Azərbaycan Ordusu döyüş qabiliyyəti və hərbi-texniki
təminat baxımından dünyanın güclü
orduları sırasındadır
İlham ƏLİYEV: “Azərbaycan gücləndikcə
münaqişənin həlli yaxınlaşır”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.
Yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işləri 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.
Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.
Hərbi şəhərciyin qərargah binası müasir səviyyədə yaradılıb. İkimərtəbəli qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var. Qərargah binasında Şərəf otağı, brifinq və akt zalları da hərbçilərin ixtiyarına verilib. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq və istirahət etmək üçün hərtərəfli şərait yaradılıb.
Hərbi şəhərcikdə ailəli hərbi qulluqçuların yerləşməsi üçün iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib.
Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb.
Ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib. Tibb məntəqəsinin binasında Ulu Öndərin və dövlətimizin başçısının hərbi qulluqçularla görüşlərini əks etdirən fotolar sərgilənir. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb. Bu kabinetlərdə müasir tibb cihazları quraşdırılıb. Bu isə tam imkan verir ki, şəxsi heyətə ixtisaslı tibbi yardım göstərilsin. Tibb məntəqəsinin palataları müasir səviyyədədir. Binada hərbi tibbi hazırlıq sinfi də yaradılıb.
Bu cür hərbi şəhərciklərin inşası bir daha sübut edir ki, ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Bütün bunlar isə Azərbaycan Ordusunun qüdrətini artırır, hərbi sahənin maddi-texniki bazasını möhkəmləndirir.
Hərbi şəhərcikdə bütün avadanlıqla təchiz edilmiş yeməkxana inşa edilib. Dövlətimizin başçısına burada hərbi qulluqçuların istifadə etdikləri ərzaqlar barədə məlumat verildi. 1790 yerlik yeməkxanada əsgər və zabitlərin dolğun qidalanması üçün hərtərəfli şərait vardır. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir. Bu istehsal sahəsi hərbi hissənin şəxsi heyətini çörək və şirniyyat məmulatları ilə tam təmin etmək imkanına malikdir.
Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasına da baxdı. Burada əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Yataqxanada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.
Prezident İlham Əliyevə hərbi hissədəki texnika barədə də məlumat verildi. Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Məlumat verildi ki, hərbi hissədə zirehli avtomobil və texnikaların yerləşdirilməsi üçün xüsusi yerlər inşa edilib. Hərbi texnika üçün parkın ərazisində yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir, yanacaqdoldurma və digər məntəqələr tikilib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə hərbi şəhərciyin ərazisində 528 yerlik klub inşa edilərək lazımi avadanlıqla tam təchiz olunub. Bundan başqa, ərazidə hərbi qulluqçuların peşə və ixtisas hazırlığının təşkili məqsədilə müvafiq avadanlıq və qurğularla təchiz edilmiş 2 tədris korpusu inşa olunub. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün 3 sıra meydanı salınıb. Şəhərcikdə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul şəhərciyi və qarovul evi inşa edilib.
Hərbi şəhərcik yaradılarkən hərbi qulluqçuların idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə burada minifutbol, basketbol, voleybol, həndbol meydançaları, maneələr və qaçış zolaqlarının daxil olduğu idman-məşq qurğuları sahəsi yaradılıb.
Hərbi hissədə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana-qazanxana kompleksi fəaliyyət göstərir. Burada, həmçinin bərbərxana və dərzi otaqları da var. Hərbi hissənin isti su təchizatını təmin etmək və istiliyə ehtiyacını ödəmək üçün müasir tipli qazanxanada suqızdırıcı qurğular quraşdırılıb. Şəhərcikdə bir buxar qazanxanası, iki transformator yarımstansiyası və biotəmizləyici su stansiyası da inşa edilib. Ərazidə həcmi 500 kubmetr olan ehtiyat və yanğın əleyhinə tədbirlər üçün nəzərdə tutulan su anbarları da yaradılıb.
Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı hərbi qulluqçularla görüşdü.
Ali Baş Komandan, Prezident İlham Əliyev görüşdə çıxış etdi.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı
-Əziz hərbçilər.
İlk növbədə,
sizi yeni inşa olunmuş hərbi şəhərciyin
açılışı münasibətilə təbrik etmək
istəyirəm. Ərazisi 42 hektar olan bu şəhərcik
ən yüksək standartlara cavab verir. Şəhərciklə
tanış olarkən görürəm
ki, xidmət aparmaq, yaşamaq üçün bütün
şərait var. Ən müasir standartlar tətbiq olunub, xidmət
şəraiti ən yüksək səviyyədədir. Hesab edirəm ki, bu hərbi şəhərcik
dünya miqyasında nümunəvi hərbi şəhərcikdir.
