20 Yanvar Dövlət Rəsm
Qalereyasında da anılıb
20 Yanvar Azərbaycanın tarixində qanla yazılmış bir səhifədir. Amma xalqımız istiqlal yolunda azadlıq istəyinin, milli məfkurənin bu oyanış gününə tək faciə kimi baxmır. Bugünkü müstəqil, qüdrətli Azərbaycanın varlığı sübut edir ki, sovet imperiyasının əsarətindən qurtulmaq istəyən vətən övladları öz canlarını nahaqdan qurban verməmişlər.
Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən tədbir də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuşdu. Tədbirdə tanınmış rəssamlar iştirak etmişlər. Nazirliyin İncəsənət şöbəsinin bölmə müdiri Qalib Qasımov xalqımızın milli azadlıq hərəkatı və müstəqillik tarixindən, 20 Yanvar faciəsinin səbəblərindən bəhs edərək vurğuladı ki, baş verən faciə xalqın əzm və iradəsini qıra, onu müstəqillik uğrunda mübarizədən döndərə bilmədi. O, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu faciəyə siyasi-hüquqi qiymət verilməsi üçün gördüyü işlərdən danışdı və qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bu gün də əhəmiyyətli işlər görülür. Digər çıxış edənlər də bildirdilər ki, xalqın milli əsarətə qarşı mübarizəsi günü olan bu tarix, şəhidlərimizin müqəddəs xatirəsi yaddaşlarda daim yaşayacaqdır.
Sonda tədbir iştirakçıları əməkdar rəssam Rəfael Muradovun 20 Yanvar faciəsinə həsr olunmuş sərgisinə və qısametrajlı filmə tamaşa etdilər.
Aygün İBADOVA,
Dövlət Rəsm Qalereyasının elmi
işçisi
Azərbaycan.-
2017.- 20 yanvar.- S. 7.