Əsl bakılı kimdir?
Şollar-Bakı
su kəmərinin tarixi bu suala nə cavab verir
Onun başçılığı ilə keçirilən iclaslarda kəmərin haradan çəkilməsi məsələsi, xüsusilə Şollar mənbəyi yenə qızğın mübahisələr doğurur və onun əleyhdarları bu dəfə daha məntiqli görünən bir təklif irəli sürürlər. Şəhərin içməli və sənaye suyuna olan kəskin tələbatını və vəba epidemiyasının nəticələrini əsas götürərək su kəmərinin daha yaxın məsafədən və kiçik zaman ərzində çəkilməsini vacib sayırlar. Beləliklə, Zuğulba su kəməri proyekti ortaya gətirilir.
Əslində, Zuğulbadakı mənbələrdən istifadə edilməsi təşəbbüsü ilk dəfə hələ 1870-ci illərdə irəli sürülmüş, Bakı qubernatoru Kolyubakinin sərəncamı ilə bu mənbə ilə bağlı bütün məsələlər araşdırılmış və hətta kəmərin keçəcəyi ərazi də öyrənilmişdi. Lakin nə o zaman, nə də sonralar bu layihə hər neçə ildən bir ortaya gəlsə də, reallaşmamış qalırdı. Bunun səbəbi bir neçə laborator yoxlamalardan sonra Zuğulbada qayadan çıxaraq Xəzər dənizinə tökülən suyun tərkibində kükürd turşusu və xlorlu duzların həddən artıq olması və onu içməli su kimi yararsız, hətta zərərli etməsi ilə əlaqədar idi. Bakı Duması yaradılan vaxtdan Su təchizatı komissiyasının daimi üzvü Hacı Zeynalabdin Tağıyev hər dəfə erməni deputatları bu layihəni Dumada müzakirəyə çıxaranda onun əleyhinə olmuşdu. Lakin 1902-ci ildə vəba epidemiyası ilə bağlı vəziyyət gərginləşdiyindən, adətən su məsələsində eyni mövqedən çıxış edən azərbaycanlı deputatların bəziləri də Zuğulba mənbəyinə üstünlük verirlər. H.Z.Tağıyevin ciddi etirazı qarşısında Su təchizatı komissiyasının üzvləri, o cümlədən azərbaycanlı deputatlar məsələni yerində araşdırmaq üçün Zuğulbaya yığışırlar. Yerli sakinlərin də iştirak etdiyi bu toplantıda Hacı Zeynalabdin “Mən təəccüb edirəm ki, savadlı adam şirin su əvəzinə Zuğulba suyuna üstünlük verir” - deyə Zuğulba layihəsini dəstəkləyən Fərrux Zeynalovu tənbeh edir. Tağıyev bu suyun xalq arasında “qara su” adlandırıldığını, onun istifadəsinin hətta heyvanlar üçün yararsız, insan səhhəti üçün isə tam zərərli olduğunu bildirir. Tağıyev birmənalı şəkildə Bakıya yalnız bulaq, çeşmə suyundan, yəni Şollardan kəmər çəkilməsində israr edirdi. Lakin şəhərin su təchizatı sahəsində təcili tədbirlər görülməli idi. Yaranmış vəziyyətdən istifadə edən erməni deputatlar, başda Bakının erməni icmasının tanınmış nümayəndələrindən biri, neft sahibkarı, milyonçu Ambarsum Melikov olmaqla 1902-ci ildə Zuğulba su kəmərinin çəkilməsinə Dumanın və Şəhər İdarəsinin razılığını əldə edirlər. A.Melikovun bu işdə xüsusi marağı var idi, belə ki, kiçik miqdar vəsait xərcləməklə o, bu kəmərin özünün Zuğulbadakı bağ sahəsindəki mənbədən çəkilməsinə nail olur və Zuğulba su kəmərinin yeganə mülkiyyətçisinə çevrilir.
Bu, həmin Ambarsum Melikov idi ki, 1918-ci il Bakıda mart qırğınlarında Daşnaksütyun partiyasının və Erməni Milli Komitəsinin qərargahı onun şəhərdəki mülkündə yerləşəcək, Ambarsumun özü isə iki oğlu ilə birlikdə əldə silah Bakı küçələrində şəhərin dinc müsəlman əhalisinə divan tutacaqdılar. Lakin XX əsrin əvvəllərində A.Melikov Bakı əhalisinə başqa bir yolla xəsarət yetirirdi. 1903-cü ildə istifadəyə verilən Zuğulba suyunun bioloji və tibbi baxımdan içməyə qətiyyən yaramadığı elə həmin dövr məlum olsa da, yalnız 5 ildən sonra, artıq fəsadlar üzdə olduğu zaman içmək üçün qadağan edilir və 1908-ci ildə onun yalnız mədən rayonlarında istifadəsinə icazə verilir. Lakin bütün bu illər Zuğulba su kəmərindən külli miqdarda gəlir götürən Ambarsum Melikov hələ 1903-cü ildə Zuğulba su kəmərinin bir xəttini də Ramana-Sabunçu mədənlərinə çəkmiş və bununla da Buzovna və Pirşağı kəndlərini əsas su mənbəyindən məhrum etmişdi. Həmin kəndlərin sakinlərinin bu məsələ ilə bağlı şəhər rəhbərliyi qarşısında, hətta məhkəmələrdə qaldırdığı iddialar və şikayətlər isə rədd edilmişdi.
