Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya
İqtisadi Forumunun “İpək Yolunun səmərəsi”
adlı interaktiv iclasında iştirak edib
Xəbər verdiyimiz kimi, yanvarın 19-da Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib və sualları cavablandırıb.
Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak edirdilər.
Tədbirin aparıcısının “Müasir İpək Yoluna yatırılan siyasi və infrastruktur investisiyalar Asiya və Avropada iqtisadi artıma və ahəngdarlığa necə təsir göstərir, İpək Yolu təkcə torpaq üzərindən yox, həm də dənizdən keçir” sualına cavabında Prezident İlham ƏLİYEV dedi:
-İpək Yolundan danışdıqda biz bu təşəbbüs haqqında daha böyük mənzərəni gözümüzün önünə gətirməliyik. Regionda etibarlı siyasi münasibətlər olmazsa, biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq. Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur. Regional əməkdaşlıqdan danışdıqda bu, çox geniş əməkdaşlıqdır. Çünki bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sektorları əhatə edir. Buna görə də bizim niyyətimiz həmişə ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamaq və onlarda iştirak etmək olmuşdur. Buna görə də Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Eyni zamanda, biz dəniz limanı infrastrukturuna sərmayə yatırırıq. Hazırda biz ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikirik. Əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bu yol həm də dənizdən, Xəzər dənizindən keçməlidir. Ona görə də bu layihənin davamlı inkişafını təmin etmək üçün kifayət qədər nəqliyyat infrastrukturu, limanlar, gəmilər və tankerlər mövcud olmalıdır.
Daha sonra tədbirin aparıcısı İpək Yolu layihəsinin reallaşmasında Çinin fəaliyyəti və bu layihədə iqtisadi diplomatiyanın rolu ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Biz artıq hazırlıq işlərinə başlamışdıq. Bugünkü vəziyyət bizim doğru addım atdığımızı göstərir. Çünki indi biz bu çatışmayan seqmentin tamamlanmasına çox yaxınıq. Eyni zamanda, bu, Çinin “Bir kəmər - bir yol” baxışı ilə də üst-üstə düşür. Bizim Çin ilə əlaqələrimiz var və artıq İpək Yolu test rejimində fəaliyyət göstərir. Keçən il ilk konteyner test qatarı Çindən yola düşərək, Mərkəzi Asiyadan, Xəzər regionundan, Azərbaycan, Gürcüstan və Avropadan keçərək gəlmişdir. Biz bu yolun təchizatçılar üçün necə cəlbedici olması üzərində çalışırıq. Eyni zamanda, qeyd etdiyim kimi, bu layihə təkcə investisiyalar və nəqliyyat infrastrukturundan ibarət deyil, - baxmayaraq ki, bunlar çox önəmlidir, - bu layihə həm də qarşılıqlı bağlılıq yaradır. Qarşılıqlı bağlılıq isə dostluğu gücləndirir. İpək Yolu üzərində yerləşən bütün ölkələrin bir-biri ilə yaxşı işçi münasibətləri olduğuna görə biz çox xoşbəxtik. Lakin bu qarşılıqlı bağlılıq bunu daha da gücləndirəcək. Bu, müxtəlif ölkələr - müxtəlif siyasi gündəliyi, mədəniyyəti, dini, tarixi olan ölkələr arasında çox nadir olan əməkdaşlıq formasını təmin edəcək və hesab edirəm ki, bu, dünyanın yeni bir modelidir. Çünki biz Azərbaycanda mədəniyyətlərarası dialoq məsələsinə çoxlu investisiya yatırırıq. Məsələn, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdu, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Biz eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox azsaylı ölkələrdənik. Biz Avropa və Asiya arasında yerləşirik. Bu coğrafi yerləşmə, tarixi irsimiz və siyasi gündəliyimiz həmin layihəni ərsəyə gətirmək üçün bizə çox kömək edir. Əlbəttə ki, biz bu layihəyə aid istənilən təşəbbüslərə dəstək verəcəyik. Biz bu istiqamətə daha çox yükdaşımalarını cəlb etmək üçün tərəfdaş ölkələrlə ikitərəfli formatda işləyirik. Təkcə birbaşa İpək Yolu üzərində yerləşən ölkələr yox, həm də bu yolun yaxınlığında yerləşən ölkələr bu imkandan faydalana bilər.
