2016-cı ildə Azərbaycan iqtisadiyyatının
dayanıqlılığı təmin edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi istiqamətində 2016-cı ildə görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib. Qeyd edilib ki, siyasi sabitlik, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir.
Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının qorunması, bank sektorunun sağlamlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisinin bu il başa çatdırılması, sosial mənzillərin tikintisi, inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması, bölgələrdə sənaye zonalarının təşkilinin davam etdirilməsi, kənd yollarının tikintisi, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq kimi ənənəvi sahələrin inkişafı, fındıq və badam istehsalının artırılması, örüş torpaqlarından səmərəli istifadə, yeni ixrac bazarlarının araşdırılması və ixracın şaxələndirilməsi, emal müəssisələrinin yerli məhsul əsasında fəaliyyət göstərməsi, sosial infrastruktur layihələrinin, ekoloji tədbirlərin və turizmin inkişafı istiqamətində işlərin davam etdirilməsi və s. tapşırıqlar verib.
İqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və sahəvi dövlət proqramlarının icrası davam etdirilir.
Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb. Hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir və mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqrokimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan”, 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.
SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.
Balaxanı Sənaye Parkında infrastruktur işləri tamamlanmaq üzrədir. Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımilliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraq göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.
Ötən ilin sentyabrında dövlət başçısı tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.
Qaradağ Sənaye Parkının rezidenti - Bakı Gəmiqayırma Zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri, ümumilikdə, dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. 2016-cı ildə zavodda hər biri 80 sərnişin tutumuna malik “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmiləri istismara verilib. İndiyədək isə müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib. Həmçinin zavod 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonlarının inşasını başa çatdırıb və sifarişçiyə təhvil verib. Zavodun ən böyük cari sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Bakı Gəmiqayırma Zavodu ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə dəyəri 82 milyon ABŞ dolları olan 2 bərə gəmisinin və 28 milyon ABŞ dolları dəyərində 2 neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.
Əczaçılıq sənayesində yerli istehsalın təşkil edilməsi məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman istehsalı zavodunun təməli qoyulub. 2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” əczaçılıq zavodunda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu ilin yanvarında təməli qoyulmuş Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. “Caspian Pharmed” zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə istehsalın həcmi genişləndiriləcək.
Bu ilin martında Pirallahı Sənaye Parkının ərazisində daha bir zavodun təməli qoyulacaq. Bu müəssisələr Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq.
Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.
Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır.
Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən “Azeurocar” isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələrin icrası istiqamətində işlər görülür.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Sənaye Zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir.
Bununla yanaşı, Ağstafada özəl təşəbbüs əsasında yaradılmış sənaye zonası fəaliyyətə başlayıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye zonalarının yaradılması istiqamətində iş aparılır.
Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir.
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça istehsal sahələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq.
Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq.
İclasda inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması məsələsi müzakirə olunub və müvafiq sahədə araşdırmaların aparılması, yeni istehsal sahələrinin yaradılmasına dəstək göstərilməsi barədə nazirliyin müvafiq struktur bölmələrinə göstəriş verilib. Bu günlərdə təsis olunmuş Tikinti Materialları İstehsalçıları Assosiasiyası da inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılmasında əhəmiyyətli olacaq.
Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Qeyd edilib ki, 2016-cı ildə pambıq istehsalı 2,5 dəfə artıb. Əkin sahələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üzrə işlər görülür. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır.
Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə barama, pambıq və tütün istehsalçılarına subsidiya verilməsi qərara alınıb. 2016-cı ildə pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.
Kollegiya iclasında yeni pambıqtəmizləmə zavodlarının tikintisi istiqamətində araşdırmaların davam etdirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.
Dövlət başçısının tapşırığına əsasən, yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsi, meliorativ tədbirlərin aparılması davam etdiriləcək və bunun üçün Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb. Bu il Yuxarı Mil və Neftçala magistral kanallarının tikintisi, Sabirabad rayonunda Haş kanalının yenidən qurulması davam etdiriləcək.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalı üzrə 120 sentnerədək, soya üzrə isə 35 sentnerədək təşkil edir.
Mövcud aqroparkların infrastrukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, Xaçmaz və Şəmkir rayonlarında aqroparklar yaradılır. Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və 2016-cı ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Aqroparkda payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156 sentner yüksək keyfiyyətli dənlik qarğıdalı istehsal olunub.
