Cocuq Mərcanlının bərpası böyük qayıdışın başlanğıcıdır

 

Prezident İlham Əliyev: “İşğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirirgücümüzü göstərir”

 

Azərbaycan üçün həll olunmamış əsas problem ərazisinin bir qisminin Ermənistanın işğalı altında olmasıdır. Əslində indiki şəraitdə məsələni hərb yolu ilə ədalətli şəkildə yoluna qoymaq, ərazi bütövlüyünü bərpa etmək rəsmi Bakı üçün çətin deyil. Çünki atəşkəs rejiminin qüvvəolduğu ötən 23 ildə qoşunların təmas xəttində ara-sıra döyüşlər olsa da, ötən il aprelin əvvəllərində baş verənlər Azərbaycanın Ermənistan qarşısında hərbi üstünlüyünün praktik təsdiqi oldu.

 

Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir

 

Apreldə ermənilərin cəbhə xəttindəki təxribatlarının qarşısını rəşadətlə alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurdular. Tərtər və Füzuli istiqamətlərində düşmənin 22 ildə işğal etdiyi torpaqlarımızda möhkəmləndiyi ön xətti qoşunlarımız çətinlik çəkmədən yardı, erməni hərbi birləşmələrini geri otuzdurdular. Beləliklə, Ermənistanın bu təxribatı özünə baha başa gəldi. İrəliləyən Azərbaycan əsgəri işğal altında olan bir neçə yaşayış məntəqəsini və strateji əhəmiyyətli yüksəklikləri düşməndən təmizlədi. 2 min hektar ərazi azad olundu. Silahlı Qüvvələrimiz tərəfindən on minlərlə hektar torpaqlarımıza nəzarət təmin edildi.

Erməni rəhbərliyi aprel məğlubiyyətinin səbəbini öz zabitlərinin məsuliyyətsizliyində axtarsa da, əsl həqiqət başqadır. Əsl həqiqət odur ki, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Dörd gün ərzində düşməni əzən ordumuz inkişaf edən Azərbaycanın real mənzərəsidir. Azərbaycan Ordusu artıq elə bir səviyyəyə çatıb ki, münaqişənin nəticələrinin aradan qaldırılması və ədalətin bərpa edilməsi üçün tam hazırdır. Bu, həm də ordumuzun modernləşməsi, arsenalına ən müasir silah-sursatların daxil edilməsi ilə döyüş imkanlarını artırması ilə əlaqədardır. Digər yandan orduda xidmət göstərən hərbçilərimizin yüksək döyüş bacarıqlarını və hər an hünər göstərməyə hazır olduqlarının göstəricisidir. Heç bir ordu əsgərin şücaəti, qəhrəmanlığı olmadan qarşısında duran vəzifələri həyata keçirə bilməz.

Beləliklə, Azərbaycan əsgəri aprel döyüşlərində hərb meydanında sözünü dediqalib oldu. Erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət, qəhrəmanlıq, sözün həqiqi mənasında, dastana çevrildibu hadisə ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu əyani nümayiş etdirdi.

Bu günlərdə Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşündə əsgər və zabitlərimizin qəhrəmanlıq göstərdiklərini deyərək bildirib: “Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir”.

Xatırladaq ki, aprel döyüşləri Azərbaycan Ordusunun 1994-cü ildən bu yana cəbhə xəttində həyata keçirdiyi ilk belə uğurlu əməliyyat deyil. 2014-cü ilin avqustunda da ordumuz düşmənə sarsıdıcı zərbə vurmuşdu. Ciddi tələfat verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan Ordusunun gücünü və qüdrətini görmüşdülər. Nə qədər gizlətməyə çalışsalar da, ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çoxsaylı canlı qüvvə itirdiyini etiraf etdi. Döyüşlərdə ordumuzun 13 əsgərinin şəhid olmasına Azərbaycan vətəndaşlarının reaksiyası isə xalqımızın vətənpərvərlik ruhunun, torpaqlarımızı işğaldan azad etmək əzminin nə qədər yüksək olduğunu göstərdi.

