“Lisenziyalar və icazələr” portalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə (bundan sonra - Əsasnamə) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və ya icazələrin, onların dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi (bundan sonra - lisenziya və ya icazənin verilməsi) ilə bağlı müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin (bundan sonra - reyestr) elektron qaydada aparılmasını, istifadəçilərin və iştirakçıların portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsini və bu Əsasnamədə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təmin edir.
1.3. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. operator - Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi;
1.3.2. iştirakçı
- lisenziya və ya icazə verən, habelə özünə
məxsus informasiya sistemi ilə portalda informasiya mübadiləsində
iştirak edən orqan;
1.3.3. istifadəçi
- portalın təqdim etdiyi xidmətlərdən istifadə edən
təşkilati hüquqi formasından asılı olmayaraq
hüquqi şəxs, xarici hüquqi şəxsin filial və
nümayəndəliyi, fərdi sahibkar, habelə sahibkarlıq
fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs;
1.3.4. istifadəçinin
elektron kabineti - lisenziya və ya icazənin verilməsi ilə
bağlı məlumatların əldə edilməsini və həmin
məlumatlarla tanışlığı, ödənişlərin
həyata keçirilməsini, həmçinin operatorla və
iştirakçılarla qarşılıqlı əlaqəni
təmin edən xüsusi fərdi elektron səhifə.
1.4. Bu Əsasnamədə istifadə
olunan digər anlayışlar qanunda nəzərdə
tutulmuş mənaları ifadə edir.
1.5. Portalın fəaliyyətinin təşkili,
təkmilləşdirilməsi və saxlanması ilə
bağlı xərclər dövlət büdcəsi və
qanunla qadağan edilməyən digər mənbələr
hesabına maliyyələşdirilir.
2. Portalın fəaliyyət
prinsipləri
2.0. Portalın fəaliyyəti
aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
2.0.1. şəffaflıq
- portalın fəaliyyətində aşkarlığın və
hesabatlılığın təmin edilməsi, həyata
keçirilən prosedurların və onların nəticələrinin
izlənməsi imkanının mövcudluğu;
2.0.2. istifadə
rahatlığı - istifadəçilər və
iştirakçıların portaldan istifadəsinin və
informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar
aparılmadan təmin edilməsi;
2.0.3. səmərəlilik
- müraciətlərin təqdim edilməsi, qəbulu,
cavablandırılması üçün tələb olunan
vaxtın və maliyyə xərclərinin
optimallaşdırılması, habelə istifadəçilər
və iştirakçılar arasında
qarşılıqlı əlaqənin, istifadəçilərə
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
2.0.4. operativlik -
müraciətlərin təqdim edilməsinin, qəbulunun,
cavablandırılmasının, nəticələrinin
göndərilməsinin, informasiyanın əldə
olunmasının və mübadiləsinin real vaxt rejimində
həyata keçirilməsi;
2.0.5. əlaqəlilik
- iştirakçıların informasiya sistemlərinin
uzlaşdırılması və qarşılıqlı
inteqrasiyasının təmin edilməsi;
2.0.6. təhlükəsizlik
- sertifikatlaşdırılmış proqram təminatından
və proqram-texniki vasitələrdən istifadə
olunması, informasiya mübadiləsi zamanı normativ
hüquqi aktların tələblərinə əməl edilməsi,
təşkilati, texniki və texnoloji tədbirlər həyata
keçirməklə informasiyanın tamlığının,
dəyişməzliyinin və mühafizəsinin təmin
olunması;
2.0.7. fasiləsizlik
- portalda və ona inteqrasiya olunmuş informasiya sistemlərində
aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən
asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata
keçirilməsi;
2.0.8. modulluq və
miqyaslılıq - portalın ən son texnologiyalardan istifadə
etməklə davamlı təkmilləşdirilməsi və
inkişaf etdirilməsi, funksiya və imkanlarının
artırılmasını təmin edən proqram-texniki
komponentlərin olması.
