Bakının şimal qapısının simvolu

 

1990-cı ilin müdhiş şənbə gecəsi... O gecənin qan izləri Bakının giriş qapısına - 20 Yanvar dairəsinə də hopmuşdu. Qırmızı imperiyanın azğınlaşmış cəlladları dinc əhalini qəddarcasına hədəf seçmişdilər. O yanvar gecəsində şəhid balasının fəryadı, ah-naləsi ərşə qalxmışdı. Anaların doyumsuz naləsi faciəli gecənin agısına, laylasına çevrilmişdi...

Yaxşı xatırlayıram, adamlar bir-birinə həyan olub dərdin ağırlığını öz çiyinlərində daşıyırdılar. Hər kəs Tanrıdan güc, qüvvət, səbir, təmkin diləyirdi. Ayaq üstə qalan şəhər sabahın açılmasını gözləyirdi.

Sabahın aydınlığında, qərənfil yağışının göz yaşlarında xalq öz qəm karvanını son mənzilə yola salırdı. Zalım dünya ucu görünməyən izdihamı lal sükutla seyr edirdi. Haqq səsimiz eşidilmirdi.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakının şimal qapısı da şəhid qanına boyanmışdı. İndi həmin yerdə şəhid olanların əziz xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Eni 50 metr, hündürlüyü 7 metrdir. Ölüm məqamında da bir-birinə dayaq olan günahsız vətən övladları qranit lövhə üzərində də uca görünürlər. Ona görə ki, amalları, əməlləri müqəddəs bir istəkdən yoğrulmuşdur. Azadlığı qan bahasına qazanan bu insanlar imperiya ordusunun sərt qanunlarına təslim olmadılar. Sübut etdilər ki, azadlıq pay verilmir, onu qazanmaq üçün yeri gəlsə, Tanrı payı olan canından da keçməlisən.

Artıq qan yaddaşı ilə tarixə yazılan 20 Yanvar gecəsindən 27 il ötür. O gecənin şəhidləri yeni bir nəslin azadlıq himnini, vətən nəğməsini yazdılar. O qanlı Yanvar gecəsində bizim harayımıza əxlaqi sərvət kimi qazandığımız bir milli meyar - cəsarət kömək oldu. Və biz halal haqqımızı - azadlığımızı qorxa-qorxa, çəkinə-çəkinə tələb etmədik.

O dəhşətli gecədə qurban gedənlər də imperiyanın sərt təpkisinə - topuna, tüfənginə tuş gələcəklərini bilirdilər. Bilirdilər ki, kommunist rejiminin sərt qanunları yalançı, humanist şüarları hər an unudub xalqı qırıb-tökən imperiyapərəst qüvvələr nə qədər pərdələməyə, ört-basdır etməyə çalışsalar da, bu xalq halal haqqını, öz müqəddəratını və taleyini qorumağa hazır idi. Artıq elə bir mərhələ yetişmişdi ki, heç bir müqavimət, sərt təpki xalqı azad yaşamaq istəyindən döndərə bilməzdi. Bu, zamanın tələbiydi, millətin daxili səsi, harayı bizi itirdiklərimizi tələb etməyə vadar edirdi.

Qeyd etdiyimiz kimi, qanlı Yanvar gecəsində Bakının şimal qapısı da qan içində idi. İmperiya ordusunun vəhşilikləri ilə üz-üzə qalan günahsız adamlar həlak olurdular. O yerdə ucaldılan abidə kompleksinin divarları üzərində onların adları həkk olunub. Abidə önündə dayanıb bu adamları xatırlayanda qəribə hisslər keçirirsən. İlahi, nə qədər insanın taleyi yarımçıq qırılıb, arzuları, istəkləri bitib tamamlanmayıb. Amma o gecə şəhid olanlar nəyin uğrunda qurban getdiklərini yaxşı bilirdilər. Bilirdilər ki, vətən onları heç vaxt unutmayacaq.

Hər gün bu abidənin bitib-tükənməyən ziyarətçiləri olur. Dünyanın müxtəlif yerlərindən, ən ucqar məkanlardan yurdumuza gələnlər bu abidə önündə ayaq saxlayır. Abidə o faciəni törədənlər barədə çox şeylər deyir. İmperiya ordusunun vəhşilikləri barədə hər kəsdə aydın təsəvvür yaranır.

Biz sübut etdik ki, Azərbaycan ən ciddi müqavimətlərin, təpkilərin qarşısında dayana bilər. Xalqın birliyi, əqidə aydınlığı böyük sərvətdir. Onu məhv etmək, Yer üzündən silmək asan deyil.

Möhtəşəm abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşlar Azad Əliyev, Cavanşir Dadaşov bitkin bir əsər, dolğun kompozisiya yaratmaq üçün müxtəlif mənbələrdən faydalanıblar. Amma xalq ruhu, əyilməzlik simvolunun təcəssümü başlıca meyar kimi əks olunub. Təxəyyüllə həqiqətin simvolu, insan xarakterinin mətinliyinin qranit lövhədə həlli hər kəsdə o günlərə qayıdış əhvalı yaradır, faciənin ağrısını, acısını yaşadır. Milli qürur və əzəmət abidəsinə çevrilən bu kompleks şəhərimizin giriş qapısında - 20 Yanvar dairəsində  simvola çevrilib...

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 6.