“Nepsabadşaq” qəzetinin 20 Yanvar yazıları
1990-cı ilin yanvarında Azərbaycanda tarixə “Qara Yanvar” adı ilə daxil olmuş dəhşətli hadisələr baş verəndə mən Macarıstan Xalq Fəhlə Partiyasının rəsmi orqanı “Nepsabadşaq” qəzetinin Sovet İttifaqında xüsusi müxbiri vəzifəsində çalışırdım. Mərkəzi ofisimiz Moskvada
yerləşsə də, tez-tez keçmiş SSRİ-nin
müxtəlif yerlərinə ezamiyyətə
yollanırdım.
Yadımdadır ki, həmin ərəfədə
də Baltikyanı respublikalarda idim. 20 Yanvar hadisələri o qədər
gözlənilmədən və sürətlə baş verdi ki, bütün səylərimə
baxmayaraq bir çox xarici mətbuat orqanlarının təmsilçiləri
kimi mən də Bakıya gedib hadisələri isti izlərlə
yerində işıqlandıra bilmədim. Azərbaycan
paytaxtı o dövrdə xarici jurnalistlər üçün
qapalı şəhər idi və xatırladığıma
görə hərbi vəziyyət elan olunduğundan uzun
müddət də belə qaldı. Hətta
Macarıstanın nüfuzlu MTİ mətbuat agentliyinin
müxbirləri də bütün əlaqələrinə
baxmayaraq Bakıya gedə bilməmişdilər. Yaranmış şəraitdə günün ən
mühüm yenilikləri ilə bağlı xəbərləri
əsasən mətbuatdan, SİTA və XMA (Xəbərlər
Mətbuat Agentliyi - red.) kimi informasiya agentliklərinin
bülletenlərindən, radio və televiziyadan alırdıq.
O zaman “Kommersant” qəzeti yenicə fəaliyyətə
başlamışdı və xarici jurnalistlər
üçün qiymətli məlumat mənbələrindən
biri idi. Təbii ki, Macarıstan Kommunist Partiyası MK
orqanının müxbiri kimi mən “Pravda”, “İzvestiya” qəzetlərinin
redaksiyaları, Sov.İKP MK-nın məsul işçiləri
ilə əlaqə saxlayıb informasiya almaq imkanına malik
idim. Lakin dəqiq xatirimdədir ki, Yanvar hadisələri
ilə bağlı bu əlaqələrin gündəlik
işimizə heç bir faydası olmamışdı. Müraciət etdiyimiz təqdirdə də yalnız
ümumi sözlər eşidirdik.
Bir Macarıstan vətəndaşı
kimi sovet ordusunun Bakıya soxulması və dinc əhaliyə
divan tutması məndən ötrü xüsusilə
ağrılı və həssas məsələ idi. Çünki 24 il əvvəl, 1956-cı ilin oktyabrında eyni
qəddar oyun xalqımın da başına
açılmışdı. Bakı kimi Budapeşt
də bir gecənin içində işğal olunmuşdu,
insanların öz taleyinin sahibi olmaq, hürr və azad
yaşamaq istəyi silah gücünə boğulmuşdu.
Yəqin ki, bu səbəbdən də mən
digər xarici jurnalistlərlə müqayisədə
Bakıda baş verənləri daha diqqətlə izləyir,
həmkarlarımla söhbət zamanı yalın əllə
imperiyanın üzərinə gedən azərbaycanlılara rəğbətimi
gizlətmirdim.
Sovet ordusunun Bakıya daxil
olduğunun ertəsi “Nepsabadşaq” qəzetinin 21 yanvar tarixli
bazar günü sayında Moskvadan göndərdiyim müxbir məktubu
çap olunmuşdu. Orada deyilirdi: “1990-cı il yanvarın 20-də
SSRİ-nin başqa regionlarından gətirilmiş sovet
qoşun hissələri Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti ilə razılaşdırılmadan Bakı şəhərinə
yeridilmişdir. Bununla da SSRİ və Azərbaycan
SSR konstitusiyaları, habelə müttəfiq respublikaların
suverenliyi haqqında Konstitusiya aktının müddəaları
kobud şəkildə pozulmuşdur. Dinc əhaliyə
amansızlıqla divan tutulmuş, yüzlərlə adam öldürülmüş,
yaralanmış və itkin düşmüşdür. Ümumilkdə əldə olan məlumata görə,
öldürülənlərin sayı 133 nəfər,
yaralananların sayı 744 nəfərdir. 5
nəfərin taleyi haqqında heç bir məlumat yoxdur.
841 nəfər qanunsuz həbs edilib”.