Bu şəhərciyin
inşa edilməsi bir daha onu göstərir ki, Azərbaycanda
ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində iyirmidən çox hərbi
şəhərcik tikilib və əsaslı şəkildə
təmir edilib. Bu gün hərbi hissələrimizin
mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir.
Ümid edirəm ki, növbəti bir-iki il
ərzində yararsız vəziyyətdə bir dənə də
hərbi infrastruktur olmayacaq.
Ordu quruculuğu prosesi Azərbaycanda
dövlət siyasətidir. Hərbçilərin
məişət problemləri də öz həllini tapır.
Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət
göstərən hərbçilərə dövlət tərəfindən
pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət
alır. Xidmət aparmaq üçün
bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət,
həm də məişət şəraiti daim diqqət mərkəzindədir.
Bizim ordumuz güclü
ordular sırasındadır. Son illər ərzində
ordumuzun maddi-texniki təminatı böyük dərəcədə
inkişaf edib. Bu gün təminat-təchizat
baxımından yüksək səviyyəyə malik olan Azərbaycan
Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən
ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika
və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir.
Bir neçə ölkədən
alınmış onlarla döyüş təyyarəsi, 100-dən
çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava
hücumuna qarşı müxtəlif müasir sistemlər
bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən
alınmış ən müasir tanklar, zirehli maşınlar,
artilleriya qurğuları da düşmənin istənilən
hədəfini yüksək dəqiqliklə və
böyük dağıdıcı qüvvəsi ilə məhv
edə bilər. Ən müasir pilotsuz uçuş
aparatları, həm kəşfiyyat, həm döyüş
üçün digər texnikalar alınır və bu proses
bu gün də davam edir.
Bir daha qeyd etmək istəyirəm
ki, ordu quruculuğu kompleks şəkildə öz həllini
tapır. Həm hərbçilərin xidmət, məişət
şəraiti, döyüş texnikası ilə təminat,
eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə
artmışdır. Ordumuzda ruh yüksəkliyi
var, vətənpərvərlik hissləri çox yüksək
səviyyədədir. Ordumuzun
döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti
tərəfindən də yüksək qiymətləndirilir.
Müxtəlif təhlillər aparılır, hərbi
mütəxəssislər öz fikirlərini söyləyirlər.
Biz bunu bilirik, dünya da bilir ki, həm
döyüş qabiliyyəti, həm hərbi-texniki təminat
baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl
mənasında, güclü ordular sırasındadır.
Bütün bu nailiyyətləri
biz özümüz əldə etmişik, öz
hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki
əgər güclü iqtisadiyyat olmasaydı, biz bütün
bu işləri görə bilməzdik. Yaradılan
bu hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm
dövlətimizin gücünü göstərir. Bu gün dünyada maliyyə-iqtisadi böhran davam
edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər
üçün böyük vəsait ayırırıq və
ayıracağıq. Bunu təmin edən
güclü iqtisadiyyatdır. İqtisadiyyatda
aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi
gücləndirir. Azərbaycan dünyada
nadir ölkələrdəndir ki, öz hesabına
yaşayır, heç kimdən asılı deyil, heç
kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə
daha yaxşı yaşayırıq.
Bizim hərbi hissələrimizin vəziyyəti
bir neçə il bundan əvvəl tam fərqli
idi. Mən xüsusi göstəriş
vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə
olunsun və tədbirlər görülsün.
Yadımdadır, bir neçə il bundan əvvəl
müxtəlif bölgələrimizdə yerləşən hərbi
hissələrin fotoşəkilləri mənə təqdim
ediləndə, əlbəttə ki, mənzərə
çox acınacaqlı idi. Yarıdağılmış
binalar, yararsız vəziyyətdə olan kazarmalar, ordumuzun ərzaq
təminatı çox aşağı səviyyədə
idi. Ona görə dərhal göstəriş verdim və
bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə
Nazirliyinin rəhbərləri bütün bu işləri
yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət
baxımından Azərbaycan Ordusu dünyada nümunəvi
ordular sırasındadır.