3. Portalın
infrastrukturu
3.1. Portalın infrastrukturu
texniki-texnoloji və funksional baxımdan
aşağıdakı əsas komponentlərdən ibarətdir:
3.1.1. proqram-texniki vasitələr;
3.1.2. mobil cihazlar
və səyyar qurğular üçün proqram təminatı;
3.1.3. telekommunikasiya
kanalları;
3.1.4. elektron
lisenziya və icazələr modulu;
3.1.5. idarəetmə
sistemi;
3.1.6. reyestr;
3.1.7. ödəniş
modulu;
3.1.8. ehtiyat mərkəzi;
3.1.9. arxiv mərkəzi.
3.2. Portalın proqram-texniki vasitələri,
mobil cihaz və səyyar qurğular üçün proqram təminatı
və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində
nəzərdə tutulan xidmətlərin və informasiya
mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin
portaldan istifadəsini, portalın fəaliyyətinin
etibarlılığını, təhlükəsizliyini və
məlumatların mühafizəsini təmin edir.
3.3. Elektron lisenziya və icazələr
modulu lisenziya və icazənin elektron qaydada verilməsini,
iştirakçıların informasiya sistemlərinin portala
inteqrasiyasını və onlar arasında informasiya mübadiləsinin
aparılmasını təmin edir.
3.4. Portalın idarəetmə sistemi
onun məlumat bazasının
formalaşdırılmasını, idarə olunmasını və
istifadəsini təmin edir.
3.5. Reyestr lisenziya və ya icazə
verən orqanlar tərəfindən verilmiş lisenziya və
ya icazənin, onun dublikatının və əlavəsinin,
habelə yenidən rəsmiləşdirilmiş,
dayandırılmış, bərpa və ləğv
edilmiş lisenziya və ya icazələr barədə qanunun
8.1-ci maddəsində nəzərdə tutulan məlumatları
özündə saxlayan informasiya ehtiyatıdır.
3.6. Ödəniş modulu lisenziya və
ya icazənin verilməsi üçün qanunla tələb
olunan dövlət rüsumunun və ya ödənişin
elektron qaydada ödənilməsini təmin edir.
3.7. Portalın fəaliyyətinin
dayanıqlılığını və təhlükəsizliyini
təmin etmək məqsədilə onun ehtiyat mərkəzi
yaradılır və portalın proqram-texniki vasitələrinin
nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat
bazasında, ehtiyat surətləri isə onun məlumat
bazasının arxiv mərkəzində saxlanılır.
3.8. Portal, lisenziya və ya icazənin
verilməsi üçün gücləndirilmiş elektron
imza vasitəsilə daxil olmağa imkan verən autentifikasiya
mexanizmləri ilə təchiz olunur. Lisenziya və
ya icazənin verilməsi ilə bağlı olmayan müraciətlər
üçün isə qeydiyyat prosedurları (elektron imza,
istifadəçi adı, şifrəsi və s.) tələb
olunmur.
4. Müraciətlərin
göndərilməsi və qeydiyyatı
4.1. Lisenziya və ya icazə
alınması üçün istifadəçi əvvəlcə
gücləndirilmiş elektron imzası vasitəsilə
portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və
həmin elektron kabinetdə müvafiq fəaliyyət
növünü və ya hərəkəti seçir.
4.2. Portalda seçilən lisenziya və
ya icazəyə uyğun olaraq açılan ərizə pəncərəsində
tələb edilən məlumatlar portal tərəfindən
iştirakçıların informasiya sistemlərindən
götürülərək əks olunur. Tələb
edilən məlumatlar informasiya sistemlərində olmazsa,
seçilmiş fəaliyyət növü və ya hərəkət
üzrə tələb edilən sənədlərin skan
olunmuş surətləri ərizəyə əlavə edilir
və istifadəçi tərəfindən gücləndirilmiş
elektron imza ilə təsdiqlənir.
4.3. Sistem məlumatların
tamlığını yoxlayır və təsdiq etdikdən
sonra məlumatlar istifadəçi tərəfindən
göndərilir. Məlumatlar portal vasitəsilə
lisenziya və ya icazəni verən orqanın informasiya sistemlərinə
yönləndirilir.