Daha sonra mən Bakıda
yanvar faciəsinə gətirib çıxaran hadisələr
barəsində, ilk növbədə isə günbəgün
qızışmaqda olan Dağlıq Qarabağ münaqişəsi
və qonşu Ermənistanın Azərbaycana əsassız ərazi
iddiaları barəsində məlumat vermişdim. “Nepsabadşaq”ın
Moskva müxbiri kimi 1986-1991-ci illərdə Sovet
İttifaqında yaşayıb-işlədiyimdən proseslərin
çoxu gözlərim önündə cərəyan
etmişdi və yazılarımda da imkan daxilində oxuculara, həmvətənlərimə
obyektiv informasiya çatdırmağa
çalışırdım.
Moskvanın 1956-cı il
Budapeşt və 1990-cı il Bakı ssenarilərinin
oxşarlığına elə ilk yazımda toxunmuşdum. Zaman, şərait dəyişsə də, imperiya
siyasətinin dəyişmədiyinə diqqət
yetirmişdim. Maraqlıdır ki, hər
iki halda əsas hücum nöqtəsi kimi paytaxt seçilsə
də, cəza maşını bütün ölkə ərazisində
işləmişdi.
İki gün sonra başqa bir məqaləmdə
yenə də daha çox “Kommersant” qəzetinin məlumatlarına
istinadən 20 yanvar gecəsi Bakının
giriş-çıxışlarında baş verən
qanlı hadisələri belə
işıqlandırmışdım: “Sovet qoşunları
silah gücünə Aeroport şosesində, Tbilisi prospektində
və şəhərə aparan digər yollarda piketləri
dağıtmışdılar. Buna paralel şəkildə
kazarmaların qarşısındakı barrikadalar da
dağıdılmışdı. Ən
qanlı qarşıdurma Salyan kazarması
yaxınlığında baş vermişdi. Ordu tankların köməyi ilə avtobuslardan
qurulmuş maneənin üzərindən keçmiş,
yaşayış binalarını atəşə
tutmuşdular. Şahidlərin dediyinə
görə, piket iştirakçılarının heç
birində silah yox idi. Qəzetə
müsahibə verən sovet hərbçiləri isə
nümayişçilərin avtomat silahla
silahlandıqlarını iddia etmişlər. Başqa
şahidlər silah adına yalnız
içərisinə yandırıcı maye doldurulmuş
butulkalar, raket tapançaları gördüklərini
bildirmişlər. Bayıl rayonunda, “Bakı”
mehmanxanasının yaxınlığında, şəhərətrafı
qəsəbələrdə də qanlı toqquşmalar
olmuşdur. Bəzi məlumatlara görə,
Milli Müdafiə Şurasının binası şiddətli
atəşə tutulmuşdur”.
Ümumiyyətlə,
1990-cı ilin yanvar ayında Azərbaycanda böyük gərginlik
yaşanırdı, həyəcanlı hadisələr
bir-birini əvəz edirdi. Xalq sözün həqiqi
mənasında, ayağa qalxmışdı, qorxub-çəkinmədən
rejimə meydan oxuyurdu. Yanvarın əvvəlində
“Nepsabadşaq”a göndərdiyim materiallardan biri
Naxçıvanda yerli xalq cəbhəsinin fəalları tərəfindən
sovet-İran sərhədinin böyük bir hissəsinin
dağıdılması idi. Xarici jurnalist
kimi mən Röyter, Assoşeyted Press və başqa geniş
müxbir şəbəkəsinə malik agentliklərdən
foto-şəkillər, informasiyalar ala bilirdim. Həmin günlərdə Röyterin indi
adını unutduğum müxbiri mənə
Naxçıvanda, sovet-İran sərhədində çəkilmiş
şəkil vermişdi. Burada sərhəd
dirəklərini sökən, tikanlı məftilləri
qırıb-dağıdan gənclər təsvir olunmuşdu.
Həmin şəkil “Nepsabadşaq”ın 8 yanvar
tarixli sayında çıxan “Naxçıvanla İran sərhədində
yeni insidentlər” adlı yazıma illüstrasiya kimi
özünə yer almışdı.
Naxçıvan hadisələri
ilə bağlı “Nepsabadşaq”ın ertəsi gün, 9
yanvar tarixli sayında çap olunan başqa bir yazımda isə
Araz çayının iki əks sahilində dayanıb bir-birlərini
salamlayan azərbaycanlıların şəkli illüstrativ
material kimi verilmişdi. Yadımdadır, həmin şəkli
Şərqi Almaniyanın “Berliner Zaytunq” qəzetinin Moskva
müxbiri olan həmkarıma göstərəndə o,
gözlərini uzun müddət gördüyü mənzərədən
çəkə bilməmişdi, “Bu eyni ilə bizdəki
kimidir. Bir xalq iki müxtəlif ölkədə
yaşayır” - demişdi (Keçmiş Almaniya Demokratik
Respublikası yalnız həmin ilin oktyabrında Federativ
Almaniya ilə birləşmişdi - P.D.).
