Yan Mladek: Çexiya Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlıdır

 

Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 18-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini, işçi qrupun rəhbəri Valeh Ələsgərov iki ölkə arasındakı əlaqələrdən söz açıb. O, səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan-Çexiya münasibətlərinin dərinləşməsinə, iqtisadi, siyasibaşqa sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Çexiya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərimiz başqa ölkələr üçün nümunə ola bilər.

Ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrindən söhbət açan Valeh Ələsgərov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu layihənin işə başlaması Avropa və Xəzəryanı ölkələr ilə Yaxın və Uzaq Şərq ölkələri arasında ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu deyib. Bu əlaqələrin getdikcə daha da inkişaf etdiyini söyləyən nazir dövlət başçılarının görüşlərinin, Azərbaycan ilə Çexiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin önəmini qeyd edib, parlamentlərarası əlaqələrin razılıq doğurduğunu vurğulayıb. Yan Mladek deyib ki, bu gün Azərbaycan Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir.

Çexiyanın Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirən nazir ölkəmizi Avropa İttifaqı ilə strateji tərəfdaşlıq danışıqlarının aparılmasında dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

 

AZƏRTAC

 

Azərbaycan 2017.-19 yanvar.- S.2.