Yeri gəlmişkən, Azərbaycan həm də başqa bir layihə üzərində çalışır. Bu, “Şimal-Cənub” layihəsi adlanır. Bu layihə Hindistanı, İranı, Azərbaycanı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Bu layihənin bizim əraziyə aid olan hissəsi tamamlanıb. Ümid edirik ki, yaxın iki ildə bu layihə İpək Yoluna inteqrasiya olunacaq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.
Tədbirin aparıcısı sonra Prezident İlham Əliyevin kiber İpək Yoluna baxışla bağlı fikirləri ilə maraqlandı, layihə üzərində rəqəmsal əlaqəni yaratmaq üçün baxışın nədən ibarət olduğunu soruşdu.
Prezident İlham ƏLİYEV: Biz bunun üzərində çalışırıq. Əslində, İKT sektoru Azərbaycan üçün prioritet sayılan sahələrdəndir. Biz bu sahəni inkişaf etdirmək üçün investisiya yatırmışıq. Əhalimizin 75 faizdən çoxu internet istifadəçisidir. Hər bir kəndə genişzolaqlı interneti gətirmək üçün bizim dövlət tərəfindən maliyyələşdirilən proqramımız var. Əlbəttə ki, biz kiber təhlükəsizliklə bağlı məsələlər üzərində də çalışırıq. Biz hələ bu təhlükələrə məruz qalmamışıq. Lakin ölkə nə qədər çox inkişaf edərsə, o, bir o qədər də risklərlə üzləşir.
Başqa bir layihə də
var. Onun adı TASİM-dir. Bu, İpək Yolu ilə eyni dəhliz
üzərindən keçən kommunikasiya xəttidir. Əslində,
bu dəhlizlər bir-biri ilə bağlıdır. Məsələn, indi biz enerji resursları
haqqında danışırdıq. Sizə
deyə bilərəm ki, Azərbaycanın enerji resursları
İpək Yolunun bərpasında mühüm rol
oynamışdır. Çünki biz tərəfdaş
ölkələr qarşısında bu ideyanı irəli
sürəndə ən böyük problem maliyyələşmənin
olmaması ilə bağlı idi. Biz bir
neçə maliyyə institutuna müraciət etdik, lakin onlar
maliyyə dəstəyini təmin etmək üçün o
qədər də həvəsli deyildi. Beləliklə,
biz nə etdik. Biz enerji resurslarından
qazandığımız gəlirlərdən istifadə
etdik, sərmayə yatırmağa başladıq və tərəfdaşlarımıza
maliyyə dəstəyi göstərdik. Bu
gün Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən
neft və qaz kəmərlərindən ibarət olan enerji dəhlizinə
baxsanız, İpək yolunun əsasən, eyni dəhliz
olduğunu görəcəksiniz. Əgər
bu layihələr olmasa idi, çox güman ki, biz dəmir
yolu bağlantısının tikintisinə başlamazdıq.
Buna görə də bütün bu dəhlizlər
əlaqəlidir.
Bu gün biz artıq elektrik
enerjisinin ixracı üçün yeni bir dəhliz
yaratmışıq. Bu dəhliz Azərbaycan və
Gürcüstandan Türkiyəyə gedir. Biz elektrik xətlərimizi birləşdirmişik.
Beləliklə, bir layihə digər bir layihəyə
yol açır. Biz indi elektrik enerjisini,
qazı və nefti ixrac edirik, dəmir yolunu tikirik və əlbəttə
ki, rəqəmsal sahəyə də investisiyalar
yatırmağa davam edəcəyik. Doğru
qeyd edildiyi kimi, bu layihələrin rəqəmsal dəstəyi
səmərəliliyi artıracaq və daha çox faydalar gətirəcəkdir.
