2017-ci ildə Azərbaycanın xarici siyasətinin yeni
üfüqləri
Yenidən müstəqillik qazanmasının 25 ilini tamamlayan Azərbaycan Respublikası ötən tarixi dövrdə beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət strategiyası bu gün Azərbaycanın qlobal və regional müstəvidə müstəqil siyasət həyata keçirən azsaylı dövlətlərdən birinə çevrilməsinə səbəb olmuşdur.
Beynəlxalq münasibətlər sistemində 25 illik təmsilçilik
Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasət milli maraqlar əsasında müstəqil, balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu münasibətlər, etibarlı tərəfdaşlıq prinsiplərinə söykənir. Bu xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdə mövqeyini yeni zirvələrə yüksəltmişdir. İlkin mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi potensialın ölkənin xarici siyasət mövqelərinin gücləndirilməsinə yönəldilməsi, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə beynəlxalq münasibətlər sisteminin çevik iştirakçısına və regionun iqtisadi güc mərkəzinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edirdi.
Azərbaycan Respublikasının xarici siyasətində milli maraqlar əsasında müstəqil siyasət kursu məhək daşı rolunu oynayır. Qeyd etməliyik ki, dünya nizamının yenidən formalaşmaqda olduğu müasir dövrümüzdə müstəqil xarici siyasət həyata keçirmək olduqca çətindir. Tarix isə göstərir ki, hər bir əsrin əvvəli və sonu geosiyasi transformasiyaların ən çox müşahidə olunduğu zaman kəsiyidir. Bu mənada XXI əsrin başlanğıcı da kiçik dövlətlərin siyasi səhnədə müstəqil xarici siyasət apara bilməsi baxımından yalnız istisnalara şamil oluna bilər. Digər tərəfdən isə ölkəmizin yerləşdiyi regionun geosiyasi çəkisi və mürəkkəbliyi bu seçimi daha da çətinləşdirir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionda milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış siyasət yeritmək olduqca çətindir. Prezident İlham Əliyev 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasında ölkəmizin bu mövqeyini bir daha bəyan etdi: “Heç kim bizə heç nəyi diktə edə bilməz. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır”. Bu, müstəqil siyasi kursun xarici siyasətimizdə əsas meyar olmasına dəlalət edir.
2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olurdusa, 2017-ci ildə ölkəmizin beynəlxalq münasibətlər sistemində təmsil olunmasının 25 illiyidir. Belə ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini 1991-ci ildə elan etsə də, xarici ölkələrlə diplomatik münasibətlər qurması 1992-ci ildən başlamışdır. Cari ildə Azərbaycanın 68 dövlətlə diplomatik münasibətlər qurmasının 25 ili tamam olur. İlk diplomatik münasibətlərimizin qurulduğu qardaş Türkiyədən sonra dünyanın əksər mühüm dövlətləri ilə diplomatik əlaqələrimiz yaradılmışdır. Hazırda Azərbaycanın 177 ölkə ilə diplomatik münasibətləri mövcuddur. 2017-ci ildə eyni zamanda respublikamızın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının da 25 illiyi tamam olur. Nə qədər ağır olsa da, bu il Xocalı soyqırımının törədilməsindən 25 il keçir. Erməni vəhşiliyinin nəticəsi olan bu faciənin dünya miqyasında tanıdılması xarici siyasətimizin qarşısında duran prioritet vəzifələrdəndir.
