Mədəniyyət və Turizm naziri Sumqayıtda vətəndaşlarla
görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 26-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Sumqayıtdan qəbula yazılan vətəndaşlar qardaşlaşmış şəhərlərin təsviri və tətbiqi sənət ustalarının qarşılıqlı olaraq sərgilərinin, eləcə də Sumqayıtda caz musiqi və beynəlxalq qutab festivallarının keçirilməsini, yerli rəssamların planerinin, musiqi məktəblərində ustad dərslərinin təşkilinə köməklik göstərilməsini xahiş ediblər.
Abşeron sakinləri tərəfindən rayonda təcrübəli müəllimlərin iş metodlarının internet vasitəsi ilə yayılması, məktəblərdə ustad dərslərinin təşkilinə dəstək verilməsi barədə müraciət olunub.
Xızı rayonundan qəbula gələnlərin Xanagah adlanan yaşayış məntəqəsinin və Şeyxlər türbəsinin tədqiq edilməsi, işlə təmin olunma və digər məsələlər barədə olub.
Şuşa rayonundan qəbula yazılan vətəndaşlar məcburi köçkünlər üçün Zaqatalada salınmış yeni qəsəbədə klub müəssisəsinin istifadəyə verilməsi, uşaq musiqi məktəblərində saz ixtisasının inkişaf etdirilməsi və digər məsələləri diqqətə catdırıblar.
Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər kitabxanalara uşaq ədəbiyyatının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı məsələri qaldırıblar.
Qəbula gələn bütün vətəndaşları diqqətlə
dinləyən nazir ayrı-ayrı
müraciətlərlə bağlı müvafiq
göstərişlər verib.
AZƏRTAC
Azərbaycan.-
2017.-27 yanvar.- S.7.