Honq-Konq Universitetinin nümayəndəsi
Piter Vatson həyata keçirilən qlobal layihələrdə
işçi qüvvələrindən istifadə və
İpək Yolu ilə insanların gediş-gəliş prosesləri
ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Bizim
ölkəyə gəldikdə, müsbət demoqrafik
dinamikamız var. Müstəqilliyimizi 1991-ci ildə bərpa
etdikdən sonra əhalimizin sayı 2 milyondan çox
artmışdır. Buna görə bizdə
xarici işçi qüvvəsinin cəlb edilməsi ilə
bağlı problem yoxdur. Lakin insanların
axını ilə bağlı suala gəldikdə hesab edirəm
ki, bu, bizim ölkələr üçün də çox
yaxşı olacaqdır. Hesab edirəm ki,
bu layihələr həm də turistlərin sayının
artmasında önəmli rol oynayacaqdır. Düşünürəm ki, daha çox turist cəlb
etmək üçün ölkələr arasında müəyyən
formada əməkdaşlıq aparılmalıdır. Əlbəttə, müştərək turizm məkanları
və ya bir neçə ölkəyə səfərləri
gerçəkləşdirən həftəlik proqram
haqqında düşünmək olar. Bu yaxınlarda Azərbaycanda
elektron viza sistemi adlı yeni bir layihəyə start
verilmişdir. İndi Azərbaycana səfər etmək istəyən
hər bir şəxs evini və ya iş yerini tərk etmədən
ölkəyə səfər etmək üçün 3
gün ərzində elektron vizanı əldə edə bilər.
Bütün bu məsələlər bir-biri ilə
bağlıdır və əvvəl də qeyd etdiyim kimi,
İpək Yolu təkcə şirkətləri, ölkələri
yox, həm də insanları birləşdirəcək. Bu, regionumuzu daha da sabit edəcək.
“Green Peace İnternational” təşkilatının
icraçı direktoru Cennifer Morqan İpək Yolu layihəsinin
reallaşmasında ekoloji problemlərin həlli, bu işdə
həm QHT-lərin rolu, həm də dayanıqlı inkişaf
məsələləri ilə maraqlandı.
Prezident İlham ƏLİYEV:
Ətraf mühitlə bağlı məsələlərə
həmişə böyük narahatlıq və diqqətlə
yanaşılır. Mən sizə neft boru kəmərinin
Azərbaycandan Gürcüstana və Türkiyənin
Aralıq dənizinə podrat işlərini
apardığımız vaxtı xatırlada bilərəm.
Həmin vaxt vəziyyəti müşahidə
etmək üçün ətraf mühitlə məşğul
olan QHT-lər çox fəal idi və canlılar
üçün ətraf mühiti təmin etmək məqsədilə
bir çox tədbirlər görülmüşdür.
Bütün tədbirlər ən yüksək
səviyyədə görülmüşdür.
Ekoloji fəlakətdən əziyyət
çəkmiş bir ölkə kimi, Azərbaycan təmiz
enerjiyə çoxlu investisiya yatırır. Biz hidro,
günəş və külək enerjilərinə indi
çoxlu investisiya yatırırıq. Eyni
zamanda, Azərbaycanda, xüsusilə Xəzər dənizinin
bizə aid olan hissəsində neft-qaz əməliyyatları
tamamilə beynəlxalq standartlara uyğun surətdə
aparılır. Azərbaycan, Bakı 1847-ci
ildə dünyada neftin ilk dəfə istehsal olunduğu məkandır.
Həmin vaxtda və XX əsrin əksər hissəsində
ekoloji məsələlər prioritet sayılmırdı.