Burada bir haşiyə çıxaq ki, Bakının mədən rayonlarının sənaye ehtiyacları üçün dəniz suyu təchizatı ilə də ermənilərə məxsus 3 şirkət - “Aramazd” cəmiyyəti, P.Qukasyanın “Kaspi boru kəməri” və Xr.Şahgedanyanın “Bibi-Heybət su kəməri” məşğul olurdu. Erməni burjuaziyası Bakının su təchizatını öz nəzarəti altında saxlamaq üçün 1912-ci ildə daha bir addım atır. Şəhərdə, xüsusilə mədən-zavod rayonlarında yenidən su qıtlığı yarandığı vaxt Duma Su təchizatı komissiyasının fəxri sədri H.Z.Tağıyev bu rayonların əhalisi və sənaye ehtiyacları üçün yenidən Kür suyunun gəmilərlə gətirilməsini təklif edir və buna ilkin maddi vəsait xərcləyir. Hacının bu təklifi dərhal erməni sahibkarları tərəfindən dəstəklənir və tezliklə “Bakı neft sənayeçiləri qurultayı” adlanan bir təşkilatın şurası tərəfindən həyata keçirilməyə başlayır. Bu təşkilata 19 ildən artıq bir müddətdə erməni Qukasov qardaşları başçılıq edirdi. Lakin H.Z.Tağıyevdən fərli olaraq erməni sahibkarları bu məsələyə fəhlə rayonları əhalisinin güzəranını yaxşılaşdırmaq üçün deyil, ən əvvəl öz neft mədənlərini su ilə təmin etmək məqsədilə dəstək verirdilər, əhaliyə isə bu su vedrəsi 2 qəpikdən satılaraq neft sənayeçilərinə külli miqdarda gəlir gətirirdi.
Lakin 1902-ci ildə bütün Bakının su təchizatı təxirəsalınmaz məsələ idi. Erməni sahibkarlarının çevikliyi ilə tikintisinə icazə alınmış Zuğulba su kəmərinin gücü - gündə 25 min vedrədən bir qədər artıq - son dərəcə məhdud olduğundan, şəhərin ehtiyaclarını ödəməyəcəyi hər kəsə aydın idi. Təsadüfi deyil ki, yeni su kəməri məsələsi hələ də gündəmdə qalır, onun Kür, Samur və ya Şollardan çəkilməsi ətrafında mübahisələr kəsilmirdi. Azərbaycanlı deputatların birmənalı olaraq Şollar su kəmərinə üstünlük verməsi qarşısında Dumanın erməni və digər millətlərdən olan üzvləri, eləcə də Şəhər İdarəsinin bəzi əməkdaşları artıq yalnız bu layihəyə deyil, Lindleyin özünə və həmkarlarına qarşı açıq mübarizəyə qalxır, onların işinə hər cür maneələr yaratmağa çalışırlar. Su təchizatı ilə bağlı Dumada bu və ya digər məsələlərə dair müxtəlif komissiyalar yaradılır, saysız iclaslar, uzun-uzadı müzakirələr keçirilirdi. Məhz bu iclasların birində, növbəti müzakirələr zamanı ortaya çıxan bir dialoq “Şollar” su kəmərinin taleyinin onun müəllifinin və tərəfdarlarının şəxsi keyfiyyətlərindən nə dərəcədə asılı olduğunu üzə çıxarır. 1902-ci ildə yeni şəhər rəhbərliyinin iştirakı ilə keçirilən iclasda iştirak edən H.Z.Tağıyev Duma üzvlərinin Lindleyə ünvanlanmış kəskin çıxışlarına diqqətlə qulaq asdıqdan sonra söz alır və üzünü ingilis mühəndisinə tutaraq deyir: “Mən sənin palıd kimi dözümünə həsəd aparıram. Səni sağdan da, soldan da sıxırlar, təhqir edirlər. Lazım olan sənədləri vaxtında vermirlər, sonra da deyirlər ki, öhdənə götürdüyün işi vaxtında yerinə yetirmirsən. Sən bu gün bizim şəhərə çay yox, bulaq suyunu çəkməyi təklif edirsən... Kimlərsə səninlə razılaşır, kimlərsə razılaşmır, səni özlərinə düşmən hesab edir. Nəyə və kimə görə özünə düşmən qazanırsan? Pulunu al, bunların dediyi kimi Kürdən suyu çək. Bütün söz-söhbət də qurtarsın. Bu insanlar yaxşılıq nədir, bilmirlər. Sən bunlara görə niyə özünü oda atırsan? Sən bakılı deyilsən, ancaq Bakıya, bakılılara onlardan çox can yandırırsan. Mən sənin yerinə olsaydım bu yaxşılıq bilməyən insanlara heç nə etməzdim”.