Moskvadakı informasiya
kanalları xarici jurnalistləri inandırmağa çalışırdı
ki, sovet ordusu Bakıya kütləvi şəkildə qətlə
yetirilən erməniləri xilas etmək və Xalq Cəbhəsi
tərəfindən sovet orqanlarının
dağıdılmasının qarşısını almaq
üçün daxil olub. Ancaq bunun həqiqətən
də belə olduğuna çoxumuz inanmırdıq. Çünki ermənilərə qarşı
insidentlər artıq yanvarın 14-də dayanmışdı.
Xalq Cəbhəsinin silahlı üsyan yolu ilə
hakimiyyəti ələ keçirmək istəməsi də
inandırıcı görünmürdü. Mən 20
Yanvardan sonrakı ilk yazılarımda belə bir vacib məqama
diqqəti çəkməyə
çalışırdım ki, Azərbaycanda da, Ermənistanda
da tarixən qonşu olmuş iki xalqı bir-birinə
qarşı qoyan qüvvənin sovet imperiyası olduğunu
anlayan insanlar var. Bu adamlar danışıqlar masası
arxasında oturub öz aralarında dil tapmağa, ortaya
çıxmış problemləri dinc yolla çözməyə
çalışsalar, məkrli imperiya siyasətinin
planlarını pozmaq mümkündür.
“Nepsabadşaq”ın 3 fevral
tarixli sayında mənim Riqadan, Azərbaycan Xalq Cəbhəsi
ilə Ermənistan Ümumxalq Birlik Hərəkatının
görüşündən hazırladığım material dərc
olunmuşdu. Bu görüş sovet orqanlarının heç bir
müdaxiləsi olmadan keçirilirdi. Təşkilatçı
Baltik ölkələrinin xalq cəbhələri idi. Danışıqlar fevralın 1-də Riqada, Latviya
Yazıçılar İttifaqının binasında
başlanmışdı. Tərəflər
başlanğıc mərhələdə qarşıdurma
yaratmamaq üçün hələlik Dağlıq Qarabağın
taleyindən deyil, daha çox münaqişə nəticəsində
meydana çıxan humanitar məsələlər,
girovların dəyişdirilməsi və s. haqqında fikir
mübadiləsi aparmışdılar.
“Yalnız bəlli bir zaman
keçdikdən sonra 1990-cı ilin faciəli yanvar günlərində
Bakıda hansı hadisələrin baş verdiyi aşkara
çıxacaq” - deyə 5 fevral tarixli başqa yazımda yenidən
Qara Yanvarla bağlı məsələnin üzərinə
qayıtmışdım. Mən bu sözləri
deyərkən ilk növbədə, həmin günlərdə
sovet senzurasının tətbiq etdiyi informasiya
blokadasını nəzərdə tuturdum. Qanlı hadisələrdən iki həftədən
çox vaxt keçməsinə baxmayaraq biz proseslərin həqiqi
mahiyyətini ifadə edən məlumatları yenə də
hakimiyyətə yaxın olmayan qəzetlərin
sütunlarında axtarmalı olurduq. İndi
xatırladığıma görə, Bakıdakı Yanvar
faciəsinin işıqlandırılmasında “Moskovskie
novosti” qəzeti də daha sərbəst mövqe
nümayiş etdirirdi. Məhz bu nəşrə istinadən
növbəti məqaləmdə
aşağıdakıları yazmışdım:
“Bakıdan ən son xəbərləri
çatdıran “Moskovski novosti” jurnalistləri bir çox məqamlara
aydınlıq gətirilməsində Moskvanın rəsmi
nöqteyi-nəzərindən fərqli mövqe nümayiş
etdirirlər.
Qəzet Azərbaycandakı xalq hərəkatının
sovet hakimiyyətinə qarşı çıxması
ittihamını rədd edir. Köhnə
strukturlar kənar müdaxilə olmadan iflasa uğrayırlar.
Xalq hərəkatının liderləri
ümumiyyətlə, problemin güc tətbiqi yolu ilə həllinin
tərəfdarı deyillər. Çünki
bir neçə aydan sonra keçiriləcək seçkilərdə
qələbə qazanacaqlarına inanırlar. Gərginliyin artmasına yalnız hakimiyyətlərini
itirmək qorxusu ilə üz-üzə qalan qüvvələr
maraqlıdırlar”.
Başqa bir məqaləm isə
o zaman Sov.İKP MK milli siyasət məsələləri
şöbəsinin müdiri V.Mixaylovla polemika üzərində
qurulmuşdu.