O ki qaldı, ordumuzun döyüş
qabiliyyətinə, biz bilirdik və müntəzəm olaraq,
bu istiqamətdə işlər aparılırdı. Həm nizam-intizam, həm döyüş qabiliyyəti,
həm hazırlıq və bütün bu
görülmüş işlər özünü lazım
olan vaxtda göstərdi. Keçən ilin
aprel ayında erməni silahlı təxribatının
qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə
sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl,
Ağdərə rayonlarının bir hissəsi
işğaldan azad edildi. O ərazilərdə Azərbaycan
bayrağı dalğalanır. Minlərlə
hektar torpaq işğaldan azad edildi. On minlərlə
hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir.
O torpaqlarda təmizlik işləri aparılır və
yaxın gələcəkdə məcburi köçkünlər
o ərazilərə qayıdacaqlar.
Aprel döyüşləri
bizim böyük hərbi qələbəmizdir. Uzun illər
Ermənistan öz ordusu haqqında miflər yaradırdı,
uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz
ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin
ordusu yenilməzdir. Ermənistan öz
acı məğlubiyyətini etiraf etmək istəməsə
də məcburdur ki, etiraf etsin. Məhz
aprel döyüşlərindən sonra Ermənistanın
müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli
hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı.
Bu, aprel döyüşlərinin nəticəsi
idi. Bizim əsgərlərimiz, zabitlərimiz
qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Ancaq torpağımızı
qoruduq, torpaqlarımızın bir hissəsini
işğalçılardan azad etdik. Aprel
döyüşləri hərbi kitablara salınmalıdır.
Azərbaycan Ordusu həm hərbi peşəkarlıq,
həm qəhrəmanlıq göstərmişdir.
Bütün bu
uğurların təməlində düşünülmüş
siyasət dayanır. Ordu quruculuğu prosesi Azərbaycanda
ardıcıllıqla icra edilir. Həm təminat,
təchizat, müasir texnikanın alınması,
döyüş qabiliyyətinin artırılması, eyni
zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da
tamamlanır. Biz bu gün özümüzü
beynəlxalq aləmdə çox etibarlı tərəfdaş
kimi təqdim etmişik. Bizim
dünyadakı dostlarımızın sayı getdikcə
artır. Bizim haqq işimiz barədə
dünya ictimaiyyəti daha da dolğun məlumat əldə
edir.
Bu gün heç kimə
sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz
torpağımız uğrunda vuruşuruq. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq
Qarabağda yaşayıb-yaratmışdır. Orada yerləşən tarixi, dini abidələrimiz
bizim qədim mədəniyyətimizi əks etdirir. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın
ərazisi tarixi Azərbaycan torpağıdır. Əgər statistikaya nəzər salsaq görmək
olar ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin
əhalisinin yüzdə 70-i azərbaycanlılar idi. İndiki Ermənistanın bir çox toponimləri
Azərbaycan mənşəlidir. İrəvan,
Zəngəzur, Göyçə bizim tarixi
torpaqlarımızdır. Bizim
torpaqlarımızda erməni dövləti qurulubdur. Özü də əfsuslar olsun ki, bizim öz dəstəyimizlə.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
yarananda onun ilk qərarlarından biri də İrəvanı
Ermənistana vermək qərarı idi. Yəni,
bu, tarixdir, yaxın tarixdir. Bu tarix bir daha
onu göstərir ki, Azərbaycan xalqı bu ərazilərdə
əsrlər boyu yaşayıb və yaşamalıdır.
O ki qaldı, Dağlıq Qarabağ əhalisinə,
onu da tarixçilər və bu məsələ ilə məşğul
olanlar yaxşı bilirlər. Əlbəttə
Azərbaycan xalqı da bilir ki, XIX əsrin 20-ci illərində
Dağlıq Qarabağa İrandan və Şərqi Anadoludan
kütləvi surətdə erməni əhalisi
köçürülmüşdür. O məqsədlə
köçürülmüşdür ki, həmin ərazidə
milli və dini tərkib dəyişdirilsin və məhz buna
görə XX əsrin 20-ci illərində Azərbaycan ərazisində
Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradılmışdır. Yəni, bu, tarixdir.
Tarix və ədalət bizim tərəfimizdədir.
Yenə də deyirəm, bu, bizim haqq
işimizdir, bu, bizim torpağımızdır və biz bu
torpağa qayıtmalıyıq.