Hacının Azərbaycan dilində söylədiyi bu sözləri, tərcümədə anlasa da, onların arxasındakı incə mənanı tutan Lindley, ayağa qalxaraq özünün Bakıda bəlkə də ən mühüm və səmimi çıxışını edir: “Mən bura gələndən sonra anladım ki, əsl bakılı kimdir. Əgər bakılı camaat arasında bir işi görəcəyinə söz verirsə, nə olursa-olsun, o sözə əməl etməyə çalışır. Mən də bakılılara söz vermişəm, nə olursa-olsun sözümün üstündə duracağam. Bizə qarşı olan bütün təxribatlara, hədə-qorxulara baxmayaraq, şəhərə keyfiyyətli bulaq suyu verəcəyəm... Əleyhimə çıxanlara isə deyirəm. Elə düşünməyin ki, mən sizə görə işləyirəm, sizə yaxşı su verməyə çalışıram. Xeyr, mən şor su içən kasıb bakılılara keyfiyyətli su vermək istəyirəm”.
Beləliklə, 1902-ci ildən başlayaraq Lindley tərəfindən ortaya qoyulan “əsl bakılı” formulu özündə daha geniş mənalar ehtiva etməklə, “Şollar-Bakı su kəmərinin” bütün sonrakı taleyində bir sınaq və hesab nöqtəsinə çevrilir. Dumanın azərbaycanlı deputatlarının təkidi və Bakı şəhərinin yeni rəhbərliyinin dəstəyi ilə Qafqaz Su İnspeksiyası qarşısında Bakının su təchizatı məsələsinə baxılması haqda məsələ qaldırılır və yeni kəmər üçün nəzərdə tutulan su nümunələri hidravlik ekspertizaya göndərilir. 1902-ci ilin dekabrında Qafqaz hidravlika mühəndislər qurultayı bu məsələni müzakirə edərək Bakı su kəməri üçün yeraltı mənbələrin istifadəsinə üstünlük verir. 1903-cü ilin noyabrında Şəhər İdarəsi nəhayət ki, Lindleylə Şollar kəməri üçün layihə tərtib etmək barədə müqavilə bağlayır. 1904-cü ilin əvvəllərində sınaq quyularının qazılması haqda bir fransız qazma şirkəti ilə müqavilə imzalanır. Eyni zamanda layihəyə cəlb edilmiş xarici firmaların işlərinə nəzarət etmək üçün Duma tərəfindən əsasən azərbaycanlı deputatlardan ibarət komissiya yaradılır. Bulaq ərazisində işlər başlayır, ilk sınaq quyuları öyrənilən ərazidə güclü su ehtiyatları olduğunu bir daha təsdiq edir. Güman etmək olardı ki, bununla da Bakının içməli su ilə təchizatı məsələsi tezliklə öz həllini tapacaq. Lakin az sonra texniki və hüquqi sahədə üzə çıxan problemlər bu ümidləri heçə endirir. Qazma dəzgahları ərazidəki çınqıl layları keçə bilmədiyindən nəzərdə tutulan müddətdə və sayda quyuların qazılması mümkün olmur, bu səbəbdən layihələr gecikdirilir, əlavə xərclər isə artırdı. Digər tərəfdən Quba qəzası əhalisi Şollar suyundan istifadə etdiyindən bu bulaqlardan Bakıya kəmər çəkilməsinə icazə vermirdi. Bu məsələ sonralar yalnız Qafqaz canişini knyaz Qolitsın işə qarışdıqdan, Bakı şəhəri hesabına Quba qəzasına Samur çayından suvarma kanalı çəkilməsi şərti ilə həll olunur. Daha bir problem su kəməri çəkilişi üçün əhalidən icarəyə götürülən torpaq haqqı və kəmərin özünün tikintisi üçün tələb olunan vəsaitlə bağlı idi. Qafqaz canişinliyi və Mərkəzi hökumət bu iş üçün hər hansı vəsait ayırmaqdan imtina edirdi, şəhərin özünün isə 4 milyona yaxın maliyyə xərcini çəkməyə gücü çatmırdı.
