Böyük yolun başlanğıcı

 

Azərbaycan Ordusu ötən ilin aprelində düşmən təxribatının qarşısını alaraq qarşı tərəfə öz gücünü göstərdi. Bu fakt bir daha sübut etdi ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu. Goranboy rayonuNaftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi.

Silahlı Qüvvələrimizin düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən də qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.

Ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Prezident

İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndində olarkən vəziyyətlə maraqlanmışdılar. Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardanartilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhali arasında ölən və yaralananlar olmuşdu. Təkcə bir fakt deyək ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Ağdamda 743 ev dağıdılmış, Tərtərin yaşayış məntəqələrində isə 250 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev isə tamamilə dağıdılmışdı.

Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılmışdı.

Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri qısa vaxtda yenidən tikilmiş və bərpa olunmuşdu. Prezident İlham Əliyev Ağdam rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bildirmişdi: “O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilibcari təmir işləri aparılıb.

Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edilditikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir.

O vaxt biz burada olarkən aprel döyüşlərindən cəmi 1 ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar”.

Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişdilər.

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasına da imkan yaranmışdır. Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinə artıq başlanılmışdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında ölkə başçısının sərəncamı bu baxımdan mühüm əhəmiyyətli sənəd oldu. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb.

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Ulu öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın 6-na kimi davam edən uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasından kənddə tam məskunlaşma qeyri-mümkün idi. Aprel hərbi əməliyyatlarında ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi. İyirmi iki il sonra Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı.

Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən sonra cocuq mərcanlıların da torpaq həsrətinə son qoyuldu. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən bu yaşayış məntəqəsi bərpa olunacaq, orada yaşamaq üçün infrastruktur yaradılacaq və insanlar öz doğma torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Böyük qayıdışın başlanğıcı olan bu sərəncam xalqımız, xüsusən də məcburi köçkünlər üçün xoş xəbər oldu. Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin infrastrukturununorada yaşayan Azərbaycan vətəndaşlarının məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu sərəncam dövlət başçısının bu sahəyə diqqətinin daha bir göstəricisidir.

Azərbaycanda hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış məqsədlərdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin sərəncamı ilə yeni evlər tikiləcək və soydaşlarımızın uzun illərdən bəri gözlədikləri torpaq həsrəti bitəcək. Cocuq Mərcanlı Qarabağa böyük qayıdışın başlanğıcıdır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 29 yanvar.- S. 3.