O ki qaldı, beynəlxalq hüquqa,
beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar
münaqişə ilə bağlı qərar və qətnamələr
qəbul etmişdir. Xüsusilə BMT Təhlükəsizlik
Şurası - dünyanın ən ali
orqanı 4 qətnamə qəbul etmişdir və bu qətnamələrdə
açıq-aydın göstərilir ki, erməni
işğalçı qüvvələri işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılmalıdır. Əgər
kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti.
Ancaq Ermənistan buna məhəl qoymur və
işğalçı ölkəyə heç bir təzyiq
göstərilmir. BMT Təhlükəsizlik Şurası
ilə yanaşı, digər beynəlxalq təşkilatlar –
İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa
Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr
qəbul etmişdir. Onlar da kağız üzərində
qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq
normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə
heç bir təzyiq göstərilmir. Bu,
ikili standartlar siyasətidir. Əfsuslar
olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir.
Bəzi yerlərdə BMT Təhlükəsizlik
Şurasının qətnamələri bir gün ərzində
icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur
ki, bu qətnamələr kağız üzərində
qalır və onları qəbul edənlər də buna biganə
qalırlar. Belə olan halda Azərbaycan öz gücünü
artırmalıdır və artırır.
Biz hərbi
gücümüzü artırmışıq və
artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq
ictimaiyyət bu məsələ ilə bağlı öz
mövqeyini daha da geniş ifadə etsin. Biz
öz iqtisadi gücümüzü artıracağıq və
bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait
lazımdırsa, o qədər də təmin ediləcəkdir.
Bu gün də bizim büdcə xərclərimizin
strukturunda hərbi xərclər birinci yerdədir. Bizim başqa ehtiyaclarımız da var. Sosial məsələlərin
həlli, infrastruktur layihələrinin icrası, digər vacib
məsələlər var. Onlar da öz həllini tapır.
Amma, ilk növbədə, ordu quruculuğudur.
İlk növbədə, ordumuzun ehtiyacları təmin
edilməlidir və biz gücləndikcə, əlbəttə
ki, münaqişənin həllini
yaxınlaşdıracağıq.
Münaqişənin həlli
isə çox sadədir. Birincisi, Azərbaycanın
ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci
qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik.
Heç vaxt Dağlıq Qarabağa müstəqillik
verilməyəcək. Əgər kimsə
bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin.
Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan
torpağıdır, həm tarix, həm bütün dünya
birliyi bunu belə qəbul edir. Azərbaycan
müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə
üzv olanda Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrində
göstərildiyi kimi, işğalçı qüvvələr
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılmalıdır. Azərbaycan
vətəndaşları, məcburi köçkünlər
öz doğma torpaqlarına qayıtmalıdırlar.
O ki qaldı, Dağlıq
Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan
dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin
həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi
bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər
yaxşı olacaq. Ərazi
bütövlüyünün təmin olunması,
işğala son qoyulması bu münaqişənin həlli
üçün əsas amillərdir. Bu məqsədlərə
nail olmaq üçün bir daha demək istəyirəm, daha
da güclü olmalıyıq və biz bu gün dünya
miqyasında böyük təqdirlə qarşılanan
güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil
həyatımızı qurmuşuq. Biz 25
ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm,
heç kimdən heç bir yardım almadan, bəzi başqa
ölkələr kimi heç kimin ətəyindən
yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan
müstəqil dövlət kimi dünya xəritəsində
sadəcə olaraq formal mövcuddur. Ermənistan
asılı ölkədir, öz gələcəyini
özü müəyyən edə bilmir. İşğalçı
siyasəti onları bax, bu vəziyyətə gətirib
çıxarıbdır. Onların vəziyyətdən
yeganə çıxış yolu qonşularla münasibətləri
bərpa etməkdir. Bunun üçün
isə işğala son qoyulmalıdır.
Biz isə gələcəkdə
daha da güclü dövlətə çevriləcəyik. Həm iqtisadi
potensialımız, hərbi gücümüz artacaq. Əhalimiz artır, artıq Azərbaycan əhalisi
10 milyona yaxınlaşır və şübhə yoxdur ki,
biz öz ərazi bütövlüyümüzü bərpa
edəcəyik. Bunu şərtləndirən
bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan
Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir.
Bu gün bu hərbi şəhərciyin
açılışı bir daha onu göstərir ki, Azərbaycan
düzgün yoldadır. Hətta ölkə iqtisadiyyatı üçün ən
ağır il olan 2016-cı ildə də
biz uğurlu inkişaf dinamikasını saxlamışıq və
böyük sərmayələr qoymuşuq. Son
illərdə artıq 20-dən çox hərbi şəhərcik
tikilib. Lakin digər yerlərdə,
müxtəlif bölgələrdə hərbi şəhərciklərin
tikilməsi də nəzərdə tutulur.
