Ölümə baş əymədilər
O müdhiş şənbə gecəsi Bakını qatı zülmət bürümüşdü. Bu vahiməli gecənin bağrını yaran işıqsaçan güllələr şəhərin üstünə yağış kimi ələnirdi. Sabah nələr baş verəcəyindən hələ dünya xəbərsiz idi. Bakı səhərin qanla açılacağını duyurdu. Doğma Vətənini sevənlər həmin gecə ayaq üstə idilər. Qarşıdan gələn qara kabusu hiss edirdilər.
20 Yanvardan az yazılmayıb, heç biri də ürəksiz qələmə alınmayıb. O müdhiş gecənin canlı şahidi, xalqımızın ölməz şairi Bəxtiyar Vahabzadə yazırdı: “Yalın əllə tankların qarşısına çıxanları qoyaq bir tərəfə, bəs isti ocağında əyləşib güllə səsinə eşiyə çıxan İsabalaların, ata-anası görməsin deyə, balkona çıxıb papiros çəkən Azadların, yaralıların yardımına gələn təcili yardım həkimi Saşaların, öz maşınlarında yol gedən İbrahimlərin, Mursaqulovların, yanacaqdoldurma məntəqəsinə gedən Nüsrətlərin, avtobusda evlərinə üz tutan məktəbli İlqarların, oyuncaqları hələ də Şəhidlər xiyabanını ziyarət edənləri ağlatmamış buraxmayan körpə Larisaların nə idi günahları? Vətən aşiqi olmaları, yoxsa imperiya cəlladlarına baxışlarıyla belə tərs-tərs, yaxud sərt baxmaqları?!”
Bu suallar da o gecədən boylanan qapqara baxışlardan və fikirlərdən süzülürdü. 20 Yanvar müstəqillik tariximizə qanla yazıldığı üçün unudulmayacaq. O gün şəhid kəlməsi öz müqəddəsliyini Azərbaycan torpağında özünü təsdiqlədi. Şəhidlər xiyabanı təkcə ziyarətgaha deyil, həm də gənclərin and yerinə çevrildi...
O qaranlıq gecədən sıyrılıb çıxan xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanı “qocalır”, hər il yaşının üstünə bir il də əlavə edilir. 27 yaşlı bu xiyabanda 27 yaşlı şəhid olmasa da, orada əbədi uyuyanların doğum günləri bəlkə də yaddan çıxıb. Axı, şəhid olduqları gün onların millət, vətən, dövlət sevgilərini sübut etdikləri üçün tarixə əbədi həkk olunub. Əslində, bizim azdlıq aşiqlərimizin hamısı deyil ki, Şəhidlər xiyabanında əbədi yuxuya gedənlər. Vətənimizin hər guşəsində salındı belə xiyabanlar. Bundan sonra isə Qarabağ uğrunda canlarını qurban edənlərin qərənfil libaslı başdaşlarının boy verdiyi xiyabanlar yarandı. Onlar da Vətənə sevgilərini öz şərəfli ölümləri ilə təsdiqlədilər...
Tarixi qəhrəmanlıq şərəfli ömür yaşayanların tale payıdır. Hər kəsə belə şərəfli ömür qismət olmadığı son illər, Qarabağ uğrunda aparılan ölüm-dirim savaşında bir daha üzə çıxdı. Azərbaycanın Milli qəhrəmanlarının bu yolda göstərdiyi şücaəti və əsl vətənpərvərliyi gözlərimizlə görməsəydik, xalqımızın qəhrəmanlıq tarixini şərəflə yazan Cavanşirimizin, Babək, Şah İsmayıl, Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Cavad xanla Çələbi xanın haqqında yazılanları hələ də əfsanə və ya rəvayət hesab edəcəkdik. Xalq öz qəhrəmanını daim ucalıqda görmək istəyir. Bunun üçün qəhrəmanlardan qürurla danışması, başqalarından qat-qat yüksəkliklərdə təsvir və tərənnüm etməsi həm də onları ideal şəxsiyyət kimi təqdim etməsindən irəli gəlir.
Biz 20 Yanvar şəhidlərinin qəhrəmanlıq nümunəsini gözlərimizlə gördük. Xalq bir daha özünün yetişdirdiyi azadlıq aşiqlərinin fədakarlığına sığındı, onların ölümün üstünə cəsarətlə, əyilmədən getməsini görüb, mübarizlik simvolu olduqlarını dünyaya bəyan etdi. Məhz 27 yaşlı Şəhidlər xiyabanı bu cür qəhrəmanların üz qoyduğu torpaq olduğu üçün müqəddəsdir, and yeridir. Orada yaşa dolmayacaq, qocalmayacaq, əsl sevgi-məhəbbət dastanı yazan İlhamla Fərizənin, Biləcəridə boş qəbiri qalan Fəxrəddin İsayevin, bəylik əvəzinə şəhidlik taxtına qalxan Habil Əzizovun, faciəsi dillərdə dastana, gözlərdə yaşa-leysana dönən Yusif Sadıqovun, “öz ölümü ilə Əzrayılı yayındıran” Mürvət Şərifovun, Lənkərandan Bakıya gəzməyə, qohum-əqrəbaya baş çəkməyə, onlara ürək-dirək verməyə gələn, lakin imperiya cəlladlarına nifrətini öz ölümüylə göstərən Mircamal Mirsaleh oğlunun, Qubada doğulan, evə idmançı kimi medal gətirən, Əfqanıstanda əmin-amanlıq yaratmağa göndəriləndə də ilk yada düşən və elə bir böyük külfətin də şəhidi kimi sevilən Elçin Qeybullayevin, o gecə yaralı dostunu güllə yağışından çıxaranda ölümdən qorxmayıb, “İlqarı güllə götürməz” deyərək şəhid olan (həmin dostu bu gün onun haqqında yana-yana danışır) İlqar Qarayevin, son dayanacağı Şəhidlər xiyabanı olan 123 nömrəli marşrut avtobusunun sürücüsü Rüstəm Əliyev kimi onlarla cəsur və azadlıq aşiqlərinin bir boylu, bir biçimli, iyirmi yeddi yaşlı məzarları məhz bu məkandadır.
