Onu şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq məhəbbəti idi

 

Aprel döyüşlərində əsl vətənpərvərlik nümayiş etdirərək şəhid olan Fərmanın atası Elçin Əsədov bizi çox səmimi qarşıladı. Gəlişimizin məqsədini biləndə ilk sözü bu oldu:

- Oğul Vətən sipəridir. Onları ona görə böyüdürlər ki, müqəddəs torpaqlarımız yağı düşmənin tapdağına çevrilməsin.

Sonra bir videogörüntünü bizə göstərib dedi:

- Fərmanın qızı Xatirənin uşaq bağçasında keçirilən tədbirdəki çıxışıdır.

Görüntünü izlədik. Yeni il şənliyi olsa da, iştirakçılar qəhərdən boğulurdular. Əsgər paltarı geyinmiş balaca bir qız əlində tutduğu üçrəngli Azərbaycan bayrağını o yan, bu yana yellədərək qürurla deyirdi:

- Mən bahar qızı paltarımı bir tərəfə qoydum, ata. Yeni il şənliyində üçrəngli Azərbaycan bayrağını yelləməyi mənə həvalə elədilər. Ruhun şad olsun, ata! Birheç bir uşaq mənim kimi bayram paltarını soyunub, hərbi paltar geyinməsin. Heç kəsin anası ağlamasın və heç bir uşaq mənim kimi atasız qalmasın.

Çox həyəcanlı səhnə idi. Kiçik yaşlı bir uşağın dilindən çıxan bu sözlər balacaların müharibəyə üsyanı idi. Qızcığaz uşaqların atalı-analı böyümələri üçün sanki bütün dünyaya səs salır, mesaj göndərirdi.

Fərman Əsədli Samux rayonunun Sərkar kəndində doğulsa da, Gəncədə böyüyüb boya-başa çatmışdı. O, dünyaya göz açandan evlərində hərbçi mundiri görmüşdü. Atası Elçin Əsədov 1992-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmış, 2010-cu ildə polkovnik-leytenant rütbəsi ilə istefaya çıxmışdı. Ermənilərin Dağlıq Qarabağla bağlı əsassız iddiaları Elçin Əsədovun da ailəsində tez-tez aparılan söhbətin mövzusu idi. Kiçik yaşlı Fərman atasının sözlərini diqqətlə dinləyər, qəlbində düşmənə qarşı nifrət bəsləyərdi. Beləcə, illər illəri əvəz etdi və günlərin birində Fərman orta məktəbi bitirib Gəncə Dövlət Universitetinə daxil oldu. Təhsilini yüksək qiymətlərlə başa vurub, həqiqi hərbi xidmətə yola düşdü. Hərbi xidməti başa vurduqdan sonra sevib seçdiyi həmkəndlisi Validə ilə ailə həyatı qurdu. Çox çəkmədi ki, onların bir qız övladı dünyaya gəldi. Fərman qızına öz anasının adını qoydu. Beləcə, onların xoşbəxt günləri başladı. Tez-tez ailəsini respublikanın müxtəlif bölgələrinə aparar, yurdumuzun əsrarəngiz gözəllikləri ilə tanış edərdi. Lakin bu xoşbəxtlik uzun sürmədi...

O, mobil telefonu götürüb həm yaxın dostu, həm də bacısının həyat yoldaşı olan Sadiqə zəng etdi və Gədəbəyə getmək arzusunda olduğunu bildirdi. Sadiq onun fikrini bəyəndi və səhəri, yəni, aprelin 1-də hər ikisi ailəvi gəzintiyə çıxmaq barədə qərar verdilər. Vədələşdikləri vaxt Sadiq Fərmangilə gəldi. Lakin radionu açanda ilk eşitdiyi sözlər həm Fərmanı, həm də Sadiqi sarsıtdı. Cəbhə bölgəsində düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun qəti tədbirlər görməsi, hətta bu yolda bir neçə şəhid verməsi barədə aparıcının söylədiyi məlumatlar onların hər ikisində Gədəbəy səfərinin təxirə salınması fikrini yaratdı. Dostlar dərhal qərar verdilər ki, Vətənin belə bir günündə heç bir gəzintidən söhbət gedə bilməz. Qəflətən Fərman üzünü Sadiqə tutub dedi:

- Sadiq, gəl Tərtərə gedək. Bəlkə bizimbir köməyimiz dəydi. Həm də vəziyyətlə yerində tanış olarıq.