Şəmkir Aqroparkında tutumu 21,2 min ton olan logistika mərkəzinin tikintisi
davam etdirilir.
Hazırda ölkənin 21
rayonunda 124 min hektaradək ərazidə daha 26 aqroparkın
yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif
istehsal, emal və infrastruktur müəssisələrinin
yaradılması nəzərdə tutulur. Bu
tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı
məhsul istehsalının artmasına, sahibkarlığın
inkişafına, əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
İslahatlar ili
kimi tarixə düşən 2016-cı ildə özəl
bölmənin inkişafı, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində tədbirlər
davam etdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN
xidmət” mərkəzləri vasitəsilə lisenziyaların
verilməsinə başlanıldığı 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək
sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni, 1594-ü isə
müddətsiz lisenziya ilə əvəz edilmiş
lisenziyalardır. Verilmiş lisenziyaların
2964-ü Bakı şəhərinin, 418-i isə regionların
payına düşür. Lisenziyalar, əsasən, əczaçılıq,
özəl tibb, tikintisinə icazə tələb olunan bina və
qurğuların tikinti-quraşdırma işləri, tikintisinə
icazə tələb olunan və barəsində məlumatlandırma
icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi,
maye və təbii qaz təsərrüfatı obyektlərinin
quraşdırılması, təhsil fəaliyyəti,
dağ-mədən işləri, dağ və buruq
qazmalarının aparılması, baytarlıq
preparatlarının satışı, bitki mühafizə vasitələrinin
və aqrokimyəvi maddələrin idxalı fəaliyyət
növləri üzrə verilib.
2016-cı ildə cəmi 60
yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib
ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən
çox olub.
Kollegiya iclasında özəl
bölmədə həyata keçirilən layihələrə
dövlət dəstəyi tədbirlərinin gedişi də
müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli
və əlverişli şərtlərlə maliyyə resurslarına
çıxışının təmin olunması
üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın kredit
verilib. Verilən vəsaitin 63,1 faizi
qaytarılan vəsaitlər hesabına həyata keçirilib.
Güzəştli kreditlərdən istifadə etməklə
sahibkarların investisiya layihələrinin
reallaşdırılması 8100-dən çox yeni iş
yerinın açılmasına imkan yaradır. İndiyədək
isə 32,7 minə yaxın sahibkarın
ümumi investisiya dəyəri 4 milyard manat olan investisiya layihələrinin
maliyyələşdirilməsinə 2 milyard manatadək
güzəştli kredit verilib. 2017-ci ildə
yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon
manatadək güzəştli kreditin verilməsi nəzərdə
tutulur.
İclasda sənayedə və
aqrar sektorda həyata keçirilən layihələrə
dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi,
o cümlədən güzəştli kreditlərin verilməsinin
davam etdirilməsi barədə tapşırıqlar verilib.
Kollegiya iclasında bildirilib ki, indiyədək
sahibkarlara investisiya dəyəri 1 milyard manatdan çox olan
layihələr üzrə 91 investisiya təşviqi sənədi
və bu investisiya təşviqi sənədləri əsasında
262 təsdiqedici sənəd verilib. Səkkiz iqtisadi rayonu əhatə
edən investisiya layihələrinin 1,1 faizi Bakı şəhərinin,
37,4 faizi Bakıətrafı qəsəbələrin və
Abşeron rayonunun, 61,5 faizi isə digər şəhər və
rayonların payına düşür. Bu layihələrin 38,5 faizi kənd təsərrüfatı, 61,5
faizi isə sənaye sahələrini əhatə edir.
İclasda vurğulanıb
ki, dövlət başçısı tərəfindən
ixracın genişləndirilməsi, kənd təsərrüfatı
məhsullarının ixracının 2 dəfə
artırılması vəzifə olaraq müəyyənləşdirilib. Tapşırığın
icrası məqsədilə ixrac imkanlarının genişləndirilməsi
üçün qısa müddətdə
araşdırmaların aparılması və operativ tədbirlərin
görülməsi barədə nazirliyin struktur bölmələrinə
göstərişlər verilib. Qeyd olunub ki, artıq 54 məhsul
(emal məhsulları, o cümlədən ət və süd
məhsulları, meyvə-tərəvəz, bal,
şərabçılıq məhsulları) üzrə təhlillər
aparılıb və ixracının artırılması
üçün tədbirlər görülür.