Odur ki, biz müstəqilliyimizi bərpa etdikdən
sonra həmin amilə görə ətraf mühitin çirklənməsi
nöqteyi-nəzərdən çox çətin vəziyyətdə
idik. Xüsusilə Abşeron
yarımadasını, Xəzər dənizini nəzərdə
tuturam. Biz bu əraziləri təmizləmək
üçün yüz milyonlarla dollar xərcləmişik və
xərcləməkdə davam edirik. Əlbəttə
ki, biz ətraf mühitin qorunmasına çox ehtiyatla
yanaşırıq. Biz bu hədəflərə
yalnız yaxından əməkdaşlıq edərək nail ola bilərik. Çünki biz
eyni səmanı, havanı paylaşırıq, eyni suyu
içirik. Buna görə də
düşünürəm ki, ölkələrin öhdəlikləri
və aparıcı QHT-lərin bu vəziyyəti yaxından
müşahidə etməsi çox önəmlidir.
Tədbirin
aparıcısı İpək Yolu layihəsinin icrası
zamanı səmərəli təşəbbüslərə
özəl sektorun investisiyalarının cəlb
olunmasının əhəmiyyətindən
danışdı, bu niyyəti reallaşdırmaq, mövcud
layihələrə özəl sektor kapitalını daha
çox cəlb etmək üçün nəyin lazım
olması ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Azərbaycanda
bütün əsas nəqliyyat infrastruktur layihələri
dövlət büdcəsindən və Dövlət Neft
Fondundan maliyyələşdirilmişdir. Çünki
birincisi, özəl sektorun investisiya yatırmaq
üçün kifayət qədər vəsaiti yox idi və
ikincisi, bu, strateji və uzunmüddətli investisiya idi. Bu investisiyalar uzun illər ərzində
özünü doğruldacaq və gəlir gətirəcəkdir.
Buna görə dəmir yolu infrastrukturu, Xəzər
gəmiçiliyi, hava yolları, yollar, İpək Yolu - hər
şey dövlət vəsaiti hesabına edilir. Lakin bu, özəl sektor üçün də
imkanlar yaradır.
Mən Bakıda yeni
limanın tikintisini qeyd etdim. Bizim artıq azad zona
kimi bir neçə min hektar torpaq ərazimiz var və bu, dəniz
limanının yaxınlığında yerləşir.
Bütün yerli və xarici şirkətlər
bu layihədə iştirak etməyə və istehsal prosesinə
qoşulmağa dəvət olunurlar. Eyni
zamanda, Azərbaycanın müxtəlif bölgələrində
xüsusi sənaye zonaları təşkil etmək
üçün biz xüsusi infrastruktur yaradırıq və
orada su, qaz, elektrik enerjisi, yollar, dəmir yolu olduqda özəl
sektor artıq investor qismində iştirak edir. Bundan sonra onlar bu işlərə cəlb olunurlar.
Beləliklə, biz özəl sektora
yaxşı şərait yaratmağa və onlar
üçün çox ağır olan maliyyə
yükü qoymamağa və infrastruktur yaratmaqla özəl
sektoru stimullaşdırmağa çalışırıq.
Bu gün bir çox
ölkələr İpək Yolunun müxtəlif seqmentlərinə
diqqət yetirir. Biz bilirik ki, İpək Yolu qlobal layihədir.
Ona görə də mənim təklifim İpək
Yolu üzərində yerləşən, İpək Yoluna
qoşulmaq istəyən, lakin ola bilsin, ona yaxın olmayan
bütün ölkələrin nazirlərinin
görüşünün təşkil edilməsi, layihənin
yenidən nəzərdən keçirilməsi və nə
vaxt, nəyi etmək lazım olması -
qrafik, hədəflər, həyata keçirilmə ilə
bağlı konkret qərarların qəbul edilməsi və
bütün ölkələr arasında əlaqələndirmə
qurumunun yaradılması, ildə bir dəfə
görüşün keçirilməsi və layihənin
icrasına nəzarət olunmasından ibarətdir.
Azərbaycan.-
2017.- 22 yanvar.- S. 1, 3.