Çox çəkmədi ki, Fərmana məxsus “Niva” markalı maşın Tərtər istiqamətinə yön aldı. Yol boyu qarşılaşdıqları mənzərələr, adamlardakı təlaş, hərbi maşınların sürətli hərəkəti, bir sözlə, onların gördükləri müharibənin bir addımlıqda olduğunu aşkarca hiss etdirirdi. Gərginlik onları fikirlərindən döndərə bilmədi. Tərtər şəhərinin içərisindən keçib atəş səslərinin eşidildiyi istiqamətə üz tutdular. Onlar irəlilədikcə güllə və mərmi səsləri daha aydın eşidilirdi. Ordumuzun təmas xəttindəki mövqelərinə çatanda hərbi məntəqədən onları irəliyə buraxmadılar. Burada növbə çəkən əsgərlərlə söhbət zamanı Fərmanın diqqətini qəflətən döyüş bölgəsindən gələn “QAZ-3308” markalı yük maşını çəkdi. Avtomaşın məntəqəyə çatmamış dayanmışdı. Fərman cəld maşına tərəf qaçdı və yük yerində gördüyü mənzərə onu sarsıtdı. Maşında şəhid olmuş bir neçə əsgər meyiti var idi. Düşmənin atdığı güllə maşının akkumulyatoruna dəydiyindən maşın sönmüşdü. Fərman vaxt itirmədən geri dönərək keçid məntəqəsində dayanmış avtomobillərin birindən akkumulyatoru çıxarıb hərbi maşına tərəf qaçdı və tez onu işə salıb keçid məntəqəsinə gətirdi. Sonra maşını sürərək cənazələri Tərtərə çatdırmağı qərara aldı. Yaralanmış sürücü əsgər Şirinov bu cəsarətə görə Fərmana minnətdarlıq etdi. Fərman əlini əsgərin çiyninə qoyub: “Qardaş, bu, bizim hər birimizin borcudur.Vətən hər birimizin müqəddəs yeridir” - dedi.

Yaralı əsgəri və şəhid cənazələrini təhvil verdikdən sonra Fərman Sadiqlə yenidən hərbi məntəqəyə üz tutdu. Yolda Fərman Sadiqə dedi ki, cibində nəyin varsa, çıxar.

Sonra öz cibindəki pulları da üst-üstə qoyub, maşını bir mağazanın qarşısında saxladı. Sadiq niyə saxladığını soruşanda Fərman dedi:

- Hər ehtimala qarşı əsgərlər üçün nə isə almaq lazımdır. Birdən onlara siqaret lazım olar. Bilirik ki, dövlətimiz hərbçiləri ərzaqla yaxşı təmin edir. Bununla belə, məntəqəyə əliboş getməyək.

Məntəqəyə çatanda atışma daha da artmışdı. Hava qaralsa da, güllə səsləri hələ eşidilirdi. Fərman üzünü Sadiqə tutub: “Artıq burada bizlik bir qalmayıb” - dedi. Qayıtmaq vaxtıdır. Fərman Sadiqdən xahiş etdi ki, çox yorulub, maşını o sürsün. Hərbi məntəqədən xeyli aralanmışdılar ki, yolun kənarında bir zabitlə rastlaşdılar. Maşını saxlayıb onunla salamlaşdılar. Cavanların israrını görən kapitan Mübariz Rəhimov maşına oturdu. Nivayerindən tərpənib Şıxarx kəndinə tərəf irəliləmişdi ki, qəflətən düşmənin atdığı “D-30” TOPmərmisi yaxınlıqda partladı bir anın içərisində mərmi ətrafı toz-dumana bürüdü. QəlpəNiva” da dəlib keçmişdi. Fərman hərəkətsiz vəziyyətdə qalmışdı. Sadiqin isə gicgahından qan axırdı. Özünə gələn Sadiq kapitan Mübariz Rəhimov Fərmanı silkələyərək onu çağırmağa başladılar. Güclə cavab verən Fərman ağır yaralanmışdı. Onu təcili Tərtərin mərkəzi xəstəxanasına çatdırmağa çalışdılar. Lakin Fərmanı xilas etmək mümkün olmadı. Yoldaca keçindi...

