İqtisadi
inkişafda Kouz “xətt”i
XV əsrə qədər
dünyanın, demək olar ki, bütün ölkələrində
əhalinin həyat səviyyəsi bu gün geridə
qalmış üçüncü dünya dövlətlərindəki
həyat səviyyəsində idi. Lakin XV əsrdə
baş vermiş renessansdan başlayaraq avropalılar dünyanın
digər xalqlarından sıçrayış nəticəsində
kəskin uzaqlaşdılar və artım tempinə görə
analoqu olmayan bir sürətlə inkişaf etməyə
başladılar. Bu cür dayanıqlı
iqtisadi inkişaf, iqtisadi artım cəmiyyətdə
inklüzivliyi kifayət qədər genişləndirdi və
dərinləşdirdi. Daha sonra bu cür
sürətli inkişaf Şimali Amerikaya, son 100 ildə isə
bəzi Şərqi Asiya ölkələrinə keçdi.
İqtisadi
sıçrayışın formulu varmı Dünyanın bir
çox məşhur alimləri öz tədqiqatlarında həmin
suala cavab tapmağa çalışır, iqtisadi
inkişafın səbəbləri kimi müxtəlif amilləri
qabardırlar.
Lakin məsələ indiyəcən tam həllini
tapmamışdır və bu problemlə əlaqədar elmi
araşdırmalar, diskussiyalar hələ də davam edir.
Qərb ölkələrinin iqtisadi
inkişafının səbəblərini bilmədikləri
üçün keçmiş sosialist ölkələrindən
bir çoxu hələ də nəzərə çarpan bir
uğura nail ola bilmir. Burada
bir məsələni qeyd etmək lazımdır ki, tarixdə
baş vermiş iqtisadi böhranların heç biri öz
dağıdıcı gücünə, miqyasına görə
sosializm düşərgəsinin dağılması nəticəsində
yaranan iqtisadi fəlakətlə müqayisə oluna bilməzdi.
Bu bir sistem transformasiyası idi və əlbəttə
ki, bütövlükdə sistemin dəyişməsi
mövcud iqtisadi münasibətlərin əsasını
sarsıtmalıydı və sarsıtdı da.
Yaranmış bu cür ağır iqtisadi vəziyyətdən
çıxmaq üçün siyasətçilərin təklif
etdikləri proqramlarda iki müddəa xüsusi olaraq diqqəti
cəlb edirdi: iqtisadiyyatın tam
liberallaşdırılması, o cümlədən bazar qiymətlərinin
sərbəstləşdirilməsi və dövlət
mülkiyyətinin özəlləşdirilməsi. Bununla da onlar əhaliyə çatdırmaq istəyirdilər
ki, həmin islahatları həyata keçirdikdən sonra
qısa müddət ərzində cəmiyyətin hər bir
üzvü XXI əsrin “qraf Monte Kristo”su olacaq. Lakin
ötən dövr bütün çılpaqlığı
ilə göstərdi ki, Qərb dünyasının nail
olduğu bugünkü inkişaf səviyyəsi, firavan həyat
onların təsəvvür etdikləri kimi asan və
qısamüddətli bir proses deyil. Bəs,
görəsən, bunun səbəbi nədir?
Bu məqamda monetar nəzəriyyənin
banisi, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
M.Fridmenin sözləri yada düşür. O yazırdı: “İqtisadi
siyasətdəki səhvlər siyasətçilərin və
ya iqtisadçıların qərəzli, pis niyyətləri
səbəbindən deyil, iqtisad elminin öz qüsurları,
nöqsanları və çatışmazlıqları
ucbatından baş verir”. Onun dediyindən belə
bir nəticə çıxarmaq olur ki, hələlik iqtisad
elmi inkişafın əsas səbəblərini əks etdirən
universal bir nəzəriyyə yarada bilməmişdir. Şübhəsiz, əgər belə bir nəzəriyyə
mövcud olsaydı, onda dünyanın bütün ölkələri
həmin nəzəriyyədən istifadə edərək
yüksək inkişaf səviyyəsinə
çatardılar. Deməli, bu məsələdə
hələ də iqtisad elminə bəlli olmayan qaranlıq,
gizli mətləblər və problemlər mövcuddur. İqtisad elmi hələ də təsərrüfat
həyatında baş verə biləcək böhranların,
disbalansların və s. neqativ halların
qarşısını almaq, onların nə vaxt meydana
çıxa biləcəyini öncədən
proqnozlaşdırmaq imkanlarına, iqtisadi inkişafla əlaqədar
sanballı mexanizmləri əks etdirən nəzəriyyəyə
malik deyildir. Hazırda iqtisad elmində
mövcud olan nəzəriyyələrin tam əksəriyyəti
mahiyyət etibarilə sərvətin səmərəli və
ədalətli bölgüsünü, daha dəqiq desək,
iqtisadi tənzimləməni əks etdirən nəzəriyyələrdir.
Bu nəzəriyyələr sırf iqtisadi metod
və prinsipləri əks etdirdikləri üçün hələlik
iqtisadi inkişafla, onu yaradan səbəblərlə, xüsusən
problemin siyasi iqtisadi aspektləri ilə əlaqədar konkret
bir resept təklif edə bimirlər.
Bu gün dünyanın əksər
ölkələrində istifadə olunan monetar və fiskal tənzimləmələrdən
başqa, demək olar ki, heç bir tənzimləmə
metodundan istifadə olunmur. Çünki sadəcə
olaraq üçüncü bir metod hələlik
yaradılmayıb. Lakin mövcud olan bu
metodlar da onlar üçün yaradılan münbit bazar
iqtisadiyyatı şəraitində səmərə verir.
