“Şahdəniz Alfaböyük uğurlar platformasıdır

 

Xəzərin Azərbaycan sektorunda yerləşən və böyük perspektivlərə malik olan  “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 10 ildən çox vaxt keçir. Ötən müddət ərzində “Şahdəniz”in işlənməsinin 1-ci mərhələsi çərçivəsində regionun üç ölkəsinə - Azərbaycan, Gürcüstan və Türkiyəyə davamlı surətdə etibarlı qaz təchizatı təmin edilib. Bu, 1996-cı ildə “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalandıqdan və 1999-cu ildə burada qaz mənbəyi kəşf edildikdən sonrakı müddətdə layihəni işləyən konsorsium, habelə bu layihə çərçivəsində dünyanın müxtəlif yerlərində texniki layihələndirmə, istehsal, tikinti, nəqliyyat, sazlama və istismaravermə işlərinə cəlb olunmuş çoxsaylı komandalar üçün mühüm nailiyyətdir.

“Şahdəniz-1” beynəlxalq aləmdə böyük marağa səbəb olub və Azərbaycanı  qaz ixracatçısı kimi tanıdaraq, əslində, ölkəmiz üçün yeni bir dönəmin başlanğıcını qoyub. Bu, uğurlu bir layihədir. Çünki “Şahdəniz Alfa” platforması 10 ildən çoxdur fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Buradan çıxarılan mavi yanacaq Cənubi Qafqaz Boru Kəməri ilə 2006-cı ilin sonlarından  Azərbaycana və Gürcüstana, bir neçə ay bundan sonra isə Türkiyəyə çatdırılmağa başlayıb. “Şahdəniz”in kondensatı isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə qoşulur.

Platforma bu güntam gücü ilə işləməyə davam edir. 2016-cı ilin üç rübü ərzində yataqdan təhlükəsiz şəkildə təxminən 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton kondensat hasil edilib. Başqa sözlə, “Şahdəniz-1” artıq özünün ən yüksək hasilat dövrünə çatıb.

“Şahdəniz-1” həm də yüksək hasilatla işləyən quyular yatağıdır. “Şahdəniz Alfayataqda quraşdırılmış ilk platformadır və onun indiyədək əldə etdiyi nailiyyətlər  təqdirəlayiqdir. Məsələn, qurğunun faydalı əmsalı həmişə yüksək olub. Nəticədə “Şahdəniz Alfaüç ölkənin sakinlərinə öz evlərini isti və işıqlı saxlamaqda kömək edir.

Xatırladaq ki, “Şahdəniz Alfa” platforması qazmahasilat bloklarından, habelə 120 nəfər üçün nəzərdə tutulmuş yaşayış blokundan ibarət, ümumi çəkisi 32 min ton olan, nəhəng bir qurğudur. Onun üst modullarının çəkisi 22 min tona, dayaqlarının və özüllərinin çəkisi 10 min tona çatır. Platformanın qazma qurğuları uzunluğu 7 kilometrdən və əhatə dairəsi 3 kilometrdən çox olan quyular qazmağa, hasilat qurğuları isə gündə təxminən 1 milyard kubfut (28,5 milyon kubmetr) qaz və 60 min barel (8 min ton) kondensat emal etməyə imkan verir.

Platformanın 10 il ərzində müvəffəqiyyətlə istismarı fövqəladə səy, fədakarlıq və peşəkarlıq nümayiş etdirən komandaların və ayrı-ayrı işçilərin  nailiyyətidir. Bu isə “Şahdəniz Alfa”nın onlar üçün sadəcə qaz hasil edən qurğu, yaxud yeri deyil, həm də məktəb, ev olduğuna görə reallaşıb. Əldə olunan nəticələr göstərir ki, qurğuda çalışanlar məhz burada bilik və bacarıqlarını inkişaf etdirərək əsl peşəkar kimi yetişiblər. Bunun sayəsində də dünya standartlarına cavab verən platformadan qazın və kondensatın hasil olunmasını, Səngəçal terminalındakı emal obyektlərinə çatdırılmasını inam və bacarıqla idarə edirlər.

“Şahdəniz Alfa” ölkə daxilində - Bakının Zığ ərazisindəki tikinti-quraşdırma sahəsində inşa edilib. Daha bir önəmli fakt odur ki, qurğu bu gün əsasən yerli əməkdaşlar tərəfindən idarə olunur.

İndi “Şahdəniz Alfa” Xəzərin qoyununda yeni “qonşu”larının yolunu gözləyir. Bunlar “Şahdəniz-2” üçün tikintisi davam edən iki platformadır. Onlardan birinin dayaq bloku keçən ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb və öz daimi yerində quraşdırılıb. Digər dayaq blokunun inşası Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti meydançasında davam edir. Hər iki platformanın üst modulları isə Bakının Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində tikilir. Bu qurğuların tikintisi də, gələcək işi də “Şahdəniz Alfa”nın təcrübəsinə əsaslanır. Çünki o, təkcə bir hasilat platforması deyil, həm də “Şahdəniz”in ümumi uğurlarının möhkəm platforması- özülüdür.

 

F.SADIQLI,

 

Azərbaycan.- 2017.- 26 yanvar.- S. 4.