Beləliklə, beynəlxalq səviyyədə diplomatik münasibətlərimizdə əsrin dörddə biri kimi əlamətdar tarixi dövrə daxil olduğumuz 2017-ci ildə Azərbaycan beynəlxalq aləmdə yeni-yeni nailiyyət və uğurlara istiqamətlənmişdir. Eyni zamanda dünyada baş verən yeni çağırış və təhdidlərə uyğun çevik xarici siyasi kursun aparılması günümüzün reallığıdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli -
sülh, yoxsa müharibə
Heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin qarşısında duran ən böyük vəzifədir. Bu münaqişə, hətta regional miqyası da aşaraq daha böyük coğrafi məkanda siyasi konfiqurasiya üçün böyük təhdiddir. Eyni zamanda erməni tərəfi dünya ictimaiyyətini aldatmağa çalışır ki, bu konflikt dini əsaslara söykənir və bu istiqamətdə geniş təbliğat aparır. Münaqişənin əsl mahiyyətini, ermənilərin əsassız ərazi iddialarını pərdələmək üçün ortaya atılan bu yalan çox təəssüf ki, Qərbdə müəyyən dairələr tərəfindən dəstəklənir. Əslində, dini, mədəni fobiyaların artdığı müasir dünyada bu cür yanaşma həqiqətlərin deyil, fobiyaların beynəlxalq sistemdə təsir gücünü müəyyənləşdirməyə imkan verir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin regional çərçivəni aşaraq qlobal qüvvələr müstəvisində əks olunduğunu bir daha göstərir. Eyni zamanda əksər xarici ekspertlərin, sivilizoloqların, siyasətçilərin fikrinə görə Qafqazın sivilizasiyaların toqquşma xəttində yerləşməsi və regionda qlobal güclərin maraqları münaqişənin həllini daha da çətinləşdirir.
2016-cı il atəşkəsdən bu yana keçən dövr ərzində əlamətdar bir il olmuşdur. Belə ki, keçən ildə tərəflər arasında həm münaqişənin hərbi, həm də sülh yoluyla həlli ilə bağlı indiyə qədər görünməmiş hadisələr baş vermişdir. Atəşkəsdən bəri tərəflər heç vaxt indiki kimi böyük müharibəyə və digər tərəfdən ictimai sülh təşəbbüsünə yaxın olmamışlar.
İlk növbədə
keçən ilin aprel ayında Azərbaycanla Ermənistan
arasında qoşunların təmas xəttində
“dördgünlük müharibə” adlandırılan hadisəyə
diqqət yetirmək istərdik. Məlum olduğu kimi, aprel
ayında qoşunların təmas xəttində Ermənistanın
hərbi qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan
Ordusu əks-hücumla müəyyən əraziləri
işğaldan azad etmişdir. Bu, münaqişənin tarixində
olduqca həlledici bir məqamdır. Aprel hadisələrinə
Azərbaycan və Ermənistan ictimaiyyətinin reaksiyası
münaqişənin gələcək taleyini aydın görməyə
imkan verir. Azərbaycan cəmiyyətində bu hərbi
əməliyyat stereotiplərin qırılması,
özünəinam və yüksək vətənpərvərlik
əhvali-ruhiyyəsi ilə qarşılandı. İlk
növbədə cəmiyyətimiz Azərbaycan Ordusunun qələbəsinə
inandı, qalib Azərbaycan Ordusu fikri üstün mövqe
qazandı. Eyni zamanda ölkədə hər kəs
yüksək əhvali-ruhiyyədə torpaqlarımızı
azad etmək üçün cəbhəyə getməklə
bağlı təşəbbüs göstərdi. Ermənistan
ictimaiyyətində isə erməni ordusunun məğlubiyyəti
cəmiyyətin onsuz da ümidsizlik baxışını daha
da dərinləşdirdi. Paytaxt İrəvanda
işğalçı hərbi xunta rejiminə qarşı mənasız
əsgər ölümlərinə görə böyük
etirazlar oldu. Azərbaycanda insanlar səngərə
getmək üçün yarışdığı halda, Ermənistanı
tərk edənlərin sayı daha da artdı. Təsadüfi
deyil ki, aprel-iyun aylarında Ermənistandan xaricə
miqrasiyanın sayı orta aylıq rəqəmi ötdü. Statistik məlumatlara görə,
son illər Ermənistanda hər il 80-90 min insan ölkədən
qaçır. Yəni orta aylıq təxminən
6-7 min nəfər. Aprel hadisələrindən
sonra isə bu rəqəm aylıq 10-12 min nəfərə
qalxmışdır. Ümumiyyətlə,
Ermənistanın bir ölkə olaraq demoqrafik gələcəyi
yoxdur. Ölkədən qaçanların sayı durmadan
artır, təbii artımın səviyyəsi isə hər il azalır.