Hansı ölkədə bazar
iqtisadiyyatının, bazar mexanizminin tam gücü ilə
işləməsi üçün münbit şərait
yaradılıbsa, həmin ölkələrdə mövcud
obyektiv iqtisadi konyunkturun tələblərindən asılı
olaraq bu nəzəriyyələrdən istifadə səmərəli
olur. Hansı ölkədə belə bir
mühit, zəmin yoxdursa, bu iki tənzimləmə mexanizmi sadəcə
olaraq formal xarakter daşıyır, imitasiyadan başqa bir
şey olmur və buna görə də onların tətbiqindən
heç bir fayda əldə edilmir. Yəni bu tənzimləmə
mexanizmlərindən yalnız bazar iqtisadiyyatının
mövcudluğunu təmin edən institutların və ya “oyun
qaydaları”nın hökm
sürdüyü münbit şəraitdə istifadə etmək
səmərə verir.
“Bazar
iqtisadiyyatına keçmək həllini tez tapan məsələ
deyil”
Toxunduğumuz məsələ
ilə əlaqədar başqa bir maraqlı fikri iqtisadiyyat
üzrə digər Nobel mükafatı laureatı R.Kouz
demişdir. O
yazırdı: “Keçmiş sosializm düşərgəsinə
daxil olan dövlətlərin liderlərinə biz məsləhət
görürük ki, bazar iqtisadiyyatına keçsələr,
daha yaxşı olar. Etiraf etmək
lazımdır ki, həmin liderlər də bunu etmək istəyirlər.
Amma bazar iqtisadiyyatına keçmək həllini
tez tapan asan məsələ deyildir. Bazara
keçmək üçün ilk növbədə
bazarın səmərəli fəaliyyətini təmin edən
institutları yaratmaq lazımdır. Biz hələlik
öz iqtisadiyyatımız haqqında az
şey bilirik. Nə vaxt biz öz
iqtisadiyyatımız haqda çox şey bilsək, onda həmin
liderlərə məsləhət verməyə
haqqımız çatar”. Avstriya iqtisadi məktəbinin
görkəmli nümayəndəsi, iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı, “Köləliyə aparan yol”
kimi ən antisosialist kitablardan birinin müəllifi F.Hayek isə
birmənalı olaraq qeyd edirdi ki, əgər biz bazar
haqqında hər şeyi bilsəydik, onda sosializmdə
mövcud olan planlı iqtisadiyyat tamamilə haqlı olardı.
Göründüyü kimi, məsələnin
nə qədər ciddi olması bu üç böyük zəka
sahibinin dediklərindən məlumdur.
Odur ki, iqtisadi inkişafla əlaqədar
kamil, universal bir nəzəriyyənin yaradılması
üçün cəhdlər edilir və bu istiqamətdə
Qərbdə, xüsusilə ABŞ-da hətta müəyyən
iqtisadi məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə
institusional iqtisadi nəzəriyyənin əsas simaları
aparıcı rol oynayır. Artıq bu
yolda onlar iqtisadi təhlillərdə institutların əsas
rol oynamasını qabartmaqla iqtisad elmində yeni bir nəzəri
istiqamət müəyyənləşdirirlər. Həmin alimlərin yaratdıqları neoinstitusional nəzəriyyənin
inkişafından sonra iqtisadi artımın amili olan institutlara
diqqət artmağa başlayıb. Buna qədər
isə institutlara ikinci dərəcəli yanaşma ilə
endogen bir məhsul kimi baxışlar dominant rol
oynayırdı. Neoklassik nəzəriyyələrdə əsas
kapitala investisiya qoyuluşu, innovasiya, miqyas effekti, təhsil,
insan kapitalı və s. iqtisadi artımın, inkişafın
fundamental amilləri hesab olunduğu halda, neoinstitusionalistlər
öz tədqiqatları ilə sübut etdilər ki, sadalanan
bu amillər iqtisadi inkişafın, artımın səbəbləri
deyil, elə artımın özü, onun nəticələridir.
İrəli sürülən bu hipotez bir
sıra məşhur tədqiqatçılar tərəfindən
praktikada dəfələrlə yoxlamalara məruz qaldıqdan
sonra iqtisadi nəzəriyyənin ayrılmaz tərkib hissəsi
kimi tanınıb qəbul edildi. Digər tərəfdən,
həm də sübut olundu ki, klassik və neoklassik nəzəriyyələr
iqtisadiyyatın ümumilikdə necə fəaliyyət
göstərdiyini təsvir etdiyi halda, institusional nəzəriyyə
iqtisadiyyatın zaman və məkan daxilində necə
inkişaf etdiyini öyrənir.
Dünyanın məşhur alimlərinin
iqtisadi inkişafda institutların rolunun öyrənilməsinə
həsr olunmuş tədqiqatlarında iki amilə xüsusi yer
ayrılır: hüquqi sistemin keyfiyyəti və maliyyə
sisteminin inkişaf səviyyəsi. Hüquqi
sistem iqtisadi artıma birbaşa deyil, maliyyə
bazarlarının inkişaf səviyyəsi vasitəsilə təsir
göstərir. Bununla da iqtisadçılar iqtisad elminin
“ərazi”si ilə kifayətlənməyərək siyasət,
sosiologiya, hüquq, ekologiya və s. kimi elmlərin “ərazi”sinə
daxil olmaq məcburiyyətində qaldılar. Elmin
digər sahələrində mövcud olan problemlərin
iqtisadi vasitələrlə təhlili ona gətirib
çıxardı ki, müasir iqtisadi nəzəriyyə
çərçivəsində əsas diskussiyalar
institutların əhəmiyyətinə deyil, müvafiq səbəb-nəticə
əlaqələrinin təbiətinin dəqiqləşdirilməsinə
həsr olundu.