 

Azad edilmiş ərazilər bərpa olunur

 

Aprel döyüşlərindən sonra qarşıda duran ilk vəzifə azad edilmiş ərazilərdə müdafiənin möhkəmləndirilməsi, ermənilərin kəndləri atəşə tutması nəticəsində dağılmış evlərin və təsərrüfatların bərpası idi. Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtərdə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağıdılmışdı. Cəmi bir neçə ay ərzində bütün evlərdə təmir-bərpa işləri aparılmışdır. O cümlədən Ağdam rayonunda tamamilə dağılmış 8 ev yenidən tikilmiş, 15 ev bərpa edilmiş, ümumilikdə isə təmir-bərpa işləri 700-dən çox evi əhatə etmişdir.

Ötən ilin noyabrında Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib: “Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirirgücümüzü göstərir”.

Xatırladaq ki, indi Füzuli rayonundakı məcburi köçkün qəsəbələrinin bir hissəsi 1994-cü ildə işğaldan azad olunmuş ərazilərdə salınıb. Bu qəsəbələrdə əhalinin rahat yaşayışı, dolanışığı, əkin-biçinlə məşğul olması ilə bağlı hər cür şərait yaradılıb. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun Füzuli istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və ətraf ərazisi tamamilə hərbçilərimizin nəzarətinə keçib. Buna görə indi kəndin bərpasına, buradan məcburi köçkün düşmüş sakinlərin öz evlərinə qayıtmasına imkan yaranıb. Bununla əlaqədar Prezident İlham Əliyev yanvarın 24-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.

Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayon mərkəzindən 35 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Kənd erməni silahlı qüvvələri tərəfindən 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. Lakin sonrakı dövrdə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində azad olunmuşdur. Burada o dövrdə 283 ev təsərrüfatı olmaqla 1075 nəfər yaşayıb. Ümumi sahəsi 1605 hektar, o cümlədən 726 hektar kəndin ərazisi, 630 hektar qışlaq, 249 hektar yaylaq sahəsi olub. Kənddə orta məktəb, klub, feldşer-mama məntəqəsi, poçt, icra nümayəndəliyi fəaliyyət göstərib. Cocuq Mərcanlının hazırda 400 ailədən ibarət əhalisi respublikanın 17 müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Azərbaycan son illərdə yüksəlişinin elə bir mərhələsinə çatıb ki, əldə olunan inkişaf respublikanın hər yerində, eyni zamanda, bütün cəbhəyanı bölgələrdə, səngərin cəmi bir neçə kilometrliyində də hiss olunur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının ən böyük uğurlarından birionun məhz ölkənin bütün coğrafi bütövlüyünü əhatə etməsi, xüsusən cəbhə xəttinin keçdiyi rayonların inkişafına gətirib çıxarmasıdır. Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, indi cəbhə bölgələrinə təzə həyat verilib, burada yeni infrastruktur formalaşıb. Bu bölgədə müəssisələr işə salınıb, yerləri açılıb.

Cocuq Mərcanlı da cəbhə xəttində yerləşir. Kəndin bərpası ilə bağlı Azərbaycan hakimiyyətinin qərarı göstərir ki, artıq bu ərazilərdə yaşayış tamamilə təhlükəsizdir. Bir daha erməni işğalçılarının ayağı bu torpaqlara dəyməyəcək. Çünki hərbi gücümüz imkan verir ki, Ermənistanın istənilən müdaxiləsinin qarşısı anındaca alınsın və düşmənə öldürücü zərbə vurulsun. Cocuq Mərcanlının bərpası işğal olunmuş torpaqlarımıza böyük qayıdışın başlanğıcıdır. Proseslərin axarı göstərir ki, Ağdama, Şuşaya, Kəlbəcərə, Zəngilana, Laçına, Cəbrayıla, Xocalıya və işğal altında olan digər rayonlarımıza, şəhər və kəndlərimizə qayıdacağımız günlər uzaqda deyil.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 28 yanvar.- S. 1, 3.