Biz silahsız vuruşaraq qalib gəlmişik

 

Azərbaycan, dərdin böyük yaran çox dərin,

Müsibəti gözü ilə görüb Tanrı da.

Səndən torpaq payı uman o xainlərin

Bir gün toza çevriləcək ağaları da.

Səndən ötrü süngülərə sinə gərmişik -

Vətən, daha yas saxlama,

                    biz ölməmişik!

 

Sıramızda təzə gəlin, məktəbli qız var,

Sıramızda - ata, oğul, ağbirçək nənə.

Hər qırmızı qərənfildə al qanımız var,

Al qanımız hopub sübhün şəfəqlərinə.

Üstümüzdən tank keçsə də, əzilməmişik -

Vətən, daha yas saxlama,

                    biz ölməmişik!

 

Neçə küçə, neçə bina qopardı fəryad,

Bakımızın harayına hay verdi Xəzər.

Azər, İlqar, Yusif, İlham, Yeganə, Fərhad...

İnsan idik, dönüb olduq abidə, əsər.

Hər bayatı - həzin layla, hər məzar - beşik,

Vətən, daha yas saxlama,

                    biz ölməmişik!

 

Fəlakətdən min ay, min il ötəcək, fəqət.

Yaddaşlarda, ürəklərdə yaşayacağıq.

Çilənir nur, ələnir gül, söylənirRəhmət”.

Yağı yana-yana qalsın, bilsin ki, sağıq.

Biz silahsız vuruşaraq qalib gəlmişik -

Vətən, daha yas saxlama,

                    biz ölməmişik!

 

Oqtay RZA,

əməkdar müəllim

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 6.