İqtisadi inkişafla əlaqədar
aparılan tədqiqatlarda artım amilləri ya birbaşa amillər
qrupuna, ya da fundamental, yaxud dərin amillər qrupuna aid olunur. Birbaşa amillərə ən
çox artımın neoklassik determinantlarını aid edirlər:
əmək, kapital, torpaq və eləcə də məhsuldarlıq.
Fundamental amillər qrupuna isə milli
institutların keyfiyyəti, milli bazarın
ölçüləri, ölkənin beynəlxalq ticarətə
cəlb olunma dərəcəsi ilə ölçülən
xarici iqtisadi inteqrasiya səviyyəsi və ölkənin
coğrafi xarakteristikaları (faydalı qazıntılar, iqlim,
ekvatordan uzaqlığı, dəniz ticarəti yollarına
çıxış) aid edilir. Bir çox tədqiqatlarda
artımda ölkələrarası fərqin daha bir mənbəyi
kimi cəmiyyətin fundamental sosial xarakteristikalarını əks
etdirən sosial mütəşəkkilliyin, həmrəyliyin
(sosial kapital) mühüm əhəmiyyət
daşıdığı ön plana
çıxarılır. Yuxarıda
söylənən fikirlərə baxmayaraq, müasir
institusional tədqiqatlarda iqtisadi inkişaf üçün hələlik
heç bir universal təkliflər irəli sürülmür
və yəqin ki, yaxın gələcəkdə
sürülməyəcək də.
İki nəzəriyyə,
iki baxış
Söylənilən fikirlərə
tam aydınlıq gətirmək üçün
neoinstitusional iqtisadi nəzəriyyə ilə neoklassik iqtisadi
nəzəriyyələr arasındakı prinsipial fərqin
izah olunmasına zərurət yaranır. Baxaq görək
iqtisad elmində bu iki böyük cərəyan
arasındakı fundamental fərq nədən ibarətdir?
Burada bir məsələni qeyd etməliyik: neoinstitusionalistlər
transaksiya xərcləri adlanan yeni bir xərc növündən,
kateqoriyadan geniş istifadə edirlər. Onlar belə hesab
edirlər ki, transaksiya xərcləri həmişə
sıfırdan fərqli müsbət ədəddir; iqtisadi
subyektlərin bazar haqqında məlumatları məhduddur;
iqtisadi subyektlər məhdud rasionallığa malikdirlər;
iqtisadi təhlillərdə institutlar aparıcı amildir;
bazarın “iflas”ına səbəb
mülkiyyət hüquqlarının dəqiq müəyyən
olunmamasıdır (dövlətin iflası); bazar mexanizmi
müftə işləmir və cəmiyyətdən müəyyən
xərclər tələb edir (transaksiya xərcləri).
Neoklassik nəzəriyyə
isə neoinstitusional nəzəriyyənin, demək olar ki, tam əksini
ifadə edir.
Neoklassiklər iqtisadi təhlillərində belə bir
mövqedən şıxış edirlər ki, transaksiya xərcləri
mövcud deyil və onlar sıfıra bərabərdir; iqtisadi
subyektlər bazar haqqında tam məlumata malikdirlər;
iqtisadi subyektlər tam rasional davranırlar; institutlar
ümumiyyətlə mövcud deyil (institusional vakuum); bazar
“iflas”a uğradıqda dövlət iqtisadiyyata mütləq
müdaxilə etməlidir; bazar mexanizmi “müftə” işləyir
və cəmiyyətdən heç bir xərc tələb
etmir.
Hər iki nəzəri məktəbin
iqtisadi məsələlərin təhlilinə fərqli
yanaşmasına əsaslanaraq iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı D.Nort belə hesab edirdi ki, neoklassik nəzəriyyələr
mahiyyətinə görə iqtisadi inkişaf
strategiyasının işlənilməsi üçün əlverişli
alət deyil.
Neoklassiklər öz riyazi aparatından geniş
istifadə etməklə statik dünyanı modelləşdirirlər,
institusional nəzəriyyə isə iqtisadi dinamikanı
öyrənir. R.Kouz isə ironiya ilə qeyd edirdi: “Mənim
gənc olduğum illərdə deyirdilər ki, əgər
ağılsızlıq çox böyükdürsə, onu
söyləmək üçün mahnı kimi oxumaq
lazımdır. Müasir iqtisad elmində isə
bunu riyaziyyatın dilində söyləmək olar”.
Bununla o, tədqiqatlarını dərinləşdirərək
transaksiya xərcləri adlanan bir xərc növünü kəşf
etdi və iqtisadi inkişafın əsl səbəblərinin
açılması istiqamətinə işıq salaraq iqtisadçıların
əlinə onun özünün şərəfinə
adlandırılan Kouz teoremi kimi qüdrətli bir silah verdi. Bu teoremdən təkcə
iqtisadi nəticələr deyil, eyni zamanda bir çox
sanballı siyasi nəticələr alınır. Teoremin möhtəşəmliyi də elə
bundadır.
Keçmiş sosializm
düşərgəsinə daxil olan ölkələrdə
gedən transformasiya prosesinin son 15-20 illik tarixi Kouzun haqlı
olduğunu göstərdi və sübut edildi ki, bazar
mexanizminin aşağı səmərəliyinin əsas səbəbi
adekvat institusional mühitin yoxluğudur. İnstitusional
mühitin keyfiyyəti aşağı olduğundan transaksiya xərcləri
də yüksək və səmərəsizdir. Həmin
ölkələrdə transaksiya xərclərinin səmərəsizliyini
və institusional mühitin təkmil olmamasını şərtləndirən
əsas amillər isə bunlardır: mülkiyyət
hüququnun spesifikləşdirilməsi və müdafiəsi
üçün yüksək xərclər; əhəmiyyətli
inzibati və informasiya baryerləri; qanunvericilik
bazasının ziddiyyətli olması; aşağı səviyyəli
korporativ idarəetmə; bərabər olmayan rəqabət
şəraiti; yüksək paya malik “gizli iqtisadiyyat”; ümumi
iqtisadi müəyyənsizlik; biznesin inkişafı
üçün investisiyaların əldə olunma çətinlikləri;
iqtisadi inkişafın tormozlanması mexanizminin bürokratik təbiətə
malik olması. Sadalanan bu xüsusiyyətlər
sahibkarlıq riskini artırır, işgüzar fəallığı
və ölkə iqtisadiyyatının investisiya cəlbediciliyini
azaldır, ümumilikdə isə səmərəsiz
transaksiya xərclərini yüksəldir.
