İlham Əliyev antiazərbaycançı şəbəkəyə əsaslı zərbələr vurdu

 

Ötən il ərzində bu bədnam qüvvələr yenə də iflasa uğradılar

 

Müstəqilliyinin 25-ci ilini geridə qoyan Azərbaycan qısa müddətdə çox ölkəyə nümunə ola biləcək uğurlara imza atıb. Bunlardan biri hazırda cəmiyyətimizdə dərin kök salan demokratik dəyərlərdir.

Siyasi plüralizmin, söz, mətbuat və inanc azadlığının bərqərar olması, ən mükəmməl seçki sisteminin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, dövlətin qeyri-hökumət təşkilatlarına və mətbuata yardımı, internet azadlığı və s. bu kimi faktlar Azərbaycanın demokratiya yolunun açıq və çoxşaxəli olduğunu göstərir.

 

Azərbaycanın uğurları qısqanclıqla qarşılanır

 

Lakin o da məlumdur ki, respublikamızın nailiyyətləri, inkişaf etməkdə olan dövlətlər sırasında öncüllərdən olması, müstəqil siyasət yeridən ölkə kimi böyük nüfuz qazanması, hüquqidemokratik inkişaf yolunda qazandığı uğurlar bir sıra Qərb siyasi dairələrində daim həyəcan və qısqanclıqla qarşılanıb. Bunu son illərdə ölkəmizə qarşı siyasi təzyiqlərin intensivləşməsi də göstərir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə xarici media orqanlarında sifarişli yazılar dərc edilir, telesüjetlər hazırlanır, müxtəlif siyasi güclərin təsiri altında olan qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq bəyanatlar verir, qərəzli çıxışlar edirlər.

Xüsusilə Azərbaycan hər hansı bir beynəlxalq miqyaslı nailiyyətin astanasında olandaya hansısa möhtəşəm uğura imza atanda antiazərbaycançı dairələr “fəallaşır”, onun ətrafında cəmləşən ermənipərəst təmsilçiləri təcili toplaşaraq qeyri-obyektiv, əsassız və subyektiv mülahizələrdən ibarət olan sənədlər qəbul edir, bəyanatlar verirlər. Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətiriləndə və azad olunanda, “Eurovision” mahnı müsabiqəsi, “Əsrin müqaviləsi”nin 20 illik yubileyi və “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması, I Avropa Oyunları və digər əlamətdar hadisələr ərəfəsində hər birimiz bunun şahidi olduq. Onlar dağıdıcı müxalifətin və “beşinci kolonun göndərdiyi yalan məlumatlar əsasında böhtançı hesabatlar hazırlayır və bu zaman Azərbaycanın rəsmi dövlət qurumlarına istinad etmir və beləliklə də bilərəkdən qərəzə yol verirlər.

Son dövrlərdə isə bəzilərinin Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı qərəzli, qeyri-obyektiv mülahizələri eşidilməkdədir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev məhz belələrini nəzərdə tutaraq deyib: “Müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən bizə dərs öyrədir”. Yəni bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır”.

 

Bakıya minnətçi düşən Avropa Parlamenti

 

Ölkəmizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr əsasən Avropa Parlamentində təmsil olunurlar. Antiazərbaycançı şəbəkənin əsas aləti funksiyasını daşıyan bu qurum daim erməni lobbisinin mövqeyindən çıxış edir, öz fəaliyyətini Azərbaycanı tənqid üzərində qurur. AP-də antiazərbaycançı şəbəkəyə və erməni lobbisinin maraqlarına xidmət edən, qərəzli mövqeyi ilə seçilən deputatlar, demək olar ki, hər il Azərbaycanla bağlı məsələləri qərəzlə müzakirəyə çıxarıb, reallığı əks etdirməyən fikirlər səsləndirib, bir neçə nəfərin səsverməsi ilə bütövlükdə AP adından sənəd qəbul ediblər. Azərbaycan hər zaman münasibətləri sivil çərçivədə qurmaq istəsə də, AP daim bu əməkdaşlığın sağlamlaşdırılmasına məqsədli şəkildə maneə yaradıb, aşkar ermənipərəst təəssübünü gizlətməyərək Azərbaycana qarşı Ermənistanın rəsmi mövqeyindən fərqlənməyən münasibət sərgiləyib. Bir sözlə, “erməni soyqırımı”nı tanımaqla kifayətlənməyərək azad KİV-in fəaliyyətinin qadağan olunduğu, müxalifət təmsilçilərinin güllələndiyi, həbsə atıldığı, siyasi məhbuslarının sayının yüzlərlə ölçüldüyü Ermənistanı himayəyə götürən, onudemokratiya adası” hesab edən AP Azərbaycana qarşı açıq qərəz və böhtan kampaniyası yürüdüb.

