Azərbaycan qadınları haqqında kitab yazan fransalı yazıçı ilə Milli Məclisdə görüş keçirilib

 

Yanvarın 16-da Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan fransalı yazıçı Jerar Kardon ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vitse-spiker Azərbaycanla Fransa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söylədi. O, Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirdi. Diqqətə çatdırıldı ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrimizə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, ictimai-siyasi həyatda fəal iştirak edirlər.

Bildirildi ki, ölkənin qanunvericilik orqanında qadınlar geniş təmsil olunublar. Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Fransa ilə işçi qrupuna ölkənin birinci xanımı, deputat Mehriban Əliyeva rəhbərlik edir. Onun iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlər təqdirəlayiqdir. Mehriban Əliyeva həm ölkə, həm region, həm də dünya miqyasında humanitar, sosial, mədəni sahələrdə həyata keçirilən layihələrə böyük dəstək verir. Onun fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.

Fransalı yazıçı Jerar Kardon səmimi görüşə görə minnətdarlığını ifadə etdi. O, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışdı. Qonaq qeyd etdi ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib. Məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir.

Diqqətə çatdırıldı ki, Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq.

Görüşdə iştirak edən Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Rövşən Rzayev, Musa Qasımlı, Vüsal Hüseynov çıxışlarında bildirdilər ki, ölkəmizdə qadınlara həmişə böyük hörmətlə yanaşılıb. Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında böyük rolu olan qadınlar haqqında məlumat diqqətə çatdırıldı. Qeyd edildi ki, keçən əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda qadınlara seçmək hüququ verildi. Parlamentdə qəbul edilən qanunlarda gender bərabərliyi təmin olunur.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı

 

Azərbaycan.- 2017.- 17 yanvar.- S.3.