Transaksiya xərcləri
nədir
İnstitutların
saxlanmasına sərf olunan transaksiya xərcləri cəmiyyətdə
qəbul edilmiş mülkiyyət və azadlıq hüququnun
ayrılması, başqa birisinə keçməsi,
ötürülməsi, verilməsi və mənimsənilməsi
prosesində fərdlərin öz üzərlərinə
götürdükləri öhdəlikləri yerinə yetirməsinə
nəzarət etmək üçün sərf olunan
resurslardır (pul, əmək, vaxt, əsəb və s.). Bu tərifdən
məntiqi olaraq belə bir nəticə çıxır ki,
mülkiyyət insan muxtariyyətinin əsası, azadlıq isə
bu muxtariyyəti reallaşdırmaq üçün şəraitdir.
Transaksiya xərcləri nəzəriyyəsinin əsas tərkib
hissəsi olan R.Kouzun “kənar effektlər”ə (eksternallara) həsr
olunmuş teoremində deyilir: “Əgər mülkiyyət hüquqları
dəqiq müəyyən olunubsa və transaksiya xərcləri
sıfıra bərabərdirsə, onda resursların
allokasiyası (istehsalın strukturu, resursların
bölgüsü, yerdəyişməsi) mülkiyyət
hüquqlarının bölgüsündə gedən dəyişikliklərdən
asılı olmayaraq dəyişməz və səmərəli
olaraq qalacaq”. C.Stiqlets Kouz nəzəriyyəsini qısa şəkildə
bu cür ifadə edir: “Mükəmməl rəqabət şəraitində
fərdi xərclər sosial xərclərə bərabər
olur”. Kouz nəzəriyyəsinə görə,
sosial xərclər fərdi xərclərlə (transformasiya və
ya istehsal xərcləri) eksternal xərclərin (transaksiya xərcləri)
cəmindən ibarətdir. Yəni mükəmməl
bazar rəqabəti şəraitində transaksiya xərcləri
sıfıra bərabər olur və institutlara heç bir
ehtiyac qalmır. Reallıqda isə
institutlar (yazılan və yazılmayan oyun qaydaları) hər
bir cəmiyyətdə və dövlətdə sərvətin
yaradılmasında, onun artımında və səmərəli
bölgüsündə müstəsna rol oynayır. Kouz bu nəzəriyyə ilə demək istəyir
ki, hər bir cəmiyyət, dövlət daim, dayanıqlı
olaraq sərvəti artırmaq, əhalinin rifahını
yüksəltmək istəyirsə, ilk növbədə elə
bir institusional mühit və ya elə bir institusional
infrastruktur yaratmalıdır ki, cəmiyyətin
yaratdığı sərvətin əksər hissəsi ədalətli
və səmərəli şəkildə bazar mexanizmi vasitəsilə
bölünsün.
Burada fərdi xərclər
dedikdə istehsal xərcləri, yəni resursların hazır
məhsula çevrilməsi, transformasiya olunması xərcləri,
eksternal xərclər dedikdə transaksiya xərcləri, yəni
bazar mexanizminin, iqtisadi sistemin saz, işlək vəziyyətdə
saxlanılması xərcləri nəzərdə tutulur. D.Nort hər
iki xərc növünü marksist terminologiyası ilə
adlandırmağı təklif edirdi. Norta
görə, transformasiya (istehsal) xərcləri məhsuldar
qüvvələrin vəziyyəti, transaksiya xərcləri
istehsal münasibətlərinin xarakteri ilə şərtlənən
xərclərin mahiyyətini ifadə edir. O hesab edirdi ki,
transformasiya (istehsal) xərclərinin səviyyəsi ilk
növbədə texnoloji, transaksiya xərclərinin səviyyəsi
isə institusional amillərlə müəyyən olunur. Transaksiya xərcləri institutlar öz
funksiyasını yerinə yetirdiyi, transformasiya xərcləri
təşkilatlar, müəssisələr, firmalar fəaliyyət
göstərdiyi zaman meydana çıxır.
Kouz nəzəriyyəsi
sübut edir ki, rəqabətin sonsuzluğa, transaksiya xərclərinin
isə sıfıra yaxınlaşdığı bazar
innovasiyaların hökm sürdüyü mükəmməl
bazardır, burada heç bir bazar subyektinə imtiyaz verilmir. Mənfi kənar
effektlərin, yəni eksternalların yaranmasına səbəb
qanunvericilikdəki nöqsanlardır. Qiymət (bazar)
mexanizminin təkmil olmamasından yaranan itkilər dövlətin
iqtisadiyyata müdaxiləsi xərclərindən həmişə
az olur. Əgər mülkiyyət
hüquqları dəqiq müəyyən olunubsa və
transaksiya xərcləri sıfıra bərabərdirsə,
onda bazar mexanizmi dövlətin iştirakı olmadan da kənar
effektlərin öhdəsindən gələ bilər. Əgər qiymət mexanizmi məsrəfsiz işləyərsə,
yəni transaksiya xərcləri sıfıra bərabər
olarsa, onda istehsalın son nəticələri hüquqi sistemdən
asılı olmaz. İqtisadi siyasətin
incəliyi cəmiyyətə daha ucuz başa gələn səmərəli
institutların seçilməsindədir, institut nə qədər
səmərəli fəaliyyət göstərərsə,
onun transaksiya xərcləri də bir o qədər
aşağı və səmərəli olar. Nəzəriyyə göstərir ki, cəmiyyətin
hüquqi quruluşu ilə iqtisadi mexanizmin səmərəliyi
bir-biri ilə sıx əlaqədə və
asılılıqdadır, hakimiyyət institutunun səmərəliyinin
ölçüsü ölkə iqtisadiyyatı miqyasında
transaksiya xərclərinin, xüsusilə dövlət
transaksiya xərclərinin azaldılmasıdır.
