20 Yanvarın ekran təcəssümü
Kino sahəsində bu şərəfli
tariximiz daha canlı və
obrazlı təsvir edildi
1990-cı il 20 yanvar! Artıq 27 ildir ki, qanla yazılan bu tarix şərəflə xatırlanır, qürurla anılır. Dünyanın qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, sakinləri tolerantlıq şəraitində yaşayan paytaxt Bakının o müdhiş tarixdə qan gölünə çevrilməsi zaman keçdikcə yaddaşlarda daha silinməz izlər buraxır. Günahsız insanların zülmətə bürünmüş o şənbə gecəsində qanlarına qəltan edilmsinə fərman verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri (yaşından asılı olmayaraq), ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər ehtiramla, məhəbbətlə anılır.
Tarixi hadisələr ictimai mahiyyətindən asılı olmayaraq, xalqın yaddaşında o zaman yaşayır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları da həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.
Qanlı şənbə gecəsinin fəryadları da bədii sənət nümunələrində öz əksini tapdı. Sözün ifadə edə bilmədiyini rəssamların qan daman fırçaları cızdı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu “layla çaldı”. Bu fəryada o gecədən şəhidlərimizin anası obrazına çevrilən xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar göylərə sovrulmuş ağ saçlara qoşuldu: “Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək:
Arazam, keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən”.
Həmin o müdhiş gecə xalqımızın Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digər vətənpərvər söz adamlarının misralarından boy verdi.
Şəhidlər xiyabanını al qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı:
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla, qərənfil,
ağla.…
Bəxtiyar Vahabzadə
düşmənə nifrət
nidalı misraları ilə fəryad qopardı:
Şəhidlərin hamısı
bənzəyir bir-birinə,
Bir bax qəbirlərinə!
Hamısı qıpqırmızı
qərənfilə bələnmiş,
Hamısı bir biçimdə,
bir boyda cərgələnmiş,
Səbəb birdir, əməl bir,
hədəf birdir, hədə bir!
Məhz bundan sonra bədii
əsərlərdə şəhidlərin
ölməzliyini və
müqəddəsliyini təsdiq
edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr
və ya səhnə əsərlərində
deyil, incəsənətin
ayrı-ayrı növlərində,
o cümlədən kinofilmlərdə,
ekran əsərlərində
20 Yanvar aparıcı
mövzuya çevrildi.
Kinorejissor Vaqif Mustafayevin “Tale” və “Bir həsədin tarixi” filmlərində ulu öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək
hadisələrə münasibətini
bildirməsi ekranın
dili ilə ustalıqla əks etdirildi. Bu çəkilişlər
eyni zamanda xalqın taleyinin və tarixi yaddaşının əks-sədası
idi.
O gecə kino salnaməçiləri həyatlarını ölüm-dirim mübarizəsi ilə üz-üzə qoyaraq tariximiz üçün çox qiymətli olan xronika yaratdılar. Həmin kadrlar bu gün neçə-neçə sənədli və bədii filmlərimiz üçün zəngin materialdır. Təbii ki, o anları həyəcansız xatırlamaq mümkün deyil. Çünki atəş Azərbaycan xalqına açılmışdı. Bütün təzyiqlərə, amansızlıqlara isə xalq öz birliyi, həmrəyliyi ilə cavab verirdi.
Bu günə kimi çəkilən filmlərdə, Xamis Muradovun, eləcə də digərlərinin ekranlaşdırdıqları əsərlərdə həmin təlatümlü günlər, şəhidlik zirvəsinə ucalan insanların azadlıq arzuları öz əksini tapmışdı. “Azadlığa gedən yollar”, “Şəhidlərdən-şəhidlərə”, “Qədirin sorağında”, “Haray”, “9 dəqiqə”, “Cənubda şimal küləyi” və s. filmlər 20 Yanvar faciəsinə aparan yolların konkret mənzərəsini yaratmaqla yanaşı, hadisələrin ilkin görüntülərini də canlandırır.
İctimai əhəmiyyət kəsb edən hadisələr bədii sənət nümunələrində öz əksini zaman keçdikcə tapır. “Şəhidlik zirvəsi” filmi 2001-ci ildə çəkilib. Filmdə bu günlərədək Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, onlara münasibət faktlarla geniş şəkildə verilib. “Cənubda şimal küləyi” 1990-cı ilin yanvar qırğını zamanı Biləsuvar rayonunda olan olaylardan bəhs edir. Filmdə arxiv materiallarından istifadə olunub. “9 dəqiqə”, “Qədirin sorağında” kinolentlərində isə doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılır.
Belə ekran əsərləri sırasına, əlbəttə, tamaşaçı yaddaşına qanla yazılan “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Ağ atlı oğlan”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi”, “Fəryad”, “Dolu”, “Yaddaş” kimi onlarca sənədli və bədii filmləri, televiziya tamaşalarını əlavə etmək olar.
Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş incəsənət əsərlərində, o cümlədən kinofilmlərimizdə həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2017.- 20 yanvar.- S. 4.