Bütün bunların
günahı isə hətta öz xalqının belə gələcəyini
düşünməyən hakimiyyətdə olan
işğalçı hərbi xuntadır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprel hadisələrinin erməni
mifinin dağıdılmasına təsirini xüsusi qeyd edərək
mövcud status-kvonun bizim üçün qəbuledilməz
olduğunu bildirmişdir: “Aprel döyüşləri həm
bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan
dövlətinin gücünü göstərdi, həm də
bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə
barışmayacağıq. Biz bütün təxribatlara
layiqli cavab verəcəyik. Eyni zamanda, illər
boyu Ermənistan tərəfindən yaradılmış mif
tamamilə darmadağın edildi. Xaricdən
silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində
bizim qabağımızda duruş gətirə bilməzlər.
Bunu özləri də etiraf edirlər”.
Beləliklə, aprel hadisələri
münaqişə tərəflərində hərbi sahədə
olduğu kimi, sosioloji və psixoloji cəhətdən fərqli
mənzərənin yaranmasına səbəb oldu. Bir tərəfdə
xalqın etimad etdiyi Ali Baş Komandanın ətrafında birləşərək
müharibəyə hazır olan Azərbaycan, digər tərəfdə
isə məğlub psixologiyasının təzyiqi altında
danışıqları pozmağa çalışan,
destruktiv mövqe nümayiş etdirən və xalqla hərbi
xunta iqtidarı arasında böyük uçurum olan Ermənistan.
2016-cı ildə
münaqişə tərəfləri arasında sülh təşəbbüsləri
də ortaya çıxdı. Bu da ilk növbədə
hər iki tərəfin münaqişənin həllinə
münasibətilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan tərəfi
danışıqlar prosesi ilə bağlı konstruktiv
mövqeyini açıq ortaya qoyur. Prezident
İlham Əliyev Dağlıq Qarabağa Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində ən
yüksək muxtariyyət verilə biləcəyini ifadə
etdi. Bu, Azərbaycanın prinsipial
mövqeyidir. Ermənistanda iqtidarda olan hərbi
xunta isə münaqişədən hakimiyyətdə qalmaq
üçün istifadə edir. Buna
görə yalnız danışıqları pozmaqla, həlledici
anlarda təxribat törətməklə hətta erməni
ictimaiyyətini da narazı salır. Münaqişənin
həllinin süni surətdə uzadılması iqtisadi cəhətdən
böyük çətinliklərlə yaşayan, hərbi
xuntanın təzyiqlərindən cana doyan
erməni cəmiyyətində də mənfi
qarşılanır. Fikrimizcə, məhz bu
amillər keçən ilin sonlarında Ermənistandan
qaçaraq Azərbaycana sığınan sülh tərəfdarı
ermənilərlə azərbaycanlıların birgə
“Sülh Platforması” təşəbbüsünün ortaya
çıxmasına səbəb oldu.
“Sülh Platforması”
2016-cı ildə tərəflər arasında münaqişənin
həllinə doğru yeni bir baxış oldu. Ümumilikdə
regionla bağlı araşdırma aparan beyin mərkəzləri,
xarici ekspertlər arasında münaqişənin gələcəyi
ilə bağlı ən böyük maneənin hər iki
ölkə ictimaiyyətinin barışığa hazır
olmaması fikri dominantlıq təşkil edir. Bu mənada yeni platforma xalqların bu tezisini dəyişir.
Belə ki, Ermənistanda hərbi xuntanın
münaqişədən hakimiyyət naminə istifadə etməsindən
bezən insanlar iki xalq arasında barışıq
üçün missiya başladılar. Bu
təşəbbüs münaqişənin sülh yolu ilə
həllinə tərəfdar olan azərbaycanlılar tərəfindən
dəstəkləndi. Hazırda bu
platformaya qoşulan ermənilərin sayı artmaqdadır.
Mövcud vəziyyətin ancaq ölüm, fəlakət,
problemlər gətirdiyini əsas tutan bu təşəbbüsün
tərəfdarları Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
sülh yolu ilə həllini dəstəkləyir. Maraqlısı odur ki, erməni cəmiyyətində
bu təşəbbüsə həm Ermənistandan, həm də
diaspordan qoşulanlar var. Bu isə iqtidarda olan hərbi
xuntanın heç bir ictimai dayağının
olmadığını bir daha göstərir.