4.4. Lisenziya və ya icazə verən
orqan müraciəti real vaxt rejimində qeydiyyata alır, bu barədə
istifadəçinin elektron kabinetinə, elektron poçt
ünvanına və mobil nömrəsinə bildiriş
göndərir.
5. Müraciətlərə
baxılması
5.1. İstifadəçinin müraciət
etdiyi lisenziya və ya icazə verən orqan qanunda nəzərdə
tutulmuş müddətdə və qaydada ərizəyə
baxır və nəticə barədə portal vasitəsilə
istifadəçinin elektron kabinetinə, elektron poçt
ünvanına və mobil nömrəsinə məlumat
göndərir.
5.2. Elektron qaydada tərtib olunmuş ərizə
və ona əlavə edilmiş sənədlərdə aradan
qaldırılması mümkün olan, lisenziya və ya icazənin
verilməsindən imtinaya səbəb olmayan
çatışmazlıqlar aşkarlandıqda, lisenziya və
ya icazə verən orqan qanunun 19.1-ci maddəsində nəzərdə
tutulmuş müddətdə həmin
çatışmazlıqların aradan qaldırılması
və formal tələblərə əməl
olunmamasının hüquqi nəticələri barədə
portal vasitəsilə istifadəçinin elektron kabinetinə
və poçt ünvanına, həmçinin mobil nömrəsinə
məlumat göndərir. İstifadəçinin
elektron kabinetinə göndərilən məlumat lisenziya və
ya icazə verən orqanın rəhbəri və ya onun həvalə
etdiyi vəzifəli şəxsin gücləndirilmiş
elektron imzası ilə təsdiqlənir.
5.3. İstifadəçi həmin
çatışmazlıqları qanunun 19.2-ci maddəsində
nəzərdə tutulmuş müddətdə aradan
qaldırdıqda, bunu təsdiq edən məlumatları (sənədləri)
portal vasitəsilə lisenziya və ya icazə verən orqana
göndərir. Çatışmazlıqların
aradan qaldırılması barədə məlumatı istifadəçi
gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
5.4. Lisenziya və ya icazə verən
orqan çatışmazlıqların aradan
qaldırılması barədə məlumatı qeydiyyata
aldıqdan sonra istifadəçinin elektron kabinetinə,
elektron poçt ünvanına və mobil nömrəsinə
bu barədə real vaxt rejimində bildiriş göndərilir.
5.5. İstifadəçi
çatışmazlıqları qanunun 19.2-ci maddəsində
göstərilən müddətdə aradan qaldırmadıqda,
lisenziya və ya icazə verən orqan ərizənin
baxılmamış saxlanılması haqqında inzibati akt qəbul
edir və portal vasitəsilə istifadəçinin elektron
kabinetinə və poçt ünvanına, həmçinin
mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən
məlumat lisenziya və ya icazə verən orqanın rəhbəri
və ya onun həvalə etdiyi vəzifəli şəxsin
gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.
5.6. Lisenziya və ya icazə verən
orqan təqdim edilmiş ərizəyə baxarkən
sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən
asılı olaraq qanunvericiliklə nəzərdə
tutulmuş qaydada aidiyyəti orqan və müəssisələrin
rəyinin (razılığının) alınması
üçün portal vasitəsilə onlara müraciət
edir. Aidiyyəti orqan və müəssisələr
həmin müraciətə qanunun 19.7-ci maddəsində nəzərdə
tutulmuş müddətdə baxaraq, portal vasitəsilə
lisenziya və ya icazə verən orqana cavab verir.
5.7. Lisenziya və ya icazənin verilməsi
üçün qanunvericiliyə uyğun olaraq aidiyyəti
orqan və müəssisələrin tələb olunan rəyi
(razılığı) və verməli olduğu sənədlər
(icazələr, aktlar və s.) lisenziya və ya icazə verən
orqan tərəfindən portal vasitəsilə alınır.
