“Əl-Fəcr” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib       

 

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Azərbaycan Qara Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” sərlövhəli məqaləsi işıq üzü görüb.

Səfir D.Şikarov 20 yanvar gününün Azərbaycan xalqının yaddaşında silinməz izlər qoyduğunu yazaraq, xalqımızın həmin tarixdə kommunizm əsarətinə qarşı qalxdığını, lakin azadlıq və müstəqilliyin heçasan başa gəlmədiyini oxucuların diqqətinə çatdırır.

Diplomat İkinci Dünya müharibəsi illərində sovet hakimiyyətinə saysız-hesabsız xidmətlər göstərməsinə rəğmən Azərbaycan xalqına dinc nümayişi zamanı sovet ordusu tərəfindən divan tutulduğunu qabardır və 20 Yanvar hadisələrinin təfərrüatları barədə oxucuları məlumatlandırır. Həmçinin sovet hakimiyyətinin zor tətbiq etməsinin xalqımızda milli azadlıq mübarizəsini daha da gücləndirdiyi xüsusilə qeyd edilir.

Oxucuların diqqətini digər sovet respublikalarının da oxşar hücumlara məruz qaldıqlarına çəkən səfir bu hücumların Azərbaycandakı miqyasının daha ifrat dərəcədə olduğunu bildirir, Bakının həm qurudan, həm də dənizdən mühasirəyə alındığını qeyd edir.

Sonra D.Şikarov həmin vaxt Moskvada olan ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü həyatını təhlükə altına ataraq Azərbaycan nümayəndəliyinə getdiyini, həmin qanlı faciəni pislədiyini, bu iyrənc cinayəti törədənlərin cəzalandırılmasını tələb etdiyini vurğulayır.

Faciədən ötən qısa müddətdən sonra Azərbaycan Respublikası Ali Sovetinin bütün üzvlərinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı yekdilliklə qəbul etdiklərini vurğulayan səfir bu qərardan sonra ümumxalq səsverməsinin keçirildiyini və yalnız bir sualın – “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” referenduma çıxarıldığını oxucuların diqqətinə çatdırır və Azərbaycan xalqının dövlət müstəqilliyinin xeyrinə yekdilliklə səs verdiyini bildirir.

Sonda diplomat Azərbaycanın bu gün misli görünməmiş göstəricilərlə dinamik inkişaf edən ölkə olduğunu, regional liderə və beynəlxalq əlaqələrdə etibarlı tərəfdaşa çevrildiyini qabardaraq, bütün bunların önündə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi dayanıqlı demokratikiqtisadi islahatların, eləcə də müdrik hakimiyyətin və fəal idarəçiliyin dayandığını xüsusilə qeyd edir.

“Hər il yanvarın 20-də Azərbaycan xalqı ölkənin müstəqilliyi, azadlığı və inkişafı naminə canlarından keçmiş şəhidlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət edir”, - deyə D.Şikarov məqaləsini tamamlayır.

Məqalədə, eyni zamanda, Human Rights WATCH təşkilatının “Azərbaycanda Qara Yanvar” başlıqlı hesabatına da nəzər salınır və sovet ordusu tərəfindən istifadə edilən zorakılığın kütləvi cəzalandırmaya çevrildiyi qeyd edilir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 7.