Transaksiya xərclərini isə iki
hissəyə ayırmaq olar: rəsmi və qeyri-rəsmi. Qeyri-rəsmi transaksiya xərcləri elə
korrupsiyanın özüdür. İqtisadçı
alimlər sübut edirlər ki, qeyri-rəsmi transaksiya xərclərinin
mövcudluğu şəraitində maraqlı qruplar dövlətin
məcburetmə gücünü öz maraqlarına xidmət
etməyə yönəldirlər. Yaranan bu cür vəziyyətin
aradan qaldırılması üçün Kouz hakimiyyətin
ictimai zəruri qaydasına nail olmaq təklifini irəli
sürür.
İqtisadi
inkişafda şəxsiyyətin rolu
Dayanıqlı iqtisadi inkişafa nail
olmaq üçün təkcə institusional islahatlar kifayət
etmir. İslahatlar zamanı ilk növbədə
hansı institutların əsas, birinci olması,
hansılarının isə törəmə institutlar
olmasını dəqiqləşdirmək zərurəti
meydana çıxır. Hesab edirik ki, mülkiyyət
hüququ, sosial kapital və s. institutlar törəmə
institutlardır. İnkişaf etmiş ölkələrin
iqtisadi inkişaf təkamülü və tarixi göstərir
ki, ilk növbədə siyasi iradə və liderlik
institutları olmasa, onların törəməsi olan digər
ikinci dərəcəli institutlar da yaranmaz. Tarix göstərir ki, ictimai marağı şəxsi
maraqlardan üstün tutan böyük liderlər
apardıqları islahatlar vasitəsilə dayanıqlı
iqtisadi inkişafa nail olurlar. Yalnız belə
liderlər proteksionist-oliqarx maraqlarının deyil, monopoliyasız,
liberal dəyərlər üzərində qurulmuş əsl
bazar mexanizminin hökm sürdüyü innovativ demokratik
iqtisadiyyat yaradırlar.
Keçmiş sosializm
düşərgəsinə daxil olmuş ölkələrin
siyasət meydanındakı iqtisadi islahatçıları məhz
bu cür incə məqamları öz proqramlarında nəzərə
almadıqları üçün ilk illər onların irəli
sürdükləri proqramlar cəmiyyət üçün
ciddi bir fayda vermədi. Həmin proqramlar mahiyyət etibarilə cəmiyyətin
malik olduğu sərvətin hakimiyyətdə təmsil olunan
müəyyən qruplar arasında təkrar
bölgüsünü reallaşdırdı və
bugünkü oliqarxların meydana çıxmasına səbəb
oldu.
Lakin elə həmin dövrdə
sosializm düşərgəsinə daxil olan ölkələrin
bir neçəsində aparılan islahatlar kifayət qədər
uğurlu oldu.
Buraya Polşa, Çexiya, Sloveniya, Macarıstan və digər
Şərqi Avropa ölkələrini, Baltikyanı
respublikaları, Cənubi Qafqazda Azərbaycanı, Orta Asiyada
isə Qazaxıstan kimi ölkələri aid etmək olar. Bu ölkələrin indiki iqtisadi vəziyyəti onu
göstərir ki, XX əsrin 90-cı illərində
reallaşdırılan islahatlar nəticəsində
dayanıqlı iqtisadi artım təmin edilmişdir. Qeyd
etmək lazımdır ki, Şərqi Avropa və
Baltikyanı ölkələr bu cür iqtisadi artıma Qərbi
Avropanın və ABŞ-ın güclü siyasi, iqtisadi,
maliyyə dəstəyi nəticəsində, Azərbaycan və
Qazaxıstan isə öz resursları, gücü hesabına
nail olmuşlar. Onu da qeyd edək ki, Azərbaycanın
daha böyük uğura imza atmasının
qarşısını ölkəmizə kənardan
sırınan ərazi iddialı münaqişə
ocağı kəsib. Bu məsələ
xüsusi bir tədqiqat mövzusu olsa da, qısaca olaraq bir
reallığı qeyd etmək zəruridir. Aparılan
iqtisadi islahatların qarşısını həm daxildən,
həm də xaricdən nə qədər almağa
çalışsalar da, ümummilli lider Heydər Əliyevin
qətiyyətli siyasi iradəsi qarşısında heç
bir maneə duruş gətirə bilmədi və ulu öndər
yaradılan bütün süni baryerləri dəf edərək
nəzərdə tutduğu iqtisadi layihələrin, demək
olar ki, hamısını reallaşdırmağı
bacardı. Azərbaycan islahatların birinci mərhələsini
uğurla arxada qoyaraq son 10 ildə yüksək iqtisadi
artım templəri göstərdi. Bu
gün isə ölkəmiz artıq islahatların ikinci mərhələsini
reallaşdırmaq əzmindədir və ümummilli liderin
böyük işlərini layiqincə davam etdirən Prezident
İlham Əliyev ortaya ciddi siyasi iradə qoymuşdur. Son dövrlər atılan addımlar, imzalanan fərman
və sərəncamlar bunları deməyə əsas verir ki,
ölkə islahatların ikinci mərhələsini də
uğurla başa vuracaq. Kouzun iqtisadi
inkişafda şəxsiyyətin rolu ilə bağlı irəli
sürdüyü nəzəriyyədən alınan nəticələr
də elə bu deyilənləri özündə əks
etdirir.