Orada göstərirdim ki, “V.Mixaylovun Bakıya
sovet qoşunlarının yeridilməsi ilə bağlı
mülahizələri kifayət qədər mübahisəli
xarakter daşıyır. O, xarici jurnalistlər
üçün keçirdiyi mətbuat konfransında bizi
inandırmağa çalışırdı ki, müttəfiq
respublikaya hərbi müdaxilə qaçılmaz zərurət
idi. Əslində isə yanvarın 19-20-də
şəhərdə sakitlik və əmin-amanlıq hökm
sürmüşdü. Hərbi
qulluqçulara, onların ailə üzvlərinə heç
bir təhlükə yox idi. Belə təhlükə
yanvarın 20-dən sonra, sovet ordusu hissələrinin dinc əhaliyə
qarşı törətdiyi kütləvi vəhşiliklər
nəticəsində yaranmışdı”.
Məqaləmdə daha sonra deyilirdi:
“Mixaylov Bakıya ordu hissələri yeridilməsinin vətəndaşları
deyil, sistemi qorumaqla bağlı olduğu barədə xarici
jurnalistlər arasında geniş yayılmış fikrə
öz qəti etirazını bildirdi. O, bir tərəfdən
20 Yanvarın əsas günahkarları kimi qələmə
verdiyi xalq cəbhəsi üzvlərini ekstremist
adlandırır və onlarla heç bir
danışığa gedilməyəcəyini bildirirdi. Digər tərəfdən isə Ermənistandan
qaçmaq məcburiyyətində qalmış on minlərlə
azərbaycanlı ailəsini məskunlaşdırmaq da daxil
olmaqla rəsmi Azərbaycan rəhbərliyinin öhdəsindən
gələ bilmədiyi bir sıra məsələləri
yoluna qoyduğunu inkar etmirdi”.
Başa
düşürdüm ki, sovet ordusu
komandanlığının və ayrı-ayrı sovet siyasi
liderlərinin 20 Yanvar hadisələrinə münasibəti də
macar oxucusu üçün son dərəcə
maraqlıdır. Ona görə də çətinliklə
də olsa, bu barədə yazılı mənbələrdən
məlumatlar əldə etməyə
çalışırdım. Bakıya hərbi
müdaxiləyə rəhbərlik etmiş ordu generalı,
SSRİ müdafiə naziri D.Yazovun yalnız aşkara
çıxarılmış hədəflərə atəş
açılması barəsindəki bəyanatının əksinə
olaraq, biz xarici jurnalistlər Bakıda sovet snayperlərinin
xarakterindən asılı olmayaraq onlara şübhəli
görünən hər şeyi gülləbaran etmələri
barəsində məlumat əldə etmiş və
yaymışdıq.
Yaxud həmin yanvar günlərində
Tokioda olan Boris Yeltsinin Bakıya qoşun yeridilməsini
“Qorbaçov siyasətinin səhvi” adlandırması da diqqətimdən
yayınmamışdı və bu barədə
yazılarımın birində məlumat vermişdim.
20 Yanvar faciəsinin ertəsi
günü Azərbaycanın keçmiş rəhbəri,
keçmiş Siyasi Büro üzvü Heydər Əliyevin
Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək
son dərəcə sərt və qətiyyətli
çıxış etməsi, xalqına qarşı törədilən
cinayətdə ali sovet rəhbərliyini
günahlandırması barəsində xarici jurnalistlər
arasında çox danışılırdı. Təəssüf ki, həmin mitinqdə iştirak edə
və onun gedişini işıqlandıra bilməmişdim.
Bəzi həmkarlarım Qorbaçovun Heydər
Əliyevə mənfi münasibətinin də Bakıya ordu
hissələrinin yeridilməsinə müəyyən təsiri
olduğunu ehtimal edirdilər.
Təkrar da olsa, deməliyəm:
1990-cı ildə Azərbaycan xalqının təklənməsini,
insanlarınızın uğradığı dəhşətli
haqsızlıq və ədalətsizliyi yəqin ki, hər kəsdən
daha artıq biz macarlar hiss edir, anlayırıq. Çünki
yaxın tarixi keçmişimizdə biz də eyni dərəcədə
təklənmişdik, eyni həyəcanlı və faciəli
günlər yaşamışdıq.
Fikrimcə, 20 Yanvarın
başlıca hədəflərindən biri Azərbaycan
xalqını siyasi və mənəvi cəhətdən əzmək,
onun azadlıq və müstəqilliklə bağlı
bütün arzularını birdəfəlik dəfn etmək
idi. Amma
insanlarınız çoxsaylı qurbanlar versə də,
böyük məhrumiyyətlərlə üzləşsə
də, nəticə etibarı ilə bu mübarizədən
qalib çıxdı!
Peter DUNAİ,
1986-1991-ci illərdə “Nepsabadşaq” qəzetinin Moskva
müxbiri,
sərbəst siyasi icmalçı və
hərbi analitik
Azərbaycan.-
2017.- 20 yanvar.- S. 5.