5.8. Lisenziya və ya icazə verilməsi
üçün daxil olmuş ərizəyə əlavə
edilmiş sənədlərin həqiqiliyinə və
onlardakı məlumatların doğruluğuna əsaslı
şübhələr yarandıqda, lisenziya və ya icazə
verən orqan bu cür şübhələrin aradan
qaldırılması üçün aidiyyəti orqanlara və
müəssisələrə portal vasitəsilə sorğu
verir. Bu müddət qanunun 14.1-ci və 14.2-ci
maddələrində nəzərdə tutulmuş müddətə
daxildir.
5.9. Lisenziya və ya icazənin verilməsindən
imtina edildikdə, bu barədə əsaslandırılmış
inzibati akt qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə
tutulmuş müddətdə lisenziya və ya icazə verən
orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli
şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiq
edilərək istifadəçinin elektron kabinetinə göndərilir.
Həmçinin bu barədə istifadəçinin
elektron poçt ünvanına və mobil nömrəsinə
bildiriş göndərilir.
5.10. Lisenziya və ya icazənin verilməsi
barədə qərar qəbul edildikdə, lisenziya və ya
icazə alınması üçün qanunla tələb
olunan dövlət rüsumunun və ya ödənişin
ödənilməsi barədə portal vasitəsilə istifadəçinin
elektron kabinetinə, elektron poçt ünvanına və mobil
nömrəsinə bildiriş göndərilir.
5.11. İstifadəçi qanunla tələb
olunan dövlət rüsumunu və ya ödənişi onun
elektron kabinetinə, elektron poçt ünvanına və mobil
nömrəsinə göndərilmiş bildirişdəki koda
uyğun olaraq portal, “ASAN ödəniş” sistemi, portala
inteqrasiya olunmuş digər ödəniş sistemləri və
terminalları vasitəsilə ödəyir.
5.12. Lisenziya və ya icazənin verilməsi
üçün qanunla tələb olunan dövlət
rüsumunun və ya ödənişin ödənilməsi
portal vasitəsilə təsdiq olunur və istifadəçinin
elektron kabinetinə, elektron poçt ünvanına və mobil
nömrəsinə bu barədə real vaxt rejimində məlumat
ötürülür.
6. Lisenziya və
ya icazənin verilməsi
6.1. Bu Əsasnamənin 5.12-ci bəndinə
uyğun olaraq dövlət rüsumunun və ya ödənişin
ödənilməsi təsdiq olunduqda, lisenziya və ya icazə
onu verən orqanın rəhbəri və ya onun həvalə
etdiyi vəzifəli şəxsin gücləndirilmiş
elektron imzası ilə təsdiqlənərək istifadəçinin
elektron kabinetinə göndərilir. Bu barədə
istifadəçinin elektron poçt ünvanına və mobil
nömrəsinə bildiriş göndərilir. Həmçinin qanunun 8.1-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar real vaxt rejimində reyestrə daxil
edilir.
6.2. Portal vasitəsilə verilmiş
lisenziya və icazədən bilavasitə xarici iqtisadi fəaliyyətin
həyata keçirilməsində istifadə olunduqda, beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallarda
və ya lisenziya və ya icazə verilmiş sahibkarların istəyi
ilə lisenziya və ya icazə kağız
daşıyıcıda da təqdim edilir.
6.3. Bu Əsasnamənin 6.1-ci bəndinə
uyğun olaraq verilən, dayandırılan, bərpa və ya ləğv
edilən lisenziyalar, onların əlavələri və
dublikatları, habelə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi siyahıda nəzərdə
tutulmuş icazələr barədə qanunun 8.1-ci maddəsində
göstərilən məlumatlar portal tərəfindən real
vaxt rejimində Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə (və ya müvafiq olaraq, Naxçıvan Muxtar
Respublikasının Vergilər Nazirliyinə) göndərilir.