Bütün bu səbəbləri əsas gətirən Bakı Şəhər İdarəsi Fransız qazma firması ilə müqaviləni pozaraq üstəlik ona 8 mindən artıq cərimə ödəməli olur. Qazma işləri dayandırıldıqdan az sonra Şəhər İdarəsi Lindleylə də müqaviləni pozur. Beləliklə, Duma iclasındakı əlamətdar çıxışında əleyhdarlarının onu “Şollarda başladığı işi yarımçıq qoyaraq çıxıb getməyə məcbur edə bilməyəcəyinə” əminliyini bildirən Lindley Bakını tərk etməli olur. Lakin görünür ki, bakılılar qarşısında verdiyi sözə əməl etmək imkanından məhrum edilməsi əsl “əsilzadələr” nəslinin bu nümayəndəsinə rahatlıq vermir. Varşavadan Bakı Şəhər İdarəsinə göndərdiyi məktubda Lindleyin ürək ağrısıyla vurğuladığı “Su komissiyasında oturan və mühəndislikdən xəbəri olmayan şəxslərin kimlərinsə marağına görə” işə mane olduğu, onun iş planına düzəlişlər edildiyi, texniki işçilərə məhdudiyyət qoyulduğu, qazma işlərinin aparılmasına icazə verilmədiyi və s. kimi məqamlar Şəhər İdarəsinin artıq 20 min rubl xərclədiyinə baxmayaraq, hətta cərimələr ödəməklə tələm-tələsik “Şollar” layihəsinin bağlamasının yalnız “obyektiv” səbəblərdən irəli gəlmədiyini göstərirdi.
Bu “marağı olanların” kimliyi isə məlum idi. Ənənəvi olaraq müxtəlif bəhanələrlə kəmərin əleyhinə yönələn ittihamlar artıq Lindleyin özünə yönəldilmişdi. Erməni mühəndisi Markarov Lindleyi prosesə ayrılan vəsaitin guya düz xərclənmədiyində təqsirləndirərək məsələnin Bakı Dumasında müzakirəsinə və həqiqət aydınlaşana qədər işlərin saxlanmasına nail olmuşdu. Sonradan erməni mühəndisi səhv etdiyini boynuna alsa da, bu fakt kəmərin tikintisinin qarşısının alınmasında, yaxud uzadılmasında maraqlı olan erməni sahibkarlarının öz məqsədləri yolunda heç bir vasitədən, hətta böhtandan belə çəkinmədiyini göstərirdi. Təsadüfi deyil ki, Lindley Bakıdan getdikdən sonra şəhərin su təchizatı yenidən A. Melikovun “Zuğulba” su kəməri, Saruxanovun “Kür suyu”, Adamov qardaşlarının daxil olduğu “Bakı gəmi sahibləri”, dəniz suyunu şirinləşdirən “Artur-Keppel” şirkətlərinin və irili-xırdalı su alverçilərinin əlində cəmlənmişdi. Sonrakı illərdə şəhər rəhbərliyi və Duma su möhtəkirlərinin qarşısını almaq üçün elə bir əməli tədbirlər görmür, suyun 1 vedrəsinin satış qiyməti görünməmiş həddə - 3-4 qəpiyə, sənaye xidməti üçün isə 5-6 qəpiyə çatır.
Burada “şəhər atalarının” diqqətini su məsələsindən yayındıran başqa ciddi səbəblər də var idi. 1905-1907-ci illər Rus inqilabı və dərhal başlanan erməni- müsəlman qırğınları təbii ki, şəhərin təsərrüfat həyatında da əks olunurdu.
Lakin məhz bu inqilabın dalğasında siyasi-ictimai cəhətdən fəallaşmış, milli qırğınların gedişində özünün heç də zəif “əhali qrupu” olmadığını sübut etmiş azərbaycanlı cəmiyyəti şəhər həyatında öz həlledici sözünü deməyə başlayır. İnqilabın gedişində Bakı Dumasına seçkilər qanununu öz xeyrinə dəyişməyə nail olmuş Azərbaycan ziyalıları 1907-ci ildə onun nəticələrini görürlər. Dumaya keçirilən seçkilərdə 80 deputatdan 47-si azərbaycanlı olur. Yeni tərkibdə Azərbaycan “qlasnıları”nın arasında savadlı insanların - həkim, mühəndis, hüquqşünas, müəllimlərin sayı artır. Dumanın su təchizatı üzrə yeni komissiyanın da 17 üzvündən 7-si azərbaycanlı olur və məhz bu tərkib, başda yenə də H.Z.Tağıyev olmaqla “əsl bakılı kimdir” sualına cavab verməyi öz üzərinə götürür. Komissiyanın artıq ilk iclaslarında “Şollar” su kəmərini bərpa etmək məsələsi qaldırılır. 1907-ci ilin yayında Dumanın və Su təchizatı komissiyasının yeni üzvü - Mirzə Əsədullayev (milyonçu Şəmsi Əsədullayevin böyük oğlu) Berlinə gedir və Lindleylə görüşərək Şəhər İdarəsi adından onu yenidən Bakıya dəvət edir. Böyük məmnuniyyətlə Bakıya qayıdan Lindley dərhal işə başlayır və bu dəfə şəhər rəhbərliyi, xüsusən yeni şəhər başçısı Rayevskidən, eləcə də Quba qəzasının yerli məmurlarından hər cür dəstək alır. Məlumat üçün deyək ki, Duma üzvləri 1907-1911-ci illər Bakı şəhər başçısı vəzifəsinə Kursk zemstvo idarəsinin rəisi Rayevskini Hacı Zeynalabdin Tağıyevin təklifi ilə seçmiş və ona çox yüksək maaş təyin etmişdilər. Belə ki, Tiflis şəhər başçısı ildə 4 min, Rusiya hökuməti nazirləri ildə 15 min rubl aldıqları halda, Rayevskiyə 20 min rubl maaş verilirdi.
