Səhiyyənin inkişafı nümunəvi tibbi xidmətə etibarlı zəmin yaradır

 

Ötən il səhiyyənin inkişafında və tibbi xidmətin yaxşılaşmasında da nailiyyətlər qazanılmışdır. Paytaxtda, eləcə də bölgələrdə bir çox tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Dünya standartları səviyyəsində yenidən qurulan, müasir avadanlıqlarla təchiz edilən Gəncə şəhərindəki Abbas Səhhət adına Xəstəxana, Ağsu, Biləsuvar və Zərdab mərkəzi rayon xəstəxanaları, eləcə də Bakıda Respublika Uşaq Stomatoloji Mərkəzi əhalinin istifadəsinə verilib. Maştağa qəsəbəsindəki 1 saylı respublika Psixiatriya Xəstəxanasında yeni şöbələr yaradılıb. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, habelə Masallı, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələri də artıq açılışa hazır vəziyyətdədir. Kürdəmir, Lənkəran rayonlararası ruhi-əsəb xəstəxanalarının inşası, o cümlədən Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzinin təmiri yekunlaşdırılıb.

Hələ on il əvvəl Azərbaycan Prezidenti respublikanın səhiyyə işçiləri qarşısında belə bir vəzifə qoymuşdur: elə etmək lazımdır ki, insanlar tibbi yardımı məhz yaşadıqları ərazidə ala bilsinlər, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsunlar. Artıq bu problem öz həllini tapmışdır. Hər bir rayonda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində tibbi yardım ala bilirlər.

Ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynamışdır. Səhiyyənin həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəldilmiş dövlət proqramlarının tələbləri baxımından ayrılan vəsait həm xəstə insanların müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin etmişdir. Məsələn, azyaşlıların icbari dispanserizasiyası proqramı çərçivəsində 2016-cı ildə azyaşlıların 81,5 faizdən çoxu müayinələrə cəlb olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 5,2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülmüş, 1 faizi ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur.

2016-cı ildə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən, neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası yenilənmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır.

Həyata keçirilən tədbirlər sayəsində respublikamızda ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilmişdir. Bir faktı xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycanda artıq diri doğulmanın beynəlxalq meyarları qəbul olunub və iki il bundan öncə onların tətbiqinə başlanılmışdır. Nəticədə 1000 qramdan az çəki ilə doğulmuş 295 yeni doğulmuşdan 135-ni xilas etmək mümkün olmuşdur.

Dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdusa, 2016-cı ildə bu rəqəm 213 mindən çox olmuşdur. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi sayəsində diabetin ağır formaları və fəsadları dəfələrlə azalmışdır. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2 faizə düşmüşdür. Təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstəliklərin müalicəsi və dərman təminatı da dövlətin hesabına həyata keçirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən respublika Talassemiya Mərkəzində ötən ildə də xəstələrin müalicəsi həyata keçirilmiş, onlar lazımi dərman və preparatlarla təmin olunmuşlar.

Ümumiyyətlə, Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyev Fondunun rolu böyükdür. Fondun səhiyyə sahəsinə göstərdiyi sosial-humanitar dəstək, birmənalı şəkildə insanların rifah halının yüksəlməsinə xidmət edir. 2016-cı ildə də ölkəmizdə tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil etmişdir. Ölkənin birinci xanımının rəhbərliyi ilə gerçəkləşən layihələr insanların sağlamlığının qorunması və gələcək nəslin sağlam böyüməsi istiqamətində müsbət bəhrəsini verməkdədir və bu proses davam edir. Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrası çərçivəsində ötən il paytaxtın qəsəbə və kəndlərində yeni xəstəxanalar tikilmiş, bəziləri cari və əsaslı təmir edilmişdir. Xətai, Xəzər və Sabunçu rayonlarında müasir tələblərə cavab verən uşaq evləri, uşaq bağçaları və s. inşa olunub istifadəyə verilmişdir. Ötən il Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri də yardıma ehtiyacı olan insanlara diqqət və qayğı olmuşdur.

2016-cı ildə Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına da daxil edilmişdir. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər və dövlətin dəstəyi hesabına mümkün olmuşdur. 35 uşağa sümük iliyi köçürülmüş və ilin son üç ayında daha 15 nəfər əməliyyatdan uğurla çıxmışdır. Əvvəlki illərdə ölkəmizdə ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, ötən ildən bu əməliyyat yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb.