6.4. Qanunun 1 nömrəli əlavəsində
nəzərdə tutulmuş fəaliyyət növləri
üzrə bu Əsasnamənin 6.1-ci bəndinə uyğun
olaraq verilmiş, dayandırılmış, bərpa və ya
ləğv edilmiş lisenziyalar barədə məlumatlar
portal tərəfindən real vaxt rejimində lisenziya
verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət
orqanına göndərilir.
6.5. Lisenziya sahibinin lisenziyada göstərilən
fəaliyyəti həyata keçirərkən Azərbaycan
Respublikası qanunlarının tələblərinə və
lisenziyanın şərtlərinə riayət etməməsi
hallarını aşkar edən nəzarət orqanı
lisenziyanın dayandırılması və ya ləğvi
üçün portal vasitəsilə lisenziya verən orqana əsaslandırılmış
təqdimat göndərir.
6.6. Lisenziya və ya icazənin
dayandırılması, bərpası, ləğvi barədə
inzibati akt, yenidən rəsmiləşdirilmiş lisenziya və
ya icazə onları verən orqanın rəhbəri və ya
onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş
elektron imzası ilə təsdiq edilərək istifadəçinin
elektron kabinetinə göndərilir. Bu barədə
istifadəçinin elektron poçt ünvanına və mobil
nömrəsinə bildiriş göndərilir. Həmçinin qanunun 8.1-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar real vaxt rejimində reyestrə daxil
edilir.
7. Portal vasitəsilə
göstərilən digər xidmətlər
7.1. İstifadəçilər
lisenziya və ya icazələrin verilməsi ilə
bağlı qəbul edilmiş inzibati aktlardan portal vasitəsilə
inzibati qaydada şikayət verə bilərlər. Həmin şikayətlərə lisenziya və ya
icazə verən orqan qanunla nəzərdə tutulmuş
qaydada və müddətdə baxır, nəticə barədə
qəbul edilmiş inzibati aktı istifadəçinin elektron
kabinetinə göndərir və bu barədə onun elektron
poçt ünvanına məlumat ötürür.
7.2. İstifadəçilər portal
vasitəsilə informasiya xarakterli sorğular göndərə,
portalda yerləşdirilmiş hüquqi aktların layihələrinə,
habelə portalın fəaliyyətinin təkmilləşdirilməsinə
dair təkliflər verə bilərlər. Həmin
sorğulara (təkliflərə) lisenziya və ya icazə verən
orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və
müddətdə baxır, nəticə barədə istifadəçinin
müraciətində göstərilən elektron poçt
ünvanına cavab göndərir.
7.3. İstifadəçilər və
iştirakçılar reyestrə daxil olaraq qanunun 8.1-ci maddəsində
nəzərdə tutulan məlumatları əldə edə
bilərlər.
7.4. Qanunun 12.2-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar portalda yerləşdirilir və həmin
məlumatlarda dəyişikliklər baş verdikdə, onlar
yenilənir.