Bütün bu amillərin “Şollar” su kəmərinin tikintisinə sözsüz ki, təsiri var idi. Təsadüfi deyil ki, Lindley onunla yenidən bağlanan müqavilədə nəzərdə tutulan bütün işləri maneəsiz yerinə yetirə bilir. 1909-cu ilin martında Tiflisdə hidravliklərin IX qurultayında Lindleyin təqdim etdiyi Şollar layihəsi təsdiq olunur. 1909-cu il mayın 5-də Şəhər Duması və Geoloji Komitənin birgə iclasında Şollar su kəmərinin tikintisinə başlamaq haqqında qərar qəbul edilir. Lakin şəhərin bu nəhəng tikinti üçün lazımi qədər vəsaiti yox idi. Bakı su kəməri ilə bağlı əvvəllər də Mərkəzi hökumətə ünvanlanan müraciətlər isə nəticəsiz qalırdı. Lakin bu dəfə işi sona çatdırmağa qərar vermiş Bakı Duması Şəhər İdarəsinə 23,5 milyon rubl məbləğində istiqraz buraxmağı həvalə edir və bu məqsədlə şəhər başçısı Rayevskini Peterburqa göndərir. Paytaxtda hökumət üzvləri, Maliyyə Nazirliyinin rəsmiləri ilə görüşən Rayevski, uzun müzakirələrdən sonra nəhayət ki, məqsədə nail olur. Çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 49 il müddətinə, illik 5 faiz, 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verilir.
Lakin layihənin reallaşması yolunda maneənin biri aradan qaldırıldıqca yeniləri yaranırdı. Bakı neftinin əsas hissəsinə sahib olan xarici və qeyri-müsəlman inhisarçılar, müxtəlif şirkət sahibləri, iri kapitalistlər az qala boykot səviyyəsində Şollar su kəməri üçün buraxılan istiqrazlara maraq göstərmirlər. Vaxtilə özünü “yapışdığından əl çəkməyən ingilis buldoqu” ilə müqayisə etmiş və “Bakıdan əl çəkməyəcəyinə” söz vermiş V.Lindley bu vədinə də əməl edir. Onun səyləri nəticəsində London bankları vasitəsilə istiqrazların nominal dəyərinin 93 faiz miqdarında qiymətlə satışına nail olunur. Bakı Şəhər İdarəsi 1911-ci ildən su satışından əldə edilən gəlir hesabına ona verilən kreditin ödənişinə başlayır.
Lakin maddi vəsait məsələsi
həll edildiyi vaxtda daha bir problem yaranır. Bu dəfə
kəmərin keçəcəyi torpaqların icarəyə
verilmədiyi və ya torpaq sahiblərinin külli miqdarda pul tələbi
ortaya çıxır. Böyük çətinliklə
bu məsələni də həll etmək mümkün olur:
1912-ci ilin yanvarında çar II Nikolay Şollar su kəmərinin
keçəcəyi 770 desyatin (840,84 hektar)
torpaq sahəsinin müsadirə edilməsi haqqında fərman
verir.