Belə bir nəzəriyyəni
irəli sürməklə Kouz hətta öz vətəni
ABŞ-da da bəzilərinin şəxsi maraqlarına
toxunmaqla ciddi tənqidlərə məruz qalmışdır. “İntellektual komfort”un
pozucusu R.Kouz bir çox intellektualların hiss etdiyi “koqnitiv
dissonans” kimi fenomeni şərh edərək yazırdı ki,
dövlət qulluğu bu mütəxəssislərin az qala
yeganə məşğulluq sahəsi olduğu
üçün onlar hər yerdə “bazarın
iflası”nı axtarıb taparaq bu əsasda konsepsiyalar,
doktrinalar irəli sürürlər və dövlətdə
ixtisaslarına tələb yaratmaqla öz məşğulluqlarını
təmin edirlər. Tam elmi əsası olmayan
yeni sosial və siyasi doktrinaların irəli sürülməsi
nəticəsində yaranan eksternallar isə bir çox
insanlar üçün faciəyə çevrilə bilər,
vətəndaş müharibəsinə, etnik
qarşıdurmalara, hətta bütöv xalqların və
sivilizasiyaların məhvinə gətirib çıxarar.
Hazırda dünyada baş verən hərbi-siyasi
konflikt və müharibələr, qanlı toqquşmalar bu
deyilənlərin əyani sübutudur. Bundan əlavə,
Kouz nəzəriyyəsi həm də siyasi iqtisadın əbədi
problemlərindən birini həll edir: görəsən, səmərəlik
və istehsal qanunlarının bölgü qanunlarından
asılı olmadığı şərait, dünya
varmı? Nəzəriyyə bu suala belə cavab verir: bəli,
var, bu dünya transaksiya xərclərinin sıfıra bərabər
olduğu mistik bir dünyadır. Transaksiya xərcləri
sıfırdan fərqli müsbət ədəd olduqda
artıq mülkiyyətin, nemətin bölgüsünü
şərtləndirən hüquqlar və bu əsasda
yürüdülən siyasət iqtisadi sistemə birbaşa təsir
etməyə başlayır. Transaksiya xərcləri
yalnız ibtidai icma quruluşunda, dövlətin
olmadığı bir mühitdə və bir də innovativ
bazarın bərqərar olduğu yüksək texnoloji cəmiyyətdə
sıfıra bərabər ola bilər. İnnovativ bazara malik yüksək texnoloji cəmiyyətdə
hər bir fərd bütün ehtiyaclarını şəxsən
özü ödəyir və heç bir istehsalçıya
ehtiyac duymur. Məhz dövlət
yarandıqdan və mülkiyyət hüquqları
tanındıqdan sonra istehsal fəaliyyəti, bol nemət
yaratmaq istəyi cəmiyyətdə özünə yer
tutmağa başladı və bu əsasda transaksiya xərcləri
meydana çıxdı. Lakin transaksiya xərclərinin
özü deyil, onun strukturu iqtisadi inkişaf və artım məsələsində
əsas, aparıcı rol oynayır.
R.Kouz göstərir ki,
transaksiya xərcləri mövcud olmadıqda hüquqi sistem
heç bir əhəmiyyət kəsb etmir. Belə bir
dünyada iqtisadi sistemi yaradan institutlar heç kimə və
heç nəyə lazım deyil. Transaksiya
xərcləri sıfıra bərabər olduqda, yəni bu xərclər
mövcud olmadıqda xüsusi mülkiyyət hüququ
haqqında fərziyyə kənara atılmalıdır və
bu, Kouz nəzəriyyəsini dəyişməyəcək.
Bu xərclər olmadıqda nəyisə sürətləndirməyə
heç bir ehtiyac yoxdur və hər bir
qarşılıqlı iqtisadi fəaliyyət elə
reallaşacaq ki, sanki əbədiyyət bir anda yaşanır.
Belə bir dünyanın xüsusiyyətlərinin
tədqiqinin heç bir mənası, əhəmiyyəti
yoxdur. Ona görə də real həyatda
real şəkildə obyektiv mövcud olan həqiqi
dünyanın öyrənilməsi üçün iqtisadi təhlillərdə
müsbət transaksiya xərcləri mütləq nəzərə
alınmalıdır.
R.Kouz dövlətlə
xalqın uğurlu qarşılıqlı fəaliyyət
prinsipini qısa və dürüst şəkildə ifadə
etdiyinə görə 1991-ci ildə iqtisadiyyat üzrə
Nobel mükafatına layiq görülmüşdür və
bununla sübut etmişdir ki, inkişaf səviyyəsindən
asılı olmayaraq heç bir dövlət eksternallar
problemini optimal səviyyədə həll etməyə qabil
deyil. Dövlət kənar effektləri, yəni
eksternalları düzgün qiymətləndirə, xərc və
gəlirləri müqayisə edə, tərəflərin
maraqlarını razılaşdıra bilməz. Dövlətin
bu tip proseslərdə iştirakı böyük xərc tələb
edir. Bununla da Kouz göstərmişdir ki,
problemi yalnız maraqlı tərəflər arasındakı
razılıq əsasında, yəni bazar vasitəsilə həll
etmək mümkündür. Ölkə
miqyasında isə bu problem maraqlı tərəflər kimi
hakimiyyətlə əhali arasında razılıq əsasında
öz həllini tapa bilər. Bu münasibətdə
xalq xidmətlərin sifarişçisi, qanunverici orqan və
hökumət isə həmin sifarişləri yerinə yetirən
icraçılar, xidmətçilər rolunda
çıxış edirlər.