8. Operatorun
funksiyaları
8.0. Operatorun funksiyaları
aşağıdakılardır:
8.0.1. portalın fəaliyyətini
və idarə olunmasını təşkil etmək, portal
vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz
xidmət göstərilməsini təmin etmək, onun
funksional imkanlarının artırılması və təkmilləşdirilməsi
istiqamətində tədbirlər görmək;
8.0.2. iştirakçıların
informasiya sistemlərinin portala təhlükəsiz
inteqrasiyasını və onların qarşılıqlı əlaqəsini
təmin etmək;
8.0.3. portala daxil
edilən məlumatların etibarlılığını, əlçatanlığını,
təhrifolunmazlığını və
konfidensiallığını (məxfiliyini), habelə
onların ehtiyat surətlərinin saxlanmasını və
mühafizəsini təmin etmək;
8.0.4. lisenziya və
ya icazələrin verilməsi üçün istifadəçilərin
qanunla tələb olunan dövlət rüsumlarını və
ya ödənişləri portal, “ASAN ödəniş” sistemi,
portala inteqrasiya olunmuş digər ödəniş sistemləri
və terminalları vasitəsilə ödəməsi barədə
məlumatların qəbulunu, portalın müvafiq
iştirakçılarına və istifadəçilərinə
çatdırılmasını təmin etmək;
8.0.5. portalın
texniki-texnoloji infrastrukturunun təyinatı üzrə
istismarını, ona texniki xidməti, təmirini və
saxlanmasını təmin etmək, tərtib olunmuş qrafik
üzrə profilaktik işlər aparmaq;
8.0.6. portalın təhlükəsizliyinin
pozulduğu, əsas avadanlıqlarda qəza (xəta) baş
verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə
başlamasını təmin etmək,
iştirakçıları və istifadəçiləri bu
barədə məlumatlandırmaq, baş vermiş qəzanın
(xətanın) aradan qaldırılması üçün
müvafiq tədbirlər görmək;
8.0.7. portala
inteqrasiya olunan informasiya sistemlərinin, elektron xidmətlərin
dayanıqlı və fasiləsiz fəaliyyətinin
iştirakçılar tərəfindən təmin
olunmasına nəzarət etmək;
8.0.8. iştirakçıların
portal vasitəsilə verdiyi lisenziya və ya icazə,
onların əlavəsi, dublikatı, yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpası və ya ləğvi
haqqında məlumatın istifadəçilərin elektron
kabinetinə, elektron poçt ünvanına və mobil
nömrəsinə göndərilməsi imkanlarını təmin
etmək;
8.0.9. iştirakçı
portalın fəaliyyətini ləngidən, dayandıran, ona zərər
vuran davranışlara yol verdikdə, həmin
iştirakçıya nöqsanların aradan qaldırılması
üçün xəbərdarlıq etmək, tələbləri
yerinə yetirilmədikdə isə onun portaldakı fəaliyyətini
bu nöqsanlar aradan qaldırılanadək dayandırmaq;
8.0.10. portala
inteqrasiya olunmuş informasiya sistemlərinin təkmilləşdirilməsi
ilə bağlı təkliflər vermək, həmin sistemlər
müəyyən olunmuş texniki tələblərə cavab
vermədikdə isə onlarda zəruri dəyişiklik və
təkmilləşdirmə aparılması barədə aidiyyəti
iştirakçılara bildiriş göndərmək;
8.0.11. normativ
hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini,
o cümlədən əldə edilməsi qanunla məhdudlaşdırılan
informasiyanın qorunmasını təmin etmək;
8.0.12. qanunun
12.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları
portalda yerləşdirmək və həmin məlumatlarda dəyişikliklər
olduqda onların yenilənməsini təmin etmək;
8.0.13. sahibkarlıq
sahəsinə aid hüquqi aktların layihələrini
açıq müzakirə üçün portalda yerləşdirmək;
8.0.14. portal vasitəsilə
verilmiş lisenziya və ya icazələrin nömrə
ardıcıllığına nəzarət etmək, reyestrin
portalla əlaqəli şəkildə aparılmasını təmin
etmək;
8.0.15. portal vasitəsilə
lisenziya və icazənin, onların əlavəsinin,
dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpası və ya ləğvi sahəsində
qanunvericiliyin, o cümlədən bu Əsasnamənin tələblərinə
riayət olunmasına nəzarət etmək;
8.0.16. portal vasitəsilə
lisenziya və ya icazə verən orqanlara lisenziya və ya icazənin
tətbiqinə dair izahatlar vermək, iştirakçılara
metodiki rəhbərliyi və informasiya təminatını həyata
keçirmək, portalın iş prinsipləri və funksional
imkanları haqqında onlara məlumat vermək və kömək
göstərmək, portaldan istifadə qaydaları və onun
üstünlükləri barədə maarifləndirmə
işi aparmaq;
8.0.17. bu
Əsasnamədən irəli gələn digər
funksiyaları yerinə yetirmək.
9.
