Sənəti sevməyə ürək gərəkdir
İncəsənət
xadimləri
90-na yetən ömründən yaddaşına köçənləri andıqca nurlu çöhrəsi daha da işıqlandı. Qocaman rəqqas otağının dörd bir tərəfini xatirələrinə ünvan etmişdi. Divarlardan boylanan şəkillərdə həyatının müxtəlif anları əks olunmuşdu. Diqqətlə baxdığımı görüb “Onlarsız darıxaram” - dedi.
...1927-ci il yanvarın 23-də Bakıda dünyaya göz açmışdı. Əslən nardaranlı olan valideynləri - atası Mir Cəfərlə anası Hüsniyyə xanımın evində dörd uşaq böyüyürdü. İlkləri Güləbatın idi. Mir Həsən adlandırdıqları böyük oğlanlarından sonra əkiz uşaqları oldu. Oğlana Mir Cəfər öz atasının - Mir Məmmədin adını verdi. Qızın adını isə Böyükxanım qoydular. Sonra ailənin sonbeşiyi - Seyid Ağa dünyaya gəldi.
1927-ci ildə yeni qurulan sovetlərin hökm etdiyi ərazilərdə insanlar aclıq çəkirdilər. Ana südü iki uşağa yetmədiyindən Böyükxanım körpə ikən vəfat etdi. Mir Məmməd isə Böyükağa Məmmədov kimi tanındı, o, rəqs sənəti ilə nəinki respublikamızda, onun hüdudlarından kənarda da sevildi.
Şöhrətli sənətkar 90 illik ömrünün xatirələrini qürurla vərəqləyir: “Biz həm ata, həm də ana tərəfdən seyid nəslindənik. Atamla anam qohum idilər. Soyadımız olmayıb. Ata adını soyad kimi qeyd ediblər. Elə bizim sənədlərimizdə də atamızın adı ilə - Mir Cəfəroğlu yazılırdı. Mən Bakının indiki Yasamal rayonundakı 21 saylı məktəbə getmişəm. Sonra vəziyyət elə gətirdi ki, bir neçə məktəb dəyşməli oldum. 7-8 sinif oxudum”.
Onun rəqqaslıq istedadını çox tez görüblər. Hələ uşaqikən anası onu qadın toylarına aparırdı. Rəqsini görənlər heyran qalırdı. O vaxtlar Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə üzbəüz bağda hər axşamüstü saat 6-dan 8-ə qədər rəqs meydançaları təşkil edilirdi. Bir tərəfdə nəfəsli orkestr, digər tərəfdə Azərbaycan musiqisi, trio səsləndirilirdi. Böyük qardaşı bir gün onu da özü ilə ora apardı. Elə həmin gün rəqsi ilə tamaşaçıların diqqətini cəlb edə bildi. Tədbiri aparan qadın ona dedi: “Sabah bura ananla gəl”. Evə tərəddüd içində döndü. İndi o günü təbəssümlə yada salır: “Atamdan qorxurdum. Çünki bilirdim razı olmayacaq. Anama danışdım. Ertəsi gün birlikdə rəqs meydançasına getdik. Aparıcı qadın anama məsləhət verdi: “Bu uşağın istedadı var, həm Azərbaycan, həm də Avropa rəqslərini gözəl ifa edir. Oğlunuzu Pionerlər evinə aparın. Mənə elə gəlir ki, ondan yaxşı rəqqas olacaq”. O zaman 26-lar bağı ilə üzbəüz (indiki Sahil bağı) Pionerlər evi var idi. Orada Əlibaba Abdullayevin rəhbərliyi ilə Azərbaycan rəqs qrupu da fəaliyyət göstərirdi. Anam bu söhbətin səhəri günü məni Əlibaba müəllimin yanına apardı. Biz Pionerlər evinə çatanda məşq gedirdi. Əlibaba müəllim anamdan gəlişimizin səbəbini soruşdu. Anam məni göstərdi: “Bunu rəqsə gətirmişəm” - dedi. Əlibaba müəllim mənə söylədi ki, bir ritm vurum, sən də rəqs elə. Onun tapşırığına əməl etdim. Bəyəndi və məni məşqlərə yazdı. Beləcə, doqquz yaşımdan həyatımın rəqs yolu başladı”.
Evdar qadın olan anası oğlunun sevdiyi sənətin ardınca getməsi, rəqsin sirlərinə yiyələnməsi üçün əlindən gələni əsirgəmədi. Ona arxa, dayaq oldu. Həm də elə bir vaxtda ki, valideynlər övladlarının səhnəyə çıxmasına imkan vermirdilər. Onun rəqs dərsləri aldığını da bir müddət atasından gizlətməli oldular. Molla təhsili almış, Həcc ziyarətində olmuş Mir Cəfər oğlunun rəqqas olmağına icazə verməzdi.
