Gömrük orqanları tərəfindən saxlanılan milli-mənəvi dəyərlərə malik əşyaların sərgisi keçirilib

 

Bakıda Gömrük orqanları tərəfindən saxlanılan milli-mənəvi dəyərlərə malik əşyaların sərgisi keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan “Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgidə Azərbaycan Respublikasının gömrük sərhədindən müxtəlif illərdə qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan milli-mənəvi dəyərlərə malik əşyalar sərgilənib.

AZƏRTAC xəbər verir ki, sərgidə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dünya Gömrük Təşkilatının (DGT) baş katibi Kunio Mikuriya və digər rəsmi şəxslər iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Azərbaycan gömrükçüləri tarixi-mədəniyyət abidələrinin ölkə ərazisindən çıxarılmasının qarşısını almaqla yanaşı, bu cür maddi-mənəvi dəyərlərin təbliği sahəsində də yaxından iştirak edirlər. Bu zərurətdən irəli gələrək 2006-cı ilin martında Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi yaradılıb.

A.Əliyevin sözlərinə görə, Gömrük Tarixi Muzeyinin kolleksiyasının böyük hissəsini məhz gömrük əməkdaşlarının gömrük sərhədində saxladıqları və məhkəmə orqanları tərəfindən müsadirə edilən elmi, tarixi və bədii əhəmiyyət kəsb edən mədəni sərvətlər təşkil edir. Muzeyin kolleksiyası Azərbaycanda və xarici ölkələrdə müxtəlif mövzulu sərgilərdə tamaşaçılara təqdim olunur.

Komitə sədri qeyd edib ki, eyni zamanda, muzey kolleksiyası əsasında formalaşan “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgilər Dövlət Gömrük Komitəsi tərəfindən 2008-2014-cü illərdə İsveçrə, Vatikan, Avstriya, Fransa, Makedoniya, ABŞ, Argentina, Uruqvay, Mərakeş və digər ölkələrdə təşkil edilib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, təkcə 2016-cı ildə gömrükçülər tərəfindən 1 ton 150 kiloqram narkotik vasitə aşkar edilib ki, bunun da 1 ton 100 kiloqramı heroindir. Bu rəqəm dünya miqyasında çox böyük rəqəmdir. Bununla bağlı BMT-nin baş katibinin müavini dəfələrlə Azərbaycana təşəkkür məktubu göndərib.

DGT-nin baş katibi tez-tez Azərbaycana səfərlər edir, DGT-nin 44-cü sessiyası Bakıda keçirilib. Həmçinin DGT-nin Regional Tədris Mərkəzi də Bakıda fəaliyyət göstərir. Dövlət Gömrük Komitəsi beynəlxalq aləmdə böyük nüfuza və təcrübəyə sahibdir”, - deyə Ə.Həsənov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan gömrüyünün qaçaqmalçılıqla mübarizəsi təkcə strateji əhəmiyyətli malların ölkədən qanunsuz çıxarılması, yaxud ölkəyə gətirilməsi ilə məhdudlaşmır. Gömrük sərhədlərində muzey əhəmiyyətli rəsm əsərləri, xalçalar, dini əşyalar və kitablar, qədim əlyazmalar, silahlar, qablar, sikkələr və sair aşkar olunur və saxlanılır.

Son illər Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən yüzlərlə qədim və qiymətli tarixi-mədəniyyət nümunələri gömrük işçiləri tərəfindən saxlanılıb və müvafiq sənədləşmə aparıldıqdan sonra müsadirə edilərək aidiyyəti qurumlara - muzeylərə, kitabxanalara, dini ocaqlara və digər müəssisələrə təhvil verilib.

 

Azərbaycan.- 2017.-28 yanvar.- S.3.