AP-nin 2015-ci ilin sentyabrında qəbul etdiyi qətnamə isə bu təşkilatda ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərdi. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atıldı, ölkəmizlə Aİ arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərildi.

Təbii ki, müstəqil siyasət yürüdən, bölgənin söz sahibi olan Azərbaycana təsir etmək, onu öz yolundan döndərmək qeyri-mümkündür. Müstəqil siyasət yeridən Azərbaycan AP-nin bu hərəkətini cavabsız qoymadı və Milli Məclis Avronestdə iştirakı dayandırdı. Həmçinin ölkəmizin Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştirakına son qoyuldu. Bir il sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti özü Bakıya gələrək Prezident İlham Əliyevin qəbuluna düşdü. Beləliklə, təsdiq olundu ki, Azərbaycan Avropanı itirməkdən qorxmur, amma Avropa Azərbaycanı itirdiyindən peşmançılıq hissi keçirir. Çünki Azərbaycana qarşı daim qeyri-səmimi olan AP-nin özü indi Azərbaycana elçilərini göndərərək əməkdaşlığı bərpa etmək istədiyini bildirdi. Prezident İlham Əliyev isə AP təmsilçiləri ilə açıq və konkret danışdı. AP-nin Azərbaycana qarşı qərəzini, ikili standartlardan çıxış etdiyini, erməni lobbisinin əlində siyasi alətə çevrildiyini başa saldı. Ən əsası, Prezident İlham Əliyev Azərbaycanın AP-yə qarşı məlum mövqeyi ilə tam müstəqil siyasət yeritdiyini, öz milli maraqlarını heç nəyə güzəştə getməyəcəyini bəyan etdi. Dövlət başçısı Azərbaycana qarşı Avropa Parlamentinin mövqeyini təhlil etdi. Faktlarla onların ittihamlarının yalan olduğunu isbatladı. Avropa Parlamentinin məqsədli şəkildə antiazərbaycan isterikasına qoşulduğunu arqumentlərlə sübut etdi. Bu qurumun dünya erməniliyinin marionetinə çevrildiyini konkret izahlarla təsdiqlədi.

Beləliklə, Azərbaycan Prezidentinin dediyi kimi, müstəqil siyasətin alternativi yoxdurgec-tez hər kəs bu siyasətlə hesablaşacaq. AP nümayəndələrinin Bakıya gəlişi və İlham Əliyevin AP-nin timsalında bütün dünyaya mesajı isə bir daha göstərdi ki, beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlərdə şərtləri məhz Azərbaycan müəyyənləşdirir.

 

Qərəzli KİV şəbəkəsi ifşa olunur

 

Prezident İlham Əliyevin ötən ilin noyabrında Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüş zamanı “Associated Pressagentliyinin vitse-prezidenti Con Danişevskinin sualına cavabı da ictimai rəy formalaşdırmaqdan daha çox ikili standartların əsirinə və antiazərbaycançı şəbəkənin alətinə çevrilmiş KİV-ə zərbə idi. Onun jurnalist kimi yox, konkret antiazərbaycançı maraqları ifadə edən siyasətçi kimi danışması və bu formada ünvanladığı sual nəticə etibarilə təmsilçisi olduğu məlum dairələrin ifşasına gətirib çıxardı. Con Danişevskinin də, AP təmsilçiləri kimi, Prezident İlham Əliyevin söylədikləri qarşısında susmaqdan başqa çarəsi qalmadı.

Ümumiyyətlə, Azərbaycan hər zaman Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün üzərinə düşən bütün addımları atıb. Lakin ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasi xətt Qərb tərəfindən lazımınca qiymətləndirilməyib və daim onun qeyri-səmimi davranışları ilə müşayiət olunub. Azərbaycanın isə bu cür münasibətlərə cavabı adekvat və sərtdir. Çünki təzyiqin istənilən forması ölkəmiz üçün qəbuledilməzdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə deyib: “Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir”.

Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Bu hədəfləri təmin etmək üçün rəsmi Bakı öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini daha da inkişaf etdirir, yeni vektorlar müəyyənləşdirir, əməkdaşlığa açıq və səmimi olan ölkə və təşkilatlarla ikitərəfli əməkdaşlığını sıxlaşdırır. Antiazərbaycan kampaniyası isə heç vaxt öz hədəflərinə çatmayacaq, Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 15 yanvar.- S.1, 3.