Çox keçmədi ki, Böyükağa Məmmədov Ehtiyat Əmək Qüvvələrinin klubunda çıxış etməyə başladı. Sonra orada həm də müəllim kimi çalışdı. Ehtiyat Əmək Qüvvələrinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynadı.
Böyük Vətən müharibəsi başlayanda atasını, böyük qardaşını və tibb bacısı olan bacısını cəbhəyə apardılar. Bacısı müharibədən güllə yarası ilə qayıtdı. Qardaşı da döyüşdə sol qolunu itirib gəldi.
Böyükağa Məmmədov xatırlayır: “1942-1943-cü illər idi. Üç nəfər idik. Bizi hospitallara əsgərlərin qarşısında konsert verməyə göndərirdilər. Onları ruhlandırmağa çalışırdıq. Ağır günlər idi. Çörək məsələsi çətin idi. Atam da əsgər gedəndən sonra ailəmizin dolanışığı bir az da çətinləşmişdi. Evdə piano, başqa əşyalar var idi. Anam onları satdı. Mənim əməkhaqqı almağım da ailəmizə kömək idi. Ehtiyat Əmək Qüvvələrinin ansamblında bədii rəhbər işləyirdim. Həm rəqslərə quruluş verirdim, həm də oynayırdım. Onda bron məsələsi var idi. Mənə bron verdilər”.
Böyükağa 1949-cu ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. 1951-ci ildə Berlində keçiriləcək tələbə və gənclərin ümumdünya festivalına getmək üçün Moskvada baxışdan keçmək lazım idi. Böyükağa Məmmədovun ifa etdiyi “Çobanlar” rəqsini münsiflər heyəti bəyənib. Münsiflər heyətinin üzvü İqor Moiseyev onu yanına çağırıb. Adını, soyadını xəbər alıb. Özünü təqdim edib: “Mir Məmməd Mir Cəfər oğlu”. İqor Moiseyev deyib: “Adın, soyadın bir qədər uzundur. Səni həmin tədbirdə belə təqdim etmək olmaz. Gəl bunu qısaldaq. Belə edək, Mir Məmməd olsun”. Sonra soruşub: “Bəs sənə evdə başqa adla necə müraciət edirlər?” Deyib ki, Böyükağa kimi. İqor Moiseyev səbəbini soruşdu. Mir Məmmədin adını daşıdığı babası nüfuzlu, sözükeçərli seyid, hacı olmuşdu. Onu hörmət əlaməti olaraq Böyükağa çağırırdılar. Bunları İqor Moiseyevə danışıb. O deyib ki, adın da elə Böyükağa olsun. O vaxtdan sənətkar Böyükağa Məmmədov kimi tanındı.
1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdi. 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti oldu. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Yuri Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edildi. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başladı. 1951-ci ildə Berlində, 1953-cü ildə Varşava və 1957-ci ildə Moskvada keçirilən ümumdünya festivallarının laureatı oldu. 1960-cı ildən “Cücələrim” rəqs ansamblına rəhbərlik etdi. Fransa, İsveçrə, İran, Əfqanıstan, Almaniya, Macarıstan və başqa ölkələrdə qastrol səfərlərində oldu. Azərbaycan rəqslərini ümumilikdə 123 ölkədə təmsil etdi. Böyükağa Məmmədov ömrünün 70 ilə yaxın bir dövrünü bu sənətin inkişafına həsr etdi. Həmin illər ərzində sənətinin onlarla davamçısını yetişdirdi. Ustad rəqqasın yetirmələrindən 14 nəfər əməkdar, 4 nəfər isə xalq artisti adına layiq görüldü. Böyükağa Məmmədovdan dərs alan Kamil Dadaşov, Qorxmaz Qurbanov, Ramiz Məmmədov, Ramiz Eynullayev, Xanlar Bəşirov, Aliyə Ramazanova, Tamilla Verdiyeva və başqalarının da Azərbaycan rəqs sənətinin inkişafında xidmətləri böyükdür.
Azərbaycan milli rəqsinin əfsanəsi sayılan sənətkarın xidmətləri yüksək qiymətləndirilib. Ustad rəqqas müxtəlif orden və medallarla təltif edilib. O, 1955-də əməkdar artist, 1965-də xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Azərbaycan rəqsinin inkişafı və təbliğində böyük rol oynayan sənətkar bütün rəqslərimizi çox sevdiyini deyir: “Naz eləmə”, “Qaytağı”, “Şoloxo”, “Cobanlar” və daha neçə-neçə bir-birindən gözəl Azərbaycan rəqsi var. Mən hər bir rəqsi ürəklə ifa eləmişəm. Səhnədə ilk tərəf-müqabilim Əminə Dilbazi olub. Sonra Roza Cəlilova, Aliyə Ramazanova və başqa rəqqasələrlə səhnəyə çıxdım. Mən həm də rəqslər qururdum. Onlar tamaşaçıların xoşuna gəlirdi”.