Beləliklə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini hərb və ya
sülhlə həll etmək təşəbbüsləri
qarşıdakı ildə də ən vacib məsələ
olaraq qalır.
Əsas odur ki, mövcud status-kvonun davam etməsi
artıq hamı üçün qəbuledilməzdir. Azərbaycan heç zaman işğal vəziyyəti
ilə razılaşmayıb, artıq vasitəçilər də
bütün görüşlərdə bu prinsipi bildirirlər.
İndi isə sadə ermənilər tərəfindən
status-kvonun erməni xalqına deyil, iqtidardakı hərbi
xuntaya xidmət etdiyi və vəziyyətin dəyişdirilməsi
zərurəti ortaya atılıb. Azərbaycan
münaqişənin həlli üçün həm hərb,
həm də sülh yoluna hazırdır. Status-kvonun
dəyişməsi isə qaçılmazdır.
2017-ci il - “İslam həmrəyliyi ili”
Günümüzdə dünyada
bütün sahələrdə münasibətlərdə gərginlik
hiss olunur. Bu gərginlik istər qlobal iqtisadi
böhran və tənəzzüldə, istər böyük
güc mərkəzləri arasında anlaşılmazlıq və
qarşıdurmada, istərsə də müxtəlif dinlər
və mədəniyyətlər arasında toqquşmalarda
özünü göstərir. Dünyada
qaynar nöqtələrin, münaqişə bölgələrinin
sayı getdikcə artır. Dini
dözümsüzlük, miqrantlara qarşı
ayrı-seçkilik, islamofobiya, ekstremistlərin dini pərdələnməsi
və digər neqativ hadisələr dövrümüzün nəbzini
müəyyənləşdirir.
Avropa artıq
özününkü olmayanlara qarşı
dözümsüzlük nümayiş etdirənlərin,
ayrı-seçkilik edənlərin Avropasıdır. Ən təəssüfləndirici
isə odur ki, bu münasibət Qərb cəmiyyətinin
bütün təbəqələrində - siyasi liderlər,
akademik dairələr, sadə vətəndaş cəmiyyətində
müşahidə olunur. Biz ötən illərdə
Avropa ölkələrində miqrantlara qarşı
alçaldıcı hərəkətlərin, islamofob meyillərin
şahidi olduq. Düşündürücüdür
ki, miqrantlara qarşı bu münasibət ancaq müsəlman
qaçqınlara göstərilir. Misal
üçün, Mərkəzi Avropa ölkələrindən
Çexiyada ölkəyə gələn miqrantlar arasında
vyetnamlılar heç də müsəlmanlardan sayca az deyil. Ancaq ölkədə
siyasi partiyalar və siyasətçilər arasında müsəlman
miqrantlara qarşı dözümsüzlük olduğu halda,
rəsmi səviyyədə vyetnamlıların ölkəyə
adaptasiyası üçün proqramlar həyata
keçirilir. Təəssüf ki, bu
cür yanaşmaya Avropanın əksər ölkələrində
rast gəlinir.
Prezident İlham Əliyev 2016-cı
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasda
Qərbdə gedən bu islamofob meyillərin dünya
miqyasında yaratdığı problemlərə toxunaraq bildirmişdir:
“Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri
“Stop İslam” deyirlər. Bəziləri deyirlər
ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq
müsəlmanları yox. Bu, faşizmdir və faşizm
harada yaranıb, - biz yaxşı bilirik və
unutmamışıq. Faşizm İslam aləmində
yaranmayıb”.
Qərb dini, mədəni,
etnik fərqliliklərə dözümsüzlük
nümayiş etdirdiyi zaman, digər tərəfdən
İslam aləmində də dinin müxtəlif məzhəb
və təriqətləri arasında barışmaz
mübarizə gedir. Yaxın Şərqdə baş verən
qanlı toqquşmalarda geosiyasi faktorlarla yanaşı məzhəb
düşmənçiliyi də mühüm rol oynayır.