Şəhidlik müqəddəsdir, o, şərəfli amal uğrunda mübarizə aparan mücahidlərin zirvəsidir. Hər doğulan Vətən övladının taleyinə belə şərəfli ömür yazılmaz. 20 Yanvar şəhidlərinin ölümsüzlükləri sonrakı nəslin Vətən, torpaq uğrunda canlarından keçməsi üçün bir örnəyə çevrildi. Məhz bundan sonra Mübariz İbrahimovlar, Fərid Əhmədovlar... kimi hünərvər oğullarımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq şücaət göstərdilər, tarixə imza atdılar.
O qanlı şənbə gecəsinin şahidləri şəhid olan vətən övladlarının adlarını nəinki xiyabanlarda qara daşlara həkk etdilər, əslində, hər kəsin sinəsinə və yaddaşına əbədi yazdılar.
O gecə ölümə meydan oxuyanların bahar təravətli arzuları torpağa gömüləndə Qanlı Yanvar şəhidlərinə ağı deyən ağbirçəklər, qərənfil libaslı bacılar, atalarının, əmilərinin, babalarının yolunu illərlə gözləyəcək balalar nələrin baş verdiyinin fərqində deyildilər. Bakının Dağüstü parkı imperiya cəlladlarından birinin daşlaşmış zəhmli baxışlarından qurtarırdı. Ona görə də bu müqəddəs məkan şəhidlərimizə sinəsini gen açmışdı.
Bu xiyabanda uyuyanların hər birinin taleyinə yazılanlar gözüyaşlı bacı, ağsaçlı ana, nurani nənə, dizləri qırılmış ata, baba obrazlıdır. Onların arasında elələri var ki... Gürcüstanın Aşağı Bolnisi kəndindən dünyanın başqa bir qütbünə, ailəyə, atasına kömək etməyə - çörəkpulu qazanmağa gedərkən Bakıda zülmətlə qarşılaşan, “Gənclik” metrostansiyasının yanında 39 nömrəli marşrut avtobusunda gülləbarana tuş gələn və elə orada güllələnən, məktəbli İlqar və Larisa ilə birlikdə o gecənin şəhidlərindən birinə çevrilən Təngiz Turabovdan sonra uzaq Tayşetdə Məmməd adlı atanın gözləri yollara dikili qaldı. Aşağı Bolnisidə isə toy mağarı qaraya bükülən, əli xınalı bir qızın sevincləri güllələndi. O gecədən sonra atadan oğula yazılan bir məktub da oxunmamış qaldı: “...Gəl, burada bir yerdə işləyək. Allah kərimdi, sonrasına baxarıq... İşlərimiz yaxşı gedərsə, pul yığıb gəlib kənddə səni evləndirərik - toy eləyərik...”
Budur o gecənin yazılmamış, oxunmamış hələ neçə-neçə dastanının kiçik epizodları...
O gecənin şəhidlərinin heç də hamısı xiyabanda dəfn edilmədi. Axı, Bakının kəndlərindən, eləcə də respublikanın əksər yerlərindəndir onlar. Ona görə də çoxları elə öz doğmalarının qəbirlərinin yanında dəfn edildilər, Yusif İsmayılov kimi. Yusif sərxoş hərbçilərin onun ailəsini dəfələrlə narahat etməsinə dözməyib onların “payını verdiyi üçün” həbs edilmişdi, heç nədən. O gecə həbsxanada “yatanlar”ın da yuxusu ərşə çəkilmişdi. Yusifgilin “kolon”unun qabağından tanklar bağıra-bağıra şəhərə soxulanda həbsxanadakılar dözməyib, yalvarıblar ki, bizi buraxın, Bakını, xalqımızı biz də qoruyaq, yenə qayıdarıq, ana-bacımız var... Özgə millətdən olan (bəlkə də erməni idi) əsgər onlara “davay!” əmrini verəndə bir özbək əkənin qışqıra-qışqıra söylədiyi “o, sizi aldadır, güllələnəcəksiz, geri qayıdın”, - harayları Yusifin eşitdiyi sonuncu kəlmələr oldu. Yusifi iki dəfə güllələmişdi həmin əsgər, “həbsxanadan qaçdığı üçün”.
...O gecədən “sağ” çıxanların dilində ağı-bayatı bitdi. Xalq yazıçısı Əzizə Cəfərzadə, xalq artisti Zeynəb Xanlarova... yanaqları şırım-şırım olan, balasını itirmiş analar, ərinə əli yetməyən gəlinlər, əli xınalı qalan nişanlı qızlar qol-qola, baş-başa qalmışdı. Bu, haraylı, fəryadlı dərdin bizi, xalqımızı bir məslək uğrunda birləşdirici missiyası kimi də yazıldı tarixə...
Tarix isə heç nəyi və heç kimi unutmur, yaddan çıxarmır!
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-
2017.- 18 yanvar.- S. 7.