Bütün bu məsələlər
həll olunana qədər “Şollar” kəməri ətrafında
işlər davam edirdi. Kəmərin tikintisi üzrə tender
elan edilmiş, daha səmərəli və ucuz təkliflər
etmiş İngiltərənin Qriffits şirkəti ilə
müqavilə bağlanmışdı. Müqavilənin
şərtlərinə görə işlər 1914-cü ilin
mart ayına qədər yekunlaşmalı idi. Lakin bir
sıra texniki səbəblər üzündən tikinti
uzanır, Şəhər İdarəsinin bu şirkətlə
bağladığı müqaviləni pozması məhkəmə
araşdırmalarına səbəb olur, kəmərin əleyhdarları
bundan istifadə edərək yenidən “Şollar” ətrafında
əks-təbliğat kampaniyasını
qızışdırırlar. Bu təbliğat artıq elə
geniş miqyas alır ki, 1911-ci il seçkilərində
Dumanın tərkibinə seçilmiş Məşədi
Əzizbəyov bu məsələni Dumada qaldıraraq
“Şollar “su kəməri tikintisinə sırf tacir
mövqeyindən deyil, şəhərin ehtiyacları nəzərindən
yanaşmağı, Dumanın özünün süni şəkildə
yaradılan bu əks-təbliğat kampaniyasında
iştirakına son qoymağı tələb edir. İxtisasca mühəndis olan Əzizbəyov Su təchizatı
komissiyasının ən fəal üzvü kimi kəmərin
tikintisinə nəzarət işlərində bilavasitə
iştirak edir. Şəhər İdarəsi
ingilis şirkəti ilə məhkəmə prosesini
böyük çətinliklə udduqdan sonra 1913-cü ilin
sonlarında kəmərin tikinti işləri Dumanın Su təchizatı
komissiyasına tapşırılır. Bu dövrdən
başlayaraq tikintinin 10 müxtəlif sahəyə
bölünməsi, fəhlələr üçün
Sumqayıt və Dəvəçi yaxınlığında
taxta evlərdən ibarət yataqxanalar tikilməsi nəticəsində
işlər həqiqətən sürətlənir, onun nəzərdə
tutulan vaxt -1914-cü ilin sonları üçün başa
çatacağına inam artır.
Lakin 1914-cü ildə I
Dünya müharibəsinin başlanması ilə vəziyyət
dəyişir.
Qafqaz cəbhəsinin yaranması Zaqafqaziya dəmir
yolunu iflic vəziyyətinə salır, tikinti işləri
üçün yüklərin daşınması xeyli
çətinləşir. Tikintidə
çalışan təcrübəli mütəxəssislərdən
260 nəfər, o cümlədən mühəndis, texnik, idarə
işçiləri, həkim, feldşer müharibəyə
çağırılır. Bakının
xəstəxanalarında yerləşdirilən yaralı əsgərlərin
gətirdiyi yoluxucu xəstəliklər nəticəsində
şəhərdə baş qaldıran epidemiya, eləcə də
tikinti gedən sahələrdə yayılan malyariya minlərlə
işçinin, xüsusilə fəhlələrin həyatına
son qoyur. Lakin bütün bunlara baxmayaraq,
Lindley və onu dəstəkləyən Duma və Şəhər
İdarəsi tikintini başa çatdırmağa qərar
verirlər. Yaranmış şəraitdə Lindley layihəyə
bəzi dəyişikliklər edir, qazılmış su
quyularının məhsuldarlığı çox olduğu
üçün onların sayı 13-dən 9-a
endirilir. Müharibənin yaratdığı
problemlər Almaniyadan 600 at gücündə 3 mühərrikin
gətirilməsinə imkan vermədiyindən Vyanadan 200 at
gücünə malik 3 dizel mühərrik alınır.
Bu, kəmərlə nəql olunacaq suyun sutkalıq həcminin
3 milyon vedrədən 1 milyon vedrəyə düşməsinə
səbəb olsa da, tikintini uzatmaq, yaxud saxlamaqdan daha məqbul
sayılırdı. Mühərriklər layihənin
ən əhəmiyyətli hissələrindən biri -
Sumqayıt yaxınlığında tikilən nasos
stansiyasında qurulacaqdı. Kəmərin
keçdiyi ərazilərin relyefi suyun öz axını ilə
gəlməsinə imkan verirdi. Sumqayıt
yaxınlığından Bakıya qədər isə təzyiqli
çuqun xəttin çəkilməsi və suyun nasoslarla nəqli
nəzərdə tutulurdu. Bu işlərlə
yanaşı, Şollardan gələn suyun toplanması və
şəhərin dayanıqlı olaraq su ilə təmin edilməsi
üçün Salyan kazarmasının
yaxınlığında tutumu 4,3 milyon vedrə, hərbi
lazaretin (indiki Rusiya səfirliyinin) yanında isə tutumu 800
min vedrə olan 2 su anbarının tikintisi də
aparılırdı. Bakının özündə
də çuqun borularla 163 km uzunluğunda şəhər
şəbəkəsi tikilirdi.
Diqqətəlayiqdir ki, Dumanın bəzi
erməni üzvləri son nəticədə Şollar kəmərinin
çəkilməsinə mane ola bilməsələr
də, tikintinin hər mərhələsində layihənin əleyhinə
bir bəhanə tapıb işə xələl gətirməyə
çalışırdılar. Məsələn, deputat
Vaçyans şəhərdaxili şəbəkə
üçün sifariş verilmiş boruların böyük
və baha olduğunu, bu ölçülü kəmərin
Bakıya yalnız 10-20 ildən sonra lazım
olacağını bildirərək israrla kiçik diametrli
borulardan istifadə olunmasına və bu məsələ ətrafında
yeni müzakirələr açılmasına
çağırırdı. Lakin layihənin
uzun illər perspektivi üçün nəzərdə
tutulduğunu əsas gətirən Lindley və onun tərəfdarları
belə dəyişikliklər aparılmasına imkan vermirlər.
