Azərbaycan enerji təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atır

 

 

Prezident İlham Əliyev: “Bu il biz “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik”

 

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin öz enerji siyasətini təkmilləşdirilməsi istiqamətində də növbəti addımlar atıldığı qeyd olunub. Belə ki, keçən il “Cənub qaz dəhlizi” çərçivəsində işlər uğurla davam edib. Neft gəlirlərinin bir neçə dəfə azalmasına baxmayaraq, Azərbaycan həm daxili imkanlar hesabına, həm də xaricdən kredit almaqla bu mühüm layihə ilə bağlı önəmli işlər görüb.

Məlum olduğu kimi, “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Bu dəhliz vasitəsilə dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaq nəql ediləcək. Artıq “Şahdəniz-2” üzrə işlərin 90 faizi tamamlanıb. Keçən ilin sentyabr ayında yataqda quraşdırılacaq platformalardan birinin dayaq bloku Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb. Bu nəhəng qurğunu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) yanalma körpüsündən Xəzərə “STB-1” daşıma barjı aparıb.

Layihə üzrə aparılan digər çoxşaxəli işlərin bir hissəsi artıq başa çatmaq üzrədir, bəziləri isə müvəffəqiyyətlə davam etdirilir. Məsələn, BDÖZ-də “Şahdəniz-2”də quraşdırılacaq ikinci platformanın dayaq bloku tikilir. Hər iki platformanın üst hissələri Bakının Bibiheybət ərazisindəki “AMEK-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində inşa edilir. Bu platformalar dənizdə quraşdırılandan sonra bir-birinə körpü vasitəsilə birləşdiriləcək. “Şahdəniz-2”dən çıxarılan qazı qəbul etmək üçün hazırda Səngəçal terminalında da yeni avadanlıqlar quraşdırılır. Bütün işlərin gələn il yekunlaşacağı gözlənilir.

2016-cı il “Cənub qaz dəhlizi”nin digər seqmentləri üçünuğurlu olub. TANAP (Transanadolu Qaz Boru Kəməri) çərçivəsində xeyli görülüb. TAP-ın (Transadriatik Qaz Boru Kəməri) Yunanıstanın Saloniki şəhərində təməli qoyulub. Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurasının ikinci toplantısı keçirilib. Tədbirin iştirakçıları qəbul etdikləri bəyanatda Azərbaycanın layihədəki liderlik rolunu vurğulayıblar. Ölkəmiz həqiqətən, bu layihənin təşəbbüskarı, aparıcı qüvvəsidir və onu tərəfdaşları, beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirir.

Xatırladaq ki, “Cənub qaz dəhlizi” çərçivəsində Azərbaycanın və Gürcüstanın ərazisi boyu uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilir. Genişləndirmə işləri Səngəçal terminalından başlayıb. Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən isə CQBK ilə yanaşı, yeni kəmər çəkilir. Türkiyə ərazisində Transanadolu Qaz Boru Kəməri tikilir. Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin altından keçərək İtaliyaya çatan Transadriatik Qaz Boru Kəməri çəkilir. Beləliklə, Azərbaycan qazı bir-birinə calanan üç boru kəməri ilə 3500 kilometrdən çox məsafə qət edəcək. Gələcəkdə bu xətt əlavə həcmləri ixrac etmək məqsədilə ilkin həcmin təxminən iki misli qədər genişləndirilə bilər.

“Cənub qaz dəhlizi” eyni zamanda Yunanıstan-Bolqarıstan interkonnektorununİon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq. Sözügedən nəql infrastrukturları “Cənub qaz dəhlizi”nə birləşdirilərək Bolqarıstana, Xorvatiyaya, Monteneqroya da mavi yanacaq çatdıracaq.

“Şahdəniz” qazını daşıyan kəmərlər zəncirinin İtaliya ərazisində bitməsinə baxmayaraq, gələcəkdə təbii qazın ara keçid boru kəmərləri vasitəsilə İsveçrəyə, Avstriyaya, Fransaya, Almaniyaya, Belçikaya, hətta Böyük Britaniyaya ötürülməsinin mümkün olacağı da istisna edilmir.

“Cənub qaz dəhlizi”nin həyata keçirilməsi ilə bağlı qarşıda yenə də mühüm vəzifələr durur. Prezident

İlham Əliyev Azərbaycanın böyük iradə və səy nümayiş etdirərək onların da öz həllini tapacağını bildirmişdir: “Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir... Biz “Cənub qaz dəhlizi”ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək”.

Təbii ki, hər bir beynəlxalq maliyyə qurumu gələcəkdə maddi vəsait gətirəcək layihələri dəyərləndirir. “Cənub qaz dəhlizi” də məhz belə layihədir. O həm iqtisadi cəhətdən səmərəlidir, həm də enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edir.

Azərbaycan bu layihənin icrası ilə bağlı təkcə Avropanın deyil, Asiyanın da maliyyə qurumları ilə əməkdaşlıq edir. Məsələn, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı qısa müddət ərzində layihəyə böyük vəsait ayırıb.

Prezident bəyan edib ki, bu layihənin icrası ilə bağlı problemlərin olacağını düşünənlər səhvə yol verirlər: “Bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb... Ona görə gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi”.

Nazirlər Kabinetinin sözügedən iclasında belə ucuz şantaj hərəkətlərin yersiz olduğunu vurğulayaraq “Cənub qaz dəhlizi”nin uğurla tamamlanacağını bir daha qeyd etmişdir: “Əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə, bizə də lazım deyil. “Cənub qaz dəhlizi”ni biz icra edəcəyik və vaxtında”.

 

Flora SADIQLI,

 

Azərbaycan 2017.-18 yanvar.- S.6.