Mədrəsədən konservatoriyaya
Ustad tarzən Mirzə Mansurun ömür akkordları
Azərbaycan tar ifaçılıq məktəbinin ustadları, təbii ki, barmaqla sayılacaq qədər olub. Ona görə də adları sevib-sevdirdikləri sənətin ömrü qədər uzun və yaddaqalandır. Şərq musiqi alətləri içərisində özünü qısa müddətdə sevdirən, muğam və segah dilli tarı sinəsində şax saxlayan, onun imkanlarını daha da genişləndirən, xalqımıza, yeni nəsillərə ərmağan edən ustad tarzənlərimizdən biri də zəngin həyat və yaradıcılığı ilə diqqətçəkən Mirzə Mansurdur.
Mirzə Mansur Bakı bəylərinin nəsil davamçılarından
biri olub. Xatırladaq ki,
ölkəmizdə adlı-sanlı,
hörmətli sülalələr
çox olub və bu gün
də o xətt davam etdirilir. Bu qədim sülalə
ənənələrini davam
etdirən ailələrdən
biri də Mansurovlardır. Adıçəkilən nəsil Azərbaycan musiqi mədəniyyətində
xüsusi çəkisi
olanlardandır. Bu soyad iki-üç nəsil musiqiçi və həmin sənətin təəssübkeşlərini
yetişdirib. İçərişəhərin köklü nəsillərindən
olan Mansurovların bu mənada, yəni musiqi mədəniyyətinin inkişafındakı
xidmətləri misilsizdir.
Mansurovlar nəsli Bakı xanları dövründə
hakimiyyətin rəhbər
strukturlarında təmsil
olunub. Ağa Hacı Kərim
bəy (1694-1768), onun oğlu Ağa Hacı Mansur bəy
(1731-1796) dövlət qulluğunda
olublar.
Heydər Əliyev Fondu tərəfindən buraxılan
“Mansurovlar” kitabı adıçəkilən musiqiçilər
nəsli haqqında olduqca dəyərli mənbədir. Azərbaycan Respublikasının xalq artisti, görkəmli
tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyinə
ithaf edilən kitab üç müxtəlif əsərin
toplusudur. Burada Məşədi Süleyman
bəy Mansurovun “Xatirələr”, Bəhram
Mansurovun “Ömür qıysa...” (xatirələr)
və Eldar Mansurovun “Mansurovlar” başlıqlı yazıları
toplanıb. Kitab bu nəslin
tarixini XVII əsrin ortalarından bu günə kimi əks etdirir. Məhz buradan öyrənmək olur ki, Azərbaycanda
nəcabətli bəy
nəsli olan Mansurovlar ölkənin mədəni tarixində silinməz iz qoyub, musiqinin, daha doğrusu, muğamlarımızın inkişafı
və formalaşmasında,
dünyada tanınmasında
müstəsna rol oynayıblar. Eyni zamanda
onların çoxlu mülkləri, mal-qarası,
neft quyuları, gəmiləri, dükanları,
meyvə və zəfəran bağları
olub.
Eldar Mansurovun qələmindən
çıxan “Mansurovlar”
nəslin 300 illik bir zaman kəsiyində
keçdiyi şöhrətli
və şərəfli
sənət yolunu özündə təcəssüm
etdirir. Orada qeyd edilir ki, Mirzə Mansur Azərbaycanın görkəmli
tarzənlərindən biri
olub. O, musiqi tariximizdə həm gözəl tar müəllimi,
həm də muğamların mahir bilicisi kimi tanınıb.
Ömrünün 60 ilini musiqi
sənətinə həsr
edən Mirzə Mansur
Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən
bəhrələnib. “Rast”, “Şur”, “Segah”, “Mahur-hindi” və s. muğam dəsgahlarını ustalıqla
ifa edib.
Muğam nəzəriyyəçisi kimi
tanınan Mansur Məşədi
Məlik oğlu Mansurov 1887-ci ildə Bakıda sənətkar ailəsində dünyaya gəlib. Kiçik yaşlarından
mədrəsədə oxuyub,
fars dilini
mükəmməl öyrənib.
Lakin musiqi onun uşaq
qəlbini sehrləyib.
Günlərin birində elə
bu sehr onun
mədrəsədə molla
tərəfindən falaqqaya
salınmasına səbəb
olub. Dərs zamanı taxta parçasını tar kimi
sinəsinə basıb,
ağzında “Uzundərə”
rəqsini yamsıladığına
görə molla onu cəzalandırıb. Musiqiyə vurğunluğu və buna görə mollanın onu “tənbeh” etməsi balaca Mansurun mədrəsəyə gedən
yolunu kəsib. Ona görə də o, mədrəsədən birdəfəlik
qaçıb və taleyini musiqiyə bağlayıb.