İştirakçıların funksiyaları
9.1. İştirakçılar
aşağıdakı funksiyaları həyata keçirirlər:
9.1.1. öz
informasiya sistemlərinin portala inteqrasiya olunmasını təmin
etmək, onların müəyyən edilmiş texniki tələblərə
uyğunluğuna dair tələb olunan məlumatları
operatora təqdim etmək;
9.1.2. portala
inteqrasiya olunmuş informasiya sistemlərinin normativ hüquqi
aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyinin
təmin olunması, o cümlədən əldə edilməsi
qanunla məhdudlaşdırılan informasiyanın mühafizəsi
ilə bağlı tədbirlər görmək;
9.1.3. sahibkarlıq
sahəsinə aid hazırladıqları hüquqi aktların
layihələrini portalda yerləşdirilməsi məqsədilə
razılaşdırılma üçün göndərildiyi
gün portal vasitəsilə operatora təqdim etmək;
9.1.4. portalın fəaliyyətini
ləngidən, ona zərər vuran, o cümlədən
portalın fəaliyyətinin dayanmasına səbəb ola bilən
hərəkətlərə yol verməmək;
9.1.5. portala
inteqrasiya olunmuş informasiya sistemlərində operatorun əsaslandırılmış
tələbinə uyğun olaraq dəyişiklik və təkmilləşdirmə
işləri aparmaq;
9.1.6. portala
inteqrasiya olunmuş informasiya sistemlərində nəzərdə
tutulan profilaktik, təmir, sazlama və digər texniki işlərin
aparılacağı barədə operatoru ən azı iki
iş günü əvvəl məlumatlandırmaq;
9.1.7. portalın fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı operatora təkliflər
vermək;
9.1.8. bu Əsasnamədən
irəli gələn digər funksiyaları yerinə yetirmək.
9.2. portalın
lisenziya və ya icazə verən iştirakçıları əlavə
olaraq aşağıdakı funksiyaları həyata
keçirirlər:
9.2.1. lisenziya və
ya icazələrin verilməsi ilə bağlı portal vasitəsilə
daxil olmuş ərizələrə qanunun 14.1-ci maddəsində
müəyyən edilmiş müddətdə və qaydada
baxılmasını, nəticələrinin rəsmiləşdirilməsini
təmin etmək;
9.2.2. qanunun 12.2-ci
maddəsində nəzərdə tutulmuş məlumatları,
həmçinin onlarda dəyişikliklər olduqda yenilənmiş
məlumatları portalda yerləşdirilməsi
üçün portal vasitəsilə operatora təqdim etmək;
9.2.3. lisenziya və
ya icazələrin verilməsi ilə bağlı öz
informasiya sistemlərində yaranan nasazlıqların, qəzaların
(xətaların) aradan qaldırılması üçün
tədbirlər görmək.
10. İstifadəçilərin
hüquqları
10.0. İstifadəçilərin
aşağıdakı hüquqları vardır:
10.0.1. portal vasitəsilə
lisenziya və ya icazənin verilməsi üçün
müraciət etmək və bununla bağlı elektron kabinet
yaratmaq;
10.0.2. lisenziya və
ya icazənin verilməsindən imtina edilməsi barədə
qəbul olunmuş inzibati aktdan portal vasitəsilə inzibati
qaydada şikayət vermək;
10.0.3. portal vasitəsilə
lisenziya və ya icazə verən orqanlara sorğular göndərmək,
həmin sorğulara dair cavab almaq;
10.0.4. sahibkarlıq
sahəsində hazırlanmış və portalda yerləşdirilmiş
hüquqi aktların layihələrinə dair təkliflər
vermək;
10.0.5. portalın
fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər
vermək;
10.0.6. bu
Əsasnamənin 7.1-ci və 7.2-ci bəndlərində nəzərdə
tutulmuş müraciətlərə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada və müddətdə
baxılmasını iştirakçılardan tələb etmək;
10.0.7. reyestrə
daxil olmaq və oradan məlumatları əldə etmək;
10.0.8. bu Əsasnamədən
irəli gələn digər hüquqları həyata
keçirmək.
Azərbaycan.- 2017.- 22 yanvar.- S. 4.