Azərbaycan İslam həmrəyliyinin
ideya və real fəaliyyət
mərkəzinə çevrilir
Dövlət-din münasibətlərinin uğurlu Azərbaycan modeli
digər ölkələr üçün
də ən mükəmməl örnəkdir
Hər bir xalqın ən qiymətli sərvəti onun tarixinin süzgəcindən keçmiş milli-mənəvi dəyərləridir. O dəyərlər ki, xalqın mədəniyyətinin, milli xüsusiyyətinin formalaşmasında mühüm rol oynayır və cəmiyyətin qarşılaşdığı maneələr qarşısında daha güclü olmasına gətirib çıxarır. Eyni zamanda, toplumu meydana gətirən fərdlər arasında milli həmrəylik və birlik ruhunun yaranmasına kömək edir.
Milli-mənəvi dəyərləri ictimai dəyərlər də adlandırmaq mümkündür. Çünki ictimai dəyərlər müəyyən bir cəmiyyətdə mövcud olan, tarixin dərinliklərindən gələn və xalqın qəbul etdiyi ortaq dəyərlərdir. Bu dəyərlərin təməlində isə tarix, dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dayanır.
Demək olar ki, bu keyfiyyətlər müxtəlif formalarda bütün xalqlarda mövcuddur. Lakin biz azərbaycanlıları əksər xalqlardan fərqləndirən, özünəməxsus edən digər mədəniyyətlərə hörmətlə yanaşmaq, dözümlü, sülhpərvər, həmrəy olmaq düşüncəsini bütün varlığımızla mənimsəməklə yanaşı, dünyada sülhün və rifahın təmini naminə onun ideyalarının təbliğini həyat fəlsəfəmizə çevirməyimiz və harmonik formada öz həyatımızda tətbiq etməyimizdir. Şübhəsiz, bəşəriyyətin ehtiyac duyduğu bu gözəl dəyərlərin ruhumuza, qanımıza hopmasında yaşadığımız ərazinin Şərqlə Qərb arasında həm mədəni, həm də coğrafi baxımdan körpü rolu oynamasının, xalqımızın İslam dinini düzgün anlamasının və onun humanist dəyərlərini mənimsəməsinin böyük rolu vardır. Aparılan müşahidələr də belə deməyə əsas verir ki, multikultural ölkələrin əhalisi daha dözümlü olur. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşaya bilmiş və heç zaman dini-etnik zəmində münaqişə baş verməmişdir. Bütün bunlar bir daha sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlamışlar.
Bu gün biz dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin nə qədər önəm daşıdığının şahidi oluruq. Xüsusilə də din adından istifadə edib, insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib. Son illər bəzi dairələrin “millətlərə xoşbəxtlik, firavan həyat, demokratiya gətirmək” bəhanəsi ilə və din amilindən də istifadə edərək törətdikləri ağlasığmaz cinayətlərin arealı getdikcə genişlənməkdədir. Radikal dini təşkilatlar yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, geridə saxlamağa, texnoloji cəhətdən inkişafını əngəlləməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna malik olan ərazilərdə hegemonluğa sahib olmağa cəhd göstərirlər. Bu gün ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və din rəqabəti də gedir. Təəssüf ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Biz bunu Yaxın Şərqdə, Suriyada və digər müsəlman ölkələrində açıq şəkildə görürük. Nəticəsi də göz qabağındadır: “rəngli inqilab”ların, “bahar”ların gətirdiyi “payız”, səfalət, xaos, viranə qalmış şəhərlər, yurd-yuvasını tərk etmiş milyonlarla insan...
İslam dini adı altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyən qrupların dünyada islamofobiya meyillərinin artmasına rəvac verdikləri də danılmaz faktdır. Təəssüf ki, Avropa ictimai rəyini diqqətlə izləsək, bütün terrorların İslam dini ilə əlaqələndirildiyini görərik. Halbuki 2015-ci ildə ümumilikdə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib. Lakin dünya mediasında aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb. Müsəlman ölkələrində terror törədənlər İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplardır. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur. Necə ki, xalqımızın sahib olduğu bu dəyərlər artıq ölkəmizdə həyat tərzinə çevrilib və biz bununla dünyaya “bu yolun alternativi yoxdur” mesajını verməkdəyik.
Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır.
Ümummilli lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu mükəmməl model sayəsində milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə etiqad, inanc azadlığı tam təmin edilir. Digər sahələrdə olduğu kimi, ölkəmizdə din sahəsində də böyük uğurlar əldə edilib və mənəvi dəyərlərimiz milli xarakterimizlə uzlaşdırılıb, kənardan dini zəmində münaqişələr, məzhəblərarası konfliktlər yaratmağa çalışanların qarşısı vaxtında alınıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” qanunda geniş şəkildə öz əksini tapıb.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə vicdan azadlığının təmin edilməsi, dini qurumların statusu, onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirməsinə baxmayaraq, respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qanunvericiliyin icrası, bu sahədə mərkəzi idarəetmə orqanının yaradılması zamanın tələbi idi. Ona görə də 2001-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı və bununla da dövlət-din münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyuldu. Dövlət komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafında, din sahəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsində, müvafiq qanunvericiliyin icrasına nəzarətin, eyni zamanda, dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların həyata keçirilməsində böyük rol oynayır.
Bu gün Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının bariz nümunəsidir. Onun prezidentliyi dövründə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi önəm verilib. Bu məqsədlə yeni ibadət ocaqlarının inşası, təmirə ehtiyacı olanların yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb. Təkcə son 13 il ərzində ölkədə 200-dan çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin - Heydər məscidinin 2014-cü ilin dekabrın 26-da açılışı olub.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Onun rəhbərliyi ilə fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib.
Azərbaycanın dövlət-din modelinin uğuru həm də ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə ölkəmizdə bu sahədə hansısa gərginlik yaşanmır. Əsrlərdir ki, İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər. Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə - keçən ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı.
Həmçinin ölkə ərazisində digər sahələrdə olduğu kimi, dini sahədə sabitliyin əldə olunması ilə yanaşı, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımlar atılmışdır. Ümummilli liderin dövründən başlayaraq Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının işində fəal iştirak etmişdir. Ölkəmizin İslam dünyasının ayrılmaz parçası olduğunu dönə-dönə vurğulayan ulu öndərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeş Krallığında keçirilən zirvə toplantısında səsləndirdiyi “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm” fikri onun İslam dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətin bariz göstəricisidir.
Ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi ki, “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və ustalıqla davam etdirilir. Bu gün həm Avropa Şurasına, həm də ISESCO-ya müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurub. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.
Son illər qeyd etdiyimiz istiqamətlərdə keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycan tərəfindən irəli sürüldüyünün şahidi olarıq. Buna misal olaraq ulu öndər Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd edilməsi, 2007-ci ildə “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” Beynəlxalq elmi-praktik konfransın, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi, həmçinin 2006-cı ildə “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısının, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun, 2014-cü ildə “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” Beynəlxalq konfransının, beş beynəlxalq humanitar forumun, ötən ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsidir.
Qürurla vurğulanmalıdır ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. “İslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır. Həmçinin bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanımızın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.
Bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan və İslam Əməkdaşlıq Təşkilatında birləşən müsəlman ölkələri dünya əhalisinin təqribən 22 faizini təşkil edir. Bu göstəricinin 2050-ci illərdə 30 faizə yaxınlaşacağı ehtimal olunur. Bu isə onu göstərir ki, İslam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Tarixən İslam dünyasının bir parçası, mədəni və dini mərkəzlərindən biri olan Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz müxtəlif məsələlərlə əlaqədar müsəlman dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları var, ayrı-ayrı müsəlman ölkələri arasında da qarşıdurmalar mövcuddur. Bunlar bəzən təriqət, məzhəb fərqliliyi fonunda ortaya çıxır. Azərbaycan isə bütün müsəlman ölkələri ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir. Məhz buna görədir ki, Azərbaycan İslam dünyasında da özünün barışdırıcı, sülhpərvər mövqeyi ilə nümunədir. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.
Beləliklə, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunədir.
Və bu nümunənin memarı ulu öndərimiz, qarantı isə Prezident İlham Əliyevdir!
Mübariz
QURBANLI,
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan.-
2017.- 18 yanvar.- S. 1, 4.