Bu, müqəddəs savaş eşqidir, ana!

 

Ayaqlarının altını cənnət, dizini vətən torpağı bilib, kiçik yaşlarımda qucağında şirin-şirin uyuduğum, anam! Oğlunun şücaətinin göylərə yönəldiyini görən anam, ağlama! Heç vətən torpağını sinəsinə sıxan, düşmən qarşısında əyilməyən oğul anası da ağlayarmı?! Mənim anam, sənə ağlamaq yaraşmır.

Vallah, qədəm qoyduğumuz bu zirvədən boylanıb baxanda sənin xöşbəxtliyinin ucalığını görürəm. Allahın dərgahında cənnətin yeri ayaqlarının altıdır sənin. Mən pis görmüşəm ki?! Cavan canımı sənə vətənimə qurban vermək,  ayaqlarına yıxılmaq,  qarşında hər gün qul tək dayanıb, küləklərin belə mənə güc gələ bilmədiyi sevginin qarşısında ölüm nədir ki, mən ona baş əyəm?!

Ağlama, şəhid anası ağlamaz! Yaxşısı budur, uşaq vaxtı beşiyimiz başında oxuduğun laylanı de! Biz dönüb uşaq kimi uyuyaq...

“Lay-lay balam, a lay-lay, körpə balam...” Aman, ya Rəbb, böyük hikmətli nəğmə imiş bu! Yerlərin göylərə hayqırtısıdır, qəlbin ipək telinin sızıltısıdır bu, İlahi!

Ağlama, mənim hər əzaba qatlaşan, atamın ölümünü bizə bildirməyən anam! Kədəri dalğa kimi ürəyində yaşadan qadın, məzarım başında şux dayan, gözlərindəki sevgini oğlunun şəhidlik arzusu ilə qovuşdurub, bax! Sənin oğlun düşməndən qorxub qaçmayıb, ya da hardasa gizlənməyib, ana! Qoy, sənin baxışlarında qürur ilə ləyaqət, övlad sevgisi ilə vətən məhəbbəti qoşa dayansın.

Ağlama, ana! Bilirəm ki, ağırdır böyüdüb boya-başa çatdırdığın oğula həsrət qalasan. İndi onun yerinə ruhuna and içdiyin oğulun məzarı üstə yollanıb göz yaşı tökəsən. Bilirəm, ana, arzularımız böyükdür, sevgimizi bölüşmək istədiyimiz çox şey var. Amma nədənsə onun sevgisi qarşısında mübarizkaranə aciz şəkildə irəliləyirsən. Kimsə səksən il yaşayıb axirət dünyasını qazana bilmir. Əməllər həqiqəti o dünyadaört-basdıredə bilmir. Şəhidlik isə elə bir zirvədir ki, yüzlərlə ömür bəzən sonda ona nəsib ola bilmir. Kim istəməz əbədiyyətə qədər uzanan yolun başında olacaq axirəti şərəflə qazansın?! Vətəndir bu yolun adı, ana! Kim deyir, desin, dəxli yoxdur, insanın ruhuna dolan bu sevginin  sonu şəhidlik zirvəsidir.

Ağlama, anam, sənə ağlamaq yaraşmaz. Bacıma da çatdır ürək sözlərimi. Bacım həmişə fəxr edib mənimlə. Qürrələndiyin qardaş, pis - yaxşı günündə arxalandığın qardaş, vüqarın qardaş olan bacım! Heç olmasa sən anama təsəlli ver.

İndi hamının məni ölmüş bildiyinə incimərəm. Amma bacımın inanmasına doğrudan, dözmərəm. Mən qayıdacağam, bacı. Arzularda, istəklərdə, duyğularda, əməllərdə qayıdacağam!  Vətən torpağı uğrunda gedən döyüşlərdə, Xankəndi, Ağdam, Cəbrayıl, Zəngilan bütün işğal ərazilərimiz düşməndən təmizlənəndə qayıdacağam. Bax, o zaman məhəbbət dünyasını Azərbaycan göylərində dolandırıb, üzərlik kimi yandıracağam.

Ağlama, anam, sən Allah məni kövrəltmə! Yanında dayanan ömür-gün yoldaşıma baxıram, amma deməyə söz tapa bilmirəm. Vallah, onun baxışlarına dözə bilmirəm. Gözlərindən axan yaşları silmək gücüm olaydı kaş! Məzarıma süzülən o yaşlar qarşısında ruhum durulur, cənnət qapıları üzümə açılır, ana! Qəbrim üstə ağlayan o qadının göz yaşları ruhuma təsəlli, sevda qürur toxumu səpir. Amma nədənsə onun yuxusuna belə girməyə çətinlik çəkirəm. Çünki mən ona dərd verdim! Mənə oğul, qız verənə... Bir ona deyərsən ki, mən gen dünyada onsuz yaşaya bilmərəm. Bir ona deyərsən ki, balalarımı ataları kimi böyütsün.

Oğluma üzümü tuta bilmirəm, ana! Evimin dirəyi, qızımın, gəlinimin ürəyi olan oğlumu ağlamağa qoyma, ana! Onun gözlərində düşmənə nifrət, dosta hörmət, vətənə məhəbbət olsun həmişə. Qeyrətinə söykənsin, dövlətinə arxalansın, inansın. Nanəciblərə, xainlərə, sədaqətdən uzaq olanlara ləyaqət dərsi keçsin, qoy!  

Ağlama anam, qoy, sənin gözlərindəki göz yaşı düşmənlərimizə tuşlanan nifrətin başlanğıcı olsun! Hayqıraraq aləmə car çəkdiyimiz savaş eşqi neçə-neçə oğulun həyat amalıdır. Qardaşımın, oğlumun and yeri qoy vətən olsun, ana! Düşmənin son ana qədər əhdini kəsəcəyik! Qarışıq dünyada hər şey Allahın istəyilə həyata keçir. Bizim andımız  Allaha, torpağa, vətənə olan sevgidən keçir. Buna əvəzolunmaz, əbədi, müqəddəs sevgi deyirlər. Biz anaların, ataların, qardaş bacıların qarşısında and içmişik! Onun müdafiəsində şirin canı belə əsirgəmədik. Bu, ana bətnində qətlə yetirilən körpələrin savaş eşqidir. Cümlə Qarabağda yandırılan, viran qalan, talanan obaların arzusudur. Dinindən, dilindən  asılı olmayaraq  güllələnən Larisaların, İlqarların, hələ doğulmamış neçə körpənin savaş yüküdür. Bu, tank altında xıncım-xıncım edilənlərin, Mübarizlərin, Raqufların, Fəridlərin, minlərlə vətən övladının savaş eşqidir.

Azərbaycan bayrağına bürünən  cəsədlərimizdən qopan ruhumuz göyərçin kimi vaxt gələcək qələbə kəlməsini qarış-qarış Vətən göylərində dolandıracaq. Bax, sən onda - qələbə günü sevincdən ağlayarsan! Çünki həmin anı sənin oğlun istəyirdi, gözləyirdi. Sən həmin bayrağı onda başın üstündə ucaldıb, qürurla dalğalandırarsan! İçimizdəki savaş eşqi, bax, o zaman sönəcəkdir, ana! Təki sən sağ ol, Vətən sağ olsun!.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 6.