20 Yanvar
musiqimizin dili ilə...
O gün 20 Yanvar təqvimimizdəki adi günlərin sırasından çıxdı,
xalqımızın qəhrəmanlıq
tarixində əbədi
yer tutdu. 1990-cı ilin həmin
günü bir millət olaraq varlığımız, iradəmiz,
haqq yolunda, azadlıq uğrunda mübarizədə dönməzliyimiz
yenidən sınağa
çəkildi. Xalqımız bir yumruq kimi
birləşərək təpədən-dırnağa
qədər silahlanmış
sovet ordusunun üzərinə əliyalın
getdi. Bununla da öz tarixində yeni salnamə yazdı. Azad, müstəqil, demokratik dövlət qurmaq yolunda qurban getməyi şərəf bildi millətin təəssübkeş
övladları. Onlar
canlarından daha əziz tutduqları vətəni isə bizlərə əmanət
etdilər...
Xalq öz şəhidlərinin
dəfn günündə
yalnız yas tutmadı, ağlayıb-sızlamadı,
milli birliyin, sarsılmazlığın qələbəsinə
çevirdi o günü. Əzəməti, yenilməzliyi ilə əlisilahlı rus əsgərlərini heyrətə
gətirdi.
Azərbaycan övladlarının
al qanının qırmızı
qərənfillərə qarışdığı
o soyuq yanvar günlərində Kamil Cəlilovun qaboyunda, Habil Əliyevin kamanında inləyən musiqi sədaları həzin-həzin ağı
dedi şəhidlərimizə...
Sovet rəhbərliyinin 20 Yanvar
cinayətini məxfi saxlamaq cəhdi o zaman boşa çıxdı. Elə həmin gecə
törədilmiş cinayətin
mahiyyəti və miqyası beynəlxalq ictimaiyyətə çatdırıldı.
Yanvarın 19-dan 20-nə keçən
gecə böyük bir imperiyanın - sovet hakimiyyətinin ordu hissələri məsum körpələri,
günahsız gəlinləri,
anaları tankların
qarşısına çıxaraq:
“Silahsız insanlara atəş açmayın”
- deyən oğulları
qətlə yetirdilər.
O günün özü
də, şəhidlərimizin
hər biri də, ümumilikdə xalqın şər qüvvələr qarşısında
təpəri, birliyi, əzmi də əfsanələrə döndü.
Bu qəhrəmanlıq tarixi öz təcəssümünü elə
o vaxtdan başlayaraq rəsmlərdə, ədəbi
nümunələrdə, səhnə
və ekran əsərlərində tapdı.
Bəstəkarlarımızın yaradıcılığında
da həmin faciəli günlər yeni əsərlərin mövzusuna çevrildi.
20 Yanvara bir
sıra simfonik əsərlər, poemalar,
vokal INSTRUMENTAL və
fortepiano üçün əsərlər,
kantatalar həsr olundu. Elə həmin il
- 1990-cı ildə görkəmli
bəstəkar Cövdət
Hacıyev “Şəhidlər”
simfoniyasını yazdı.
“Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Azər Rzayev simfoniyasını
“Bakı-90” adlandırdı. Tofiq Bakıxanov “Humayun” simfonik muğamını, Ramiz Mustafayev “Bu qan yerdə qalan deyil” vokal-simfonik poemasını, Mobil Babayev
“Ağlama, torpağım,
ağlama” kantatasını,
Aydın Əzim Kərimoğlu orkestr üçün yazdığı
“Qətl günü”,
Sərdar Fərəcov
“Matəm harayları”
simfonik lövhəsini,
Sevda İbrahimova bariton səs və orkestr üçün vokal simfonik “Vətən şəhidlərinə” əsərini,
Cavanşir Quliyev xor üçün “Şəhidlər”, Arif Mirzəyev arqan üçün “Yanvar mərsiyələri”ni, Faiq
Sücəddinov fortepiano üçün
“Şəhidlər xiyabanı”nı,
qaboy ustası Kamil Cəlilov “Zəminxarə” muğamını,
Azad Zahid “Mədhiyyə”,
Fuad Cavadov “Qara Yanvar” xor
əsərlərini yazdı.
20 Yanvar faciəsi və şəhidlərə
həsr olunan musiqi əsərləri arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər”
operası, Oqtay Rəcəbovun “Çingiz”
oratoriyası, Zabitə
Məmmədovanın “Elegiya”sı
da var.
20 Yanvar faciəsinə irihəcmli
musiqi əsərləri
ilə yanaşı, mahnı və romanslar da həsr
olunub. Emin Sabitoğlu Bəxtiyar
Vahabzadənin sözlərinə
“Şəhidlər ağısı”
mahnısını yazıb.
“Şəhidlər ağısı”nı ilk dəfə dünya şöhrətli
müğənni Zeynəb
Xanlarova ifa edib. Sonralar bu mahnı bir çox müğənninin repertuarında
yer tutdu.
Bəstəkar Vasif Adıgözəlov
1991-ci ildə Fikrət
Qocanın “Bir şərqi de” şeirinə
musiqi bəstələyib. Bəstəkar
Hacı Xanməmmədov
Əzizə Cəfərzadənin
sözlərinə “Əlimdə
sazım ağlar” adlı əsər yazıb, Oqtay Rəcəbovun Məmməd
İsmayılın sözlərinə
bəstələdiyi “Qana
dönən qərənfillər”,
Mehriban Əhmədovanın
Məmməd Arazın
sözlərinə yazdığı
“Ana millət, ata millət, ağlama”, Nəriman Əzimovun Hikmət Mahmudun sözlərinə bəstələdiyi
“Mənim şəhid
bacım, şəhid
qardaşım”,
İlham Abdullayevin
Dönməzin sözlərinə
yazdığı “20 Yanvar”,
Ruhəngiz Qasımovanın
“Şəhid oğullara”
mahnıları da xalqımızın Qara Yanvar dərdini haray çəkir. Bəstəkar İlham Quliyev
“İlham və Fərizə” operasını
bəstələyib. Azər
Dadaşov “20 Yanvar” xor, solist və
simfonik orkestr üçün 9 saylı
simfoniya, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı
“Şəhidlərdən-şəhidlərə”
sənədli filminə
musiqi yazıb.
Bəstəkarların müraciət etdikləri
janrlar, faciəni əks etdirmək üslubları fərqli olsa da, mahiyyət
eynidir. Onlar əsərlərində yalnız öz kədərlərini, duyğu
və düşüncələrini
əks etdirməyiblər,
həm də bu şanlı tariximizdən dərs almağı, vətəni
sevməyi təbliğ
edirlər.
Xalqımızın başına gətirilən
faciələrin dünya
ictimaiyyətinə çatdırılmasında
da bu əsərlərin
böyük rolu var. Bəstələnən əsərlər
musiqi kollektivlərinin,
orkestrlərin ifasında
xarici ölkələrin
müxtəlif konsert salonlarında da səsləndirilir, Azərbaycan
xalqının başına
gətirilən müsibətlər
dünya ictimaiyyətinin
diqqətinə bir daha çatdırılır.
1990-cı ilin Qara Yanvarı - xalqımızın yaddaşına qanla yazılan o gün təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən faciəli səhifələrindəndir. O günü unutmağa və unutdurmağa haqqımız yoxdur.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan Dillər
Universitetinin Jurnalistika
fakültəsinin müəllimi
Azərbaycan.-2017.- 20 yanvar.- S. 4.