“Şahdəniz-2” möhkəm bünövrəyə əsaslanır

 

2016-cı ilin ən önəmli hadisələrindən biri “Şahdəniz-2” layihəsi üçün tikilən iki platformadan birinin - hasilatdikborular platformasının dayaq blokunun  dənizə göndərilməsi oldu. Bu nəhəng qurğu inşa edildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) yanalma körpüsündən “STB-1” daşıma barjına yüklənərək öz daimi yerinə sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə yola salındı.

“Şahdəniz” yatağı çəkilməkdə olan “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Bu yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qazın 2018-ci ilin sonunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur. Türkiyə Azərbaycandan ildə 6 milyard kubmetr, Avropa 10 milyard kubmetr “Şahdəniz” qazı alacaq.

“Şahdəniz-2”nin işlənməsinin yekun investisiya qərarı 3 il əvvəl verilib və həmin vaxtdan layihə uğurla irəliləyir. BDÖZ-də ikinci platformanın da dayaq bloku inşa edilir. Bakının Bibiheybət ərazisində yerləşən ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində isə hər iki platformanın üst modulları tikilir.

“Şahdəniz-2”dən çıxarılacaq mavi yanacağı qəbul etmək üçün Səngəçal terminalında yeni qurğuların inşası da müvəffəqiyyətlə aparılır. Layihə ilə bağlı həmçinin dənizdə müvafiq qazma, quraşdırma, sualtı işlər həyata keçirilir.

Keçən il sentyabrın 1-də yatağın ərazisinə göndərilən dayaq blokunun yüksək keyfiyyətlə tikilməsi və dənizdə uğurla quraşdırılması bir daha göstərdi ki, “Şahdəniz-2” möhkəm bünövrəyə əsaslanır. Belə ki, hasilatdikborular platformasının dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü 105 metrdir. Blok 12 hasilat, 3 ixracbir idxal dikborusundan ibarətdir. Qurğu suyun 94 metr dərinliyində qərar tutub. Tikintisi iki il davam edən bu dayaq bloku Xəzərdəki eyni qurğulara nisbətən ən çox dikboru sayına malikdir. Blok yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə, yəni bütovlükdə ölkə daxilində tikilib. Ümumiyyətlə, “Şahdəniz-2”nin qurğularının tikintisinin  aparıldığı obyektlər - BDÖZ və ATA beynəlxalq standartlara uyğun şəkildə modernləşdirilib.

“Şahdəniz-2” platformalarının hər ikisinin dayaq bloku indiyədək Xəzərdə quraşdırılmış ən iri dayaq bloklarındandır. Onları BDÖZ-ün sahəsində yerli “BOS Şelf” şirkətinin də daxil olduğu konsorsium tikir. Yeri gəlmişkən qeyd edək ki,  şirkət bir sıra digər özüllər də inşa edir.  Bundan əlavə, yerli işçi qüvvəsindən istifadə etməklə Azərbaycanda ilk dəfə sualtı strukturların istehsalını həyata keçirir və fəaliyyətində ən yeni texnologiyalara əsaslanır.

Elə ötən il sentyabrın 1-də dənizə yola salınan dayaq blokunun inşasında da əsasən yerli işçilər çalışmışlar. Belə ki, işə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, 5 min işçi cəlb edilib. Onlardan təxminən 90 faizi Azərbaycan vətəndaşı olub. “Şahdəniz-2” layihəsi ilə bağlı bütün işlərdə isə 20 min nəfərdən çox  Azərbaycan vətəndaşı çalışır ki, bu da ölkə əhalisinin məşğulluğunun təmin edilməsinə layiqli töhfədir.

Yeni  dayaq blokunun belə yüksək səviyyədə inşa edilməsi bir daha təsdiqlədi ki, Azərbaycan böyük işlər həyata keçirməyə qadir ölkədir. “Əsrin müqaviləsi”ndən başlanan yolu uğurla davam etdirironu “Cənub qaz dəhlizi”nədək çatdırıb.

Xatırladaq ki, 2016-cı ildə “Cənub qaz dəhlizi”nin bütün seqmentlərində işlər qaydasında gedib. “Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin genişləndiriməsi hər iki ölkədə davam edib. Azərbaycan qazını Türkiyə ərazisində 1850 kilometr məsafə boyu nəql etmək üçün nəzərdə tutulan TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) tikintisi qrafikə uyğun aparılıb. May ayında Yunanıstanın Saloniki şəhərində dəhlizin sonuncu seqmenti olan  TAP-ın  (Transadriatik Qaz Boru Kəməri) təməli qoyulub.

Prezident İlham Əliyev BDÖZ-dəki çıxışında bütün bu layihələr üzrə işlərin əlaqəli şəkildə aparıldığını vurğulayaraq demişdir: “Cənub qaz dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, BosniyaHerseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaq. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 17 yanvar.- S.2.