Mən ordumuzun bütün
şəxsi heyətini bu gözəl hadisə münasibətilə
bir daha təbrik etmək istəyirəm, ordumuza yeni uğurlar
arzulayıram.
Sağ olun.
X X X
Azərbaycan Respublikasının
müdafiə naziri, general-polkovnik Zakir HƏSƏNOV
çıxış edərək dedi:
-Möhtərəm Prezident, cənab
Ali Baş Komandan.
2016-cı ildə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin xidməti
döyüş fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının qanunları, Ali Baş Komandanın sərəncam
və göstərişləri, o cümlədən müdafiə
nazirinin əmr və direktivləri əsasında həyata
keçirilib.
Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan
Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi
ilə uğurla inkişaf etdirilir.
Ali Baş Komandanın
Silahlı Qüvvələrdə bütün istiqamətlərdə
həyata keçirdiyi islahatlar ordunun döyüş qabiliyyətini
artırıb, nizam-intizamı və hərbi
qulluqçuların sosial bazasını gücləndirib.
Yeni və müasir
texnologiyaların tətbiqi ilə orduda yüksək səviyyəli
idarəçilik mexanizmi yaradılıb. Birlik, birləşmə
və hərbi hissələrin operativ idarə olunması məqsədilə
avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri
qurulub. Bu iş bu gün də davam etdirilir. Ordunun yeni növ silah və döyüş
texnikası ilə təmin edilməsi qoşunların manevr və
zərbə qabiliyyətini artırıb. Döyüş
qabiliyyətini təmin edən hərbi vəzifələr
tank və döyüş maşınlarının
ekipajları, artilleriya və raket qurğularının heyətləri
müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları ilə komplektləşdirilib.
Son illər ərzində Raket və
Artilleriya Qoşunlarının yeni, müasir silah və
texnika, atəşi idarəetmə sistemləri ilə təminatı
bu qoşun növünün zərbə gücünü
kifayət qədər artıraraq, düşmənin
bütün hərbi infrastruktur obyektlərini məhv etmək
imkanlarını genişləndirib.
Hərbi Hava Qüvvələrinin
silahlanması yüksək səviyyədədir və
qoşunlar qarşıda duran vəzifələri həll etmək,
o cümlədən həm havadan, həm də qurudan istənilən
hücumun qarşısını almaq, düşmənin
ön xəttindəki və onun müdafiəsinin dərinliyindəki
mövqelərinə havadan zərbə endirmək qabiliyyətinə
malikdir.
Hərbi Dəniz Qüvvələrinin
infrastrukturunun inkişafında da böyük işlər
görülüb. Bu qoşun növünün
döyüş qabiliyyətinin artırılması
üçün lazımi tədbirlər
planlaşdırılıb və həyata keçirilir.
Cənab Ali Baş Komandan, ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Sizin göstərişinizə əsasən, müxtəlif qoşun növlərinin iştirakı ilə döyüş atışlı irimiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin idarəçilik və döyüş qabiliyyətinin artırılmasına, atəşin peşəkarlıqla idarə olunmasına imkan yaradıb.
2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqlarımızı, o cümlədən strateji yüksəklikləri azad edib və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.
Silahlı Qüvvələrimizin aprel döyüşlərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir.
Cənab Ali Baş Komandan, 2017-ci ildə Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifələr işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, qoşunların operativ idarə olunması, silahlanmaya yeni qəbul edilmiş hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqi, şəxsi-heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsindən ibarətdir.
Cənab Prezident, Sizin yüksək diqqət və qayğınız nəticəsində ordumuzun döyüş qabiliyyəti yüksəlib, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial-məişət şəraitləri yaxşılaşıb və şəxsi heyətin təminatı yüksək səviyyəyə çatdırılıb.
Ölkəmizin müxtəlif bölgələrində, xüsusilə də cəbhəboyu zonada yeni inşa edilmiş müasir hərbi şəhərciklər istifadəyə verilir, hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin edilirlər.
İcazə verin, bütün Silahlı Qüvvələrin şəxsi heyəti adından və şəxsən öz adımdan orduya göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirim.
Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə tam hazırdır.
Azərbaycan.- 2017.- 24 yanvar.-
S.1, 2, 3.