Məcburi köçkünlərin sosial
müdafiəsi sistemi təkmilləşdirilir
Bu gün dünya miqyasında yaşanan ən böyük problemlərdən biri də qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qeyd edilən qəbildən olan insanların sayının davamlı şəkildə artması beynəlxalq miqyasda ən ağrılı və həlli çətin görünən humanitar problem, faciə qismində qəbul olunur. İndi dünyanın ən inkişaf etmiş ölkələri, məsələn, Avropa dövlətləri bu xüsusda yaşanan problemlərin çözülməsində ciddi çətinliklər yaşayır. Halbuki, 25 ildən çoxdur, bu problemlə üzləşən Azərbaycan sözügedən xüsusda qarşıya çıxan məsələlərin həllində mühüm uğurlara imza ata bilib.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi və təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən genişmiqyaslı işlər görülüb və bu proses davam edir. Qeyd edilən səpkidə indiyə qədər böyük layihələr həyata keçirilib, yeni qəsəbələr salınaraq qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilib.
Xatırlatmaq yerinə düşərdi ki, bu vaxta qədər məcburi köçkünlərin üzləşdikləri problemlərin həllini ehtiva edən müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər müasir infrastrukturun qurulduğu yerlərə çevrilib.
Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət proqramı qəbul edilib, onların sosial müdafiəsi ilə bağlı layihələr həyata keçirilib. Xatırladaq ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğının dövlət siyasəti səviyyəsinə yüksəlməsi istiqamətində atılan mühüm addımlardan biri Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına Əlavələrin təsdiq edilməsi oldu.
Sözügedən proses hazırda böyük uğurla davam etdirilir. Öz yurdunda məcburi
köçkünə çevrilən
insanların mənzil-məişət
problemi əsaslı şəkildə həllini
tapıb. Amma dövlət
əldə olunan nailiyyətlərlə kifayətlənmir
və məcburi köçkünlərə yüksək
qayğı davam edir. Son 13 ildə 380
min nəfər əmək
qabiliyyətli məcburi
köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və
digər sahələrdə
daimi, 200 min nəfəri
isə müvəqqəti
işlə təmin edilib. Bu da
2003-cü illə müqayisədə
2 dəfə çoxdur.
Yemək xərci üçün verilən
aylıq müavinət
4 dəfə, kommunal xidmətlərə görə
vəsaitin məbləği
4,5 dəfə artırılıb. Məcburi köçkünlərin
sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində
onlar arasında yoxsulluq kəskin şəkildə azalaraq
son 13 ildə 75 faizdən
12 faizə düşüb.
Məcburi köçkünlərə ayrılan
vəsaitin ödənişində
yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə də addımlar atılır. Bunun daha
bir real təsdiqi Prezident İlham Əliyevin məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi
haqqında fərmanıdır.
Dövlət büdcəsindən
məcburi köçkünlərin
və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün
ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma
mexanizminin sadələşdirilməsi
məqsədilə imzalanan
fərmana əsasən,
məcburi köçkünlər
və onlara bərabər tutulan şəxslər üçün
yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər
əvəzinə 2017-ci il
yanvarın 1-dən hər
bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid
aylıq müavinət
müəyyən edilib.
Nazirlər Kabineti bu fərmanda göstərilən
vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını
müəyyən edib.
Burada onu da xüsusi
qeyd etmək lazım gəlir ki, kommunal xidmət
xərclərinin məcburi
köçkünlərin özlərinə
verilməsi daha əvvəl elə onlar tərəfindən irəli sürülüb
və dəstəklənir. Buna qədər
isə Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın
və məcburi köçkünlərə güzəştlərin
müavinətlə əvəz
olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na
əsasən, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsi tərəfindən
məcburi köçkünlərin
istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş
qaydada xidmət təşkilatlarına ödənilirdi.
Amma məcburi köçkünlər
müxtəlif vaxtlarda
sözügedən komitəyə
ünvanladıqları çoxsaylı
müraciətlərdə, keçirilən səyyar
görüşlərdə istifadə etdikləri kommunal xərclərin mərkəzləşmiş qaydada
xidmət təşkilatlarına
yox, vahid plastik kart vasitəsilə
onların özlərinə
verilməsini istəyiblər.
Bu istəyə də ölkə rəhbəri tərəfindən
müsbət cavab verildi və artıq məcburi köçkünlər kommunal
xidmət xərcləri
üçün büdcədən
ayrılan vəsaiti plastik kart vasitəsilə
özləri əldə
edəcəklər.
Belə vəziyyət məcburi köçkünlərin də
maraq dairəsindədir. Çünki bu gün heç
kəsə sirr deyil ki, elektrik
enerjisini, təbii qazın, suyun pulunu özləri ödəyənlər imkan
daxilində qənaət
etməyə çalışırlar.
Bu hal həm
də israfçılığın
qarşısını alır.
Beləliklə, atılan addımlar göstərir ki, məcburi köçkünlərin
müxtəlif problemlərinin
həlli istiqamətində
dövlət tərəfindən
həyata keçirilən
genişmiqyaslı tədbirlər,
göstərilən davamlı
qayğı onların
üzləşdikləri çətinliklərin
aradan qalxmasında mühüm rol oynayır. Bu xüsusda
həyata keçirilən
siyasət məcburi köçkünlər tərəfindən
böyük rəğbətlə
qarşılanır.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 26 yanvar.- S.3.