D.Nort və bir sıra alimlər
öz hesablamalarına əsaslanmaqla milli hesablar sistemini tənqid
edərək yazırlar ki, ÜDM, ÜMM və s. kimi milli
hesabatların tərtib olunmasında bu gün istifadə edilən
prinsiplər artıq köhnəlmişdir. Çünki
bu prinsiplər transaksiya xərclərinin iqtisadi fəaliyyətdə
nəzərə alınmadığı dövrlərdə
işlənmişdir. Buna görə də
həmin prinsiplər yenidən müəyyənləşdirilməlidir.
Həmin alimlər milli məhsulda üç əsas iqtisadi fəaliyyət
sahəsinə uyğun olaraq üç əsas
kateqoriyanın müəyyən olunmasını təklif
edirlər: bunlar istehsal, nəqliyyat və transaksiya
sektorlarıdır. Onlar qeyd edirlər ki, iqtisadi
artım nəzəriyyələrində hələ bir
çox fundamental problemlərin tədqiqinə ehtiyac var və
gələcəkdə həmin problemlərin həllinə
yönəldilmiş istənilən cəhdlərdə
transaksiya xərcləri mütləq nəzərə
alınmalıdır.
Kouzun bu xərclər
haqqındakı fikirləri bir çox modifikasiyalara, dəyişikliklərə,
əlavələrə məruz qalsa da, transaksiya xərcləri
anlayışı müasir iqtisadi nəzəriyyə tərəfindən
qəbul edildi və zaman ötdükcə çox
böyük analitik əhəmiyyət kəsb etməyə
başladı.
Bu gün müasir iqtisadi nəzəriyyədə
nəzərə alınmayan transaksiya xərcləri
anlayışı olmadan iqtisadi sistemin necə fəaliyyət
göstərdiyini başa düşmək, burada meydana
çıxan bir sıra problemləri təhlil etmək,
islahat proqramları hazırlamaq, eləcə də siyasi təkliflər
irəli sürmək üçün əsas əldə etmək
mümkün deyildir.
Kasıblıqdan
zənginliyə keçməyin yolu
İndi isə məqaləmizin
əvvəlinə qayıdaq. Məsələ belə
qoyulmuşdu ki, bir çox məlum ölkələrdə inkişafın
səbəbi nədir?
Həmin ölkələrin
inkişaf tarixinə nəzər saldıqda görmək olur
ki, onların inkişafı üçün yazılan proqram
və islahat zərflərinin müəllifləri var. Yüksək
iradi keyfiyyətlərə, vətənpərvərliyə və
uzaqgörən siyasi təfəkkürə malik olan həmin
müəlliflər öz xalqlarının
bütövlükdə ictimai həyatında və onların
firavan gələcəyində müstəsna rol oynamaqla tarixi
şəxsiyyətlərə, yaşadıqları dövrdə
liderlərə çevrilmişlər. Onlar mənsub
olduqları xalqın mental, emosional, əqli və digər
xüsusiyyətlərini dərindən bildikləri
üçün özlərindən sonra öz
orijinallığı, unikallığı ilə seçilən
səmərəli bir iqtisadi sistem qoyub getmişlər. Belə bir sistemin unikallığı ondadır ki,
yaradılan institusional mühit və infrastruktur
dayanıqlı iqtisadi artıma, innovativ məhsul
istehsalına, elmi ixtiraların istehsala tətbiqinə və ən
əsası, daim artan kapital yaratma xüsusiyyətlərinə
malikdir. Qərb ölkələrindəki
tədrici inkişaf həm də onunla izah edilir ki,
böyük elmi kəşflər və bu əsasda meydana
çıxan ixtiralar istehsala tətbiq olunaraq innovativ
iqtisadiyyatın inkişafına gətirib
çıxarmışdır. Elmi biliklərin
həmin bu artımı Qərbin iqtisadi inkişafını
formalaşdırmış və
qidalandırmışdır. Sözsüz
ki, belə bir dayanıqlı və uzunmüddətli iqtisadi
artım, inkişafın intensiv tipi Qərbin təsərrüfat
sisteminin strukturunun dərinliklərində qurulan institusional
mexanizmlər əsasında baş verə bilərdi.