Müharibənin gedişi ilə
bağlı qiymətlərin sürətlə
artdığı, pulun isə qiymətdən
düşdüyü bir şəraitdə su kəmərinin
tikintisinə ayrılan vəsaitin xərclənib qurtarması
ortaya yeni problemlər çıxarırdı. 1915-ci il iyulun 2-də Şəhər
Dumasının iclasında Şollar su kəmərinin maliyyələşdirilməsi
üçün 10 milyon rubl məbləğində əlavə
istiqrazların buraxılması haqda qərar qəbul edilir,
istiqrazların buraxılmasına qədər isə Mərkəzi
Hökumət Bakı Şəhər İdarəsinə
Moskva banklarından 8 milyon rubl qısamüddətli kredit
götürməyə icazə verir. Bütün
bu tədbirlər tikintinin gedişinə müsbət təsirini
göstərir. Kəmərin,
anbarların, şəhərdaxili şəbəkənin
inşasında canlanma yaranır. Layihəyə
şəhərin əsas küçə və
meydanlarında su köşklərinin qoyulması əlavə
edilir. Bu köşklərdən mərkəzləşdirilmiş
qaydada su ilə təmin olunmayan sakinlərin və
sahibkarların istifadə etməsi nəzərdə tutulurdu.
Nəhayət, müharibənin hələ
davam etdiyi, bütün ölkənin böyük ictimai-siyasi
sarsıntılar ərəfəsində olduğu bir zamanda
V.Lindleyin və onun mütəxəssis komandasının,
Bakı Dumasının ilk növbədə azərbaycanlı
deputatları və Şəhər İdarəsinin rəhbərliyi,
tikintidə çalışan minlərlə Azərbaycan kəndlilərinin
və Bakı fəhlələrinin möhkəm iradəsi və
əzmi, gərgin əməyi və zəhməti hesabına
1916-cı ilin dekabrında “Şollar-Bakı” su kəməri
tikintisinin birinci növbəsi başa çatır.
1917-ci il
yanvarın 22-də Lindley, Şəhər
başçısı Bıç, Dumanın və Şəhər
İdarəsinin üzvləri, iş adamları, ziyalılar,
mətbuat nümayəndələri şəhərin kənarında,
Salyan kazarmasının yaxınlığında tikilmiş
anbarın ərazisində Şollar suyunun gəlişini
gözləyirlər. Bakının sadə
sakinləri də neçə illərdən bəri həsrətində
olduqları şirin suyu öz gözləri ilə görmək
üçün buraya axışır. Yalnız
Hacı Zeynalabdin Tağıyev, Bakıya içməli suyun
çəkilməsində xüsusi xidmətləri olan el
atası xəstə olduğundan bu mərasimdə iştirak
etmirdi. Lindley tez-tez əlindəki saata baxır
və suyun bir neçə dəqiqəyə anbara daxil
olacağını həyəcanla bildirir. Düz müəyyən olunmuş vaxtda, 187
kilometrlik məsafəni 63 saata qət edən Şollar suyu
anbara tökülməyə başlayır. Həmin vaxtdan “Şollar” sözü Bakı əhalisinin
dilində şirin su mənasında səslənir.
Sonrakı bir ayda su
anbarlarının yuyulması və doldurulması, şəhərdaxili
su xətlərinin yoxlanılması kimi işlər
görülür. Və nəhayət, 1917-ci il
fevralın 18-də “Şollar-Bakı” su kəmərinin
açılış mərasimi keçirilir. Əslində,
Şəhər İdarəsi bu böyük hadisəni ən
təntənəli şəkildə qeyd etmək
üçün 40 min rubl ayırmağı qərara
almışdı, Qafqaz canişininin bu münasibətlə
Bakıya gəlişi gözlənilirdi. Lakin
1917-ci ilin fevralında ölkədə yaranmış
qarışıqlıq təmtəraqlı mərasim
keçirilməsinə imkan vermir. Bununla
belə, “Şollar-Bakı” su kəmərinin rəsmi
açılışı şəhərdə əsl bayrama
çevrilir. Açılış mərasimində
iştirak edən Hacı Zeynalabdin Tağıyev su anbarından
şəhərdaxili kəmərlərə gedən ilk
kranı açır. V.Lindley mərasimdə
çıxış edərək görülən işi
belə qiymətləndirir: “Avropanın 35 şəhərində
su kəmərlərinin tikintisində əməyim olub, lakin
belə möhtəşəm və texniki cəhətdən
mürəkkəb bir iş görməmişdim. 187 km uzunluğu olan Şollar kəməri
dünyanın ən uzun su kəməridir və Bakı
bununla fəxr etməlidir”.
Bakı sakinləri də
yüz ildən bəri intizarında olduqları bu hadisəni
layiqincə qeyd edirlər, saysız qurbanlar kəsilir, ehsanlar
paylanır.