İxracın
stimullaşdırılmasında xüsusi əhəmiyyət
kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq
olunur.
İndiyədək bu mexanizm çərçivəsində
şərab, pambıq ipliyindən məmulatlar, konservlər,
sular, şirələr, fındıq və digər məhsullar
üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə,
Belarus və s. ölkələrə ixrac müqabilində 270
min manata yaxın vəsait sahibkarlara geri ödənilib.
İclasda idxaldan
asılılığın azaldılması və qeyri-neft məhsullarının
ixracının genişləndirilməsinin dövlət
başçısının sosial-iqtisadi siyasətinin əsas
istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət
başçısının qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı müvafiq Fərman və Sərəncamından
irəli gələn tapşırıqların icrası
istiqamətində tədbirlər davam etdirilir. Ölkədə istehsal olunan yerli mənşəli
məhsulların ixracının, rəqabətədavamlı
və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi
istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyevin “Xarici
ölkələrə ixrac missiyalarının təşkilinə,
xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin
dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə
mexanizminin tənzimlənməsi Qaydasının təsdiq
olunması haqqında” 2016-cı il tarixli 5 oktyabr Fərmanı
ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə,
məhsulların keyfiyyətinin daha da
yaxşılaşmasına, eləcə də yerli və
xarici bazarlarda rəqabətədavamlı məhsulların
çeşidlərinin artırılmasına mühüm
töhfə verir. Bu sənəddə əks
olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən
başlayaraq məhsulun ixracının
reallaşdırılmasına qədər bütün
fazaları əhatə edir. Fərmanın
icrası istiqamətində artıq Çin Xalq
Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və
Quancou şəhərinə, eləcə də Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərinə
ixrac missiyaları təşkil edilib. Çinə
təşkil edilmiş ixrac missiyası zamanı 500 min
şüşə Azərbaycan şərabının
Çinə ixracına dair müqavilə imzalanıb və
artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil
olunmuş ixrac missiyası zamanı əldə olunmuş
razılığa əsasən, artıq 18 ton nar şirəsi
və 200 tona yaxın alma ixrac edilib.
Bu ilin ilk ixrac missiyası isə
artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil
olunan ixrac missiyasında müsabiqə əsasında
seçilmiş meyvə-tərəvəz, təbii mineral
suları, meyvə şirələri, şərab, bal və
çay istehsalı sahəsində fəaliyyət göstərən
şirkətlər iştirak edir. Səfər çərçivəsində
missiya iştirakçıları Almaniyanın paytaxtı
Berlin şəhərində təşkil olunan ərzaq sənayesi,
kənd təsərrüfatı və
bağçılıq üzrə “Beynəlxalq Yaşıl
Həftə 2017” sərgisini ziyarət edəcək, yerli
distribüterlərlə, potensial müştərilərlə
ikitərəfli görüşlər keçirəcək,
ixracın təşkili məsələlərini müzakirə
edəcəklər. Növbəti ixrac
missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə
təşkil ediləcək. 2017-ci ildə
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZROMO) təşkilatçılığı ilə
Azərbaycan şirkətləri Birləşmiş Ərəb
Əmirliklərində, Almaniyada, Rusiyada və Çində
keçiriləcək sərgilərdə vahid ölkə
stendi ilə iştirak edəcəklər. Bu barədə artıq KİV-də elanlar verilib.
Ölkəmizin rəqabətqabiliyyətli
məhsullarının ixracının təşviq edilməsi
məqsədilə Belarusda ticarət evi yaradılır və
işlər 2017-ci ilin birinci rübündə başa
çatdırılacaq. Ukraynada da belə ticarət evi
yaradılacaq. Rusiya və bir sıra digər
ölkələrdə isə ticarət nümayəndələrinin
fəaliyyəti nəzərdə tutulur. İclasda
İqtisadiyyat Nazirliyinin ixrac portalının (www.export.az) ixrac
imkanlarının aşkar edilməsi və yeni bazarlara
çıxmaq üçün əlavə şəraitin
yaradılması, xarici ticarət tərəfdaşları ilə
münasibətlərin genişləndirilməsi, beynəlxalq
standartlara cavab verən rəqabətədavamlı yerli
istehsal məhsullarının dünya bazarlarına
çıxarılması, ixrac potensialının gücləndirilməsi
baxımdan sahibkarlara əlavə dəstək mexanizmi
olduğu diqqətə çatdırılıb.