Zəngin və kasıb
ölkələrin inkişafındakı fərqi müqayisəli
şəkildə təhlil etdikdə görmək olur ki,
ikincilərin iqtisadi cəhətdən çiçəklənməsinin
qarşısını kəsən əsas maneələrdən
biri elə həmin elmi ixtiraların baş verməməsi,
az-çox olanların da istehsala tətbiq edilməməsi və
bunun nəticəsi kimi onların kapital yarada, kapitala
çevrilə bilməmələridir. Belə
ölkələrdə hətta əhalinin əlindəki real
resursların da adekvat olmayan institusional mühitin
yaratdığı çox zəif hüquqi sistem
ucbatından real iqtisadi aktivlərə transformasiya edilməsi
mümkün deyil. Əməyin məhsuldarlığını
yüksəldən və sərvət yaradan əsas güc,
qüvvə isə məhz kapitaldır. Kapital
zəngin ölkələrin qan-damar sistemidir, tərəqqinin
əsası, fundamentidir. Kasıb ölkələrdə
əhalinin əlində olan aktivlərin hüquqi cəhətdən
adekvat sənədləşməsi olmadığı
üçün həmin aktivlər ölü kapitala
çevrilir. Qərb ölkələrində
isə əksinə, hər bir torpaq sahəsi, hər bir
tikili, istehsal avadanlıqları öz hüquqi ifadəsini sənədlərdə
tapır ki, bu da onların mülkiyyət
hüquqlarını müəyyən edir. İnkişaf etmiş ölkələr hüquqi sənədləri
iqtisadi müstəviyə gətirməklə maddi əşyaları
gəlir gətirən və mərhələli şəkildə
daim artan aktivə, kapitala transformasiya etmək kimi bir imkana
malikdir. Məhz bu səbəbdəndir ki,
onlar yeni kapitallar yaratmağı bacarırlar. Bu ölkələrdə kapital əvvəlkindən
daha böyük həcmdə təkrar istehsal olunur və
kapitalın “nəsilartırması” fasiləsiz olaraq əsrlərlə
dayanıqlı şəkildə davam edir. Alimlər belə hesab edirlər ki, həmin dövlətlərdə
kapitalın bu dayanıqlığının
qidalandığı mənbə hələ də gizli
qalır, o, heç kəsə bəlli olmayan qaranlıq bir
dünyadadır, mexanizmi isə sanki “qara qutu”ya
salınmışdır. Əslində isə
bu, çox əzəmətli, möhtəşəm bir
mexanizmdir və inkişaf etmiş ölkələrdə kifayət
qədər səmərəli şəkildə fəaliyyət
göstərir. Burada söhbət aysberqin
yalnız görünən hissəsindən - mülkiyyət
sisteminin əsasını təşkil edən hüquqi
infrastrukturdan gedir. Aysberqin görünməyən
böyük hissəsi isə insan əlinin müəmmalı,
sirli əməllərinin nəticəsidir ki, o da maddi əşyaları
və əməyi kapitala çevirir. Bu
mexanizm kiminsə ixtirası, kəşfi deyil. O, bir
instinkt kimi Qərb xalqlarının iqtisadi təhtəlşüurunun
dərinliklərində gizlənmişdir.
Bəs necə oldu ki, Qərb
xalqlarının iqtisadi şüurunda instinkt kimi yatan bu
keyfiyyət birdən-birə onların inkişafına təkan
verən yaradıcı, innovativ bir amilə çevrildi? Hansı amil
onların bu keyfiyyətinin iqtisadi inkişafa, firavan həyata
transformasiya edilməsinə səbəb oldu? Buna birmənalı
belə cavab vermək olar: məhz Kouz teoreminin, demək olar
ki, əsas tələblərinə cavab verən institusional
mühitə malik iqtisadi sistemin qurulması həmin ölkələri
bugünkü inkişaf səviyyəsinə gətirib çıxarmışdır.
İqtisadi inkişaf üçün zəruri
olan institusional mühit isə yalnız liderlik və siyasi iradə
institutlarının təsiri əsasında yarana bilər.
İnkişaf etmiş
ölkələrin xalqları çoxdan dərk etmişlər
ki, kasıblıqdan zənginlik istiqamətində yerdəyişmə
sosial mənada maddi durumun yaxşılaşması deməkdir. Bunun
üçünsə onlar ilk növbədə onlara bu
cür firavan həyatı bəxş edən öz tarixi
şəxsiyyətlərinə, onların qoyub getdiyi
böyük elmi, siyasi və iqtisadi irsə minnətdar
olmalıdırlar. Qərb ölkələrindəki
indiki firavan həyat həmin tarixi şəxsiyyətlərin,
liderlərin zəkasının, təfəkkürünün,
güclü siyasi iradələrinin məhsuludur. Bu məntiqdən çıxış edərək
demək olar ki, tarixi şəxsiyyətlər xalqların həyatında
çox böyük rol oynayır.
İnkişaf etmiş ölkələrin
inkişafında əsas rol oynamış liderlik və siyasi
iradə, öz növbəsində, xüsusi mülkiyyət,
sosial kapital, liberal bazar və s. kimi institutların törəməsinə
səbəb olmuşdur. Başqa sözlə,
liderlik və siyasi iradə institutları cəmiyyətin
iqtisadi inkişafına gətirib çıxaran bir çox
siyasi institutların da formalaşmasının əsasını
təşkil etmişdir. Bu isə
bütün institutların liderlik və siyasi iradə
institutlarının törəmələri olduqları deməkdir.
Əgər cəmiyyətdə siyasi
institutların müəyyən bir strukturu varsa, deməli,
onlar həmin cəmiyyətin simasını müəyyən
edir. Burada əsas rol yazılmayan oyun
qaydalarına məxsusdur və onlar bu gün siyasi mədəniyyət
adlandırılır. Qısa şəkildə
desək, institutlar necədirsə, cəmiyyət də o
cürdür.
Müsbət tipli liderlərin
yaratdığı dövlət və ya iqtisadi sistem insanlara
öz istedadını göstərməyə, öz innovativ
keyfiyyətlərini bazarda realizə etməyə, əhalinin əqli
və fiziki mülkiyyət hüququnun təsbit olunmasına,
onun qorunmasına imkan, şərait yaradır. Xalqın sərbəstləşən
innovativ, yaradıcı enerjisi lazımi, faydalı istiqamətə
yönəldilir. Bu əsasda yaranan yeni elmi
nailiyyətlər, texnika və texnologiya iqtisadiyyata tətbiq
olunur. Bir sözlə, dayanıqlı
iqtisadi artıma, inkişafa nail olmaq istəyən lider Kouz nəzəriyyəsinin
tələblərinə cavab verən münbit institusional
mühitə əsaslanan iqtisadi sistem qura bilməsə,
dayanıqlı iqtisadi inkişaf arzu, illüziya olaraq
yalnız xəyallarda yaşayacaq.
Nazim
HÜSEYNOV,
iqtisad üzrə
fəlsəfə doktoru
Azərbaycan.-
2017.- 15 yanvar.- S.5.