Bakı şəhərinin başçıları, Dumanın
üzvləri bu layihənin reallaşmasında müstəsna
rolu olmuş Lindleyin qarşısında öz
borclarını ödəyirlər: ona Bakının fəxri
vətəndaşı adı, böyük miqdarda pul
mükafatı verilir, Bakı Dumasının salonunda onun
portreti asılır, şərəfinə gözəl
sözlər söylənilir. Şollar suyunun
Zaqafqaziya dəmir yolunda geniş istifadəsi nəzərdə
tutulduğundan Lindley bu dəmir yolundan ömürlük pulsuz
istifadə hüququna malik olur. Lakin tale
Lindleyə layiq olduğu bütün bu şərəfli ad və
hüquqlardan istifadə etməyə imkan vermir. 1917-ci
ilin sentyabrında Bakını tərk edən ser V.Lindley həmin
il dekabrın 30-da Londonda 64 yaşında
ürək xəstəliyindən vəfat edir. Bu
kədərli xəbər Bakıya yalnız 1918-ci ilin
fevralında çatır. “Kaspi” qəzeti
özünün 1918-ci il
2 mart tarixli nömrəsində
bu münasibətlə dərc etdiyi yazıda vurğulayır
ki, “Bakı-Şollar su kəməri kimi nəhəng
inşaat Lindley olmadan nə meydana gələ, nə də həyata
keçirilə bilərdi”. Martın 3-də
Bakı Şəhər Duması öz iclasında onun xatirəsini
ayaq üstə yad edir, yas mərasimi keçirir, Şəhər
İdarəsinə onun adının əbədiləşdirilməsi
tapşırılır. Az sonra Birja
(indiki Üzeyir Hacıbəyli) küçəsinə Vilyam
Lindleyin adı verilir.
Beləliklə, öz yaradıcısının yalnız bilik və bacarığı deyil, möhkəm iradəsi, inad və prinsipiallığı sayəsində başa gələn “Şollar-Bakı” su kəməri mühəndis V.Lindleyin son və ən möhtəşəm əsəri kimi tarixə düşür. Bu kəmərin tikintisi ilə Lindley həm də bakılılara verdiyi sözə əməl edir və “əsl bakılı” olduğunu sübuta yetirir.
Lindleyin bu meyarı ilə yanaşılarsa, onunla yanaşı, bütün bu illər boyu hər vasitə ilə “Şollar” su kəmərinin çəkilişini dəstəkləmiş Hacı Zeynalabdin Tağıyev başda olmaqla Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələri - Bakı Dumasının milyonçu üzvləri - Musa Nağıyev, Şəmsi və Mirzə Əsədullayevlər, Ağabala Quliyev, Dumanın tanınmış ziyalı üzvləri - Həsən bəy Zərdabi, Fərrux bəy Vəzirov, Həbib bəy Mahmudbəyov, Kamil bəy Səfərəliyev, Mövsüm bəy Xanlarov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məşədi Əzizbəyov və digərləri də “əsl bakılı” olduqlarını bir daha təsdiq edirlər.
Bakı neftindən tutmuş bütün sənaye və şəhərin təsərrüfat sahələrindən külli miqdarda gəlir götürən erməni milli burjuaziyasının və erməni deputatlarının “Şollar” su kəməri tarixindəki mənfi mövqeyi isə onu göstərir ki, özlərini Bakının sahibi saymalarına, “Baku” adı ilə bir neçə qəzet nəşr etmələrinə baxmayaraq, onlar Bakını heç vaxt öz doğma şəhərləri saymamış, ona yalnız varlanmaq mənbəyi kimi baxmış və bununla bir daha özlərinin bu torpağa gəlmə bir əhali qrupu olduqlarını sübut etmişlər.
Burada daha bir məqam da qeyd edilməlidir ki, Şollar su kəmərinin çəkilişinə Rusiya çar hökuməti dövlət xəzinəsindən bir qəpik belə xərcləməmiş, bu kəmər şəhərin öz hesabına, yəni Bakı sakinləri və müəssisələrindən alınan vergilər, eləcə də Hacı Zeynalabdin Tağıyev və digər azərbaycanlı sahibkarların təmənnasız olaraq ayırdıqları vəsait nəticəsində tikilib başa çatmışdır. Çətin və mürəkkəb bir “yol” keçmiş “Şollar-Bakı” su kəməri düz 100 il fasiləsiz olaraq “təmiz su” arzusunda olan bütün tərəfdarlarının ümidini doğrultmuş və bu gün də “əbədi olan Şahdağ qarı və buzlaqları” kimi sabit qalan məhsuldar mənbələrindən milyonlarla insanı ən təmiz, ən şəffaf və ən dadlı su ilə təmin edir.
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
tarix elmləri doktoru, professor
Azərbaycan.- 2017.- 26 yanvar.- S.7.