Məhz belə bir şəraitdə 2017-ci ilin
Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması
ölkəmizin dünyada sülh, barışıq və
birliyə çağırışının göstəricisidir.
Tarixən ölkəmizdə
müxtəlif dinlərin və mədəniyyətlərin
daşıyıcıları birgə yaşamışlar və
bu, Azərbaycan cəmiyyətinin zənginliyinə səbəb
olmuşdur. Azərbaycan xristianların da, yəhudilərin də
uzun əsrlərdir birgə yaşadığı müsəlman
ölkəsidir. Fərqli dəyər
daşıyıcılarının qarşılıqlı
hörmət əsasında birgəyaşayışına əsaslanan
multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul
olunur. Tarixin bütün zamanlarında
ölkəmizdə dini, irqi, milli və ümumiyyətlə hər
hansı bir ayrı-seçkilik olmamışdır.
Xalqımızın xoşbəxtliyi
ondadır ki, bizim cəmiyyətdə din heç zaman xurafat
olaraq üstünlüyə malik olmamışdır, əksinə,
Azərbaycan bütün mərhələlərdə intibaha
töhfə vermişdir. Hələ orta əsrlərdə Azərbaycan
mütəfəkkirləri İslam İntibahının
öndə gedənlərindən olmuşdur. İslam dünyagörüşünün əksər
maarifçi baxışlarında - sufilikdə, hürufilikdə
azərbaycanlı alimlər məktəb
yaradıcıları kimi tanınmışlar. Şərqdə bir çox ilklər Azərbaycanın
adı ilə bağlı olmuşdur. Müsəlman
Şərqində ilk opera, teatr, parlamentli respublika,
qadınlara seçki hüququ məhz Azərbaycanın
adı ilə bağlıdır.
Müasir dövrdə də
Azərbaycan bu yanaşmanı davam etdirir, ölkəmiz
bütün dünyada tolerantlığın ünvanına
çevrilmişdir. Eyni zamanda İslam aləmində müxtəlif
məzhəblərin qarşılıqlı hörmət
şəraitində, dinc yanaşı yaşadığı məkandır
Azərbaycan. Keçən il
Bakıda “Heydər məscidi”ndə İslam dininin müxtəlif
cərəyanlarının təmsilçilərinin bir yerdə
vəhdət namazı qılması Azərbaycandan İslam
dünyasına göndərilən ən güclü həmrəylik
mesajı idi.
Azərbaycanın tarixən
dini və mədəni tellərlə bağlı olduğu
İslam dünyası ölkələri ilə münasibətləri
xarici siyasətimizdə prioritet istiqamətlərdən hesab
olunur. Ölkəmiz müstəqilliyinin ilk ilindən
İslam Əməkdaşlıq Təşkilatı (həmin
vaxt İslam Konfransı Təşkilatı adlanırdı) ilə
fəal əməkdaşlıq edir və Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı bu təşkilat
hər zaman qətiyyətli mövqe bildirmişdir.
2016-cı ili İƏT çərçivəsində
əməkdaşlıq baxımından ölkəmiz
üçün xüsusi mənada fərqləndirmək
olar. Belə ki, İslam Əməkdaşlıq
Təşkilatının aprelin 10-15-də İstanbulda
keçirilmiş zirvə toplantısında Ermənistanın
Azərbaycana qarşı təcavüzünə dair
İƏT Təmas Qrupunun yaradılması münasibətlərimizdə
yeni bir səhifədir. Hazırda qrupun tərkibinə
Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı,
Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə
götürdükdə İƏT çərçivəsində
bütün regionlar təmsil olunub. Bu qrup
imkan verir ki, Dağlıq Qarabağ münaqişəsi daim təşkilatın
gündəliyində qalsın və müsəlman ölkələrinin
diqqətini cəlb etsin. Qarşıdakı
illərdə qrupun üzvlərinin sayının
artacağı da gözlənilir.