Heç kim bu ağır xəbəri Fərmanın nə atası Elçinə, nə də anası Xatirəyə deməyə cürət etmirdi. İlk telefon zəngi atası Elçin Əsədova edildi. Uzun illər hərbçi olmuş və hərbi qanunları yaxşı bilən ata üçün oğlunun ölümü ağır olsa da, onun Vətən yolunda şəhid olmasından qürur duyduğunu söylədi. Bircə kəlmə onu dedi ki, oğul Vətən sipəridir. Yeri gəlsə, bu yolda şəhid də ola bilər.

Fərmanın atası Elçin Əsədovla söhbətimizdə dedi ki, oğlunun vətən sevgisi, əməlləri, bu qədər şöhrətlənməsi onda qürur hissi yaradır. Hərbi hissə komandiri Elçin Əsədova göndərdiyi təşəkkürnamədə yazır ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Cəmi bir neçə gün ərzində böyük bir ərazi ermənilərdən təmizləndi. Döyüşlər gedən anda Azərbaycanın digər vətənpərvər oğulları kimi Fərman Əsədli və onun yeznəsi Sadiq Əliyev də cəbhə bölgəsinə gəlmişdilər. Yaşadıqları cəmiyyət və gənclər üçün nümunəvi davranış nümayiş etdirərək, gənc ailə, körpə övlad sahibi olmalarına baxmayaraq, torpaq uğrunda, Azərbaycanın ərazi bütövlüyüsuverenliyi uğrunda könüllü şəkildə döyüş zonasında oldular. Həmin bölgədəki mülki əhaliyə və hərbçilərə maddi-mənəvi və psixoloji dəstək olmaqla yanaşı, öz vətəndaşlıq borclarını da yerinə yetirdilər. Bununla da Fərman Əsədli gənclərimizə dövlət və Vətən qarşısında olan borclarının əhəmiyyətini əyani şəkildə göstərdi, hamıya nümunə oldu. Fərman Əsədli müqəddəs torpaqlarımız uğrunda şəhid zirvəsinə ucaldı. Bununla o, ermənilərə sübut etdi ki, Azərbaycanda xalq ilə ordu həmrəydir və onların bu həmrəyliyi yenilməzdir.

Elçin Əsədov bir məqamı da diqqətimizə çatdırdı. Dedi ki, Milli Qəhrəman Mübariz İbrahimovun adı Fərmanın dilindən düşmürdü, onunla fəxr edirdi. Hər dəfə vurğulayırdı ki, əsl vətənpərvər olmağı biz gənclərə o öyrətdi. “Vətən uğrunda şəhid olmaq isə ən böyük xoşbəxtlikdir” - deyirdi.

Dünyada hər kəsin bir ömür payı var. Söz yox ki, hamı bu paydan bəhrələnir. Lakin fərq kimin bu həyatı necə yaşamasındadır. Adam var dünyasını dəyişəndən bir neçə il sonra tamamilə unudulur. Adam da var ki, əməlləri ilə yaddaşlarda özünə məskən salır. Fərman da belələrindən oldu. O, Vətən, torpaq təəssübkeşliyi ilə şəhidlik zirvəsinə ucalmaqla xalqın kimliyini öz varlığından uca tutdubununla da əbədiyyətə qovuşdu.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 18 yanvar.- S. 8.