Onun qurduğu rəqslər bu gün də səhnədədir, yenə də tamaşaçılar tərəfindən maraqla qarşılanır. Böyükağa Məmmədov bir sıra məşhur filmlərimizdə də rəqslərə quruluş verib. 1965-ci ildə lentə alınan “Arşın mal alan” filmində qadınların rəqsinə Əminə Dilbazi, kişilərin rəqsinə isə Böyükağa Məmmədov quruluş verib. “Mən rəqs edəcəyəm” filmində Mahmud Esenbayevin ifa etdiyi “Naz eləmə” rəqsinin quruluşu da ona məxsusdur.
Böyükağa Məmmədov deyir: “Həyatda zəhmətsiz heç nəyə nail olmaq mümkün deyil. Bir də sənəti sevməyə ürək gərəkdir. Biz rayonlara gedirdik, rəqs hərəkətlərini öyrənirdik. Azərbaycan rəqsləri bizim xalqımızın qədimliyini, zəngin mədəniyyətə malik olduğunu sübut edir. Ona görə də milli elementləri qoruyub saxlamalı, təbliğ etməliyik. Sənəti müqəddəs əmanət kimi gələcək nəslə ötürmək mənəvi borcumuzdur. Deyirəm, inciyirlər... Qadınlar gərək qadın, kişilər də kişi kimi oynasın. İndi hamı düşür ortalığa kişi kimi rəqs eləyirlər”.
Böyükağa Məmmədov həyat yoldaşı Firuzə xanımla da sənət aləmində tanış olduğunu söyləyir: “O, Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) tələbəsi idi. Firuzə məndən 10 yaş kiçik idi. Həvəskar kimi xora gəlirdi. O vaxtlar bir-birimizi tanıdıq”. Əslində, Firuzə xanım o zamana qədər də məşhur rəqqası tanıyırdı, onun sənətinin vurğunu idi. 11 il sonra - 1955-ci ildə evləndilər. Firuzə xanım işləmədi. O, bütün ömrünü ailəsinə həsr etdi, həyat yoldaşının, üç qızının qayğısını çəkdi. Qızları - Böyükxanım həkim, Sevda ingilis dili müəllimi, Gülarə iqtisadçı oldu. Nə övladları, nə də altı nəvəsinin, səkkiz nəticəsinin heç biri Böyükağa Məmmədovun sənət yolunu davam etdirmir.
Rəqs sənətinin qaydası belədir: 20 il işləyəndən sonra təqaüdə çıxırsan. Böyükağa Məmmədov da 1946-cı ildə işə başladığı filarmoniyadan 36 yaşında təqaüdə çıxdı. Ancaq 85 yaşınadək işləyib. Deyir: “Bizim nəsildə uzunömürlülər çox olub. Bacım 96 yaşında vəfat etdi. İli hələ çıxmayıb. Anam da 100 yaşınadək yaşadı. Qardaşlarım, atam isə 70 il ömür sürdülər. Həyat yoldaşım vəfat edəndə 70 yaşı tamam olmamışdı. O, bizi 2003-cü ildə tərk etdi. O vaxt stress keçirdim. Mən heç vaxt xəstələnməmişdim. Ayağımda qızartı olanda da ağlıma başqa heç nə gətirmədim. Yara sağalmadı. Apardılar həkimə. Müayinələrdən bəlli oldu ki, məndə yüksək şəkər yaranıb. Sol ayağımı amputasiya etdilər. Görünür, gərgin iş rejimi də öz işini görüb. Dörd ildir əlil arabası ilə hərəkət edirəm. Bütün günü evdə oluram. Beşinci mərtəbədə yaşadığım üçün həyət-bacaya həsrət qalmışam. Uşaqların, tanışların köməyi ilə hərdən havamı dəyişə bilirəm. Bəzən məni tədbirlərə də aparıb-gətirirlər. Yeriyə bilməsəm də, eşidirəm, görürəm, əlim, gözüm yerindədir. Bir də tanışlarım, tələbələrim məni unutmur, baş çəkir, telefonla əhvalımı soruşurlar. İstəyirlər ki, darıxmayım”.
İllər cavanlığını, sağlamlığını əlindən alsa da, beləcə, heyrətamiz yaddaşı ilə ötənləri xatırlayır...
Zöhrə FƏRƏCOVA,
Azərbaycan Dillər
Universitetinin
Jurnalistika fakültəsinin
müəllimi
Azərbaycan.- 2017.- 25 yanvar.- S.7.