Səmərəli iqtisadi
islahatların mükəmməl qanunvericilik
bazası
Ötən il ərzində yeni iqtisadi kursun
hüquqi əsasları müəyyənləşdi
Son 13 ildə Azərbaycanda iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub. Belə ki, bu sahənin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artıb, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənib.
Lakin 2014-cü ildən etibarən birjalarda neftin qiymətində başlayan kəskin enmə, planetin müxtəlif yerlərindəki mürəkkəb geosiyasi vəziyyət və bundan irəli gələn problemlər, dünya iqtisadiyyatında cərəyan edən təlatümlər, qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik nəticəsində demək olar ki, bütün ölkələrdə iqtisadi artım azalıb. Mürəkkəb qlobal iqtisadi prosesləri, neftin qiymətinin düşməsi dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın da iqtisadi inkişafına təsirsiz ötüşməyib. Bu, ilk növbədə ölkəyə valyuta daxilolmalarının azalmasında özünü göstərib.
Yaranmış situasiya iqtisadiyyatda gələcək neqativ ssenarilərə qarşı mütləq qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsini və gücləndirilməsini zəruri edirdi. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı yanvar ayında keçirilən müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi.
Dövlət başçısı elan etdiyi yeni iqtisadi siyasətlə əlaqədar həyata keçiriləcək islahatların bir neçə istiqamətini müəyyən etdi. Bunlardan biri iqtisadi sektorun inkişafına yol açacaq tədbirlər kompleksi, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi idi. Prezident İlham Əliyev bəyan etdi ki, hazırkı dövrdə yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. Beləliklə, ilin əvvəlindən qeyri-neft sektorunda genişmiqyaslı və sürətli islahatlara başlandı. Təbii ki, bu istiqamətdə vacib məsələlərdən biri də mövcud qanunvericilik bazasının islahatlardan irəli gələrək təkmilləşdirilməsi, yeni hüquqi bazanın yaradılması idi. Bu məqsədlə il ərzində müxtəlif fərman və sərəncamlar imzalanıb, yeni qanunlar qəbul olunub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qəbul olunmuş sənədlərin bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcəyini bildirib: “İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək”.
Qeyri-neft sektorunun inkişafı prioritetdir
Bu sırada atılan addımlardan biri dövlət başçısının yanvar ayında imzaladığı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdır. Bu sərəncama əsasən, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da yaxşılaşdırılması məqsədilə bir sıra vacib tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə qoyulub.
“Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 1 mart 2016-cı il tarixli fərmanına əsasən isə 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və respublikanın ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, ölkəmizdə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək. Təşviqin baza məbləği faktiki ixrac olunmuş malın gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. Bu fərman 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.
Yeni islahatların bir istiqamətini də neqativ hallara qarşı mübarizənin gücləndirilməsi təşkil edir. Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması bu məqsədə xidmət edən addımlardan biridir. Apelyasiya Şurasının yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir. Bundan başqa, Prezidentin fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da apelyasiya şuraları yaradılıb.
Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib. Dekabrın 6-da isə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Strateji xəritələrin hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bundan sonra hazırlanacaq dövlət proqramları, inkişaf konsepsiyaları, strategiyalar, tədbirlər planları strateji yol xəritələrinə uyğun olacaq. İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək.
Yerli istehsalın təşviqi və xarici
bazarlara çıxış diqqət mərkəzindədir
Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da iqtisadi islahatlara və iqtisadiyyatın diversifikasiyası siyasətinə xidmət edir.
Sərəncama əsasən ölkənin biznes və investisiya mühitinin əlverişliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədilə Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə komissiya yaradılıb.
Qeyri-neft sektorunun inkişafı istiqamətində qarşya qoyulmuş əsas məqsədlərdən biri də sənayenin inkişafıdır. Artıq bu məqsədlə ölkəmizdə ötən illərdən başlayaraq genişmiqyaslı islahatlar həyata keçirilir. Bu il isə Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncamlar imzalayıb. Bütün bunlar ölkəmizdə sənayenin ayrı-ayrı sektorlarının inkişafı istiqamətində mühüm addımlardır.
Oktyabrın 5-də isə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib. Bundan başqa, yerli şirkətlərin xarici ölkələrdə ixracla bağlı sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin də müəyyən hissəsinin dövlət hesabına maliyyələşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası öz əksini tapıb. Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin həyata keçirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə üç milyon manat vəsait ayrılıb. Qeyri-neft məhsullarının istehsalçıları məhsullarını ixrac edərkən bu dəstək tədbirlərindən yararlana biləcəklər.
Sənəddə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi daha geniş yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcək. Bu zaman ödənilən dəstək məbləğinə “Made in Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləri daxildir.
Bütün bunlardan başqa, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 15 sentyabr 2016-cı il, “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 16 noyabr 2016-cı il tarixli sərəncamları da ölkəmizdə qeyri-neft sektorunda aparılan islahatların tərkib hissəsi olan fəaliyyət sahələrinin inkişafına xidmət edir.
İslahatlara xidmət edən qanunlar
qəbul edilib
İl ərzində ölkədə iqtisadi islahatlara dəstək verəcək qanunlar da qəbul olunub. Bunlardan biri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunudur. İyunun 1-dən qüvvəyə minən bu qanun respublikamızda sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu da iqtisadi məsələlələri əhatə edir. Belə ki, bu qanun Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
Yeni qanunlardan biri də “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu, ölkədə kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir. Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu da bu il qəbul olunub. Məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
İl ərzində Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, “Publik hüquqi şəxslər haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” , “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara da ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarla əlaqədar müxtəlif dəyişikliklər edilib.
Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın sədri Baş nazirin müavini Əli Əhmədovdur.
Prezident İlham Əliyevin daha bir fərmanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqındadır. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd respublikamızın iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.
Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması isə idarəetmənin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatlarının tərkib hissəsidir. Bütün bunlar idarəetmə sistemində daha çevik və operativ mexanizmlərin tətbiqi ilə müşayiət olunacaq.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2017.- 17 dekabr.- S. 1, 4.