz min dəfə artıqdır. Roma Papası Fransiskin Bakı səfəri isə bu faktın ali səviyyədə qəbulunun növbəti təsdiqi, Prezident İlham Əliyev diplomatiyasının, siyasətinin, liderliyinin növbəti zəfəri idi.

Vatikan dövlətinin rəhbəri, Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərkən dünyaya bir daha mesaj ünvanlayaraq tolerantlığın Azərbaycan modelini nümunə göstərdi. Roma Papasının dünyaya mesajı Azərbaycan dövlətinin əsl simasının təqdimatı idi. Bu tarixi səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdi və bir daha onu göstərdi ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və Azərbaycan bu dialoqa yeni təkan verir.

 

Azərbaycanla əməkdaşlıq edən beynəlxalq təşkilatların sayı artır

 

Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəldir. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibinə çevirib.

Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir. Prezidentin dediyi kimi, Azərbaycan Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Azərbaycan logistik və nəqliyyat mərkəzi kimi artıq dünya xəritəsində öz mövcudluğunu təsdiq edir.

Ötən il Azərbaycana beynəlxalq təşkilatların rəsmilərinin səfərləri də bir daha təsdiq edir ki, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olanların sayı getdikcə artır. BMT, NATO, AŞ PA, ATƏT, İƏT, ATƏT PA, Avropa İttifaqı, Avropa Parlamenti, ISESCO, Afrika İttifaqı, ümumilikdə isə 26 beynəlxalq təşkilatın rəhbərləri, vitse-prezidentləri, baş katibləri, xüsusi elçiləri Azərbaycana səfər edərək dövlət başçısı ilə görüşlər keçirmiş və təmsil etdikləri qurumların ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirmişlər.

 

Ötən il 27 dövlət ölkəmizə yeni səfir təyin edib

 

Bir vaxtlar dünyada tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən respublikamız bu gün tamam fərqli statusda çıxış edir. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən daxili və xarici siyasət yeridən, milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən Azərbaycan diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan Azərbaycanın davamlı inkişafı, demokratik dəyərləri, insan hüquq və azadlıqlarının müdafiəsini prioritet seçməsi dünya ölkələri tərəfindən müstəqil dövlətimizə olan marağı gündən-günə artırır, əməkdaşlığı daha da genişləndirir. Bu gün Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi, eləcə də ölkəmizdə bir çox dövlətlərin səfirliyi, konsulluğu fəaliyyət göstərir. 2016-cı ildə isə 27 dövlət ölkəmizə yeni səfir təyin edib. Prezident İlham Əliyev Türkiyə, İran, Almaniya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Kanada, Sloveniya, İsveçin, Əlcəzair, Monqolustan, Moldova, İndoneziya, Çin, Niderland Krallığı, Rumıniya, Qətər, Cibuti, Banqladeş, CAR, Şri-Lanka, Uruqvay, Qana, Cənubi Sudan, Eritreya, Albaniya, Kuba və Mərakeşin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edib.

 

Azərbaycan-Türkiyə münasibətləri: qardaşlıq və strateji tərəfdaşlıq

 

Bu gün Azərbaycan müstəqil, çoxvektorlu, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Ölkəmizlə diplomatik əlaqələr quran dövlətlərin siyahısı getdikcə artır.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Ötən ilə Türkiyənin dövlət və hökumət başçılarının və digər qurumlarının rəhbərlərinin Azərbaycana səfərləri, imzalanan müqavilələr bir daha sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, ötən il Azərbaycan Prezidenti Türkiyəyə 4 dəfə səfər edib. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Fikri İşıq, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Nabi Avcı, Ali Məhkəmənin sədri İsmail Rüştü Cirit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycana rəsmi və işgüzar səfərlər edib Prezident İlham Əliyevlə görüşüblər. Bu səfərlər zamanı qardaş ölkələr arasında mühüm sənədlər imzalanıb. Bu qarşılıqlı səfərlər bir daha təsdiqləyir ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirilərək tamam yeni mərhələyə qədəm qoyub.

 

Dünyanın güc mərkəzlərinin Azərbaycanla münasibətlərində yeni mərhələ

 

Bu gün ölkəmiz strateji tərəfdaşı olan ABŞ ilə siyasi-iqtisadi, qlobal problem və təhlükələrə qarşı mübarizədə sıx əməkdaşlıq edir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil Azərbaycan qlobal proseslərdə ABŞ-la əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Öz növbəsində, rəsmi Vaşinqton da Cənubi Qafqazın güc mərkəzinə çevrilən, dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Ölkələrimizin münasibətlər sisteminə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, ABŞ- Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Ötən il bu ölkənin rəsmilərinin Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2016-cı ildə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının, Dövlət Departamentinin rəsmiləri, ABŞ Konqresinin nümayəndələri, dövlət qurumlarının xüsusi elçi və əlaqələndiriciləri ölkəmizə səfər edərək Prezident İlham Əliyevlə görüşüblər.

Ötən il Azərbaycanın, regionun geosiyasi həyatında mühüm bir hadisə də baş verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Bakıda 3 ölkə - Azərbaycan-Rusiya-İran dövlət başçılarının zirvə görüşü keçirildi. Üç ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm sənədlər imzalandı.

 

Sabitlik adası, sivilizasiyalararası dialoq məkanı və idman ölkəsi

 

Təsadüfi deyildir ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar, Dünya İqtisadi forumlarına və digər mötəbər tədbirlərə evsahibliyi edir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər müstəqil Azərbaycan dövlətinin dünyada yüksələn reytinqini təsdiq edən mühüm amillərdəndir. Azərbaycan artıq müxtəlif xarakterli -siyasi, idman, səhiyyə, iqtisadi və digər tədbirlərin keçirildiyi məkana çevrilib.

Prezident İlham Əliyev IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu, Serbiyanın keçmiş prezidenti Boris Tadiçi, İsrailin keçmiş baş naziri Ehud Barakı, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi, Latviyanın sabiq prezidenti Valdis Zatlersi, Polşanın sabiq prezidenti Bronislav Komorovskini, Finlandiyanın sabiq prezidenti xanım Tarya Haloneni və V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gələn ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todun, Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanın, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerinin, “Formula One Management”in prezidenti Berni Ekklstounun, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinovun, UEFA prezidenti Aleksander Çeferinin, Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezin və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsun ölkəmizə səfərləri və dövlət başçısı ilə keçirdiyi görüşlər bir daha Azərbaycanın həm də idman ölkəsi olduğunu təsdiqləyir.

Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, dayanıqlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü işinin, gərgin fəaliyyətinin nəticəsidir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 15 yanvar.- S. 1, 3.