Evlərində tez-tez keçirilən muğam məclisləri incəsənətin bu sahəsini ona sevdirib. Atası Məşədi Məlikin təşkil etdiyi məclislərdən
təkcə görkəmli
musiqiçilər faydalanmayıb.
Bu ailəyə həm də Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim
bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz gəlib-gedib,
hətta şəninə
şeirlər də yazıblar. Həmin məclislər XIX əsrin ikinci yarısında bir növ “Xalq konservatoriyası” rolunu oynayıb.
Kiçik yaşlarından atasının
tar, kamança, tütək,
böyük qardaşı
Məşədi Süleymanın
tar, anası Soltan Bəyimin isə saz çaldığını
görən Mansurun musiqiyə böyük həvəsi təbii idi. Sonralar uşaqlıq
illərini xatırlayarkən
deyirdi: “...15 yaşım
olanda atam mənə bir qoltuq sazı aldı. Mən öz-özümə saz çalmağı öyrənirdim. Qardaşım Süleymanın tarını
da götürüb hərdənbir oyun havalarını çalırdım.
Atam musiqişünas, həm də qonaqpərvər olduğundan, Bakıya gələn musiqiçilər
bizim evimizə düşərdilər. Hacı
Hüsü, Məşədi
İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi kimi məşhur sənətkarlar
Bakıya toy məclislərinə
dəvət olunanda həftələrlə bizdə
qalardılar. Bizim evə
Bakıda yaşayan xanəndə Baladadaş,
tarzən Zeynal, Lazar, Mirzə Fərəc və başqaları da tez-tez gələr,
çalıb-çağırardılar.
Mənim
ilk tar müəllimim Mirzə
Fərəc olmuşdu.
O, mənə tar çalmağı
öyrətməklə, həm
də muğamların
adları, onların mənası, hissə və şöbələri
haqqında maraqla danışardı...”
1920-ci ildən
sonra Mirzə Mansur Şərq Konservatoriyasında,
1923-cü ildə isə
Üzeyir bəy Hacıbəylinin təşkil
etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tardan dərs deyib. Altı il sonra musiqi texnikumu konservatoriya ilə birləşib. Mirzə Mansur konservatoriyaya dəvət edilib. O,
burada 1946-cı ilə
qədər çalışıb.
Onu da deyək ki,
Mirzə Mansur Üzeyir
bəy Hacıbəylinin
təşəbbüsü ilə tar sinfi üçün ilk muğam
tədris proqramını
tam tərtib edən müəllim kimi də tanınıb.
Bəstəkar Tofiq Quliyevlə Zakir Bağırov Mirzə Mansurun ifasında 1930-cu illərin ortalarında “Rast”, “Dügah” və “Zabul” muğamlarını ilk dəfə nota salıblar. Mədəniyyət sahəsində göstərdiyi xidmətləri nəzərə alınaraq 1940-cı ildə Mirzə Mansura Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.
Səid Rüstəmov, Xurşid xanım Ağayeva, Ənvər Mansurov (Mirzə Mansurun oğlu), Rəşid Əfəndiyev və digər məşhur tarzənlər yetirən Mirzə Mansur həm də şair ürəkli sənətkar idi. Onun bir çox qəzəl və qoşmaları da var. Məşhur musiqişünas Firudin Şuşinskinin xatirələrindən məlum olur ki, ustad tarzənin İçərişəhərdəki mənzili musiqi muzeyini xatırladırdı: “Gənclik illərində olduğu kimi, qoca vaxtında da “Rast”, “Bayatı-İsfəhan” muğamlarını özünəməxsus ustalıqla çalar, öz təcrübəsini gənclərə öyrədər, onlara məsləhətlər verərdi. O, “Mahur-hindi” muğamını çalanda adama elə gəlirdi ki, tarı 30-35 yaşlarında olan bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə, tarın cingənə simlərində Sadıqcanın mizrablarını vuranda adamı məftun edərdi...”
Mirzə Mansur tarı təkmilləşdirib. Onun təkmilləşdirdiyi tarlar Paris və İstanbulda keçirilən incəsənət sərgilərində nümayiş etdirilib.
Ustadın oğlu Ənvər atasının ən istedadlı tələbələrindən olub. Təəssüf ki, o, atası kimi, bu sənətdə istədiklərinə çata bilməyib: 1941-1945-ci illər müharibəsinin ilk günlərində Brest qalasının müdafiəsində qəhrəmanlıqla həlak olub.
Görkəmli tarzən, ustad Mirzə Mansur 1967-ci ildə vəfat edib.
Bu da anadan olmasının 130 illiyi qeyd ediləcək Mirzə Mansurun ömür akkordları - zəngin və örnək...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2017.- 28 yanvar.- S. 7.