Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində
aparıcı rola malikdir
Davos Forumu ölkəmizin qlobal məkanda nüfuzunun
artdığını bir daha
təsdiq etdi
Prezident İlham Əliyevin bu günlərdə Dünya İqtisadi Forumunda iştirakı əlamətdar hadisələrlə yadda qaldı. İsveçrənin Davos şəhərində keçirilən 47-ci ənənəvi illik Dünya İqtisadi Forumunda 3000-dən çox nümayəndə iştirak etdi və forum çərçivəsində geniş müzakirələr aparıldı.
“Bacarıqlı və məsuliyyətli liderlik” şüarı altında təşkil edilən toplantıda dünyanın aparıcı biznes rəhbərləri və siyasi liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə etdilər. Forumda ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə ilə, postmultikultural dövrlə bağlı məsələlərə də geniş yer ayrıldı.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Həmin il keçirilən forumda Azərbaycana həsr olunan görüş təşkil edilmiş, ümummilli lider Heydər Əliyev ölkəmizin zəngin neft-qaz resursları və xarici investisiya üçün potensial şəraitin olması barədə dünya ictimaiyyətinə məlumat vermişdir. Müstəqilliyimizin ilk illərində respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet məsələlərdən idi. Davos İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan artıq dünya miqyasında nüfuz qazanmış, “Əsrin müqaviləsi”nə imza atmış bir dövlət kimi iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə (İpək yolu, Qafqazın perspektivləri) Azərbaycanın mövqeyinin nəzərə alınması ölkəmizin nəinki regionda, həmçinin dünyada artıq söz sahibi kimi tanınmasından xəbər verirdi.
Qlobal böhran şəraitində bir çox ölkələrin iqtisadi inkişafında geriləmə aydın müşahidə olunur. İqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.
Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkir. Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliyinə görə dünyada 37-ci yerə layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək qiymət alıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb.
Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Davosa işgüzar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşüb. Prezident İlham Əliyev forum çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşdə forumun əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü deyib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlət başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirib. Prezident İlham Əliyev son illər ölkəmizdə gedən inkişaf proseslərindən danışıb, Azərbaycanın yeni mərhələyə daxil olduğunu və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycan ilə Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, ölkə Prezidentinin bu forumda iştirakının ikitərəfli əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb. Klaus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin respublikamızın inkişafında mühüm rol oynadığını bildirib. Son illər respublikamızda böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbaycanda mövcud tolerantlıq mühitini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşündə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub. “Cənub qaz dəhlizi”, TANAP və TAP layihələri, həmçinin İon-Adriatik boru kəməri ilə bağlı mövcud planlar müzakirə edilib. Gələn ay Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün keçiriləcəyi bildirilib. TAP, TANAP və “Şahdəniz” layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkə başçısı Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında da iştirak edib. Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda başa vurmağın mümkün olacağını deyən dövlət başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirib, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırıb. İpək Yolunun ölkələr arasında dostluğun və əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini deyən Prezident İlham Əliyev ötən ilin Azərbaycanda “Multikulturalizm ili”, bu ilin isə “İslam həmrəyliyi ili” elan olunduğunu və bu çərçivədə həyata keçirilən tədbirlərin həm də İpək Yolu layihəsinin uğurla reallaşmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Davosda Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythard, Ukrayna Prezidenti Petro Poroşenko, Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel və nüfuzlu şirkət rəhbərləri ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Davos Forumunun iqtisadi və siyasi əhəmiyyəti ildən-ilə artır. Forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Bu baxımdan Azərbaycanın da həmin mötəbər tədbirdə yüksək səviyyədə iştirakı, əldə etdiyi böyük nailiyyətlərlə yanaşı, qarşılaşdığı problemləri də dünya dövlətlərinin diqqətinə çatdırması xüsusi əhəmiyyət kəsb edir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 29 yanvar.- S. 4.