AZPROMO tərəfindən Azərbaycanın
ixrac və investisiya imkanlarının təşviqi, yerli
şirkətlərin biznes əlaqələrinin daha da
genişləndirilməsi və ölkə iqtisadiyyatına
investisiya qoyuluşunun təbliği istiqamətində işlər
2016-cı ildə də davam etdirilib. Bundan başqa,
İxracatçılar Klubunun və onun komitələrinin 10
iclası keçirilib, “GO EXPORT” layihəsi çərçivəsində
4 təlim proqramı reallaşdırılıb,
Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz
İxracatçıları və
İstehsalçıları Assosiasiyaları yaradılıb,
100-dən çox şirkətə ixrac üzrə fərdi
qaydada xidmətlər göstərilib.
İclasda vurğulanıb ki,
qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması istiqamətində həyata
keçirilən kompleks tədbirlər, o cümlədən
müvafiq dəstək tədbirləri ixrac fəaliyyəti
ilə məşğul olan sahibkarların sayının, ixrac
məhsullarının çeşidinin və həcminin
artmasına, həmçinin xarici bazarlarda Azərbaycan mənşəli
məhsulların, o cümlədən Naxçıvan Muxtar
Respublikasında istehsal olunan məhsulların mövcud və
yeni ixrac bazarlarına çıxış imkanlarının
genişlənməsinə öz töhfəsini verəcək.
Türkiyədə keçiriləcək
üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan
biznes forumunda da ixracın genişləndirilməsi əsas
müzakirə mövzularından olacaq.
İclasda Azərbaycan məhsullarının
təbliği üçün xarici KİV-də
reklamların yerləşdirilməsi üçün qısa
müddətdə tədbirlərin görülməsi barədə
tapşırıq verilib.
Əlverişli coğrafi
mövqeyi olan Azərbaycanın tranzit potensialının
reallaşdırılması Prezident İlham Əliyevin
iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar
ölkəmizin tranzit imkanlarının genişləndirilməsi
istiqamətində önəmli işlər
görülüb. “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Astara
çayı üzərində dəmir yolu
körpüsünün tikintisi, eləcə də Azərbaycan
və İran sərhədində dəmir yolu məntəqələrinin
birləşməsi üzrə nəzərdə tutulan
inşaat işləri ölkəmiz tərəfindən
sürətlə icra edilib. Hazırda İran ərazisində
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə
dair müzakirələr aparılır. Bu
layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya,
eləcə də Şərqi və Şimali Avropa ölkələrinə
yüklərin daşınması daha səmərəli
olacaq, “Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçməklə
infrastrukturu tam təmin olunacaq.
İclasda qeyd edilib ki, ötən ilin dekabrında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının XI iclası çərçivəsində Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İrana yola salınıb ki, bu Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına, eləcə də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsini verəcək.
Tranzit yüklərin daşınmasında iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2016-cı ildə ölkə ərazisindən 22,6 mindən çox yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il tikintisi başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də ölkəmizin tranzit potensialının daha səmərəli reallaşdırılmasında önəmli olacaq.
Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün tədbirlər davam etdiriləcək.
Bu il, həmçinin ekologiya sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya tamamilə yenidənqurulması işləri davam etdiriləcək, modul tipli məktəblər inşa olunacaq. Dövlət İnvestisiya Proqramında da bu məsələnin həlli üçün müvafiq vəsait nəzərdə tutulub. Bu modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaq.
İstehlak bazarına nəzarət məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzində 2016-cı il ərzində 10 ərzaq və 5 qeyri-ərzaq məhsulları qrupları üzrə 4369 nümunənin müayinəsi aparılıb. Müayinələr nəticəsində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb.
Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin kollegiyasının 2017-ci il üçün iş planı təsdiq olunub.
Azərbaycan.- 2017.- 25 yanvar.- S.4.