Beləliklə, dünyada müxtəlif
dini məzhəblər arasında münasibətlərin kəskinləşdiyi
bir tarixi şəraitdə Azərbaycanın “həmrəylik
nümunəsi”ni bütün dünyaya, o cümlədən
İslam aləminə göstərmək üçün
növbəti illərdə gözəl imkanı vardır. Bu
il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi, 2018-ci ildə Naxçıvan şəhərinin
“İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi
müsəlman ölkələrinin təmsilçilərinə
bu həmrəyliyi daha yaxından görməyə və
tanış olmağa imkan verəcəkdir.
Avropa
İttifaqı ilə münasibətlər - əməkdaşlıq,
yaxud inteqrasiya
“İnteqrasiya” sözü
özlüyündə bütövləşmə, birləşmə
mənasını ifadə edir. Beynəlxalq münasibətlər
sistemində isə inteqrasiya prosesləri vahid siyasi, iqtisadi, təhlükəsizlik
və hətta mədəni dəyərlərin cəmləşdiyi
məkana doğru istiqamətlənmiş siyasət deməkdir.
Hazırda dünyada bütün sahələrdə
ən yüksək inteqrasiya səviyyəsinin Avropa
İttifaqı (Aİ) çərçivəsində
olduğu şübhəsizdir. Bu ittifaq
Avropa ölkələrinin öz müstəqilliklərini
saxlamaqla ortaq dəyər daşıyıcısı
birliyidir. Formalaşmasına hələ keçən
əsrin ortalarından başlanan Avropa İttifaqı sosialist
düşərgəsinin dağılmasından sonra Şərqə
doğru genişləndi. Eyni zamanda “Qoca qitə”nin şərqindəki bir çox
qonşuları da bu məkana can atmışlar. Bu mənada Türkiyənin Aİ ilə münasibətləri
xüsusi fərqləndirilməlidir. Türkiyə
uzun illərdir ki, bu təşkilata üzv kimi
buraxılmır. Halbuki iqtisadi parametrlərinə,
qanunvericiliyin Qərb standartlarına uyğunluğuna və
bir çox başqa göstəricilərinə görə
Aİ-nin yeni üzvləri heç də Türkiyəni
üstələmir. Bu ayrı-seçkilik
Aİ-nin təkcə siyasi, iqtisadi, mədəni birlik
olmadığına, eyni zamanda vahid dini dəyərlərin
daşıyıcısı olmasına əsaslanır. Belə görünür ki, Avropa yalnız öz dəyər
daşıyıcılarının bu məkana
inteqrasiyasını arzulayır.
Azərbaycan Respublikasının müstəqilliyin ilk illərindən Avropa təsisatları, daha geniş mənada isə Avratlantik institutlarla əməkdaşlığı, o cümlədən yaxınlaşması təbii bir proses idi. Yeni yaranmış bir dövlət çoxşaxəli xarici siyasətə üstünlük verir və bütün istiqamətlərdə mövcud imkanlardan istifadə edir. Bu mənada Avropa İttifaqı ilə də münasibətlərdə böyük yol keçilmişdir və bu əməkdaşlıq getdikcə dərinləşir.
Lakin qeyd etmək lazımdır ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsas prinsipi bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan etmişdir.
Azərbaycanın Avropa ilə münasibətlərinə Prezident İlham Əliyev bir daha aydınlıq gətirmişdir: “Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma bir var əməkdaşlıq, bir də var inteqrasiya”.
Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Heç bir dövlət Azərbaycanla təzyiq dilində danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı olduğu halda mümkündür.
Beləliklə, beynəlxalq
aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan
Qərblə Şərq, eləcə də Şimalla Cənub
arasında mühüm enerji və nəqliyyat dəhlizinə
çevrilmişdir. Bütün tərəflərlə bərabər
hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq
edən respublikamız böyük layihələrin təşəbbüskarıdır.
Prezident İlham Əliyev tərəfindən
aparılan xarici siyasət 2017-ci ildə də ölkəmizin
beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə,
ikitərəfli və çoxtərəfli əsasda yeni
nailiyyətlərə, münaqişə ilə bağlı ədalətin
bərpa olunmasına nail olacaq.
Ərəstü HƏBİBBƏYLİ,
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2017.- 17 yanvar.- S.1, 4.