Azərbaycanın ən mühüm nailiyyətlərindən biri də yüksək intellektli, vətənpərvər, sağlam əqidəli gənclərin yetişməsidir

 

Yanvarın 28-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) 2016-cı ildəki fəaliyyətinin yekunlarına və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş etdirilib.

Daha sonra YAP GB-nin 2016-cı ildəki fəaliyyətini əks etdirən film təqdim olunub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, Azərbaycanda gənclərin fəallıqlarının təmin olunması istiqamətində YAP da mühüm rol oynayır, onlar üçün əlverişli şəraitin yaradılmasına çalışır. Gənclərin 2016-cı ildəki fəaliyyətini uğurlu hesab edən icra katibi ötən il ölkəmizin qazandığı nailiyyətlərdə partiyanın gənc üzvlərinin də özünəməxsus payı olduğunu vurğulayaraq deyib: “Bu gün biz gənclərə həm Azərbaycanın gələcəyi, həm də gələcəyin qurucuları kimi baxırıq. YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyamıza üzv olan gənclərin sayının artması bizi sevindirir. Çox sevindirici haldır ki, Azərbaycan gəncləri öz siyasi fəaliyyətlərini daha çox YAP ilə bağlayırlar. Onlar YAP üzvü olmaqla Azərbaycan cəmiyyətinin inkişafına töhfə vermək imkanı qazanırlar. Bu, həm gənclər, həm də YAP üçün çox xeyirlidir. Həmin gənclər partiyada ictimai fəaliyyətləri ilə özlərini cəmiyyətə təqdim edirlər. Bu mənada YAP-a daxil olan gənclər həm YAP-ı gücləndirir, həm də özlərinin ictimai fəaliyyətləri üçün çox güclü meydan əldə edirlər. Bütün sahələrdə gənclərimiz üçün geniş perspektivlər açılıb. Son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində gənclərə xüsusi önəmin verilməsi bunu bir daha göstərir”.

Son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini, mühüm uğurlar qazandığını diqqətə çatdıran Ə.Əhmədov bildirib ki, bu nailiyyətlər arasında ən mühümlərindən biri də yüksək intellektli, vətənpərvər, sağlam əqidəli gənclərin yetişməsidir. İnkişafının yeni dövrünə qədəm qoyan, növbəti iqtisadi sıçrayış istiqamətində mühüm addımlar atan Azərbaycanda gənclər özlərini iqtisadi sfera ilə bağlamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qarşısında duran əsas hədəflərdən biri də məhz insanların, xüsusilə də gənclərin iqtisadi fəallığının artırılmasıdır. Ona görə də YAP GB həm təbliğat nöqteyi-nəzərindən, həm də gənclər arasında iqtisadi fəallığın gücləndirilməsi baxımından böyük işlər görə bilər.

Hazırda ölkəmizdə ciddi islahatlar dövrünün, yeni inkişaf mərhələsinin başlandığını vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, bundan əvvəl həyata keçirilən islahatlar öz hədəfinə çatıb. Ancaq Azərbaycan cəmiyyəti yeni inkişaf mərhələsinə can atdığı üçün yeni islahatlar həyata keçirilməlidir. Transformasiyanın yeni mərhələsini yaşayan Azərbaycanda YAP gənclərinin də üzərinə böyük vəzifələr düşür. Partiyanın bu il üçün fəaliyyət planında gənclərin də qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edən Ə.Əhmədov deyib: “Ölkəmizdə həyata keçirilən islahatları, onları zəruri edən obyektiv şərtləri, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyənləşdirilən siyasəti olduğu kimi dərk etmək və buna ictimai dəstək vermək partiyanın gənc üzvlərinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bunun üçün gənclər sosial şəbəkələrdən, digər platforma və vasitələrdən fəal istifadə etməlidirlər”.

Sonra YAP GB-nin rayon təşkilatlarının nümayəndələri hesabat məruzələri ilə çıxış ediblər.

Tədbirin sonunda YAP-ın sıralarına yeni qəbul olunan bir qrup idmançıya və gənclərə partiya biletləri təqdim edilib. Həmçinin YAP GB-nin həyata keçirdiyi tədbirlərdə fəal iştirakına görə müxtəlif nominasiyalar üzrə bir qrup fəal gənc təltif olunub.

Tədbir konsert proqramı ilə davam edib.

 

Azərbaycan.- 2017.- 29 yanvar.- S. 4.