Məlum məsələdir ki, nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə ötən il 230 minə yaxın insanın qan nümunəsi müayinə olunub, lazım gəldikdə tibbi-genetik məsləhətlər verilib.

Qeyd etmək lazımdır ki, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün tibb müəssisələri ilə yanaşı, “ASAN xidmət” mərkəzlərində də həyata keçirilmişdir. Müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Bu da irsi qan xəstəliklərinin yayılmasının qarşısının alınması, körpələrin sağlam doğulması deməkdir.

Ötən il ölkədə epidemioloji sabitlik də təmin olunmuşdur. Əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, ötən il həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu da ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirmişdir. Təşkilatın bu nailiyyətlə respublikanın aidiyyəti qurumlarına ünvanladığı müraciətdə Azərbaycan Prezidentinə səhiyyəyə ayırdığı diqqət və qayğıya görə minnətdarlıq da bildirib.

Azərbaycan Prezidenti hər dəfə ictimaiyyətlə, sadə insanlarla görüşəndə onlara heç olmasa, ildə bir dəfə tibbi müayinələrdən keçməyi məsləhət görür. Ölkə rəhbərinin tövsiyəsinə əsasən, 2016-cı ildə də şəhər və rayonlarda insanlar profilaktik müayinədən keçirilmişdir.

Əsas problemlərdən biri -xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi də ötən il həllini tapmışdır. 1 saylı Bakı şəhər xəstəxanasının hemodializ şöbəsinin müdiri Mirhəşim Cəlalovun açıqlamasına görə hazırda respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə 3 mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə pulsuz təmin olunurlar. Belə mərkəzlərdən 30-u bölgələrdə yerləşir. Ötən il Ağsu, Biləsuvar, Qusar və Göygöl rayonlarında yeni hemodializ şöbələri açılmış, bəzi mərkəzlərdə əlavə aparatlar quraşdırılaraq xəstələrin çarpayı sayı artırılmışdır. Bu kateqoriyadan olan xəstələrə hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatı da həyata keçirilir. Hazırda ölkəmizdə müalicə almış, yəni, böyrək köçürülmüş 848 insan var ki, onların dərman təminatı da dövlət tərəfindən həyata keçirilir.

Ötən ilin müsbət göstəricilərindən biri də yüksək ixtisaslı kadr hazırlığıdır. Tibb təhsilində rezidentura pilləsinin tətbiqi, həkimlərin sertifikasiyası, mütəxəssislərin tanınmış xarici klinikalarda hazırlıq keçməsi formaca yeni yanaşmadır. Nəticədə, vaxtilə ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar, mürəkkəb kardiocərrahiyyə, transplantasiya və süni oynaq əməliyyatları tibb mərkəzlərində yerli mütəxəssislər tərəfindən yüksək keyfiyyətlə həyata keçirilmişdir.

Azərbaycan səhiyyəsi həm Bakıda, həm də regionlarda tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarında olmuşdur. Bunu xarici mütəxəssislər də elmi simpoziumlarda xüsusi qeyd edirlər. Belə ki, ölkəmizdə ötən ilin yayında çox mühüm idman hadisəsi olan “Formula-1” yarışlarının keçirilməsində qarşıya qoyulan çox ciddi tələblərdən biri də tibb xidmətinin təşkili ilə bağlı şərtlər idi. Bunlar nəinki idmançıların ilkin tibbi yardımının təşkili, ümumiyyətlə, müasir tibb infrastrukturunun olmasını tələb edirdi. Yalnız tibb müəssisələrinin təchizatını, personalın səviyyəsini, tibbi yardımın təşkili vəziyyətini öyrənəndən sonra yarışda tibb xidmətinin təşkili Azərbaycana həvalə edilmişdi.

Azərbaycan səhiyyəsinin ötən ilki uğurlarını müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum İnstitute” Tədqiqat Mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsinin 91-ci pillədən 68-ci pilləyə qalxdığını qeyd edib. Ötən il ölkəmizin iki tibb müəssisəsi də dünyanın ən nüfuzlu JCİ (Joint Commission İnternational) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCİ sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 15 yanvar.- S.4.